Əkbər xan Aman (Əmanulla)
xan oğlu Naxçıvanski 1873-cü ildə
Naxçıvan şəhərində doğulmuşdur. Onun
anası Xanbikə (Fatmabikə) knyaz, general-mayor Xasay xan
Usmiyevin və “Xan qızı” kimi tanınan şairə
Xurşud Banu Natəvanın qızı idi. Ona görə də
Əkbər xanın uşaqlığı Şuşa şəhərində,
nənəsinin malikanəsində keçmişdir. Özünün
yazdığına görə, on yaşınadək
Şuşada yaşayıb. Rus dilini yaxşı öyrənmək
üçün nənəsi onu Şuşanın
barışdırıcı hakimi Lunyakinin evində yerləşdirmişdi.
Əkbər xan fransız, rus, fars və türk dillərini
mükəmməl bilirdi. Sonralar şairə nənəsi onu
Tiflisə aparır ki, təhsilini davam etdirsin.
Əkbər xan orada
realnı məktəbdə oxumuşdur. 1886-cı ildə
Vladiqafqazdan Naxçıvana dönən valideynləri Əkbər
xanı da öz yanlarına gətirirlər. Atası polkovnik
Aman xan (1845-1891) vəfat etdikdən sonra Xanbikə xanım
1891-ci ildən sonra Gəncədə yaşayan
naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin
yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov
ilə ailə qurur. Ona görə də evdəki
bacı-qardaşlarının qayğısını Əkbər
xan özü çəkməyə məcbur olur və təhsilini
davam etdirə bilmir. Yeri gəlmişkən, Əkbər
xanın ata-anası şeir, sənət vurğunu
olmuşlar. Naxçıvanda o dövrün ən
tanınmış pedaqoqlarından sayılan Məmməd
Tağı Sidqi bu ailənin ən yaxın dostlarından biri
olmuşdur. O, Aman xanın oğlu Kamran xanın toyu münasibətilə
xüsusi mənzum təbriknamə də yazmışdır:
Cənabi- sahibi-sərkar, balaca Bəhram xan, səadət
bürcünə təhvil edər, məclis mühəyyadır...
yetib məqsudə Kamran xan, olub mətləb bəravürzdə,
İlahi, sən mübarək qıl, bu sevda yaxşı
sevdadır.
Naxçıvanda
yaşayan Əkbər 1905-ci ildə erməni-müsəlman
toqquşmasından sonra barışdırıcı
komissiyanın üzvü olmuşdur.
Onun böyük
qardaşı Bəhram xan Naxçıvanski Naxçıvan
şəhərinin starostası (başçısı)
işlədiyi vaxt Əkbər xan da bu idarədə məmur
kimi fəaliyyət göstərir. 1910-1913- cü illərdə
Əkbər xan Naxçıvan şəhərinin
başçısı vəzifəsində
çalışmışdır. 1916-cı ildə İrəvan
qəza idarəsində 2-ci sahənin polis pristavı vəzifəsində
işləyən Əkbər xan İrəvan
quberniyasının ən varlı adamlarından biri idi.
1912-1915-ci illərdəki məlumata əsasən
Naxçıvan və İrəvan sahibkarlarının ən
varlısı sayılırmış. Onun anasının
Qarabağda atasından qalma miras kəndləri vardı. Əkbər
xan Avropanın bir çox ölkələrinə səyahət
edərək Qərb həyat tərzi ilə yaxından
tanış olmuşdur.
1916-cı ildən sonra
Odessa-Naxçıvan arasında ticarət işləri ilə
məşğul olmuşdur. Erməni daşnaklarının
Naxçıvana hücumunu Odessada eşidən Əkbər
xan 1919-cu ilin yazında Naxçıvana qayıtmış və
həmyerliləri ilə birlikdə erməni quldur dəstələrinə
qarşı mərdliklə vuruşmuşdur. O,
uşaqlıqdan yaxşı güllə atmağı öyrənmişdi.
Hətta sənədlərdə də onun mahir atıcı
olduğu haqda məlumatlara rast gəlirik. Əkbər xan
Andronikin və Njdenin qoşunlarına, quldur dəstələrinə
qarşı vuruşan könüllü xalq dəstəsinin tərkibində
ən yaxşı döyüşçü kimi ad
qazanmışdır.
XI Qızıl Ordu
Naxçıvanı işğal etdikdən sonra heç bir
yerə mühacirət etməyən Əkbər xanı həbs
edib 19 gün təcridxanada saxlayırlar. Həbsdən azad
etdikdən sonra İnqilab Komitəsi (Revkom) qərara alır
ki, ondan bir mütəxəssis kimi istifadə etsin. Çünki
təzə qurulan sovet hökumətinin buna böyük
ehtiyacı vardı. Revkom öz işini müəyyən qədər
qaydaya salan kimi onu yenidən təqib etməyə və
sıxışdırmağa başlayır. 1925-ci ildə Əkbər
xanın bütün torpaqları müsadirə olunur.
