Birinci rübün makroiqtisadi göstəriciləri Azərbaycanda iqtisadiyyatın uğurlu inkişafından xəbər verir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş nitqində dövlətimizin başçısı demişdir: “Bütün dünyanı bürümüş böhran artıq hər bir ölkəyə öz təsirini göstərir. Hər bir ölkə bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi inkişaf dayanıb, yaxud da iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür, tikinti dayanır. Ölkələrin milli valyutasının qiymətdən düşməsi nəticəsində kütləvi şəkildə müflisləşmə prosesi gedir, kütləvi şəkildə işsizlik yaranır. Yəni bütün bu xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verir. Azərbaycanın iqtisadi inkişafı isə 2009-cu ilin birinci rübündə uğurlu olmuşdur”.

Ölkə rəhbərinin qürur hissi ilə dediyi bu sözlər cari ilin birinci rübü üçün Dövlət Statistika Komitəsinin açıqladığı makroiqtisadi göstəricilərin uğurlu nəticələrinə əsaslanır. 2009-cu ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrindəki vəziyyəti əks etdirən makroiqtisadi göstəricilər onu deməyə əsas verir ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkə iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlər və əmək haqqı artır.

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar hasilatın bir qədər azaldılması nəticəsində neft sektorunda məhsul istehsalı ötən ilin birinci rübü ilə müqayisədə 2,1 faiz azalmış, lakin qeyri-neft sektorunda əlavə dəyərin 13,7 faiz artması ümumi daxili məhsul istehsalının 4,1 faiz artmasını təmin etmişdir.

İlin əvvəlindən yaradılmış 6,7 milyard manatlıq əlavə dəyərin 2,9 milyard manatı və ya 42,6 faizi sənaye sahələrində, 920 milyon manatı (13,6 faizi) tikintidə, 617,8 milyon manatı (9,2 faizi) nəqliyyatda, 167,6 milyon manatı (2,5 faizi) kənd təsərrüfatında, 680,2 milyon manatı (10 faizi) ticarət və pullu xidmət sahələrində, 132,5 milyon manatı (2 faizi) rabitədə, 753,2 milyon manatı (11,2 faizi) digər sahələrdə istehsal olunmuş, 598,7 milyon manatını, yaxud 8,9 faizini məhsula və idxala xalis vergilər təşkil etmişdir.

Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 2,9 faiz artaraq 782 manata və ya 971,5 ABŞ dollarına bərabər olmuşdur.

Əlavə dəyərin yarıdan çoxu mövcud sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 4,2 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 2,7 milyard manatlığı və ya 65,8 faizi mədənçıxarma bölməsində, 1,1 milyard manatlığı, yaxud 25,4 faizi emal bölməsində, 368,8 milyon manatlığı və ya 8,8 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunmuşdur.

Mədənçıxarma bölməsində birinci rübdə 11,4 milyon ton neft, 4,7 milyard kubmetr qaz hasil olunmuş, digər faydalı qazıntılar istehsalı 64,5 faiz artmışdır.

Emal bölməsində qida məhsulları istehsalı 3 faiz, sellüloz-kağız istehsalı, nəşriyyat işi 4 dəfə, maşın və avadanlıqların istehsalı 56,1 faiz, elektrik avadanlığı, optik və elektron avadanlıqları istehsalı 70,3 faiz, nəqliyyat vasitələri və avadanlıqları istehsalı 30,1 faiz artmışdır.

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 5,6 milyard kVt.s elektrik enerjisi istehsal edilmişdir.

İstehsal olunmuş sənaye məhsulunun 99,8 faizi istehlakçılara göndərilmiş, bununla belə, müəssisələrin anbarlarında 207,1 milyon manatlıq hazır məhsul qalmışdır.

Aqrar sahədə yaz-tarla işləri sürətlə aparılır və aprel ayının 1-nə kimi 104,4 min hektar sahədə yazlıq bitkilərin səpini keçirilmışdır. Bu dövrdə 8,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1,7 min hektar sahədə dən üçün qarğıdalı, 33,2 min hektar sahədə kartof, 23,3 min hektar sahədə tərəvəz, 98 hektar sahədə pambıq, 2,8 min hektar sahədə bostan bitkiləri, 1 min hektar sahədə dən üçün günəbaxan, 3,4 min hektar sahədə şəkər çuğunduru, 29,8 min hektar sahədə çoxillik otlar əkilmişdir.

