Şəmkir: inkişaf, tərəqqi göz qabağındadır

 

Son illər Şəmkirə yolu düşənlər dediklərimizi təsdiq edərlər. Yeni çoxmərtəbəli yaşayış və inzibati binalar, təhsil, səhiyyə ocaqları, park və xiyabanlar, rahat, asfaltlaşdırılmış yol və səkilər əhalisinin sayına görə qərb bölgəsinin bu ən böyük rayonunu tanınmaz dərəcədə dəyişdirib. Rayonda inkişaf, tərəqqi göz qabağındadır. Elə gün yoxdur ki, burada işin ahəngi dayansın. Maraqlı, həm də sevindirici haldır ki, əhalinin özü doğma rayonlarının daha da gözəlləşməsi üçün əllərindən gələni edir, quruculuq, abadlıq, yaşıllaşdırma işlərində yaxından iştirak edir.

Artıq bir neçə ildir hər şənbə günü minlərlə şəmkirli küçə və yollara, meydanlara axışır, ənənəvi iməciliklərdə həvəslə iştirak edir. Kimisi yaşadığı evin qarşısındakı ağaclara qulluq edir, bir başqası ərazini tullantılardan təmizləyir, digəri rayon rəhbərliyinin təşəbbüsü ilə keçirilən kütləvi tədbirlərə qoşulur. Daim zəhmətsevərlikləri, torpağa bağlılıqları ilə seçilən şəmkirlilərin son illər fəallıqlarının, təşəbbüskarlıqlarının və ruh yüksəkliklərinin artması səbəbləri ilə maraqlandım. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysovun cavabı qısa və konkret oldu: - Şəmkirdə dövlətə və dövlətçiliyə, ölkə rəhbərinə hədsiz inam var...

Rayonda gedən quruculuq işləri barədə, problemləri, qayğıları, günü-güzəranı haqqında vaxtaşırı olaraq qəzetimizdə yazılar vermişik. Bu dəfə isə yalnız iki sahənin – təhsil və səhiyyənin işindən söhbət açacağıq. Çünki bu iki vacib sahənin fəaliyyətində olan canlanma, yenilik və inkişaf daha qabarıq hiss olunur.

 

“Təhsildə səviyyə varsa, qalan işlər düzələcək”

 

Rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski ilə nə vaxt bu mövzuda danışırıqsa belə deyir. Söhbət dərs deyən müəllimlərin səviyyəsindən, sinif otaqlarında və laboratoriyalarda yaradılan şəraitdən, müasir elmi-texniki tərəqqinin tətbiqindən gedir. Bu bir faktdır ki, M.Şıxlinskinin şöbəyə rəhbərlik etdiyi vaxtdan məktəblərdə nizam-intizam xeyli dərəcədə yüksəlib, müəllimlərə tələbkarlıq artırılıb, onların özlərinin bilik səviyyəsi daim nəzarətdə saxlanılıb və s.

Rayonun təhsil sistemi şəbəkəsi 81 ümumtəhsil məktəbindən, o cümlədən 2 ibtidai, 7 əsas, 72 orta məktəbdən, 53 məktəbəqədər və 6 məktəbdənkənar müəssisədən ibarətdir. Ümumtəhsil məktəblərində 34 min 43, məktəbdənkənar müəssisələrdə 6265 şagird təhsil alır. Məktəbəqədər müəssisələrə isə 1812 uşaq cəlb olunmuşdur.

Hazırda Şəmkirin ümumtəhsil məktəblərində 4300 nəfərdən çox müəllim və pedaqoji işçi çalışır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, onların heç də hamısının səviyyəsi rayon təhsil şöbəsinin rəhbərliyini qane etmir. Doğrudur, ötən tədris ilində 137 nəfər işdən azad olunmuş, 62 nəfər isə yeni kadr kimi işə qəbul edilmişdir. Təbii ki, bu prosesin qısa müddətdə başa çatdırılması, məktəblərə daha savadlı, hərtərəfli dünyagörüşünə malik müəllimlərin cəlb olunması işi bir o qədər də asan məsələ deyildir.

