“Bəy Behbud” Səlim bəy
Behbudovdur
1905-ci ilin 9 yanvar
Qanlı bazar günü Peterburq Texnologiya İnstitutunun
müdavimi Səlim bəy Behbudovun da tələbəlik həyatına
son qoydu. 140 min nəfərin iştirak elədiyi inqilabi həyəcanda
tələbələri ön sıralarda gedən bu ali təhsil
müəssisəsini hökumət rəsmi şəkildə
bağladı. Üsyankar ruhlu gəncləri izləməyə
və həbs etməyə başladılar. Birinci kurs tələbəsi,
20 yaşlı Səlim bəy də tutulmaq təhlükəsindən
yaxa qurtararaq institutla vidalaşıb, doğma
Şuşasına qayıtdı. Bir il boş-bekar qalsa da,
günlərini mənalı və səmərəli
keçirdi, fransız dilini öyrənməklə məşğul
oldu, Avropanın ali məktəblərindən birinə daxil
olmağa hazırlaşdı.
Həmin vaxt
dövrünün tanınmış həkimlərindən
olan atası Mehrəli bəyin qəflətən vəfat etməsi
maddi cəhətdən Səlim bəyin vəziyyətini xeyli
ağırlaşdırdı. Lakin oxumaq istəyindən
dönməyən gənc Bakıya — bir çox tələbələrə
səxavətlə hamilik edən xeyriyyəçi Əjdər
bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini
və arzusunu bildirdi. Maarifə, təhsilə böyük qiymət verən
bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı,
ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa
göndərdi.
1906-cı ilin yayında Səlim
bəy Behbudov Paris Siyasi Elmlər Məktəbinin diplomatiya
fakültəsinə qəbul olundu. Burada o, gələcəkdə
Türkiyə Kommunist Partiyasının banilərindən və
rəhbərlərindən olacaq Mustafa Sübhi ilə eyni
kursda oxudu. İnstitutda iki qardaş türk xalqını təmsil
edən hər iki tələbə əla oxumaqla tələbə
və müəllim kollektivi arasında seçildi, sevildi.
İlk günlərdən özünü fəal və
çalışqan tələbə kimi göstərən Səlim
bəy az müddətdə fransız dilini mükəmməl
öyrəndi. Ərəb, fars, rus dillərini gözəl
bildiyi üçün ikinci kursda oxuyarkən böyüklər
üçün açılmış Berlits məktəbində
rus və türk dillərindən dərs deməyə dəvət
olundu. Beləliklə, o, tələbəykən həm də
müəllim oldu, fransızlara bu dilləri öyrətməyə
başladı...
1910-cu ildə təhsilini
başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin
müdiriyyəti ilə müqavilə əsasında Parisdə
qalaraq üç il də müəllimlik fəaliyyətini
davam etdirdi və 1913-cü ildə Şuşaya
qayıtdı. Dövlət idarələrində münasib
iş tapmayan bu ali təhsilli mütəxəssis bir müddət
şəxsi evlərdə fransız dili dərsi dedi, bu dilin
gözəl bilicisi kimi tanındı. 1917-ci ildə vaxtilə
oxuduğu
1918-ci ildə Qarabağda
baş verən hərc-mərclik, xüsusilə də, getdikcə
alovlanan erməni-müsəlman davası Səlim bəyin
realnı məktəbdən və qız progimnaziyasından
getməsinə səbəb oldu. O, yenə də əvvəlki
kimi evlərdə dərs deməyə başladı. Çox
çəkmədən Azərbaycanda demokratik respublika quruldu
və bu hökumət Səlim bəyi Ağdama
qaçqınlar üzrə müvəkkil vəzifəsinə
göndərdi. O, bir müddət Aşağı və
Yuxarı Qarabağda qaçqınların problemləri ilə,
xüsusən də, onların yerləşdirilməsi ilə
məşğul oldu.
Azərbaycanda Sovet hakimiyyəti
qurulandan sonra Səlim bəy Behbudovu yüksək ixtisaslı
kadr kimi dövlət idarələrinə işə cəlb
elədilər. O, bir müddət Qarabağ İnqilab Komitəsində
katib, tərcümə şöbəsinin, Azərbaycan Kənd
Təsərrüfatı Bankı Ağdam şöbəsinin,
Ağdam İcraiyyə Komitəsində torpaq şöbəsinin
müdiri vəzifələrində çalışdı.