Heyvandarlıq sahəsində həm mal-qaranın baş sayı və həm də məhsul istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə qaramalın sayı 2 faiz çoxalaraq 2574,2 min başa, qoyun və keçilərin sayı 1,6 faiz artaraq 8469,4 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 1,9 faiz artaraq 72,4 min ton, süd istehsalı 3 faiz artaraq 319,6 min ton, yumurta istehsalı 21,4 faiz artaraq 290,4 milyon ədəd olmuşdur.

İlin əvvəlindən tarlalardan 6,1 min ton və ya keçən ildəkindən 20,1 faiz çox tərəvəz toplanmışdır.

Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 8,9 faiz, heyvandarlıq məhsulları istehsalı 4,2 faiz artmışdır.

Ölkədə inşaat işlərinin aparılması üçün rüb ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1638,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 15,2 faiz çox investisiya yönəldilmişdir. İnvestisiyanın 1377,7 milyon manatı, yaxud 84,1 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Tikinti-quraşdırma işlərinin aparılmasına sərf olunmuş investisiyaların həcmi 54,1 faiz aratarq 1228,2 manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 84,5 faizi daxili investisiyanın payına düşmüş və 63 faiz artmışdır. Eyni zamanda xarici investisiyanın məbləği 55,6 faiz azalmışdır.

Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 4718 milyon manat vəsaitin 797,2 milyon manatından istifadə olunmuşdur.

Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin işi də nəzərə alınmaqla nəqliyyat müəssisələri 41,6 milyon ton yük və 303,8 milyon nəfər sərnişin daşımış, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasını 1,1 faiz, sərnişin daşımasını 7,6 faiz artırmışlar.

Beynəlxalq Avrasiya dəhlizi ilə yanvar-fevral aylarında 6,7 milyon ton yük daşınmışdır. Bu sahədə fəaliyyət göstərən nəqliyyat müəssisələri yük və sərnişin daşımalarından 37,2 milyon manat gəlir əldə etmişlər.

Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 200,8 milyon manatlıq, yaxud 2008-ci ilin birinci rübündəkindən 5,3 faiz çox rabitə xidməti göstərmişlər. Payına xidmətlərin 77,7 faizi düşən qeyri-dövlət bölməsində görülmüş işlərin həcmi 4,4 faiz artmışdır.

Yanvar-mart ayları ərzində əhaliyə ticarət və xidmət şəbəkəsindən 2806,2 milyon manatlıq istehlak malları satılmış və 858,3 milyon manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi isə 20,5 faiz artmışdır. Əhaliyə realizə olunmuş istehlak mallarının 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satış həcmi müvafiq olaraq 10,8 və 8,7 faiz çoxalmışdır.

2009-cu ilin birinci rübündə ölkənin hər bir sakininin gəlirləri orta hesabla 575,8 manata çataraq 19,6 faiz artmışdır. Gəlirlərin 70,5 faizi son istehlaka, 10,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 19,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Əhalinin gəlirlərinin artmasına ayrı-ayrı amillərlə yanaşı muzdla işləyənlərin orta aylıq əmək haqqının yüksəlməsi də təsir göstərmişdir. Rüb ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 26,5 faiz artaraq 292 manata çatmışdır. Yanvar-fevral aylarında sənaye sahələrində çalışanların əmək haqqı 421,1 manat, tikinti kompleksində 438,1 manat, nəqliyyatda 350,5 manat olmuşdur.

İstehsal sahələrinin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi ölkəmizin xarici dövlətlərlə iqtisadi, o cümlədən ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2009-cu ilin ilk iki ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 2418 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artmışdır. Ticarət dövriyyəsinin 59,5 faizi Avropa, 26 faizi Asiya, 14,3 faizi Amerika, 0,1 faizi Afrika qitələri ölkələrinin payına düşmüşdür.

