Azərbaycanın
aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” MMC
2008-ci ildəki fəaliyyətinin nəticələrini
açıqladı. Dünyada iqtisadi böhranın və Azərbaycan
telekommunikasiya sektorunda rəqabətin daha da gücləndiyi
2008-ci ili Azərbaycanın qeyri-neft sektorunun lider şirkəti
uğurlu nəticələrlə yekunlaşdırıb. İlin
yekunlarına dair keçirilən mətbuat konfransında
“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan ətraflı məlumat
verdi.
İş dünyası
tarixinin ən çətin illərindən biri olan 2008-ci ilin
performansından çox məmnun olduğunu bildirən Ali
Ağan çıxışı zamanı “Azercell”in 2008-ci
ildə gördüyü işlər, bazara təqdim etdiyi məhsul
və xidmətlər, əldə etdiyi nailiyyətlərə
toxundu.
2008-ci il ərzində
Azərbaycanda telekommunikasiyasının inkişafına təqribən
72,1 milyon dollar sərmayə yatırdıqlarını deyən
“Azercell” prezidenti ölkədə fəaliyyət göstərdikləri
13 il ərzində isə ümumi yatırmalarının həcminin
1 milyard dollara yaxın olduğunu qeyd etdi: “Azercell” ölkənin
qeyri-neft sektorunun böyük investoru olaraq qalır. Biz eyni
zamanda qeyri-neft sektorunun ən böyük vergi ödəyicisiyik.
2008-ci ildə ödədiyimiz vergilər qeyri-neft sektorunun
ödədiyi vergilərin 10 faizini təşkil edir. Ümumilikdə
isə bizim vergilər Azərbaycan büdcəsinin 2 faizinə
bərabərdir”.
2008-ci ildə “Azercell
Telekom” MMC dövlət büdcəsinə təqribən 163
milyon ABŞ dolları, 13 il ərzində isə təqribən
603 milyon ABŞ dolları həcmində vəsait ödəyib.
Azərbaycanın mobil rabitə bazarının 60 faizinin
“Azercell”ə məxsus olduğunu jurnalistlərin nəzərinə
çatdıran Ali Ağan bildirdi ki, rəhbərlik etdiyi
şirkətin şəbəkəsi ölkə ərazisinin
80 faizini əhatə edir ki, bu da Azərbaycan əhalisinin 99,6
faizinin “Azercell” xidmətlərindən istifadə edə bilməsi
deməkdir.
İnsan qaynaqları aspektinə toxunan Ali Ağan “Azercell”
işçilərə göstərilən qayğını
xüsusi olaraq önə çəkdi: “Bizim Azərbaycana
yatıra biləcəyimiz ən yaxşı sərmayə
insan qaynaqlarına yatırdığımız sərmayədir.
Mən həmişə bildirmişəm ki, bizim uğurumuzun əsas
səbəblərindən biri əməkdaşlarımızdır
və onlar “Azercell”in əsas kapitalıdır. Buna görə
də 2008-ci ildə “Azercell” olaraq biz öz işçilərimizin
inkişafına təxminən 2,3 milyon ABŞ dolları həcmində
sərmayə yatırmışıq, onları xaricdə
müxtəlif treninqlərə göndərmişik. Məhz
bunun nəticəsidir ki, karyerasını “Azercell”də
başlayan bir çox menecerlərimiz İsveçdən
tutmuş Özbəkistana qədər bir çox ölkələrin
mobil rabitə şirkətlərində yüksək vəzifələrdə
çalışırlar”.
Keçən il Azərbaycan
mobil rabitə bazarında mövcud ciddi rəqabətə
baxmayaraq “Azercell” böyüməkdə davam edib və 10 ildən
artıq dövr ərzində sahib olduğu liderliyi qoruyub. 2008-ci
ilin sonunda “Azercell” abonentlərin sayı 3,5 milyon nəfər
olub. Şirkət rəhbəri “Azercell” şəbəkəsinin
genişlənməsi barədə məlumat verərək
şirkətin yüksək texnoloji telekommunikasiya
infrastrukturuna malik olduğunu vurğuladı.
“Ümumən Azərbaycan
mobil rabitə bazarının inkişaf templərinin
azaldığı bir dövrdə bizim
satışlarımızın həcmi artdı. Hazırda
bizim abonentlərimizin sayı 3 milyon 600 nəfərdən
çoxdur. Biz ciddi rəqabət ortamında durmadan
böyüyürük və abonentlərimizin sayı bu
inkişafın bariz nümunəsidir. Əminəm ki, abonentlərimizin
sayı bundan sonra da artacaq və etibar edib bizi yüksək
qiymətləndirənlər çoxalmaqda davam edəcək.
Çünki məhz ”Azercell” ölkədə ən keyfiyyətli
rabitəni təqdim edir” — deyə Ali Ağan qeyd edib.
O, “Azercell”in sosial fəaliyyətinə
dair məlumat verərək keçən il Azərbaycanın
gələcəyinə, iqtisadiyyatına və sosial
rifahına, sosial məsuliyyət sahəsindəki lider
duruşlarıyla dəstək olduqlarını söylədi.
“Azercell” 2008-ci ildə sosial layihələrin həyata keçirilməsi
üçün 2,5 milyon ABŞ dolları, 10 il ərzində
isə 11,5 milyon ABŞ dolları həcmində vəsait sərf
edib. Şirkət, eyni zamanda, Azərbaycanda peşəkar
jurnalistikanın inkişafına yönəlmiş
inkişafı paylaşmaq platforması çərçivəsində
bir çox layihələr həyata keçirib.
Sonda Ali Ağan jurnalistlərin
çoxsaylı suallarını cavablandırdı.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 4.