Uydurma erməni
soyqırımı iddiası
tarixi həqiqətdən
uzaqdır
Azərbaycan
torpaqlarına göz dikən erməni millətçiləri
monoetnik və “türksüz Ermənistan” uğrunda əsrlər
boyu gizli və bəzən leqal mübarizələr
aparmış, “dənizdən-dənizə” böyük
imperiya yaratmaq üçün türk xalqlarına
qarşı soyqırım siyasəti yeritmişlər. Nəticədə,
azəri türkləri ağır məhrumiyyətlərə,
milli faciə və məşəqqətlərə məruz
qalmışdır.
Bu yolda erməni millətçiləri
ən iyrənc metodlardan istifadə etməkdən belə
çəkinməmişlər. Erməni terrorçu dəstələri
hələ XIX yüzilliyin ikinci yarısında Türkiyənin
Zeytun (1862, 1878 və 1884-cü illərdə), Sasun (1880-ci ildə),
Van (1884-cü ildə) vilayətlərində qanlı
qırğınlar törətmiş və nəticədə
2 milyondan çox Anadolu türkü
öldürülmüşdür. Təkcə belə bir
faktı göstərmək kifayətdir ki, “Hncaq” erməni
terror təşkilatı üç ildə (1890—1892-cı illərdə)
65 min silahsız müsəlmanı məhv etmişdir.
XX yüzilliyin əvvəllərində
isə erməni quldurları Bakıda, Şuşada, İrəvan
və Naxçıvan mahallarında, Qarabağda,
Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə,
Qubada, Tiflisdə və başqa yerlərdə azəri
türklərini kütləvi şəkildə
amansızcısına məhv etmişlər. 1905-1907-ci illərdə,
1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və
1988-1994-cü illərdə Azərbaycan xalqının
başına gətirilən müsibətlər əslində
soyqırım siyasətidir. Beləliklə, XX yüzillikdə
Azərbaycan xalqı 4 dəfə soyqırımına məruz
qalmış və nəticədə 2 milyondan çox azərbaycanlı
bu məkrli siyasətin günahsız qurbanı olmuşdur.
Keçmişi unutmaq və
tarixi hadisələri danmaq olmaz. XIX yüzilliyin ikinci
yarısında ermənilərin Türkiyə ərazisində
törətdikləri qanlı qırğınlar nəticəsində
minlərlə dinc əhali öldürüldü. Buna cavab
olaraq Osmanlı dövləti xain və dönük erməni
silahlı dəstələrinə tutarlı cavab verdi. Bunu
görən ermənilər Türkiyə ərazisində istədiklərinə
nail ola bilmədikləri üçün məkrli
planlarını həyata keçirmək məqsədilə
azəri türklərinə qarşı apardıqları
mübarizənin ağırlıq mərkəzini Qafqaza
keçirməyi qərara aldılar. Bu
vaxt erməni ideoloqları özlərinin
millətçi partiyalarını
yaratdılar.
1885-ci ildə
şovinist ruhlu ilk erməni siyasi firqəsinin əsası
qoyuldu. Marseldə təsis olunan bu firqə “Armenakan”
adlanırdı. 1887-ci ildə Cenevrədə ermənilərin
ikinci millətçi siyasi təşkilatı olan “Qnçak”
(“Zəng”) yaradıldı və tezliklə bu partiyanın fəaliyyəti
genişləndirilərək Rusiyada, Türkiyədə,
İranda, Bolqarıstanda, Rumıniyada və b. ölkələrdə
şöbələri təsis edildi.
1890-cı ildə Tiflisdə
ermənilərin üçüncü şovinist partiyası
— “Daşnaksütyun” yaradıldı. Bundan sonra ermənilərin
“Böyük Ermənistan” yaratmaq iddiaları yeni və daha kəskin
mərhələyə daxil oldu. XX əsrin əvvəllərində
bu partiyanın Rusiyada 2311, Türkiyədə 693, İranda 90
və başqa ölkələrdə çoxlu yerli təşkilatları
fəaliyyət göstərirdi. “Daşnaksütyun”
partiyasının Cenevrədə
“Droşak” (Bayraq) adlı qəzeti nəşr olunurdu.
