Görkəmli alim, layiqli övlad, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana

 

Qəribədir, bəzən uzun illər ürəyində gəzdirdiyin, dilinin ucunda yavaş-yavaş özünə pıçıldadığın daxildən gələn sözləri, fikirləri insanlarla bölüşəndə elə bil xeyli yüngülləşir və rahatlıq tapırsan. Elə ona görə də məni çoxdan duyğulandıran sözləri, fikirləri qələmə almaq qərarına gəldim.

Respublikanın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində böyük şəxsiyyət Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.

Zərifə xanım Əliyeva şərəfli həyat yolu keçmiş, öz əməli fəaliyyəti ilə xalqına, millətinə layiqli xidmət göstərmiş, dövrünün mötəbər ziyalısı, zəngin ictimai və siyasi fəaliyyəti ilə xalq arasında böyük etimad və nüfuz qazanmış, atası Əziz Əliyevin kamillik məktəbini keçmişdir.

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və oranı “əla” qiymətlərlə bitirir. O dövrdə ölkəmizdə geniş yayılan traxoma xəstəliyinə qarşı səmərəli mübarizə aparan Zərifə xanım bu istiqamətdə müalicəvi və profilaktik tədbirlərin həyata keçirilməsində fəal iştirak edir, traxoma xəstəliyinin daha çox yayıldığı bölgələrdə geniş fəaliyyət göstərir. O, bu sahədə müalicə üsullarına daha dərindən yiyələnmək məqsədilə Moskva şəhərindəki Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirərək, həkim-oftalmoloq ixtisasına müvəffəqiyyətlə yiyələnir. Vətənə qayıtdıqdan sonra həkimlik fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da uğurla davam etdirir. Bütün bu praktiki fəaliyyəti və yaradıcılığı ona böyük şöhrət gətirir. Onun müalicə üsulları nəticəsində insanlar bu ağır xəstəlikdən xilas olur və traxomanın qarşısının alınması bilavasitə Zərifə xanımın adı ilə bağlanır.

Elmi tədqiqatlarını uğurla yekunlaşdıran istedadlı həkim tezliklə namizədlik dissertasiyasını müdafiə edir. Zərifə xanımın həkimlik fəaliyyəti, tibbi kadrların hazırlanması ilə yanaşı, elmi işlərin davam etdirilməsinə də xüsusi əhəmiyyət verirdi. Sənaye müəssisələrində çalışanların görmə orqanlarına zəhərli maddələrin təsiri bir problem kimi, onu çox narahat edirdi. Zərifə xanım ölkəmizin bir çox iri sənaye müəssisələrində geniş miqyaslı elmi-tədqiqat işləri apararaq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrəndi və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırladı. Onun bu sahədəki tədqiqat işləri dünyada analoqu olmayan tədqiqatlar sırasındadır. Çoxillik müşahidələr, axtarışlar öz bəhrəsini verdi. O, dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda 1977-ci ildə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi aldı. O, dünyada ilk dəfə yeni bir istiqamətin — peşə oftalmologiyasının əsasını qoymuşdur.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə — görmə orqanının patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görüldü. O, bu mükafata layiq görülən ilk qadın idi.

Zərifə xanım bununla kifayətlənmədi. O, bir sıra maraqlı tədqiqatların, kitab və monoqrafiyaların, elmi məqalələrin, tövsiyələrin müəllifidir.

Oftalmologiya sahəsindəki böyük xidmətlərinə, elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, təkcə akademik kimi deyil, eyni zamanda bir ictimai xadim kimi böyük şöhrət qazanmış, bir çox orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın fəaliyyətini daim yüksək qiymətləndirmişlər.

Görkəmli oftalmoloq akademik A. Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan, böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, birinci idi”. Professor N. Şulpina “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” – deyərək, onu dünya şöhrətli alim adlandırmışdı. Akademik N. Puçkovskaya alimin insani keyfiyyətlərini yüksək qiymətləndirərək demişdir: “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”.

Dünya şöhrətli alimlərin Zərifə xanım haqqında dedikləri sözlər, maraqlı xatirələr çoxdur. Lakin onunla hər gün təmasda olan sadə insanların səmimiyyətlə söylədikləri təsirli sözlər, yaddaşlarına hopan hadisələr həqiqətən də bu insanın aliliyindən, böyüklüyündən xəbər verir.

Professor Smelyeva demişdir: “Əgər mən peşəkar ədəbiyyatçı olsaydım Zərifə xanım Əliyeva haqqında əsər yazsaydım, onu ”Əvəzolunmaz insan haqqında povest” adlandırardım.

Ötən ilin aprel ayında M. Seçenov adına Moskva Tibb Akademiyasının təşəbbüsü ilə Rusiyanın Tibb Elmləri Akademiyası Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda Zərifə Əliyevanın 85 illik yubileyinə həsr edilmiş xatirə tədbirinə toplaşan Rusiyanın tibb ictimaiyyətinin nümayəndələri, onun dostları və həmkarları akademiki “xeyirxahlıq rəmzi” və “böyük insan” adlandırdılar və qeyd etdilər ki, alim-oftalmoloq Zərifə xanım elmi dairələrdə böyük nüfuz qazanmış, onun elmi tədqiqatları bu sahəyə böyük yeniliklər gətirmişdir. Onun yüksək insani keyfiyyətləri istedadı akademikə əbədi hörmət qazandırmışdır.