Lakin çox çəkmədən ictimai mənşəyinə
görə işdən azad olundu. Əlacı kəsilib, indi
də rəiyyətlə bərabər, kənd təsərrüfatı
işləri ilə məşğul olmağa başladı.
Sonra isə Üçoğlan kəndində atasından qalma
25 desyatin torpaq sahəsini və əmisi oğlu Cahangir bəylə
şərikli kəhrizini kəndlilərə icarəyə
verdi.
Bir müddət işsiz
qalan Səlim bəy Behbudov 1926-cı ildə həmişəlik
Bakıya köçdü, Dövlət Plan Komitəsində
mədəniyyət bölməsinin katibi vəzifəsinə
işə düzəldi. Dörd il burada
çalışdı, sonra altı il də Azərbaycan Sənaye
Şurasında, Azərxalçaittifaqda kadrlar üzrə
iqtisadçı işlədi. O, eyni zamanda Bakıdakı 25
nömrəli orta məktəbdə fransız dilini tədris
edirdi.
Qarabağlıların
çoxu kimi Səlim bəy də gözəl avazla oxuyur, həm
yaxşı qarmon çalır, həm də poeziyaya və
xalq yaradıcılığına böyük həvəs
göstərirdi. O, folklor nümunələrini — atalar sözlərini,
zərb-məsəlləri, nağılları,
bayatıları, tapmacaları və s. toplayır, dövri mətbuatda
dərc etdirirdi. Qohum-əqrəba, dost-tanış arasında
“Səlim qağa”, “Səlim dadaş” kimi müraciət olunan
Səlim bəy mətbuat və elm aləmində “Bəy
Behbudov”, ya da “Behbud bəy Behbudov” kimi tanınır, bədii
yazılarını isə bəzən “Bəy Behbud” təxəllüsü
ilə imzalayırdı. Yaxın qohumlarından tibb elmləri
doktoru Şəmsi Behbudov xatırlayır ki, Səlim bəy
onun atası Mirzəli bəyə və əmilərinə
göndərdiyi məktubları nəzmlə yazırdı.
Azərbaycan ədəbiyyatı
tarixinin öyrənilməsi, ədəbi-bədii nümunələrinin
toplanılması sahəsində mühüm xidmətləri
olan məşhur folklorçu alim Salman Mümtazın 1932-ci
ildə bədii nəsrimizin banisi İsmayıl bəy
Qutqaşınlının “Rəşid bəy və Səadət
xanım” hekayəsinin yeganə nüsxəsini Xan qızı
Natəvanın nəvəsi Xasay xan Usmiyevin yaxından köməkliyi
ilə Azərbaycan Dövlət Muzeyində tapıb üzə
çıxarması ədəbiyyat aləmində sensasiyaya səbəb
olmuş və yeniliyə çevrilmişdi. Salman Mümtaz bu
əsəri kitab halında çap etdirmək
üçün 1933-cü ilin sonlarında “Azərnəşr”in
ədəbi irs şöbəsinə təqdim eləmişdi.
O zaman nəşriyyatın direktoru vəzifəsində
çalışan Məmməd bəy Cuvarlı ədəbiyyat
tariximiz üçün böyük əhəmiyyət kəsb
edən 60 səhifəlik bu kiçik əsərin ədəbi
dəyərini başa düşərək onun nəşrinə
icazə vermişdi.
Əsas məsələ isə
hekayənin tərcüməsi idi. Onu elə bir mütəxəssis
dilimizə çevirməliydi ki, həm fransız dilini dərindən,
incəliyinə qədər bilsin, həm də əsərdəki
milli Azərbaycan ruhunu, koloriti saxlasın. Belə tərcüməçini
isə o vaxtlar, necə deyərlər, əldə
çıraq axtarırdılar.
