Prezident
İlham ƏLİYEV: Bu ilin üç ayı bir daha göstərdi
ki, bizim siyasətimiz düzgün siyasətdir
Aprelin 22-də Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilmişdir. İclası giriş nitqi ilə
açan dövlətimizin başçısı qeyd
etmişdir ki, 2009-cu il Azərbaycan iqtisadiyyatı
üçün yeni inkişaf dövrünün
başlanılması ilidir. Son beş il ərzində ölkəmizin
iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir
və Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən
ən sürətlə inkişaf etmiş ölkə kimi
daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir.
Prezident İlham Əliyev
demişdir: “Bizim nailiyyətlərimiz ancaq ümumi daxili məhsulun
rəqəmləri ilə ölçülmür. Birinci
üç ayda bizim ixracımız 20 faizdən çox
artmışdır. Azərbaycana qoyulan investisiyaların həcmi
15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20
faizdən çox artmışdır. Orta əmək haqqı
20 faizdən çox artmışdır. Yəni bu, onu
göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm
iqtisadiyyatdır. Azərbaycan iqtisadi inkişaf
baxımından istənilən məsələni həll edə
bilər. Bizim əsas uğurlarımızın səbəbləri
neft-qaz deyil, bizim əsas uğurlarımızın səbəbləri
güclü iqtisadi siyasətdir, iqtisadi və siyasi
islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən
də görünür və qəbul edilir. Əgər belə
olmasaydı, dünyanın ən böyük maliyyə qurumu
olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir
nömrəli islahatçı ölkə kimi
tanımazdı. Əgər belə olmasaydı, Azərbaycan
şəffaflıq sahəsində əldə edilmiş
uğurlara görə Birləşmiş Millətlər Təşkilatı
tərəfindən təltif edilməzdi. Yəni bu, bir daha
onu göstərir ki, bizim uğurlarımızı ancaq neft və
qaz amili ilə bağlamaq istəyən dairələrin
bütün təbliğatı heç bir səmərə
vermədi, heç bir nəticə vermədi. Bir daha demək
istəyirəm ki, bizim əsas uğurlarımızın səbəbi
iqtisadi islahatlar, siyasi islahatlar, ölkəmizdə hökm
sürən sabitlik, əmin-amanlıq, ölkə daxilində
yaranmış vətəndaş birliyi, xalqla iqtidar
arasında olan birlik və xarici investorların Azərbaycana
çox etibarlı ölkə kimi baxmalarıdır. Bunun
növbəti əlamətini biz bu yaxınlarda Bakıda 300
milyon avrodan çox dəyərində yeni sement zavodunun təməlqoyma
mərasimində gördük. İndiki durumda bütün sənaye
müəssisələri dayanır, ixrac dayanır,
investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda
likvidlik, demək olar ki, çox aşağı səviyyədədir.
Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə
qurumlarının və Azərbaycanın İnvestisiya
Şirkətinin birgə iştirakı ilə nəhəng,
bölgə üçün çox böyük sənaye
müəssisəsi yaradılır. Biz
düşünülmüş siyasətlə,
investisiyaların cəlb edilməsi və lazımi səviyyədə
qorunması nəticəsində Azərbaycanda çox gözəl
investisiya mühiti yarada bilmişik”.
İclasda
bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər
Əliyevin müəyyənləşdirdiyi strategiya
2003-cü ildən respublikaya inamla rəhbərlik edən
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə
uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi
milli iqtisadiyyatın regional və qlobal sınaqlara
dayanıqlığını artırmış, sosial-iqtisadi
islahatlarla müəyyən edilmiş məqsədlərə
nail olunmasını, o cümlədən həmin siyasətin əsasını
təşkil edən əhalinin sosial vəziyyətinin
yaxşılaşmasını təmin etmişdir.
İclasda
vurğulanmışdır ki, qlobal iqtisadi böhran əksər
ölkələrdə əsas makroiqtisadi göstəricilərin
pisləşməsi ilə, o cümlədən ümumi daxili
məhsulun və xarici ticarət dövriyyəsinin
azalması, işsizliyin kütləvi xarakter alması, ciddi
likvidlik çatışmazlığı kimi problemlərlə
müşahidə olunur. Lakin uğurlu neft
strategiyasının həyata keçirilməsi nəticəsində
ölkəmizdə əhəmiyyətli strateji valyuta
ehtiyatlarının yaradılması, konservativ xarici borclanma,
xarici maliyyə bazarlarından asılılığın
minimuma endirilməsi, manatın sabitliyinin təmin edilməsi
sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə
müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli
dərəcədə təsir göstərməmişdir.
