Sərlövhəyə
çıxardığım bu ad dünən Tofiq
İsmayılov adına Uşaq Gənclər
Yaradıcılıq Sarayının Uşaq Dünyası
Qalereyasında təşkil etdiyi sərgidəki bir əsərin
adıdır. Axtarıb bu əsərin müəllifini
tapdım. Günay Rüstəmzadə bu sənətə
yenicə başlayıb. Sərgidə isə 6 əsəri
nümayiş olunur. Onlardan biri daha çox diqqətimi çəkir.
Bu, “Tənha qadın” adlı rəngkarlıq əsəridir.
Bu əsərdə abstrakt elementlər çox olsa da, qadın
tənhalığının bütöv bir mənzərəsini
canlandırır. Hiss edirsən ki, əsər böyük
axtarışların nəticəsində
yaranmışdır. Seçilən rənglərin əsəri
tamamlayan çalarları tamaşaçının diqqətindən
yayınmır. Onun “Kənd yolu”, “Vilnüsdən bir
görünüş”, “Qürub”, “Tənha qadın” və
başqa əsərlərində böyük bir sənətin
başlanğıcında dayanan bir gəncin ürək
çırpıntılarını duydum.
Budur, sərginin
açılış mərasimi başlayır. Sinifdəki
30-dan yuxarı şagirdin içərisindən
seçilmiş 11 nəfərin 60-a yaxın əsərinin sərgiləndiyi
bu tədbiri Qalereyanın şöbə müdiri Aynurə Həşimova
açır. Sonra Tofiq İsmayılov adına Uşaq Gənclər
Yaradıcılıq Sarayının müəllimi, əsərləri
nümayiş olunan qrupun rəhbəri Humay Axundova
danışır. Deyir ki, çox hörmətli Prezidentimizin
sərəncamı ilə 2009-cu il ölkəmizdə
“Uşaq ili” elan edilmişdir. Bu tədbir də “Uşaq ili”
çərçivəsində keçirilir. Burada bir il ərzində
uşaqlarımızın çəkdiyi əsərlər sərgilənmişdir.
Bu, əslində həm də hesabatdır. Biz uşaqların
elə əsərlərini seçmişik ki, onlar rəsm əsəri
kimi müəyyən əhəmiyyətə malikdir. Leylanın,
Günayın, Fidanın işləri öz
orijinallığı ilə aydın seçilir.
Bu sərgiyə sənətşünaslar,
rəssamlar dəvət etmişik ki, onlar uşaqların səhvlərini
desinlər, gələcəkdə qoy onlar bu səhvləri təkrar
etməsinlər. Gördüyünüz kimi, burada müxtəlif
janrda əsərlər var: rəngkarlıq, qrafika, portret və
s.
Biz
iştirakçılara diplomlar verəcəyik.
İnanırıq ki, onların əksəriyyəti gələcəkdə
İncəsənət kollecinin, Rəssamlıq
Akademiyasının tələbələri olacaqlar.
Sonra sərgiyə
baxış başlanır. Rəssam Vaqif Ucataya
yaxınlaşıram. Vaqif müəllim rəssamdır, həm
də İncəsənət kollecində dərs deyir. Sərgi
ilə bağlı fikirlərini soruşuram. Deyir ki, bu
çox gözəl tədbirdir. Görün burada nə qədər
əsərlər asılıb. Onların hamısında
işıq, nur elementləri var. Kim bilir, bu uşaqlar
arasında bəlkə də gələcəyin böyük
rəssamı yetişir. Əsas olan budur ki, yaradıcı
uşaqlara qayğı var.
Sərgiyə bir daha nəzər
yetirirəm . Və qəlbimdə bir ümid oyanır ki, bu
qönçələyən arzular haçansa gül
açacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 7.