Diplomsonrası Təhsil Akademiyasının rektoru Larisa Masetovanın sözlərinə görə, bu gözəl, istedadlı insan özündə nəcib qadının, bacarıqlı pedaqoqun, görkəmli alimin ən yaxşı xüsusiyyətlərini cəmləşdirmişdi və qibtə ediləsi xanımlıq nümunəsi oldu. Masetova qeyd etmişdir: “Zərifə Əliyeva azərbaycanlı və rusiyalı alimlərin əməkdaşlıq bünövrəsini qoydu, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynadı, ümumilikdə isə elmin bu sahəsinin inkişafına böyük əmək sərf etdi”. Zərifə xanımı yaxından tanıyanların hamısı bu nəzakətli və zərif, alicənab və ziyalı xanımı sadə və səmimi insan kimi xarakterizə edir, xeyirxahlıq, insanlara dayaq olmaq xüsusiyyətlərinin onun ruhunu təşkil etdiyini qeyd edirlər. O, öz peşəsinə qəlbinin bütün hərarətini vermişdi, öz sənətinin fədaisi idi.

Zərifə xanımın mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi şərəfli həyat yolu, elmi, tibbi, pedaqoji fəaliyyəti bir daha sübut edir ki, o, həqiqətən bənzərsiz şəxsiyyət olmuşdur. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə xanım hər uğurlu nəticəyə görə xəstədən çox sevinirdi.

Akademik Zərifə xanım Əliyeva öz elmi və praktiki fəaliyyətində həkim – xəstə münasibətlərinə xüsusi diqqət yetirmiş və həmişə qeyd etmişdir ki, həkimlə xəstənin bir-birini anlaması müalicənin əhəmiyyətini yüksəldir, xəstənin tez sağalmasına müsbət təsir edir. Onun həkimin tibbi etikası və əxlaq məsələlərinə dair məqalələri, elmi əsərləri həkim və xəstənin qarşılıqlı münasibətlərinə dair tərtib etdiyi qaydalar, təkcə elmi deyil, həm də tərbiyə məsələlərini özündə əks etdirən əsərlər həkimlər və oftalmoloqiya sahəsində çalışan elmi işçilər tərəfindən böyük rəğbətlə qarşılanırdı.

O, həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən həssas, ən yaxın münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir.

Akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, xeyli ixtira və səmərələşdirici təklifin müəllifidir.

O,Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftolmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik Oftolmologii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Zərifə xanım haqqında danışdıqda onun elm aləmindəki nailiyyətləri ilə kifayətlənmək azdır. Zərifə xanım valideynlərinə layiqli övlad, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana idi. O, Əziz Əliyev kimi görkəmli bir alimin, vətənpərvər bir ziyalının, böyük nüfuz sahibi olan bir dövlət xadiminin ailəsində dünyaya göz açdı, zəngin bir mənəvi mühitdə tərbiyə aldı.

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Zərifə xanım haqqında demişdir: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam!”

Heydər Əliyevin sədaqətli dostu, ömür-gün yoldaşı, etibarlı silahdaşı olan Zərifə xanıma məhəbbəti bənzərsiz, əbədiyaşar, ulu məhəbbət idi. Ulu öndərimiz bütün varlığı ilə ona bağlı idi, onu həyatının mənası, ömrünün bəzəyi sayırdı. Böyük iradə, tükənməz dözüm sahibi olan Heydər Əliyev yalnız onun, tükənməz məhəbbətlə sevdiyi xanımının xatirələri qarşısında kövrəlirdi.

Onların birgə keçirdikləri şərəfli həyat yolu təsadüfi deyil ki, bu, bir qanunauyğunluq alın yazısı idi. Zərifə xanım xalqımıza layiqli övladlar bəxş etmişdir. Sadəlik, təvazökarlıq, daxili mədəniyyət, saflıq onların iç dünyasını təşkil edir. Cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev siyasi kursunın ən layiqli davamçısı olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə, aydın sabahına təminat verə biləcək bir şəxsiyyətdir

Zərifə xanım Əliyevanın mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi ömür yolu, elmi, tibbi, pedaqoji fəaliyyəti bir daha sübut edir ki, o, həqiqətən də bənzərsiz şəxsiyyət olmuşdur.

Akademik Zərifə xanım şərəfli həyat yaşamışdır, ona zəngin və parlaq səhifələrlə dolu bir ömür qismət olmuşdur. O, öz professional və ictimai fəaliyyəti, istedadı, yüksək insani keyfiyyətləri ilə xalqına, millətinə göstərdiyi xidmətlərlə qazandığı böyük nüfuzu ilə hamının qəlbində dərin iz buraxmış, əbədi hörmət qazanmışdır.

Böyük insan, görkəmli elm fədaisi akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsini qədirbilən xalqımız heç vaxt unutmayacaqdır.

 

 

Raya QULİYEVA,

Bakı Şəhər İcra Hakimiyyətinin

ictimai təşkilatlar və siyasi partiyalarla

iş şöbəsinin baş məsləhətçisi

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 3.