Böyük bir ailəni dolandırmaq üçün 1925-ci
ildə şəhər xəstəxanasında işə
düzəlir. 1926-cı ildən isə xəstəxananın
təsərrüfat müdiri vəzifəsində
çalışır. Qızı Əxtər xanım
deyirdi ki, o, həm də feldşer işləyirdi (Sonralar
feldşerlik onu uzaq Arxangelsk meşələrində
ölümdən qurtarır. Bu haqda bir az sonra).
Azərbaycan Baş
Siyasi İdarəsinin göstərişi ilə 1926-cı ildə
Əkbər xan işdən azad edilir. Artıq bu illərdə
sağ qalan Naxçıvanskilər həbs olunur və
sürgün edilirdi, bəzən əlüstü güllələnirdi.
Əkbər xan bir müddət özünə iş
axtarmalı olur. Çünki özünün
uşaqlarından savayı hələ üstəlik ermənilər
tərəfindən öldürülmüş qardaşı
Kamran xanın da 3 uşağına köməklik göstərirdi.
Ona Naxçıvan Kooperativlər İttifaqının
anbardarı vəzifəsini təklif edirlər, çarəsizlikdən
o, bununla razılaşır. Əslində bu təkliflə
Siyasi İdarə Əkbər xana tələ qurmuşdu.
Budur, Əkbər
xanın ittiham olunması ilə bağlı istintaq
protokolları saxlanılan 68 səhifəlik iş
qarşımızdadır. İstintaq
sorğu-suallarının başladığı tarix də
yazılıb: 20 fevral 1929-cu il. İllərin
saraltdığı bu kədərli səhifələrdə Əkbər
xanın özü, ata-anası, qohumları və ailələri
haqda rəsmi məlumatlar diqqətçəkəndir. Çünki
bu məlumatlar bizə imkan verir ki, xarici ölkələrə
mühacirət edən Naxçıvanskilərin və
onların yaxın dostlarının izinə düşə
bilək. Və burada ilk dəfə Əkbər xan
anasının ikinci dəfə ailə qurmasını da
açıqlayır. Bu arxiv sənədlərinin köməyilə
Naxçıvanın çox vətənpərvər, həddən
ziyadə savadlı və mədəni, həm də
hamımızın çox sevdiyimiz şairə xan
qızı Natəvanın böyüdüb tərbiyə
etdiyi həmyerlimizin — Əkbər xanın ömür yolunun səhifələrini
vərəqləyək...
Siyasi İdarə Əkbər
xanı nüfuzdan salmaq üçün yalançı
“verbovka” əməliyyatı qurur. Ona müəyyən miqdarda
pul verib 1928-ci ilin yanvar ayında gizli olaraq İrana göndərirlər.
Oradakı məlumatlardan aydın olur ki, çox təzyiqlər
göstəriblər Əkbər xana. Ona tapşırıq
vermişdilər ki, xaricə mühacirət edən
Naxçıvanskilər haqqında (iş yerləri və
ünvanları) məlumat toplasın. Əkbər xan
qayıdandan sonra necə getməyini maraqlı bir dillə təsvir
edir. Onu da deyək ki, Əkbər xan İranda
Naxçıvanskilərin hamısı ilə
görüşür, qardaşları ilə bir neçə
gün birlikdə yaşayır. Ancaq Naxçıvanskilərə
xəyanət etmir. Siyasi İdarənin
tapşırığını yerinə yetirmir. Əkbər
xan yaxşı bilirdi ki, onu, eləcə də ailəsini
Naxçıvanda hansı aqibət gözləyir.
1928-ci il fevralın 9-da
Naxçıvan MSSR-də Xalq Daxili İşlər
Komissarlığı tərəfindən həbs edilərək
Əkbər xan həbsxanaya salınır. Həmin ilin iyun
ayında Bakıya aparılır və Azərbaycan Baş
Siyasi İdarəsinin göstərişi ilə xüsusi təcridxanada
saxlanılır. 1929- cu ilin 5 sentyabrında onu, mühacirətdə
olan beynəlxalq burjuaziya - antisovet qruplaşmasına kömək
etməkdə ittiham edirlər. Xalq Daxili İşlər
Komissarlığının istintaqına əsasən onu 3
illiyə Sibirə sürgün etməyi qərara alan Azərbaycan
Baş Siyasi İdarəsi təsdiq üçün Əkbər
xanın işini Zaqafqaziya Baş Siyasi İdarəsinə
göndərir. Tiflisdə işə təkrar baxan Zaqafqaziya
Baş Siyasi İdarəsi 10 noyabr 1929-cu il tarixli qərarı
ilə Sibir sürgününü Solovetsk konslagerinə
göndərilmə ilə əvəz edir. Mərkəzi
Siyasi İdarə isə həbs müddətini 5 ilə qədər
artırır.
