“Adsız məzar”ın hekayəti yaxud unutduğumuz unudulmaz Cabbar Qaryağdıoğlu
Bu yaxınlarda Kino Evində
görkəmli muğam ifaçısı Cabbar
Qaryağdıoğlu barədə çəkilmiş sənədli
filmə ictimai baxış keçirildi. Ssenari müəllifi
və rejissoru gənc kinemotoqrafçı Kəmalə
Musaqızı olan yeni film ustad xanəndə barədə
böyük sevgi və peşəkarlıqla
yaradılmış ekran əsəri kimi dəyərləndirildi.
Kinoşünas Aydın
Dadaşov Cabbar Qaryağdıoğulunun həyat və fəaliyyəti,
filmin ərsəyə gəlmə tarixçəsi, məziyyətləri
barədə geniş məlumat verdi. Xalq
yazıçısı Anar, sənətşünas Zenfira Səfərova,
xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov, Canəli
Əkbərov, Ramiz Quliyev və digər çıxış
edənlər XX əsr Azərbaycan muğam
ifaçılığını zirvəyə
qaldırmış, bu ulu sənəti xeyli zənginləşdirmiş
Cabbar Qaryağdıoğlunun musiqi tariximizdəki böyük
xidmətlərini yada saldılar, onun xatirəsinin əbədiləşdirilməsi,
muğam sənətinin inkişafı və təbliği
üçün dövlət səviyyəsində görülmüş
tədbirlərdən razılıqla söz açdılar. Natiqlər
ilk tamaşaçısı olduqları “Cabbar
Qaryağdıoğlu” filmi barədə də xoş
mülahizələr söylədilər, onun
yaradıcılarına təşəkkürlərini
çatdırdılar.
Sonda Cabbar
Qaryağdıoğlunun qızı Şəhla xanım
Qaryağdı-Kürçaylı atasının xatirəsinə
göstərilən diqqət və ehtirama görə dövlət
başçısı İlham Əliyevə, sənətsevərlərə,
eləcə də filmin yaradıcılarına minnətdarlığını
bildirdi.
Mərasimin sonunda Cabbar
Qaryağdı sənətinin vurğunu, elə bu sevgi ilə
də qısa müddətdə gərəkli və dolğun
bir film ərsəyə gətirmiş rejissor Kəmalə
Musaqızı ilə müsahib olduq.
— Sənətdə ilk
addımlarını atan bir gənc necə oldu ki, muğam
korifeyi barədə film yaratmaq fikrinə düşdü?
— Bunun qəribə
tarixçəsi var. Sən demə, sözdə “unudulmaz”
adlandırdığımız Cabbar Qaryağdıoğlunu
işdə-əməldə unudubmuşuq. Hətta məzarının
yerini də ahıl yaşda olan tək qızından başqa
heç kəs bilmirmiş. Beləliklə, mən “Tənha məzarın
hekayəti” adlı bir yolun yolçusu oldum.
Dövlətimizin
başçısı İlham Əliyevin
imzaladığı bir sərəncam muğamsevərlərin
sevincinə səbəb olmuşdu. Söhbət muğam
ustadı olmuş Cabbar Qaryağdıoğlunun qəbirüstü
abidəsi və bununla bağlı digər tədbirlərin həyata
keçirilməsindən gedirdi. Kütləvi informasiya vasitələri
bu məlumatı yayanda kimi heyrətləndi, kimi də çaşıb
qaldı. Cabbar Qaryağdıoğlunun son mənzili olan məzarı
necə olub ki, bu vaxtadək diqqətdən kənarda
qalıb?
İşdən hali olan
dost-tanışlarım zəng edib sevinə-sevinə məni
təbrik də edirdilər. Sevinənlər içində
Cabbar Qaryağdıoğlunun 77 yaşlı sonbeşik
övladı Şəhla xanım da var idi. Amma mən onlardan
və hətta Şəhla xanımın özündən
heç də az sevinmirdim. Çünki artıq neçə
illərdir çalışdığım məqsədə,
nəhayət ki, nail olmuşdum...
2000-ci il idi.
Muğamlarımızın yazılması və təbliği
fəaliyyəti ilə 1998-ci ildən beynəlxalq səviyyədə
məşğul olan “Muğam” səsyazma studiyasına
növbəti qonaqlardan biri gəlmişdi. Yaradıcılarından
biri olduğum, ”Muğam” ocağına qonağı, tarzən,
xalq artisti Möhlət Müslümov gətirmişdi. Bu
ağbirçək xanım, sən demə,
şanlı-şöhrətli Cabbar Qaryağdıoğlunun
qızı Şəhla xanım imiş.