Bəs “erməni
soyqırımı”nın sosial-siyasi kökləri
haradandır və o neçə yaranmışdır? Tarixən
məlumdur ki, “erməni məsələsi” Şərq məsələnin
tərkib hissəsi kimi meydana gəlmiş və böyük
dövlətlər özlərinin işğalçı məqsədlərini
həyata keçirmək üçün ondan bir vasitə
kimi istifadə etmişlər. Şərq məsələsinin
mahiyyəti isə Osmanlı imperiyasının
torpaqlarının bölüşdürülməsindən,
Türkiyənin bir dövlət kimi məhv edilməsindən,
onun torpaqları hesabına erməni bufer dövlətinin
yaradılmasından ibarət idi. Habelə həmin məsələ
Şərqə yiyələnmək uğrunda Rusiya və Qərb
dövlətləri arasında beynəlxalq münaqişələrin
ifadəsi, Şərq xalqlarına qarşı
işğalçılıq planlarının təzahürü
idi.
Şərq siyasətinin
həyata keçirilməsi üçün ermənilərdən
istifadə edildi və Türkiyə ərazisində
yaşayan ermənilər başlıca hədəf
seçildi. Birinci Dünya müharibəsi zamanı Antanta
dövlətləri müharibədə Almaniya tərəfindən
çıxış edən Türkiyəyə təzyiq
göstərməyə başladılar. Bu təzyiq getdikcə
gücləndi, hətta, 1914-cü il oktyabrın 29-da Rusiya
Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda
Türkiyə ərazisində yaşayan ermənilər
böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə
silahlandılar və hər yerdə türkləri
qırmağa başladılar.
Erməni silahlı dəstələri
türkləri qəddarcasına doğrayır, tonqallarda
yandırır, gözlərini çıxarır,
başlarının dərsini soyur, lüt kürəklərinə
qaynar samovar bağlayır, hamilə qadınların
qarnını yarıb körpələri nizəyə
keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində
o vaxt 600 min türk öldürüldü. Təbii ki,
Türkiyənin başı bu zaman müharibəyə
qarışdığı üçün daxildəki prosesləri
diqqətdən yayındırmışdı.
Ancaq hadisələri belə
görən Türkiyə dövləti və türk hərbi
komandanlığı erməni cəlladlarına cavab vermək
məcburiyyətində qaldı. Aparılan əməliyyat nəticəsində
200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə,
o cümlədən İraq, Suriya və digər bölgələrə
köçürüldü. Köçürülən ermənilərin
bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda),
Bakıda məskunlaşdırıldı. Göründüyü
kimi, baş verən qırğınların başlıca
günahkarı ermənilər və daha çox ölən
isə türklər olmuşlar. Zaman keçdikcə ermənilər
tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin
sayını süni surətdə şişirdərək əvvəlcə
600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona
qaldırmışlar. Halbuki 1914-cü ildə Türkiyə ərazisində
cəmi 1.294.851 nəfər erməni yaşamışdır
ki, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9 faizini təşkil
edirdi.
Hadisələrin,
faktların və mövcud tarixi şəraitin
araşdırılması belə bir nəticə
çıxarmağa əsas verir ki, köçürülmə
ilə əlaqədar Türkiyə hökumətinin verdiyi qərar
düzgün idi. Hətta Türkiyə hökumətinin
köçürülmələrin və onların əmlakının
təhlükəsizliyinin təmin edilməsi barədə
göstərişləri onun nə qədər ədalətli
olduğunu bir daha göstərir. Çünki türk
xalqı heç kəslə düşmənçilik etməmiş,
tarix boyu qonşu xalqlarla həmişə dost və mehriban
münasibətində olmuşdur. Fəqət, xain
çıxan — ermənilər, nankor olan erməni millətçiləri,
qırğınları qızışdıran isə
daşnaklar olmuşlar.
Erməni millətçiləri
və silahlı dəstələri yenə də dinc durmur,
Türkiyənin bir çox şəhərlərində dinc əhalini
amansızcasına və kütləvi şəkildə
qırırdılar.
