Görkəmli alim, yorulmaz tədqiqatçı

 

Bu günlərdə 90 yaşı tamam olacaq tarix elmləri doktoru, professor, Böyük Vətən müharibəsinin fəal iştirakçısı, ehtiyatda olan kapitan İsrafil İsmayılov 51 kitabın və 300-dən çox elmi məqalənin müəllifidir. Onun döyüş və əmək fəaliyyəti 3 orden və 20 medalla qiymətləndirilmişdir. Alimin geniş elmi və ictimai-siyasi fəaliyyəti ABŞ-ın Beynəlxalq Bioqrafiya İnstitutunun diqqətini cəlb etmiş və həmin institutun “2000-ci ilin adamı” ensiklopedik kitabına (“Hall-Mark-2000") onun adı daxil edilmişdir. İsrafil müəllimə bu adda qızıl medal da təqdim edilmişdir. Medalın üstündə bu sözlər yazılmışdır: ”Görkəmli ömür fəaliyyətini təsdiq edən Şərəf Nişanı".

İ. İsmayılov 1954-cü ildən taleyini Azərbaycanın ali təhsil sistemi ilə bağlamışdır. O, həmin il Moskvada İctimai Elmlər Akademiyasında tarix elmləri üzrə namizədlik, 1968-ci ildə isə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyalarını müdafiə etmiş, 7 il rektor və 22 il kafedra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Neft Akademiyasının professoru İsrafil İsmayılov həm də fəal ictimaiyyətçidir. O, 24 ildir ki, Bakının Nəsimi Rayon Veteranlar Şurasının sədridir. İsrafil müəllim dəfələrlə respublika təhsil və müdafiə nazirliklərinin, Respublika Veteranlar Şurasının fəxri fərmanları ilə təltif edilmişdir.

Professor İ. İsmayılovun elmi fəaliyyətində XX əsr Azərbaycan tarixi mövzusu əsas yer tutur. Müəllif son illərdə bu mövzuda aşağıdakı kitabları nəşr etdirmişdir: “Azərbaycanın XX əsrdə dövlətçilik siyasəti məsələləri” (1995), “Azərbaycanda dövlətçilik fikri oçerkləri” (1996), “Dünya azərbaycanlıları XX əsrdə” (1997), “Azərbaycan xalqının siyasəti mədəniyyəti” (2002), “Azərbaycan vətənpərvərliyi XX əsrdə (uğurlar və problemlər — 2003-cü il). Bu mövzuda İsrafil müəllimin çoxlu məqalələri də dərc olunmuşdur. O, türk dünyasının böyük oğulları M. K. Atatürk haqqında 6, Heydər Əliyev haqqında 14, Nəriman Nərimanov haqqında 8 məqalə yazmışdır.

Ümummilli liderimiz Heydər Əliyev bir neçə il əvvəl alimlərimiz qarşısında XX əsr Azərbaycan tarixinin yenidən yazılmasını əsas vəzifə kimi qoymuşdur. Məlumdur ki, XX əsr tariximiz əcnəbi ideoloqları tərəfindən ən çox saxtalaşdırılmış bir sahə olmuşdur. Professor İ. İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə və sonrakı illərə həsr etdiyi məqalələrində tariximizin saxtalaşdırılmış səhifələrinə aydınlıq gətirməyə çalışmışdır. Həmin “səhifələrdən” biri də süni olaraq yaradılmış “Bakı Kommunası” dır.

Məlum olduğu kimi, 1918-ci ilin yazında daşnak S. Şaumyanın sədr olduğu “Bakı Kommunası”nın komissarları arasında cəmi 3 nəfər Azərbaycan türkü ikinci dərəcəli vəzifələrə cəlb edilmişdi. Bütün əsas vəzifələr, xüsusən də hərbi qüvvələr və Bakı komendantlığı daşnakların əlində idi. İsrafil müəllim bu mövzuya dəfələrlə müraciət etmiş, “Bakı Kommunası”nın daşnak tərkibinin Azərbaycan xalqı əleyhinə yönəlmiş siyasəti barədə oxuculara geniş məlumat vermişdir.