O gündən Şəhla
xanımla yaxından tanış oldum, münasibətlərimiz
daha da möhkəmləndi. Muğam tarixi və
ifaçılarıyla maraqlandığım
üçün, Cabbar əmi haqqında oxuduqlarımdan
başqa, onun sonbeşik övladının dilindən daha
çox şeylər eşidir, öyrənirdim. Şəhla
xanım marağımı görüb, məni Cabbar əminin
qəbrinin yerini göstərməyə apardı. Gördüm
və heyrətə gəldim...
Adı musiqi tariximizə
qızıl hərflərlə həkk olunmuş bir fenomenin məzarının
başında balaca bir mişar daşı vardı. Üstündə
güclə seziləcək “Q” hərfi, yəqin ki, boya ilə
çəkilmişdi. Onu da yağış, külək silib
aparırdı. Başqa bir şey yox idi. Qəribədir ki, üstündə adı belə olmayan bu məzar
Cabbar Qaryağdıoğlunun
doğulduğu, artıq
əlimizin çatmadığı,
ünümüzün yetmədiyi
Şuşada yox, burada, Bakıda idi və bunu
çox az adam bilirmiş — Əliş Ləmbəranski,
Firudin Şuşinski,
Cəlal Qaryağdı.
O insanlar artıq həyatda yox idilər.
— Bəs, Şəhla
xanım məzarın yerini necə bilirdi?
— Cabbar
Qaryağdıoğlu rəhmətə gedəndə 14
yaşlı qız olan Şəhla xanım atasının qəbrinin
yerini sonradan öyrənib. Yeri itib-batmasın deyə 1982-ci
ildə məzarın ətrafına dəmir hasar da çəkdirib.
Gözləri zəifləyən ağbirçək xanım
imkan tapan kimi gəlib məzarın otunu təmizləyir,
atasıyla ruhən söhbətləşirdi. Beləliklə,
yerini öyrəndiyim gündən, bu adsız məzar mənim
ziyarət yerimə çevrildi.
— Təəssüf ki,
Cabbar Qaryağdıoğlunun xatirə lövhəsi
vurulmuş ev də sökülüb...
— Bir gün Şəhla
xanım məni 40 pilləkən deyilən yerdə Cabbar əminin
ömür-gün yoldaşı Səliməxatun
xanımın eşqinə tikdirdiyi həmin 3 mərtəbəli,
20 otaqlı mülkün yerlə-yeksan olunduğu yerə də
apardı. Burada nəinki Şəhla xanımın
uşaqlığı keçmişdi, bura həm də XX əsrin
əvvəllərində Cabbar əminin evində Azərbaycan
ziyalılarının toplaşdığı müqəddəs
ocaq da olmuşdu.M.Ə.Sabir,Əli Nəzmi, Əliağa
Vahid, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül və bir
çox ziyalı Cabbar ocağında görüşüb,
çörək kəsiblər, mədəniyyətimizin, ədəbiyyatımızın,
musiqimizin tarixini burada yaradıblar. Evin hər mərtəbəsi
hazır olanda Cabbar əmi sevincindən bir muğam dəstgahı
oxuyurmuş. Tam hazır olanda isə indi xalq mahnısı kimi
bildiyimiz “Ay dərya kənarında bir ev tikmişəm” nəğməsini
qoşur. Bu ev Cabbar Qaryağdıoğlunun 48 yaşında
evləndiyi, həyatını gülüstana çevirən
Səliməxatun xanıma olan böyük məhəbbətinin
abidəsi olub. Onlar bu evdə qarşılıqlı hörmət
və məhəbbətlə ömür sürüb, 8
övlad böyüdüblər.
Böyük
qardaşının oğlu Cəlalı Şuşadan
Bakıya, buradakı evinə gətirərək himayəsinə
götürüb: “O, böyük rəssam olacaq”– deyə, təhsil
verib. Gənc Cəlal da əmisinin etimadını doğruldub,
tanınmış heykəltəraş Cəlal
Qaryağdı olub. Tükəzban xanım
İsmayılovanın gəncliyi burada keçib. Qonşu evdə
gözəl səslə oxuyan qızı görəndə
onu yanına çağırıb. Dinləyəndən
sonra, “Bu qızdan yaxşı oxuyan olacaq” deyib Cabbar əmi.