1930-cu il aprelin 8-də Əkbər
xan uzaq Şimala, Siyasi İdarənin Şimal həbs düşərgəsinin
yerləşdiyi Kotlas şəhərinə göndərilir. 1934-cü
il fevralın 9-da həbs müddəti başa çatan Əkbər
xanı bütün hüquqları əlindən alınmaqla
bir qədər də şimala göndərirlər. Bundan
sonra Əkbər xanın qəribə taleyi başlanır. Təxminən
10 il uzaq şimalda Paxomov adlı ölmüş əsgərin
pasportunu götürərək yaşayıb. Onun feldşer
olması həm Kotlasda, həm də şimalda Əkbər
xanı ölümdən xilas edir. Çünki Kotlasdakı
konslagerlər keçmiş SSRİ-də gedər-gəlməz
yer idi. Orada insanları amansız üsullarla məhv edirdilər.
Bir çox macəralardan sonra Əkbər xan 1940-cı ilin
ortalarında qız nəvəsi, sürgündə
yaşayan Ənvər xanım Nağdəliyevanın
yanına gəlir. Onun bu illərini istedadlı tədqiqatçı
Fərhad Nağdəliyev ətraflı araşdırıb. Əkbər
xanın qızı Xanımcan xanımın övladları
Özbəkistanın Sırdərya vilayətinin Paxta-Aral
rayonunun Slavyanka kəndində yaşayırdılar. Nəhayət,
Əkbər xan 1956-cı ildə Naxçıvana qayıda
bilir. Naxçıvanda onun mənsub olduğu
Naxçıvanskilərdən bir kişi
qalmamışdı. O vaxtlar Xan məhəlləsinə
yaxın yerdə yaşayanlar deyirdilər ki, Əkbər
xanı hönkür-hönkür ağlayan gördük. Naxçıvanda
onun 12 nəfərlik ailəsi tar-mar olmuşdu. Həyat
yoldaşı Aqiyə xanım 1938-ci ildə vəfat
etmişdi. Qeyd edək ki, Əkbər xanın işində
Aqiyə xanımın rus dilində Mircəfər
Bağırovun adına yazılmış məktubları da
vardır. Aqiyə xanım tam süvari generalı
İsmayıl xanın oğlu Bəhman xan
Naxçıvanskinin qızıdır. Aqiyə xanımın
anası Çimnaz xanım isə general-mayor II Kalbalı xan
Naxçıvanskinin qızıdır. Əkbər xanla Aqiyə
xanımın nikahı 1892-ci ildə
bağlanmışdı. Onların nikahından
aşağıdakı övladları doğulmuşdur:
Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım,
Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya
xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan
xanım, Aman xan, İsgəndər xan (İsgəndər
Maştafa). İsgəndər xanın anası Kənd
Şahbuzdan olan Məşədi Nisə xanımdır. Qeyd edək
ki, İsgəndər xanla onun övladlarının sayı
13-dür. Əkbər xan Naxçıvana yaxın olan
Qaraçuq kəndində yaşayan qızı Reyhanatın və
kürəkəni Bəhlul Əliyevin ailəsində 1961-ci
ilədək yaşadı. Onun övladlarından olan 95
yaşlı Həbib xan Oğuzda bu yaxınlarda
dünyasını dəyişdi, qızı Tərlan isə
hazırda Kiyevdə yaşayır. Əkbər xanın
Naxçıvanda, Bakıda, Moskvada, Daşkənddə,
Amerikada, İranda və digər yerlərdə çoxlu nəvə-nəticələri
yaşamaqdadır.
Qəribə taleyi olan Əkbər
xan Naxçıvanski 1961-ci ildə Qaraçuq kəndində
vəfat etmişdir. Araz su dəryaçası tikilərkən
onun məzarı Bulqan kəndinə
köçürülmüşdür. Naxçıvanskilərdən
Naxçıvanda uyuyan təkcə Əkbər xandır. Azadlıq
və müstəqillik elə şirin və əzizdir ki, bəzən
onun uğrunda bütöv bir nəsil özünü qurban
verir. Naxçıvanskilər də məhz belə bir nəsildəndir.
Musa QULİYEV,
AMEA Naxçıvan bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun əməkdaşı
Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 5.