Təsadüfi deyildir
ki, həm beynəlxalq maliyyə təşkilatları, həm
də tanınmış reytinq agentlikləri və ekspertlər
Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi
böhranına dayanıqlığını birmənalı
ifadə etmişlər. Belə ki, Dünya Bankı mart
ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın
başqa ölkələrlə müqayisədə qlobal
böhranı daha güclü mövqe ilə
qarşıladığını, böyük təsirlərə
məruz qalmayacağını və maliyyə sektorunun
böhrandan qaça bildiyini göstərmişdir. “Fitch
Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi
daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini
və yalnız Azərbaycanda iqtisadi artım
olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə
bu artımı 8 faiz proqnozlaşdırmışdır.
Yeri gəlmişkən,
maliyyə böhranının ölkəmizə təsirinin
azaldılması üçün Prezident İlham Əliyevin
tapşırığı ilə hökumət bir sıra tədbirlər
müəyyənləşdirmişdir. İclasda bu məsələyə
də toxunulmuşdur. Göstərilmişdir ki, Nazirlər
Kabinetinin bu il yanvarın 16-da keçirilmiş geniş
iclasında iqtisadiyyata yönəldilən resursların səmərəli
istifadəsi, investisiya layihələrinin prioritetliyinin müəyyən
edilməsi, sahibkarlığa dövlət dəstəyinin,
istehlak bazarına nəzarətin və antiinhisar tədbirlərinin
gücləndirilməsi, dövlət vəsaitlərindən
istifadə üzərində nəzarətin təkmilləşdirilməsi
qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin
azaldılması istiqamətində mühüm əhəmiyyətə
malikdir. Bu tədbirlərin həyata keçirilməsi, eləcə
də əvvəlki illərdə aparılmış
uğurlu siyasət nəticəsində cari ilin birinci
rübündə də ölkə iqtisadiyyatının
dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi
böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul
4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz
artmışdır.
Nazirlər Kabinetinin
iclasında digər iqtisadi göstəricilərə də
toxunulmuşdur. Bildirilmişdir ki, neft hasilatında
texniki səbəblərlə əlaqədar sənaye məhsulu
istehsalının həcmi keçən ilin müvafiq
dövrü ilə müqayisədə 2,2 faiz azalsa da,
qeyri-neft sənayesində 1,4 faiz artım olmuşdur. Kənd təsərrüfatı
məhsullarının istehsalı 4,3 faiz, ümumi yük
daşımalarının həcmi 1,1 faiz, qeyri-neft yük
daşımalarının həcmi 5 faiz, pərakəndə əmtəə
dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz
artmışdır. Yanvar-fevral aylarında xarici ticarət
dövriyyəsi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 13,3 faiz artaraq, 2 milyard 418 milyon dollar təşkil
etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu
dövrdə ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla
24,6 faiz artmış, idxalın həcmi isə 1 faiz
azalmışdır.
Cari ilin birinci
rübündə dövlət büdcəsinin gəlirləri
2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə
ötən ilin eyni dövrü ilə müqayisədə
537,6 milyon manat və ya 27,1 faiz çox olmuşdur. Dövlət
büdcəsinin xərcləri 2 milyard 345 milyon manat və ya
97,9 faiz icra edilmişdir ki, bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 972 milyon manat və ya
70,8 faiz çoxdur.
Sözügedən
dövrdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri davam etdirilmiş və bu məqsədlə
dövlət büdcəsinin xərcləri ötən ilin
eyni dövrü ilə müqayisədə 42,6 faiz və ya
245 milyon manat artırılaraq 820 milyon manat təşkil
etmişdir. Bu isə ümumi büdcə xərclərinin
35 faizinə bərabərdir. Bundan başqa, əhalinin gəlirləri
25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz,
orta aylıq əmək haqqı 26,5 faiz artmışdır.
