AzərbaycanRusiya əməkdaşlığının yeni mərhələsi münaqişələrin ədalətli həllinə zəmin yaradır

 

Dmitri Medvedev: İlk növbədə, beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatı tərəfindən, ATƏT çərçivəsində qəbul edilmiş qətnamələrə istinad etmək lazımdır

 

Son zamanlar dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Avrasiya məkanında baş verən bütün ictimai-siyasi proseslərin düzgün məcraya yönəldilməsinə cəhd edirlər. Bu məsələdə ən önəmli variant dialoq, tərəflərin anlaşması, ölkələrarası münasibətlərin yeni reallıqlar əsasında inkişaf etdirilməsidir. Azərbaycan dövləti də daim bu yolu tutaraq müasir ictimai-siyasi proseslərə öz töhfəsini vermişdir. Regionun bütün dövlətləri ilə qarşılıqlı və tərəflərin hər ikisinin maraqlarına uyğun əməkdaşlıq edilməsi xarici siyasətimizin əsas prioritetlərindəndir. Ən yaxın qonşularımızdan olan Rusiya Federasiyası ilə əməkdaşlığımız da daim artan xəttlə inkişaf edir.

2009-cu il aprelin 16-da Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Moskvaya işgüzar səfərə gedən Azərbaycan Prezidenti İlham Əliyevin dost ölkənin paytaxtında keçirdiyi görüşlər və aparılan danışıqlar bir daha sübut etmişdir ki, ölkələrarası münasibətlər böyük tarixi ənənələrə istinad etsə də, xüsusən müasir reallıqları özündə əks etdirir.

Prezidentlərin görüşündə dost ölkə rəhbəri Dmitri Medvedevin ölkələrarası əməkdaşlıqdakı çoxsaylı nailiyyətləri, xüsusən, mədəniyyət və humanitar sahələrdəki bir sıra sevindirici faktları yada salması mətbuatın marağına səbəb olmuşdur: “Bu yaxınlarda Bakıda İnformasiya-Mədəniyyət Mərkəzi, Moskva Dövlət Universitetinin filialı açılmışdır. Bizim Linqvistika Universiteti nəzdində xüsusi Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılmışdır. Əlbəttə, bunlar münasibətlərimizə çox yaxşı təsir göstərir, bizi daha sıx birləşdirir”.

Azərbaycan Prezidenti İlham Əliyev isə prezidentlərin birgə mətbuat konfransında ölkələrarası münasibətlərin indiki səviyyəsini özünəməxsus şəkildə qiymətləndirmişdir: “Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə ifadə etmək olar".

Yeri gəlmişkən, dövlət başçıları bütün digər məsələlərlə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həll edilməsi məsələsini də əhatəli şəkildə müzakirə etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə öz dövlətinin mövqeyinin dəyişmədiyini, eyni zamanda rəsmi Bakının sülh danışıqlarına sədaqətlə və ehtiramla yanaşdığını növbəti dəfə bəyan etmişdir. Rusiya Prezidenti Dmitri Medvedev isə öz ölkəsinin vasitəçilik missiyasını bundan sonra da davam etdirəcəyini söyləmiş, münaqişənin beynəlxalq hüququn normaları, BMT-nin qəbul etdiyi qətnamələr və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməsinin vacibliyini vurğulamışdır. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm irəliləyişlər olduğunu da bildirmişlər. Xatırladaq ki, Azərbaycan Prezidentinin bu səfərindən öncə də məhz bu səfərə zəmin yaradan bir sıra görüşlər, danışıqlar və təmaslar olmuşdur ki, aşağıda onların bəziləri barədə söz açacağıq.

Azərbaycan dövlətinin yeritdiyi xarici siyasətin təkcə ölkəmiz və regionumuz üçün deyil, bütövlükdə Avrasiya üçün xüsusi önəm kəsb etdiyini artıq bütün dünyada açıq mətnlə etiraf edirlər. Bədgümanların və bədxahların söylədiyi istənilən cəfəng proqnozlar Azərbaycan diplomatiyasının özünəməxsus gedişləri nəticəsində heçə dönür. Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedevin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dünyada və regionda gedən ictimai-siyasi proseslər barədə fikir mübadiləsi aparması bu deyilənlərin təsdiqidir. Regiondakı siyasi sabitliyi və Azərbaycanın bütün qonşuları ilə hərtərəfli əməkdaşlığının gündən-günə artmasını gözü götürməyən bəzi ekspertlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilmiş toplantasından sonra öz xislətlərinə xas pessimist proqnozlar vermişdilər.

Cənab Dmitri Medvedev özünün azərbaycanlı həmkarı ilə telefon söhbətində nəinki bu məsələ ətrafında, eləcə də respublikamız üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər barədə söhbət etmişdi.