“Buynaqski” adlansa da, hələ
sağlığında “Cabbar məhəlləsi” deyirmiş
camaat o, yaşadığı indiki Şeyx Şamil
küçəsinə. Şəhla xanım xatırlayır
ki, hətta bir çox ziyalılar o vaxt tələbə ikən
bu evdə yaşayıblar. Onlardan 1 qəpik olsun kirayə
haqqı almayıb, əksinə, hər işlərində
kömək əlini əsirgəməyib
Qaryağdıoğlu. Dağıdılmasından illər
ötsə də, buranı dəfələrlə alanlar da,
satanlar da hələ xeyrini görməyiblər. Burada Cabbar əminin
narahat ruhu gəzir.
— Filmi çəkməyə
nə vaxt başladınız?
–– Mədəniyyət və
İncəsənət Universitetinin kinorejissorluq fakültəsində
təhsil alırdım. Şəhla xanımın atası
haqda xatirələrini həvəskar kameramla lentə alıb
“Adsız məzar” adlı tələbə işi çəkdim.
Məzarın əksini fotolentə köçürdüm, qəzetdə
bu haqda məqaləmi Mədəniyyət Nazirliyinə
göndərdim. Sonra Heydər Əliyev Fondunun rəhbəri,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
ünvanına məktub yazdıq. Vaxtilə Cabbar
Qaryağdıoğlu haqqında topladığım qəzet
materiallarını və baxımsız məzarın
fotoşəkillərini də Nazirlər Kabinetinə, Mədəniyyət
Nazirliyinə göndərdik. Çox keçmədən
cavab gəldi: ”Sizin məktubunuza baxılır və dövlət
nəzarəti altındadır". Məktublarımın
ünvanına çatıb
dövlət nəzarətində
olmasına sevinməyə
bilməzdim.
Artıq tələbəliyə
vida deyib kino rejissoru diplomunu da almışdım. Cabbar
Qaryağdıoğlunun həyat və
yaradıcılığını əhatə edən
“Adsız məzar” adlı sənədli filmin ssenarisi üzərində
işləyib müvafiq qurumlara müraciət etdim. Kimi mənim
universiteti təzəcə bitirdiyimçün təcrübəsiz
olduğumu bəhanə etdi, kimi isə bu işin böyük
maliyyə tələb etdiyini deyib yox cavabı verdi. Amma mən
həvəsdən düşmədüm. Nəhayət, min
bir əziyyətdən sonra fikrimi reallaşdıra bildim. Fürsətdən
istifadə edərək demək istəyirəm ki, mənə
inanıb bu işi başlamağıma kömək edən
Faiq Hüsiyevə, Arzu Quliyevaya, Azərbaycan Dövlət
Teleradiosu Arxivinin bütün işçilərinə,
xüsusilə Arif Zamanova və Həsən Cəbrayılova,
həmçinin “Yeni dalğa” prodüser mərkəzinin rəhbəri
Rasim Həsənova mənə göstərdikləri
qayğı və diqqətə görə sonsuz təşəkkürlərimi
bildirirəm.
— Sizin film
bütövlükdə muğam barədə təsirli bir
kinonağıldır?
— Mənim
üçün muğam bir
dünyagörüşüdür, mənəvi yaşam tərzidir,
həyat fəlsəfəsidir. Mugam Yaradanın öz
yaratdıqlarına olan EŞQidir. Bu EŞQ insanlar tərəfindən
maddiləşərək səsə, musiqiyə çevrilib
yenə Tanrıya ucalan əks-sədadır. Muğam,
İNSANIN onu YARADANA olan ilahi sevgisidir. Muğam Haqqın
özüdür, insanın Haqqa çatmaq üçün
bir yoludur, zirvəyə, haqqa doğru bir
cığırıdır. Muğam dəryanın hələ
tam varılmamış dərinliyidir. İNSANIN HAQQA can atmaq,
ona qovuşmaq, bütövləşmək, paklaşmaq istəyinin
təzahürüdür. Muğamat HAQQA qovuşmaq
üçün bir vasitədir. Muğam ən uca sənət
dağıdır, Cabbar Qaryağdıoğlu isə onun zirvəsidir.
Buna görə də, yaradıcılıq yolumun
başında məhz bu mövzunu seçdim. Cabbar
Qaryağdıoğlunun həyat və
yaradıcılığı haqqında, onun Azərbaycan
musiqi mədəniyyətinə xidməti müqabilində 83
illik ömrünü əhatə edə biləcək sənədli
film çəkmək istəyirdim. Buna necə nail
olduğumuzu tamaşaçılar yəqin edəcək. Bu
gün burada söylənən xoş sözlər isə mənə
sənət yollarında qol-qanad verdi.
— Filmdə ən təsirli
məqam Cabbar əminin məzarının unudulması,
baxımsız qalmasıdır.
