Yeni Dövlət
Proqramında başlıca
məqsəd əhalinin
həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasıdır
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 2009-cu il aprelin 14-də imzaladığı
fərmanla regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin
əsası qoyulub. Xatırladım ki, 2009-2013-cü illəri
əhatə edən Dövlət Proqramında qeyd olunur ki,
ölkə regionlarının mövcud potensialından daha səmərəli
istifadə etməklə yerlərdə sənaye sahələrinin
və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin
həyat səviyyəsini daha da yaxşılaşdırmaqla
yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir.
Qarşıdakı
beş ildə (2009-2013-cü illər) ölkənin
davamlı və tarazlı inkişafını nəzərdə
tutan yeni proqram respublika iqtisadiyyatını şaxələndirmək
yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin
daha da yaxşılaşdırılması, əhalinin həyat
səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədi
daşıyır.
Qeyd edim ki, bu
mühüm Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi
üçün artıq möhkəm təməl, zəngin
təcrübə mövcuddur. Əlbəttə, burada söhbət
2004-2008-ci illəri əhatə edən regional Dövlət
Proqramının uğurlu icrasından gedir. Təkcə onu
demək kifayətdir ki, ötən beş il ərzində
ölkədə 27,5 mindən çox yeni müəssisə
yaradılmış, 547,5 min daimi yeni iş yeri
açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək
azalmışdır. Ölkənin sosial-iqtisadi
inkişafını sürətləndirən ümumi daxili məhsulun
real həcmi 2,6 dəfə, ötən beş ilin
başlıca hədəflərindən sayılan qeyri-neft
sektorunda məhsul istehsalı 1,8 dəfə
artmışdır. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində iqtisadiyyatın
bütün sahələrində dinamik artım baş
vermiş, xüsusən də sənaye istehsalı 2,5 dəfə,
kənd təsərrüfatının ümumi məhsulu 25,2
faiz, əhalinin gəlirləri isə düz dörd dəfə
artmışdır.
Sadalanan uğurların
davam etdirilməsi məqsədilə qəbul olunmuş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da bu
baxımdan olduqca mühüm əhəmiyyət
daşıyır. Ölkənin növbəti beş illik
sosial-iqtisadi inkişafına yönəldilən bu
mühüm Dövlət Proqramında üç əsas istiqamətdə
tədbirlər nəzərdə tutulmuşdur. Bunlar isə
ölkə əhəmiyyətli, Bakı şəhərinin
rayon və qəsəbələri üzrə, eləcə də
ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən
ibarətdir.
Yeni proqramda göstərilir
ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
üçün ölkədə makroiqtisadi sabitliyin davam
etdirilməsi mühüm şərtdir. Uğurla həyata
keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq
iqtisadi sistemə inteqrasiyasına, neft və qaz kəmərlərinin
səmərəli istifadəsi nəticəsində
makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb
olmuş və bu sahədə tədbirlərin davamlı
şəkildə reallaşdırılmasına əlverişli
şərait yaratmışdır.
Dövlət
Proqramında bildirilir ki, bundan sonra da orta illik inflyasiya tempinin
və milli valyutanın məzənnəsinin məqbul səviyyədə
saxlanılması, vergi dərəcələrinin optimal həddə
müəyyənləşdirilməsi, kənd təsərrüfatı
məhsulları istehsalçılarına tətbiq edilən
güzəştlərin müddətinin
artırılması, yeni iş yerlərinin
yaradılmasının stimullaşdırılması,
gömrük dərəcələrinin optimal həddə saxlanılması
siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin
artırılması, inflyasiya risklərinin azaldılması,
monetar və büdcə-vergi siyasətinin
koordinasiyasının gücləndirilməsi, qeyri-neft
sektorunun inkişafına mənfi təsirlərin
qarşısının alınması növbəti illərdə
də iqtisadi siyasətin başlıca məsələləri
hesab olunur.
Ölkə
iqtisadiyyatının dünya təsərrüfat sisteminə
inteqrasiyasının sürətləndirilməsi məqsədilə
gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq
təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığın
genişləndirilməsi üçün qanunvericiliyin,
standartların beynəlxalq tələblərə
uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir.
Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixrac
üçün əlverişli şərait
yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən
qorunmasına yönəldiləcəkdir.
Yeni regional proqramda
vurğulanır ki, büdcə-vergi siyasətində əsas
məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı
inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin
sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi
və onun dinamik inkişafının
stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu
baxımdan yaxın gələcəkdə istehsalın
genişləndirilməsi, rəqabət qabiliyyətli
iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya
mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda
durur. Ümumiyyətlə, Dövlət Proqramında ölkə
iqtisadiyyatının prioritet istiqamətləri aydın
göstərilmişdir. Bu, kənd təsərrüfatına
dövlət qayğısının və bu sahəyə
subsidiyaların artırılmasını, emal müəssisələrinin
yaradılmasına investisiyaların cəlbini, qeyri-neft,
qeyri-xammal sənaye sahələrinin, turizmin
inkişafının dəstəklənməsini nəzərdə
tutur.
Yeni Dövlət
Proqramında vergi sisteminin təkmilləşdirilməsi ilə
bağlı bir sıra məsələlər də öz
konkret ifadəsini tapmışdır. Məsələn,
qarşıdakı illərdə vergi dərəcələrinin
optimallaşdırılması, sahibkarlığın təşviqinə
yönəlmiş vergi-gömrük siyasətinin həyata
keçirilməsi, kənd təsərrüfatı məhsullarının
istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin
müddətinin uzadılması, sahibkarlara göstərilən
vergi xidmətinin yaxşılaşdırılması və əhatə
dairəsinin genişləndirilməsi üçün
kompyuter terminallarının, habelə özəl vergi məsləhəti
xidmətinin yaradılması nəzərdə tutulur.
Proqramda göstərilir
ki, qarşıdakı illərdə pul-kredit siyasətinə
xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə
ilk növbədə manatın rəqabət qabiliyyətliliyinin
əlverişli səviyyədə saxlanılmasını
reallaşdıran məzənnə siyasətinə
mühüm əhəmiyyət veriləcəkdir. Bununla
yanaşı, pul-kredit siyasətinin əsas məqsədləri
sırasına ölkənin valyuta ehtiyatlarının
artırılması, bank sistemində maliyyə sabitliyinin
qorunması, bankların regional şəbəkəsinin
genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin
quraşdırılmasının sürətləndirilməsi,
sığorta və lizinq xidmətlərinə xüsusi
üstünlük verilməsi diqqət mərkəzində
saxlanılacaqdır.
Dövlət
Proqramında həmçinin bildirilir ki, qarşıdakı
illərdə özəlləşdirməyə
açılmış müəssisələrdə şəffaf
və səmərəli özəlləşdirmə
prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir.
Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyəti
dəstəklənəcək, müasir istehsal
avadanlıqlarının quraşdırılması sürətləndiriləcəkdir.
Yeni proqramda yuxarıda
qeyd edilənlərlə yanaşı, qarşıdakı illərdə
məşğulluq siyasətinin, miqrasiya prosesinin konkret məsələlər
əsasında tənzimlənməsi, sosial təminatın
gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət
sahələrində mövcud problemlərin aradan
qaldırılması üçün konkret tədbirlərin
həyata keçirilməsi də nəzərdə tutulur.
Baxış ƏLİYEV,
iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 4.