Azərbaycan və Rusiya prezidentləri bütün dünyada fəsadlar törədən iqtisadi böhranla bağlı vəziyyəti müzakirə etmiş, ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

Rusiya Prezidentinin telefon zəngindən bir həftə əvvəl — fevralın 14-də “Rossiya” telekanalındakı “Formula vlasti” (“Hakimiyyət formulu”) adlı ənənəvi proqram Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş xüsusi buraxılış yayımlamışdı. Həmin buraxılışda da Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin bu günü və sabahı barədə əhatəli söhbət açılırdı. Prezidentlərin telefon söhbətindən bir həftə sonra — fevralın 27-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıya gəlmiş, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmuşdur. Rusiya dövlət rəsmisinin Bakı səfəri zamanı qeyd edilmişdir ki, Azərbaycan-Rusiya əməkdaşlığının bütün sahələri kimi humanitar sahədə də önəmli uğurlar əldə edilmişdir. Bu baxımdan Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması xüsusilə qeyd edilməlidir. Elə həmin gün Bakıda Moskva Dövlət Universitetinin filialının rəsmi açılışı olmuşdur. Martın 12-də isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya gəlmiş, dövlət başçımız və azərbaycanlı həmkarı ilə görüşərək ətraflı müzakirələr aparmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il yanvarın 15-də imzaladığı sərəncam əsasında yaradılan filialda 3 fakültə — filologiya, kimya və tətbiqi riyaziyyat fakültələri fəaliyyət göstərir. Burada tədris prosesi Moskva Dövlət Universitetinin proqramları əsasında qurulmuşdur. Məşğələlər əsasən, dünyada ən nüfuzlu ali məktəblərdən olan bu universitetin professor-müəllim heyəti tərəfindən aparılır. Prezident İlham Əliyev Bakıda Moskva Dövlət Universitetinin filialının açılmasına həm Rusiyada, həm də Azərbaycanda böyük önəm verildiyini vurğulayaraq dedi: “Mən çox şadam ki, bu gün bu mühüm hadisədə bizimlə bərabər Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Yevgeniyeviç Narışkin, Moskva Dövlət Universitetinin rektoru Viktor Antonoviç Sadovniçi, Rusiyanın təhsil naziri, energetika naziri, digər qonaqlarımız da iştirak edirlər. Bu da həm Rusiyanın, həm də Azərbaycanın rəhbərliyi tərəfindən MDU-nun Bakıdakı filialının fəaliyyətə başlamasına göstərilən münasibətin və diqqətin yaxşı əlamətidir”. Qeyd edək ki, Prezident İlham Əliyev gələcəkdə bu filial üçün ayrıca korpusun tikilməsi zərurətini də dilə gətirdi.

Dövlət başçımızın qeyd etdiyi kimi Rusiya rəsmiləri də Bakıda MDB-nin ən nüfuzlu ali məktəbinin filialının açılmasına böyük önəm verirlər. Bunu Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin rəsmi açılış mərasimində xüsusilə qeyd etdi: “Bu gün biz İlham Heydər oğlu ilə birlikdə Moskva Dövlət Universitetinin filialının təntənəli açılışını keçiririk. Bu, həm Azərbaycan, həm də Rusiya Federasiyası üçün həqiqətən əlamətdar hadisədir. Deyə bilərəm ki, bu, MDB üçün də mühüm və əlamətdar hadisədir, xüsusən də, ona görə ki, 2009-cu il MDB-də Gənclər ili elan edilmişdir. Moskva Dövlət Universitetinin filialının açılışının da Gənclər ilinə müəyyən mənada dəxli var”.

Dost ölkənin rəsmisi Azərbaycanda milli və dini tolerantlığın yüksək səviyyədə olmasının, xüsusən, ənənəvi rus dilinin qorunub saxlanılmasının dövlət rəhbərliyinin siyasi uzaqgörənliyinin nəticəsi olduğunu söylədi: “Çox yaxşı haldır ki, bu universitetdə filologiya tədris edilir. Rus dili də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin bir elementidir. Ümumiyyətlə, Azərbaycanda rus dilinə çox böyük diqqət yetirilir... Deyə bilərəm ki, Moskva Dövlət Universitetinin Azərbaycanda, Bakıda filialının yaradılması iki ölkə arasında strateji tərəfdaşlıqda növbəti körpüdür. Bu, bizim yaxşı, işıqlı ümumi gələcəyimizə aparan körpüdür”.

Sergey Narışkinin körpü adlandırdığı bu layihəni Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi möcüzə adlandırdı. Rektor Azərbaycan Prezidentinə üz tutaraq dedi:

Bilirsinizmi, möcüzə baş vermişdir. Siz ilk dəfə bu ideyanı irəli sürəndə mən güman etmirdim ki, bu qədər qısa müddətdə belə bir bina tapmaq və tədris prosesini bu cür təşkil etmək olar. Bu, gənclərin naminə, Sizin ölkənizin naminə, elmin gələcəyinin naminə yaradılmış möcüzədir”.

Beləliklə, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin sırasına daha biri əlavə edildi. Bu layihə Azərbaycan-Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsinin milli təhsilimizin tərəqqisinə verdiyi stimul kimi qiymətləndirilir. Bakıda dünyanın ən nüfuzlu ali məktəblərindən birinin, MDB-nin isə ən nüfuzlu ali məktəbinin filialının açılması Azərbaycan-Rusiya dostluğunun və əməkdaşlığının məntiqi nəticəsidir.

Dost ölkənin xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı da, Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılışı mərasimində də Moskva-Bakı əməkdaşlığının daha geniş perspektivləri olduğunu söyləmişdir. Diplomatın fikrincə, dövlət başçılarının müntəzəm olaraq görüşməsi və müzakirələr aparılması ölkələrarası əməkdaşlığı daha da genişləndirəcəkdir. Budur, dövlət başçımızın reallaşdırdığı Moskva səfəri məhz həmin proqnozun doğrulmasıdır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 3.