Erməni quldurları
1916-cı il mayın 11-də Türkiyənin Malazgird şəhərində
20 min adamı vəhşicəsinə öldürmüş,
mayın 22-də isə Van şəhərində 15 min
adamı məhv etmiş, 1000 körpəni diri-diri
boğmuşdular. 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı
kəndində 1400 uşağı bir yerə yığaraq
diri-diri yandırmışlar. Martın 17-də Urmiyada 10 min
dinc sakini öldürmüşlər. C. və K.Makkartilərin
tədqiqatına görə, XX əsrin əvvəllərində
ermənilərin törətdikləri qanlı hadisələr
zamanı 2,5 milyon müsəlman
öldürülmüşdür.
Erməni millətçiləri
və onların daşnak rəhbərləri o vaxtdan bu
günə qədər bar-bar bağıraraq hadisələri
saxtalaşdırır və 24 aprel 1915-ci ili “erməni
soyqırımı” kimi qələmə verməyə
çalışırlar. Təəssüf ki, tarixdən bixəbər
olanlar, o zamankı şəraiti bilməyənlər və ya
o hadisələrin obyektiv təhlilini bacarmayanlar bu
yalançı təbliğata inanırlar. Ancaq fakt
faktlığında qalır, tarix isə olanların canlı
şahididir. Faktlar isə göstərir ki, ermənilər
türklərə qarşı soyqırım siyasəti
aparmışlar. Çünki türklərin itkisi qat-qat
çox olmuşdur. Bunu ermənilər də çox
yaxşı bilirlər.
Bəs nəyə
görə ermənilər böhtandan əl çəkmir və
“erməni soyqırımı”nı türklərin boynuna zorla
qoymağa çalışırlar? Bunun cavabı
ABŞ-dakı erməni liderlərindən biri Ross
Vartanyanın fikirlərindən aydın görünür: O
deyir: “Soyqırım layihəsi qəbul edilsəydi, bunu əldə
rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat,
sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi
Anadoluda bir erməni dövlətinin qurulması
üçün torpaq tələb edərdik”. Deməli,
daşnaklar “Böyük Ermənistan” ideyasından hələ
də əl çəkməmişlər, avantürist məqsədlərini
həyata keçirmək üçün böhtançı
və uydurma “erməni soyqırımı”nı əldə
bayraq etmişlər.
Artıq dünyanın
tanınmış alimləri, mütəxəssisləri
yalançı “erməni soyqırımı”nı birdəfəlik
rədd edir və aparılan ciddi tədqiqatlardan sonra belə
bir soyqırımın olmasını faktlar və dəlillərlə
inkar edirlər. Fransız alimi Jorj de Malevil özünün
“1915-ci il erməni faciəsi” adlı əsərində zəngin
tarixi faktlarla göstərir ki, XIX əsrin son rübünə
qədər türklərlə ermənilər əsrlər
boyu rahat yaşamış, lakin “Daşnaksütyun”
partiyası yarandıqdan sonra bu mehriban münasibətlər qəddar
düşmənçiliyə çevrilmişdir. Müəllif
sübut edir ki, 1915-ci il hadisələri daşnakların
türklərə qarşı düşmənçilik hərəkətlərindən
törəmişdir. Müəllif tarixi faktlara əsasən qəti
şəkildə deyir: “1915-ci ildə ”soyqırım"
olmamışdır".
ABŞ alimləri Castin
Makkarti və Karolin Makkarti tarixi faktlara əsaslanaraq belə
bir obyektiv nəticəyə gəlmişlər ki, erməni
soyqırımı uydurma və böhtandır. Adı çəkilən
müəlliflər “Türklər və ermənilər”
adlı tədqiqat əsərində sübut edirlər ki,
Şərqi Anadoluda təşkil olunmuş soyqırım
olmamışdır. Əslində, erməni daşnak quldur dəstələri
özləri Türkiyədə, İranda, Azərbaycanda,
Qafqazda azəri türklərini vəhşicəsinə
qırır, məhv edirdilər. Tarixi faktlardan məlumdur ki,
daşnak generalı tayqulaq Andranik Zəngibasar, Qəmərli,
Vedibasar, Şərur, Naxçıvan ərazisində, quldur
general Dro Dərələyəz mahalında, qaniçən
general Silikov Göyçə mahalında, general Njde Zəngəzur
mahalında azəri türklərini qırmağı öhdələrinə
götürmüşdülər. Castin Makkarti
“Soyqırım olmuşmu?” əsərində göstərir
ki, XX əsrin yalnız birinci rübündə ermənilərin
törətdiyi qırğınlarda 2 milyona yaxın türk
qırılmış, yaralanmış və qovulmuşdur.