Yubilyarın yenicə çıxmış kitabı “Türk dünyası XX əsrdə” adlanır. Bu əsərdə göstərir ki, SSRİ-nin dağılması zəminində onun tərkibində olmuş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətləri, həmin ölkələrdə yaşayan türkdilli xalqlar əvvəlki dövrlərdəki ənənələrini davam etdirərək öz dövlət müstəqilliklərini bərpa etdilər. Beləliklə, dünya xəritəsinə 5 yeni türkdilli müstəqil dövlət daxil edildi.

SSRİ-nin dağılmasından bir qədər əvvəlki dövrdə Şimali Kiprdə yaşayan türk icmaları da öz müstəqil Kıbrıs Türk Cümhuriyyətini yaratmışlar. Beləliklə, hazırda dünyada Türkiyə ilə birlikdə 7 türkdilli dövlət mövcuddur. Müəllif oxuculara təqdim etdiyi yeni kitabında türk dünyasına daxil olan bu ölkələrin XX əsrdə, xüsusilə də XX əsrin 90-cı illərindən sonrakı 20 ildə əldə etdikləri nailiyyətlərin və onların qarşılarında duran dövlətçilik vəzifələrinin geniş şərhini vermişdir.

İsrafil müəllim İslam mədəniyyəti və Azərbaycan türklərinin İslama qayıdışı mövzusunu da həmişə diqqətdə saxlamışdır. 1993-cü ildə nəşr etdirdiyi “İslam haqqında: həqiqətlər və uydurmalar” adlı kitabından (rus dilində) sonra o, “İslam mədəniyyətinə siyasi baxış” (1997), “Bəşəriyyətin tərəqqisində İslam mədəniyyətinin rolu” (1998), “İslam mədəniyyəti və Qafqazın müsəlman xalqlarının mədəniyyəti” (1999), “İslam mədəniyyətinə tarixi baxış” (2001) və digər elmi məqalələrlə çıxış etmişdir.

Professor İsrafil İsmayılov doğulduğu Oğuz rayonunu da yaddan çaxırmır. O, bu rayon haqqında iki kitabın — “15 millətin nümayəndələri yaşayan rayon” (1981), “Oğuz rayonunun şəhidləri və veteranları” (2000) kitablarının və “Oğuz rayonunun memarlıq abidələri və görkəmli ziyalıları” haqqında kinofilmin ssenari müəllifidir. Onu da qeyd etmək yerinə düşər ki, professor İsrafil İsmayılov Oğuz ziyalıları içərisində elmlər doktoru adı almış ilk alimdir.

Böyük Vətən müharibəsi veteranı, professor İ. İsmayılovun əsərlərində Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinə geniş yer verilmişdir. Onun əsərlərində göstərilir ki, XX əsrin üçdə biri ərzində Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycanda milli hərbi elita yaradılmış və hazırda Azərbaycan bölgədə ən güclü orduya malikdir. Müasir Azərbaycanın milli hərbi elitası tərkibində 100 nəfərə qədər yalnız döyüş generalı vardır ki, bunların da yarısından çoxu II Dünya müharibəsində və bu müharibədən sonrakı məhəlli döyüşlərdə fəal iştirak etmiş general və yüksək rütbəli zabitlərdir.

Əvvəldə qeyd etdiyimiz kimi, 50 ildən artıq Azərbaycan Dövlət Neft Akademiyasında elmi-pedaqoji və rəhbər vəzifələrdə çalışmış professor İ. İsmayılov həm də Nəsimi Rayon Veteranlar Şurasının sədridir. O, respublikada müharibə veteranlarının təşkilatlanması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə əsərlərin yazılması və nəşrində də fəal iştirak edir. İsrafil müəllim bu mövzuda 7 kitab nəşr etdirmişdir.

90 yaşı tamam olan İsrafil müəllim yenə də böyük həvəslə və gənclik ehtirası ilə yazıb yaradır. Təmiz insan, təvazökar alim və yorulmaz tədqiqatçı olan İsrafil müəllimi ad günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, daha böyük yaradıcılıq uğurları arzulayırıq.

 

 

Zilli RZAYEV,

Bakı Şəhər Veteranlar

Şurasının sədri, polkovnik

 

Xalq qəzeti.- 2009.-24 aprel.- S. 5.