Salman Mümtazın
ağlına gələn ilk mütərcim isə yaxından
tanıdığı, savadına və qabiliyyətinə dərindən
bələd olduğu Səlim bəy Behbudov oldu. Tərcümə
barədə danışıb, razılaşandan sonra hekayəni
ona verdi. Redaktorluq isə Əsəd Axundova həvalə
olundu. Salman Mümtaz “Ədəbiyyat” qəzetinin 1936-cı il
11 mart tarixli nömrəsində “Yüz il bundan əvvəl
Azərbaycan nasiri” adlı məqaləsində bu tərcümə
barəsində belə yazırdı: “Mənim tövsiyəmə
görə hekayənin tərcüməsi Səlim Behbudov
yoldaşa və sətirləri qaralamaqla mənə mühəvvəl
edildi”.
Nəhayət, gərgin zehni
əməkdən və ədəbi redaktədən sonra əsərin
tərcüməsi nəşriyyata təqdim olundu və hekayə
qısa müddətdə işıq üzü gördü.
“Rəşid bəy və Səadət xanım”ın fransızcadan
tərcümə olunub, nəşr edilməsi Səlim bəy
Behbudovu ədəbi ictimaiyyət arasında istedadlı bir
mütərcim kimi də tanıtdı və onun adı “Azərnəşr”in
tərcüməçiləri siyahısına həmişəlik
yazıldı. Çətin və mürəkkəb əsərlərin
dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən
bu istedadlı tərcüməçi “Azərbaycanca-fransızca-rusca
lüğət” üzərində işləməyə
başladı. Tərtibçiyə bu işdə bir qadın
mütəxəssis də kömək edirdi.
Bu fundamental iş hələ
başa çatmamış nəşriyyatın bədii ədəbiyyat
şöbəsi fransız mahnı janrının mahir
ustası kimi şöhrətlənmiş, mahnılarında əsas
yeri siyasi satira tutan fransız şairi Pyer Jan Beranjenin
“Seçilmiş şeirlər” toplusunu plana saldı və tərcüməni
Səlim bəyə tapşırdı. Kitabın redaktoru isə
o vaxtlar hələ gənc şair olan Məmməd Rahim idi. Ciddi
tərcümə və bədii redaktədən sonra görkəmli
fransız şairinin əsərləri azərbaycanlı
oxucuların ixtiyarına verildi. Kitabda tərcüməçinin
ad-familiyası belə yazılmışdı: “B. Behbudov”. Və
bu tərcümə də Səlim bəyə böyük
şöhrət gətirdi. O, “Azərnəşr”lə
müqavilə əsasında əməkdaşlığını
bir müddət davam etdirdi, müxtəlif səpkili əsərləri
ana dilimizə çevirdi...
Böyük Vətən
müharibəsi ərəfəsi idi. Səlim bəy nədənsə
“Azərnəşr”lə əlaqəsini kəsmişdi və
daha tərcümə işləri ilə məşğul
olmur, yalnız orta məktəbdə dərs deməklə
kifayətlənirdi. Deyəsən, istedadı, çox dil bilməsi,
tanınması başına bəla olmuşdu. Son vaxtlar
dövlət təhlükəsizlik orqanlarının əməkdaşları
da onunla yaxından maraqlanır, bu üstün cəhətlərinə
görə öz işlərinə cəlb eləmək istəyirdilər.
Hətta bu barədə Səlim bəyə bir neçə dəfə
təklif də olunmuşdu. Lakin təpədən-dırnağa
kimi əsl bəy olan bu vüqarlı kişi bu işə qol
qoymamış, hökumət adamlarına qətiyyətlə
və açıq şəkildə kəskin cavab vermiş,
onları hər yerdə ifşa və rüsvay eləmişdi.
Səlim bəyin bu hərəkəti dövlət təhlükəsizlik
orqanları əməkdaşlarını bərk hiddətləndirmişdi.
Ona görə də keçmişdə bəy
olmasını, xarici ölkədə ali təhsil
almasını bəhanə edərək onu hökumətin
gözündə şübhəli şəxs kimi qələmə
verdilər və izləməyə başladılar.