–– Cabbar
Qaryağdıoğlu 1944-cü il aprelin 28-də
dünyasını dəyişir. Dəfn mərasimi
filarmoniyada keçirilir. Mirzə İbrahimovun sədrliyilə
dəfn komissiyası yaradılır. Qərara alınır
ki, Qaryağdıoğlu indiki Fəxri Xiyabanda torpağa
tapşırılsın. Ancaq naməlum səbəblərə
görə Yasamal qəbiristanlığında dəfn edilir. Şəhla
xanım söyləyir ki, Cabbar əmi dünyasını dəyişəndən
bir həftə öncə övladlarına deyib:
“Balalarım, heç kimin valideyni əbədi yaşamır. Bir
gün gələr, mən də bu dünyadan köçərəm.
Mənim üçün kimsəyə minnət etməyin,
ağız açmayın. Əgər mən bu millətin mədəniyyəti
üçün nə isə etmişəmsə, özləri
gəlib axtaracaqlar”.
Təəssüflər
olsun ki, Cabbar əminin, nəinki qəbri, hətta özü
də unudulmuşdu. Şəhla xanım söyləyir ki,
1992-ci ildə Bakı Şəhər Sovetində Cabbar əminin
vaxtilə yaşadığı küçəyə onun
adının verilməsi qərara alınır. Ancaq Şəhla
xanım oradan keçəndə, “Şeyx Şamil”
küçəsi sözlərini oxuyur. Təbii ki, bu da
atası üçün nə isə etmək istəyən
Şəhla xanımın səhhətinə növbəti dəfə
zərbə vurur.
Nə yaxşı ki,
onun adını xalq artisti tarzən Möhlət
Müslümov sənət dostu Fəxrəddin Dadaşovla
yaratdığı muğam üçlüyündə
yaşadır, özü də çox layiqincə dünyaya
tanıtdırır. Və bir də onun adına Nizami rayonunda
yerləşən 9 saylı orta ixtisas musiqi məktəbi var.
Bu isə Azərbaycan muğamının haqlı olaraq
babası sayılan bir korifey üçün, təbii ki,
azdır.
Şəhla
xanımın arzusu budur ki, atasının məzarı
1944-cü ildə çıxan qərara uyğun olaraq, layiq
olduğu yerdə — millətin fəxri sayılan şəxsiyyətlərin
cərgəsində, Qaryağdıoğlunun öz sənət
dostlarının yanında olsun. Əgər onun qəbrini
ziyarət edib, üstünə bir dəstə gül qoymaq
istəyən olsa, təbii ki, Fəxri Xiyabana üz tutmaq istəyəcək.
Ümumi Yasamal qəbiristanlığında məzarının
yerini belə tapmaq çətindir. Bunun üçün gərək
başqa qəbirlərin üstüylə keçib gedəsən.
Ümid edirik, Prezident İlham Əliyevin sərəncamından
sonra bu qərarı yerinə yetirməli olan müvafiq qurumlar
bunu nəzərə alıb, Cabbar Qaryağdıoğlunun məzarının
Fəxri Xiyabana köçürülməsini təmin edəcəklər.
— Bizdə belə qədirbilənlik
nümunələri var.
–– Heç uzağa getməyək,
bütün ömrünü millətinin maarifləndirilməsinə,
tərəqqisinə qurban vermiş Həsən bəy Zərdabi
kimi bir şəxsiyyətin həyatı keşməkeşli
olduğu kimi, məzarının aqibəti də məşəqqətli
olub. Milli tərəqqi fədaisinin cənazəsi Vətən
torpağında nə az, nə çox, düz 3 dəfə
dəfn olunub. Nəhayət, bu gün uyuduğu Fəxri
Xiyabana qədər 50 il yol gəlib.
Ölkə
başçısının sərəncamını eşidəndə
sevincimin həddi-hüdudu olmadı. Həyatı boyu Azərbaycan
xalqının, dövlətinin mədəniyyətinə
misilsiz xidmətlər göstərmiş Cabbar
Qaryağdıoğlu Azərbaycan dövləti tərəfindən
qiymətini aldı. Qəzetdə çıxan sərəncamı
o vaxt götürüb Cabbar əminin qəbrinin üstünə
getdim, salam verib, ruhuna dua etdim və sərəncamı
hündürdən oxudum. Bu hərəkətim
üçün məni qınamayın, çünki illər
öncə verdiyim sözə əməl olunacaqdı. Bu xəbəri
ona çatdırmadan evə qayıda bilməzdim. Ruhun
şad, Cabbar əmi!
— Kəmalə xanım,
ilk uğurlu işiniz Cabbar Qaryağdıoğlu barədə
oldu. Bu yolda sizə yeni sənət sevincləri
arzulayırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 8.