Sonralar tədqiqatlarını
davam etdirən Castin Makkarti özünün “Anadolu erməniləri,
1912—1922-ci illərdə” adlı tədqiqat əsərində
yazırdı: “1912—1922-ci illər müharibəsi zamanı cəmi
600 mindən bir qədər az Anadolu ermənisi
öldürülmüşdür. Ölmüş erməniləri
nəzərə aldıqda, ölmüş müsəlmanları
da nəzərə almaq lazımdır. Statistika göstərir
ki, ermənilərlə yanaşı 2,5 milyon Anadolu müsəlmanı
da məhv olmuşdur ki, onların da əksəriyyəti
türklər idi”.
Ermənilərin
soyqırım iddialarına əsasən, guya, 1915-ci ildə
Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində
1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər)
erməni ölmüşdür. Bu yalançı iddianı əsaslandırmaq
üçün ermənilər müxtəlif xarakterli “sənədlər”
hazırlamış, faktları saxtalaşdırmış və
müxtəlif yalanlar uydurmuşlar. Avropanın, Amerikanın,
Türkiyənin və dünyanın bir çox ölkələrinin
alimləri həmin faktların yalan və uydurma olduğunu
elmi dəlillərlə sübut etmişlər.
Əlimizdə daha bir fakt
vardır. Belə ki, 2004-cü ilin may ayında görkəmli türk alimləri və professorları tərəfindən hazırlanmış
fundamental bir kitab işıq üzü gördü: “Ermənilər:
sürgün və köç”. Amerikanın,
Fransanın, İngiltərənin,
Almaniyanın və digər ölkələrin
arxivlərində uzun
müddət axtarışlar
və tədqiqat işləri aparan alimlər erməni soyqırımına aid heç
bir materiala rast gəlməmişlər.
Kitabda yer verilən sənədlər içərisində
ingilis arxivlərindən
əldə edilmiş
qeydlər ermənilərin
soyqırımı iddialarının
əsassız, yalan və böhtan olduğunu isbat etməkdə əvəzolunmazdır.
Ermənilərin
soyqırım ideyalarını ifşa edən yeni faktlar
ortaya çıxır. Birinci Dünya müharibəsindən
sonra ingilislər 1917—1919-cu illər arasında ermənilərin
siyahıya alınmasını aparmışlar. Bu siyahıya
alınmada indiyə qədər kimsənin bilmədiyi nəticələr
ortaya çıxmışdır. Məlum olmuşdur ki,
1919-cu ildə Osmanlı torpaqlarında yaşayan ermənilərin
sayı 1 milyon 602 min nəfərdir. Buradan belə bir nəticə
çıxır ki, “soyqırım” olan yerdə əhalinin
sayı 102 min artmışdır! Bu, necə ola bilər? Deməli,
ingilis arxivlərindən əldə edilən sənədlər
və rəqəmlər də erməni
“soyqırımı”nı qəti şəkildə rədd
edir.
Çox maraqlı
faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində
ciddi mühafizə edilən materiallarından aydın olur ki,
Türkiyə hökumətinin sürgün qərarı cəmi
500 min ermənini əhatə etmişdi. (Halbuki ermənilər
dünyaya car çəkib bağırırlar ki,
sürgünə məruz qalan ermənilər 1,5 milyondur). Deməli,
xarici ölkə arxivlərinin sənədləri də ermənilərin
uydurmalarını rədd edir. Beləliklə, arxiv sənədləri,
tarixi faktlar və tarixi həqiqətlər belədir ki, ermənilər
özləri özlərinə quyu qazmış,
yaşadıqları yerin və torpağın, yedikləri
çörəyin, içdikləri suyun və udduqları
havanın qədr—qiymətini bilməmişlər. Nəticədə
“özgəyə quyu qazan özü düşər” atalar
sözünə uyğun olaraq Allahın qəzəbinə
düçar olmuşlar.
Ermənilər hər
il dünyanın əksər ölkələrində qondarma
“soyqırımı” gününü qeyd edirlər. Beləliklə,
qondarma erməni təbliğatı nəticəsində “soyqırım”
mifi belə yarandı və zaman-zaman genişləndi.