Repressiya illərində minlərlə
günahsız insanın, xüsusən də, əsilli-nəsilli
adamların, milli ruhlu ziyalıların məhv edilməsini
gözlərilə görən Səlim bəy
yaşadığı quruluşla qəti barışa
bilmirdi. O, artıq bu hökumətdən əlini
üzmüş, küskünləşmişdi. Hətta
işə də getmir, bəzi adamlardan uzaq gəzirdi. Gedəcəyi
yer isə yalnız yaxın qohum-əqrəbalarının və
dost-tanışlarının evləri idi. Hər gün
axşamçağı gözündə eynək,
başında hündür şlyapa, əynində qara rəngli
pencək olan Səlim bəy sədəfə tutulmuş əsasını
da götürərək bəzən ailəsi ilə, bəzən
də tək-tənha evdən çıxır, bir də gecəyarısı
qayıdırdı. Bu isə onu qarabaqara izləyən
dövlət təhlükəsizlik orqanları əməkdaşlarının
nəzərindən yayınmırdı. Onun ardınca
düşən agentlər Səlim bəyin hər bir
addımına göz qoyurdular.
1941-ci il dekabrın sonları
idi. Səlim bəy arvadı Şəmsini və qızı
Dilsuzu da götürüb, Yeni ili qeyd eləmək
üçün yaxın qohumu Məmməd Muradovun evinə
yollandı. Ağalar bəy Əliverdibəyov arvadı Məhbubə
xanımla, Xan Şuşinski arvadı Tovuz xanımla, Cəmil
bəy Behbudov arvadı Səltənət xanımla, Yusif Məlikov
arvadı Sona xanımla, digər qohumları — Cahangir bəy
Behbudov, İbrahim bəy Fuladov, Firudin bəy Behbudov,
Mövsüm bəy Əhmədov da məclisdə idilər.
Qonaqlar ev sahibinin həyat yoldaşı Sədiqə
xanımın dəmlədiyi plovdan yeyə-yeyə
keçmişdən, gələcəkdən, təzəcə
başlanan müharibədən danışır, tez-tez
Hitlerin, Stalinin adlarını çəkirdilər. Pəncərənin
önündə, qaranlıq bir küncdə özünə
yer eləyən agent isə eşitdiklərini bir-bir bloknotuna
qeyd edirdi. Məclis dağılmamışdan bir az əvvəl
kifayət qədər “fakt” toplayan agent sürüşüb,
aradan çıxdı və ertəsi gün Məmməd
Muradovun mənzilində olan “antisovet təbliğat” barədə
yuxarı orqanlara məlumat verdi.
Lakin ayının min bir oyunu
bir armudun başında idi. Nəyin bahasına olursa-olsun, Səlim
bəy Behbudov aradan götürülməliydi. Ona görə
də V şöbəyə daxil olan materialları tez-tələsik
“saf-çürük edən” rəis müavini, dövlət
təhlükəsizlik leytenantı B. İ. Kalyagin 1942-ci il
yanvarın 22-də onun cinayət işini belə rəsmiləşdirdi:
“Səlim bəy Behbudov antisovet ünsürdür. 1940-1942-ci
illərdə o, hökumətdən narazı olan bir dəstə
adamı başına toplayaraq müntəzəm surətdə
Sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat
aparır. Köhnə bəy-xan ağalığı
dövrünün qanun-qaydalarını tərifləyərək
onun bərpa olunması mövqeyində dayanır. Kolxoz
quruluşuna böhtan atır, sosialist tədbirlərinə,
vergi siyasətinə qarşı çıxır. Faşistlərin
müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə
və hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər
barədə Sovet informasiya bürosunun məlumatlarının
yalan olduğunu təsdiqləyir. Bir sözlə, Böyük
Vətən müharibəsində Sovet xalqının məğlubiyyətinin
tərəfdarı kimi çıxış edir və sair və
ilaxır”.
Bütün bunlar isə onun
ən ağır cəzaya məhkum olunmasına kifayət
edirdi. B. İ. Kalyaginin qərarı isə qəti idi:
Güllələmək! Yanvarın 24-də Səlim bəy
Behbudov (1885-24.XII.1942) həbs olundu. On bir ay həbsxanada
olmazın işgəncələrə məruz qalandan sonra əməl
dostu Mövsüm bəy Əhmədovla birlikdə güllələndi.
Vasif QULİYEV
Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 7.