Təhsil şöbəsinin bu istiqamətdə apardığı işi təqdirəlayiq hesab etmək olar. Şöbənin rəhbərliyi ən müxtəlif tədbirlərdən və üsullardan istifadə edir ki, istənilən nəticəni az-çox əldə etmək mümkün olsun. Çünki bu problem yaxın vaxtların deyil, uzun illərin problemidir.

Məlum olduğu kimi, 2004-cü ildən başlayaraq ölkəmizdə təhsil islahatının mühüm bir istiqaməti kimi kurrikulum islahatları aparılır. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (milli kurrikulum)” əsasında ibtidai siniflər üzrə fənn kurrikulumları hazırlanmış, 2008-2009-cu tədris ilindən etibarən birinci siniflərdə yeni fənn kurrikulumları üzrə tədrisə başlanılmışdır.

Bu məqsədlə müxtəlif kateqoriyalı təhsil işçiləri seminar və treninqlərə cəlb olunmuş, “Dəyirmi masa”lar keçirilmişdir. Metodkabinetin ana dili və riyaziyyat fənni üzrə metodistləri, həmçinin 10 nəfər ibtidai sinif müəllimi Bakı şəhərində xüsusi təlim kursu keçmişlər. Birinci siniflərdə dərs deyən 159 nəfər müəllim treninqlərə cəlb olunaraq sertifikat almışdır. Bu siniflərdə dərs deyən ibtidai sinif müəllimlərilə rayon təhsil şöbəsində görüş keçirilmiş, onlara tövsiyə və göstərişlər verilmişdir.

İl ərzində 592 nəfər təhsil müəssisələri rəhbərləri, müəllim və tərbiyəçi ixtisasartırma, 19 nəfər xüsusi qabiliyyətli və istedadlı şagirdlərlə iş aparmaq üçün 5 günlük seminardan, 20 nəfər mülki müdafiə, 5 nəfər isə UBT rəhbərlərinin yenidən hazırlanma kurslarından keçmişdir.

Cari ilin noyabr-yanvar aylarında 240 nəfər müəllim Təhsil Nazirliyinin xətti ilə Ə.Cavad adına şəhər orta məktəbində təşkil edilmiş bir həftəlik informasiya və kommunikasiya texnologiyaları treninqlərinə cəlb edilmişdir.

Respublikanın təhsil sistemində aparılan islahatların məqsədi təhsilin keyfiyyətinin yüksəlməsinə yönəldiyi üçün bu istiqamətdə rayonda ilboyu müxtəlif tədbirlər həyata keçirilmişdir. Ötən ilin yanvar və may aylarında təhsil şöbəsinin hazırladığı test sual kitabçaları əsasında sınaq imtahanlarında 2900 nəfər XI sinif şagirdi iştirak etmişdir. Bu məqsədlə VI-X siniflərdə oxuyan 21 min nəfərdən artıq şagird sınaq imtahanlarına cəlb olunmuş, 2000 ixtisas müəllimini əhatə edən yoxlamalar onların məsuliyyətinə ciddi təsir göstərmiş, işə münasibətdə əsaslı dönüş yaratmışdır. Dekabr ayının 25-də 2800 nəfər XI sinif şagirdinin iştirakı ilə mərkəzləşmiş qaydada test-sınaq imtahanları keçirilmişdir. Bundan əlavə, rayonun bütün orta ümumtəhsil məktələrində oxuyan XI sinif şagirdləri və onların valideynləri ilə qrafik əsasında görüş keçirilmiş, buraxılış imtahanları ilə əlaqədar təlimat və göstərişlər onların diqqətinə çatdırılmışdır.

Bundan başqa, Regionların İnkişafı İctimai Birliyinin köməyi ilə XI sinif şagirdləri üçün 4 dəfə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən sınaq imtahanları keçirilmişdir.

Şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişafında özünəməxsus yeri olan fənn olimpiadalarına hazırlıq mərkəzinə intellekt sahəsində qabiliyyəti olan 262 məktəbli cəlb edilmiş, noyabr ayından mart tətili ərəfəsinə qədər ayda 2 dəfə olmaqla onlarla səmərəli iş aparılmışdır. Fənn olimpiadaları rayon turunun 19 nəfər qalibi respublika turunda iştirak etmiş, onlardan 10 nəfəri mükafata layiq yer tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa müsabiqəsində 1 nömrəli Düyərli orta məktəbinin səkkizinci sinif şagirdi Şahnaz Həsənova respublika turunda 126 iştirakçı arasında üçüncü yeri tutmuşdur.

“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” hər yerdə olduğu kimi Şəmkirdə də başa çatdırılmışdır. Proqramın həyata keçirildiyi müddətdə 71 orta, 7 əsas məktəbə 751 kompyuter, 15 noutbuk və proyektor, 6 çap qurğusu və digər İKT avadanlığı verilmiş, 61 kompyuter sinfi yaradılmışdır.

Ən mühüm tədbirlərdən biri buraxılış imtahanlarına hazırlıq və onun keçirilməsi olmuşdur. Builki məzunlardan 1037 nəfəri ali məktəblərə qəbul imtahanları üçün sənəd qəbulu komissiyasına iş vermiş və onlardan 301 nəfər məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. 28 nəfər məzunun 500-dən, 11 nəfər məzunun 600-dən çox bal toplaması bu sahədə son illərdə əldə edilmiş ən böyük uğurlardan biridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2008-ci il üçün yekun nəticələrinə əsasən 1 və 2 nömrəli Düyərli, 2 nömrəli Çaparlı və Bayramlı kənd orta məktəbləri respublikanın ən yaxşı məktəbləri sırasında yer almışlar. Lakin hələ də rayonda, necə deyərlər, yerində sayan məktəblər var. Tatar, 2 nömrəli Zəyəm-Cırdaxan, 1 nömrəli İrmaşlı, 2 nömrəli Plankənd, 1 nömrəli Abbaslı, Mehrili, Dağ-Cəyir, Çaykənd, Seyidlər və Füzuli kənd orta məktəblərindən bir nəfər də olsun ali məktəblərə qəbul olunmamışdır.

Rayonda təmir-tikinti, avadanlıq, tədris vasitələri ilə təminat sahəsində də xeyli iş görülmüşdür. C.Rüstəmov adına şəhər orta məktəbin idman zalı və Dəllər qəsəbə orta və əsas, Əliyaqublu orta məktəbi əsaslı, 2 nömrəli Düyərli, Q.İsmayılov orta məktəblərinin binaları təmir edilmişdir. Füzuli şəhər, Ə.Cavad, N.Nərimanov, Füzuli kənd, 2 nömrəli Çənlibel, Koltəhnəli orta məktəblərinin istilik sistemi əsaslı təmir edilmişdir.

S.Vurğun adına Təzəkənd orta məktəbi üçün 960 yerlik yeni binanın tikintisinə başlanmış, xeyriyyəçi Samir Rzayev tərəfindən Aşağı Seyfəli orta məktəbi üçün keçən il başlanmış 420 yerlik məktəb binası tamamlanmaq üzrədir. Heydər Əliyev Fondu hesabına Dəllər qəsəbə orta məktəbində 880, 2 nömrəli Çinarlı orta məktəbində Təhsil Nazirliyi tərəfindən 1 nömrəli İrmaşlı orta məktəbi üçün 360, Xanallar orta məktəbi üçün 480 yerlik məktəb binalarının tikintisi davam edir.

Dərs ili boyu məktəblərə 780 şagird partası, 144 yazı lövhəsi, 240 müəllim stolu, 320 stul, 114 kitab rəfi verilmişdir. 3 məktəbin inventarları tam təzələnmişdir.