Erməni
terrorçuları qanlı cinayətlər etmiş, müxtəlif
vaxtlarda Azərbaycanın və Türkiyənin görkəmli
dövlət və ictimai-siyasi xadimlərini vəhşicəsinə
öldürmüşlər. Erməni cinayətkarları
1920-ci ildə F.X.Xoyskini, N.Yusifbəylini, X.Xasməmmədovu,
H.Ağayevi, Tələt Paşanı, Səid Həşim
Paşanı, Behbud xan Cavanşiri, 1922-ci ildə Osmanlı
dövlətinin keçmiş Nazirlər Şurasının
sədri Bahəddin Şəkəri, professor Camal Əzmini və
başqalarını vəhşicəsinə qətlə
yetirmişlər.
Onlarla tarixçi alim,
etnoqraf, şərqşünas özlərinin dərin tədqiqat
əsərlərində sübut ediblər ki, ermənilər
türklər tərəfindən heç bir
“soyqırıma” məruz qalmayıb. Həqiqətdə isə
bu faciə 1914—1920-ci illərdə daşnaklar tərəfindən
qızışdırılan və Osmanlı imperiyasının
arxa cəbhəsində ermənilərin apardığı vətəndaş
müharibəsi idi. Bu problemi tədqiq edən Amerika alimləri
C.Makkarti və K.Makkarti tarixi sənədlərə əsaslanaraq
yazırdılar: “Soyqırım, həqiqətən olubmu? Osmanlıların
hərəkətinə görə çətin inanmaq olar ki,
soyqırım barədə hər hansı bir əmr olsun. Bəs
onda İstanbulda, İzmirdə yaşayan on minlərlə erməni
əhalisi niyə soyqırıma məruz qalmayıb? Şərqi
Anadoluda Türkiyə hökumətinin təşkil etdiyi
heç bir soyqırım olmayıb”.
Zaman-zaman dünyanın
iri dövlətlərində özlərinə yaşamaq
statusu qazanan ermənilər həmin dövlətlərin məmurlarını,
dövlət və iş adamlarını, ictimai-siyasi xadimləri,
müxtəlif alimləri və hətta dövlət və
hökumət rəhbərlərini aldadaraq “erməni
soyqırımı”na onları inandırmağa və hətta
parlamentlər tərəfindən qəbul etdirməyə
çalışmış və bəzi hallarda istəklərinə
nail ola bilmişlər. Ancaq dünyanın bütün ölkələri,
dövlət və hökumət rəhbərləri bilməlidirlər
ki, başqa dövlətlərin ərazilərini işğal
etmək yolu ilə dənizdən-dənizə “Böyük
Ermənistan” yaratmaq erməni daşnak siyasətinin ən
avantürist niyyətidir.
Bəli, artıq
dünya tarixi həqiqətləri görür və
anlayır. Uzun illər ayaq tutub yeriyən erməni
yalanının maskası yırtılmış, onun iç
üzü, mahiyyəti bəlli olmuşdur. Məkrli və
hiyləgər erməni yalanı son zamanlarda güclü və
tutarlı dəlillərlə ifşa olunmaqdadır. Bu gün
dünya ictimaiyyətinə artıq məlumdur ki, ermənilərin
uydurduqları bütün yalanların məqsədi nədir
və onlar nə istəyirlər...
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 28 mart
2006-cı il tarixli 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə
xalqımıza müraciətində deyildiyi kimi, erməni
ideoloqları tərəfindən uydurulan “Böyük Ermənistan”
dövləti yaratmaq üçün xalqımızın
tarixi kobud şəkildə saxtalaşdırılmış,
uydurma tezislər və yalançı faktlarla dünya ictimaiyətini
aldatmışlar. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində
çoxillik təcrübəsi olan erməni millətçi
ideoloqları xalqımıza qarşı daha incə və məkrli
metodlarla təbliğat aparmışlar və bu gün də
bu avantürist siyasəti davam etdirirlər.
Bütün bu tarixi həqiqətlər
və gerçəkliklər faktlarla deyildiyi üçün
tutarlıdır, dəqiqdir, sərrastdır. Belə tarixi
arqumentləri isə hamı bilməli, uydurma və
yalançı “erməni soyqırımı”nın mahiyyətini
anlamalı, onun çürük sosial dayaqları ifşa edilməlidir.
Xaqani MƏMMƏDOV,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 6.