Son aylar ərzində qiymətlərin aşağı
düşməsi də əhalinin real gəlirlərinin və
alıcılıq qabiliyyətinin artmasına müsbət təsir
göstərmişdir.
İclasda qeyd
edilmişdir ki, əsas kapitala yönəldilmiş
investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə
72,3 faiz artmışdır. Dövlət büdcəsindən
investisiya layihələrinin maliyyələşdirilməsinə
yönəldilən vəsaitlərin həcmi daha da artaraq,
rüb ərzində 1 milyard 79 milyon manat təşkil
etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1,9 dəfə və ya 521 milyon manat
çoxdur. Hazırkı qlobal iqtisadi böhran şəraitində
investisiya qoyuluşları, eləcə də onun sahəvi və
regional strukturunun düzgün müəyyən edilməsi
mühüm əhəmiyyət kəsb edir.
İclasda
vurğulanmışdır ki, qlobal maliyyə böhranına
baxmayaraq, ölkəyə investisiya axını səngiməmişdir.
Buna misal kimi 70 faizini xarici mənbələrdən cəlb
edilmiş vəsaitlər hesabına həyata keçirilən
və ümumi dəyəri 350 milyon avroya yaxın olan
“Qaradağ Sement” Səhmdar Cəmiyyətinin müasir
texnologiyalar əsasında yenidən qurulması göstərilmişdir.
Qeyd edilmişdir ki, bu layihə çərçivəsində
30-dək yerli şirkətin cəlb edilməsi, 1100-dək
iş yerinin açılması və ekoloji vəziyyətin əhəmiyyətli
dərəcədə yaxşılaşması gözlənilir.
Bununla yanaşı, regionlarda sənaye, tikinti, məişət,
yeyinti və kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin
tikintisi aparılır ki, bu müəssisələrdə də
15 mindən çox yeni iş yerləri
açılacaqdır.
Bu gün
ölkədə sahibkarlığın inkişafına
xüsusi diqqət yetirilir. İclasda bununla əlaqədar bəzi
məsələlər açıqlanmışdır.
Göstərilmişdir ki, sahibkarlığa dövlət dəstəyinin
artırılması və şəffaflığın təmin
edilməsi məqsədi ilə Sahibkarlığa Kömək
Milli Fondunun fəaliyyəti yeni tələblərə
uyğun təkmilləşdirilir, iş adamlarının
güzəştli kredit almaq şərtləri sadələşdirilir,
süni maneələr aradan qaldırılır və beynəlxalq
auditin keçirilməsi planlaşdırılır. Bunun nəticəsində
rüb ərzində istehsal və emal sahələri üzrə
99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin 9,7 milyon
manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir.
Ötən ilin müvafiq dövrünə nisbətən
verilmiş kreditlərin məbləği 2 dəfə,
investisiya layihələrinin sayı isə 3,6 dəfə
artmışdır.
Biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
dövlət tənzimlənməsinin təkmilləşdirilməsi
və ixracyönümlü müəssisələrin dəstəklənməsi
istiqamətində dövlət tərəfindən həyata
keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər
çərçivəsində 60-a yaxın iri qeyri-neft
ixracatçıları ilə görüş
keçirilmiş, eyni zamanda işçilərinin sayı 100
nəfərdən çox olan 200-dən artıq iri müəssisənin
mövcud vəziyyəti haqqında toplanmış məlumatlar
təhlil edilir.
İlkin təhlillər göstərir
ki, son 6 ayda əmək haqqı bu müəssisələrin
47 faizində artmış, 51 faizində dəyişməmiş,
2 faizində isə azalmışdır. Müəssisələrin
57 faizi cari ildə investisiya qoyuluşunu
planlaşdırır. Nazirlər Kabinetinin iclasında səhiyyə,
mədəniyyət və turizm, habelə ailə, qadın və
uşaq problemlərinin həlli istiqamətlərində həyata
keçirilmiş tədbirlərdən söhbət
açılmış, qarşıda duran vəzifələrdən
ətraflı bəhs edilmişdir.
İclasa yekun vuran
Prezident İlham Əliyev əminliklə bildirmişdir ki,
növbəti aylarda və bu ilin sonuna qədər nəzərdə
tutulmuş bütün məsələlər həll ediləcək,
doğma vətənimiz daha da möhkəmlənəcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 2.