Əmtəə mübadiləsinin 81,9 faizi və ya 1981,3 milyon dolları uzaq xarici ölkələrlə aparılaraq 24,2 faiz artmışdır. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrinin 56,1 faizi, o cümlədən idxalın 42,7 faizi və ixracın 62,9 faizi Avropa Birliyi dövlətləri ilə həyata keçirilmiş və 2008-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,4 dəfə artmışdır.

MDB üzvü dövlətləri ilə iki ay ərzində 436,7 milyon dollarlıq və ya 18,9 faiz az ticarət əməliyyatları aparılmışdır. Əmtəə mübadiləsinin 49 faizi Rusiya, 25,9 faizi Gürcüstan, 17 faizi Ukrayna, 2,5 faizi Qazaxıstanla həyata keçirilmişdir.

Əmtəə dövriyyəsinin 1491,9 milyon dollarını, yaxud 61,7 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil edərək keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 24,6 faiz artmışdır. İxrac olunmuş malların 88,1 faizi və ya 1314,3 milyon dollarlığı uzaq xarici ölkələrə, 177,6 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmişdir.

Ölkəmizə idxal olunmuş malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 1 faiz azalaraq 926,1 milyon dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən daxil olmuş malların həcmi 10,2 faiz artmış, MDB üzvü dövlətlərindən isə 21,5 faiz azalaraq, müvafiq olaraq, 667 və 259,1 milyon dollar olmuşdur.

İki ay ərzində 565,8 milyon dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 647,3 milyon dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 81,5 milyon dollarlıq mənfi saldo yaranmışdır.

Yanvar-fevral aylarında ölkəmizə 6,1 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.

İstehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayında əvvəlki ayla müqayisədə 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşmış, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalmışdır. 2008-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 8,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 8 faiz, xidmət tarifləri 6,8 faiz bahalaşmışdır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinə 1799,8 milyon manat, yaxud 2008-ci ilin müvafiq dövrünə nisbətən 26,3 faiz çox vəsait daxil olmuş, büdcədən 1440 milyon manat və ya 73 faiz çox vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 359,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 9,3 faizini təşkil etmişdir.

Büdcə gəlirlərinin 26,9 faizi və ya 483,7 milyon manatı Vergilər Nazirliyi tərəfindən, 208,2 milyon manatı, yaxud 11,6 faizi Dövlət Gömrük Komitəsi tərəfindən köçürülmüşdür. Bundan başqa, büdcəyə digər mənbələrdən 1107,9 milyon manat məbləğində vəsait daxil olmuşdur.

Büdcə xərclərinin 725,7 milyon manatı və ya 50,4 faizi iqtisadiyyatın inkişafına, 205,3 milyon manatı (14,2 faizi) sosial müdafiə və sosial təminata, 134,5 milyon manatı (9,4 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.

Əhalinin banklara qoyduqları əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq mart ayının 1-nə 1,8 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 12 faiz, xarici valyuta ilə isə 19,5 faiz artaraq müvafiq olaraq 816,4 milyon və 997 milyon manat olmuşdur.

Verilmiş kreditlərin məbləği 2008-ci ilin iki ayı ilə müqayisədə 39,1 faiz artaraq 6,7 milyard manat təşkil etmişdir. Kreditlərin 69,5 faizi uzun müddətə verilmiş, 2,2 faizinin ödəmə vaxtı keçmişdir.

Mart ayında 1 ABŞ dolları 0,80 manata, 1 avro 1,05 manata, 100 Rusiya rublu 2,31 manata, yanvar-mart aylarında isə, müvafiq olaraq, 0,80 1,05 və 2,38 manata bərabər olmuşdur.

Statistik rəqəmlərdən göründüyü kimi, dünyanı bürüyən qlobal böhran zamanında Azərbaycan normal yaşayır, inkişaf edir. Ölkə rəhbərliyinin gördüyü işlər bir daha sübut edir ki, bu gün Azərbaycanda dayanıqlı inkişaf üçün möhkəm əsaslar var.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 1.