Estoniyanın Vergi və Gömrük
Şurasının nümayəndə
heyəti ölkəmizdə
səfərdədir
Azərbaycan
Respublikası Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr
şöbəsindən aldığımız məlumatda
deyilir ki, Estoniya Vergi və Gömrük Şurasının
Baş direktoru Enriko Aav və onun müavini Dmitri Yeqorovun daxil
olduğu nümayəndə heyətinin səfərində məqsəd
Azərbaycanın vergi sistemi ilə tanışlıqdır.
Bakıda səfərdə
olan qonaqlar aprelin 27-də ilk öncə Fəxri Xiyabana gələrək
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil
qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevanın məzarına da gül dəstələri
qoymuşlar.
Nümayəndə heyəti
Fəxri Xiyabandan Şəhidlər Xiyabanına gəlmiş,
burada Azərbaycanın müstəqilliyi uğrunda canından
keçərək şəhid olmuş qəhrəman
oğul və qızlarımızın xatirəsini ehtiramla
yad etmiş, onların məzarlarına gül dəstələri
qoymuşlar. Sonra nümayəndə heyəti “Əbədi məşəl”in
qarşısına əklil qoymuş və şəhidlərimizin
ruhlarına ehtiramlarını bildirmişlər.
Ziyarətdən sonra
Estoniya Vergi və Gömrük Şurasının nümayəndələrini
vergilər naziri Fazil Məmmədov qəbul etmişdir. Vergilər
naziri Azərbaycanda həyata keçirilən iqtisadi siyasət,
aparılan islahatlar barədə qonaqlara geniş məlumat
vermiş, ölkəmizin beynəlxalq iqtisadi sistemə
uğurla inteqrasiya etdiyini vurğulamışdır. Bildirilmişdir
ki, həyata keçirilən islahatlar beynəlxalq maliyyə təşkilatlarının
da diqqətini cəlb etmiş, ötən il Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanı
islahatçı dövlət olaraq qiymətləndirmişdir.
F.Məmmədov Azərbaycanda həyata keçirilən vergi
islahatları barədə geniş məlumat vermiş, vergi
inzibatçılığının təkmilləşdirilməsi
istiqamətində son dövrlərdə ölkəmizdə
görülən işlər, həyata keçirilən
islahatlar, həmçinin vergi inzibatçılığı
və informasiya texnologiyalarının tətbiqi sahəsində
əldə edilən nailiyyətlər barədə onlara ətraflı
bəhs etmişdir.
Estoniyanın Vergi və
Gömrük Şurasının baş direktoru Enriko Aav Azərbaycanın
vergi xidmətinin informasiya texnologiyalarının vergi sistemində
tətbiq olunması sahəsində uğurlar əldə
etdiyini bildirmiş, ölkəmizin bu sahədə, həmçinin
ƏDV depozit hesabının tətbiqi ilə bağlı təcrübəsinin
öyrənilməsində maraqlı olduqlarını qeyd
etmişdir.
Görüşdə
Vergilər Nazirliyi ilə Estoniya Respublikasının Vergi və
Gömrük Şurası arasında əməkdaşlıq,
qurumlar arasında təcrübə mübadiləsi və digər
qarşılıqlı maraq doğuran məsələlər
barədə ətraflı müzakirələr
aparılmışdır.
Sonra Estoniya
Respublikasının Vergi və Gömrük Şurası ilə
Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq
memorandumu imzalanmışdır. Memorandumu Azərbaycan tərəfdən
vergilər naziri Fazil Məmmədov, Estoniya tərəfdən
isə Estoniya Vergi və Gömrük Şurasının
Baş direktoru Enriko Aav imzalamışlar. Tərəflər
memorandumun qarşılıqlı əməkdaşlıq
prosesinə yeni bir təkan verəcəyini
vurğulamışlar.
Sonra Vergilər
Nazirliyində Estoniya nümayəndə heyəti
üçün Avtomatlaşdırılmış Vergi
İnformasiya Sistemi (AVİS) layihəsi, ƏDV depozit
hesabları sistemi və fəaliyyətin qiymətləndirilməsi
mövzularında təqdimatlar keçirilmişdir. Qonaqlara
AVİS-in tətbiqinin vergi inzibatçılığına
verdiyi üstünlüklər barədə məlumat
verilmiş, ƏDV depozit hesabının işləmə
mexanizmi izah olunmuşdur.
Səfər çərçivəsində
qonaqlar Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti
Departamentində olacaq, Azərbaycanda 2008-ci ildən tətbiq
olunan sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına
alınmasının “bir pəncərə” sistemi ilə
tanış olacaq, Estoniya Vergi və Gömrük
Şurasındakı struktur islahatları, “x-road” layihəsi və
e-audit haqqında təqdimatlar keçirəcəklər.
Estoniya nümayəndə
heyətinin səfəri davam edir.
Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 4.