DSMF-nin fərdi uçot sistemində qeydə alınan əcnəbilərin sayı 6943 nəfərdir

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı artmışdır. Belə ki, hazırda fərdi uçot sistemində 82 ölkədən 6943 nəfər xarici vətəndaş qeydiyyatdadır. Onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Bunların sayı 3953 nəfərdir. Gürcüstan vətəndaşları sayca türklərdən sonra gəlir və fərdi uçot sistemində qonşu dövlətin vətəndaşlarının sayı 1085 nəfərdən ibarətdir.

Azərbaycanın fərdi uçot sistemində qeydə alınan vətəndaşların sayına görə üçüncü yerdə Rusiya Federasiyası qərarlaşıb — 496 nəfər. Sonrakı yerlərdə İran İslam Respublikası (215 nəfər), Hindistan (172), Çin Xalq Respublikası (80), Ukrayna (68), Pakistan İslam Respublikası (64), Malayziya (63), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (63) və s. ölkələr gəlir.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, ölkəmizdə məcburi dövlət sosial sığortası sahəsində fərdi uçotun tətbiq olunması Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikasının mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin də məcburi dövlət sosial sığortasına cəlb olunması zərurətini ortaya qoymuşdur. Bu zərurət beynəlxalq təcrübədən irəli gəlmişdir. Xatırladaq ki, hələ 2005-ci ilin 7-9 sentyabr tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının və digər beynəlxalq təşkilatların təşkilatçılığı ilə Bakı şəhərində “Qloballaşma və əmək miqrantlarının sosial müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda bütün bunlar əsas müzakirə obyekti kimi seçilmişdi. Konfransın yekun sənədi kimi qəbul olunmuş (iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır) Bakı bəyannaməsində əcnəbilərin məcburi dövlət sosial sığortasına cəlb olunması ilə bağlı birmənalı tövsiyələr öz əksini tapmışdı. Bütün bunlar nəzərə alınaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklər edilmiş və 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına başlanılmışdır.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 4.