Azərbaycan tarixi, fizika, kimya, biologiya fənləri üzrə əyani vəsait, 19 adda 8246 xəritə, 99 adda 24219 ədəd bədii ədəbiyyat, 232 ədəd Azərbaycan Milli Ensiklopediyası alınıb məktəblərə paylanmışdır. Birinci siniflər üçün 16700, digər siniflər üçün 80328 ədəd yeni dərslik, 140 adda 27715 ədəd plakat məktəblərə çatdırılmışdır. İlk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə Heydər Əliyev Fondu hesabına içərisində tədrisə aid 16 növ ləvazimat olan 3000 ədəd şagird çantası verilmişdir.

“Məktəbli formasının tətbiqi haqqında” təhsil nazirinin 7 avqust 2007-ci il tarixli, 953 nömrəli əmri icra olunmuşdur.

Bu il icbari təhsil fondu hesabına 32500 manat dəyərində məktəbli geyim forması alınmış və maddi yardıma ehtiyacı olan 567 şagirdə verilmişdir.

Hiss olunur ki, Şəmkirdə təhsil sahəsində tezliklə daha böyük uğurlar əldə olunacaq. İstər təhsil şöbəsinin, istərsə də rayon icra hakimiyyəti rəhbərliyinin səyləri nəticə verməyə başlayıb.

 

Səhiyyədəki uğurlar birgə zəhmətin nəticəsidir

 

Şəmkirdə son illər o qədər bir-birindən gözəl tibb müssisəsi tikilib və ya təmir olunub istifadəyə verilib ki, onları bir-iki gün ərzində gəzib görmək mümkün deyil. Rayon mərkəzi xəstəxanasının baş həkimi Nurəddin Əhmədov söhbət zamanı dedi ki, icra hakimiyyətinin başçısı Nazim Veysov, səhiyyə nazirimiz Oqtay Şirəliyev, digər xeyirxah insanlar olmasaydı biz bu gün rayon səhiyyəsinin işindən iftixarla söhbət aça bilməzdik.

Hazırda rayon əhalisinə 21 xəstəxana, 24 həkim məntəqəsi, 24 feldşer-mama məntəqəsi, təcili yardım stansiyası, stomatoloji poliklinika, gigiyena və epidemiologiya mərkəzi, rayonlararası taun əleyhinə şöbə, bir neçə digər tibb müəssisəsi xidmət göstərir. Rayonda 340 nəfərdən çox həkim, 1130 nəfərə yaxın orta tibb işçisi, 600 nəfər kiçik tibb işçisi fəaliyyət göstərir.

Keçən il də rayonda tibb müəssisələrinin təmiri, tikintisi, yenidən qurulması və müasir avadanlıqla təchizi sahəsində iş səngiməmişdir. Mərkəzi xəstəxananın aparat və bir neçə şöbəsi təmir olunmuş, ləğv olunmuş təsərrüfat hesablı cərrahiyyə şöbəsinin bazasında yeni, müasir tələblərə cavab verən reanimasiya şöbəsi yaradılmış, burun-boğaz-qulaq xəstəlikləri şöbəsi yüksək səviyyədə təmir olunmuşdur. Həmçinin vərəm əleyhinə və dəri-zöhrəvi dispanserləri, bir neçə sahə xəstəxanası və həkim ambulatoriyaları da təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Hazırda Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində, doğum evində, uşaq xəstəxanasında təmir işləri aparılır.

Ümumiyyətlə, 2008-ci ildə Şəmkirin bütün sahələri kimi, səhiyyə üçün də uğurlu il olmuşdur. Tibbi xidmətin bütün sahələrində irəliləyişlər var. Aparılan geniş sanitar əks-epidemik tədbirlər nəticəsində infeksion xəstəliklər kəskin surətdə azalmış, bir neçəsi isə qeydə alınmamışdır. 2008-ci ildə rayonda 2886 nəfər uşaq doğulmuşdur. Həmin uşaqların əksəriyyəti vərəm əleyhinə, polimielitə və hepatit peyvəndlərinə cəlb olunmuşdur. Bir yaşa qədər uşaqlar arasında cəmi 9 ölüm hadisəsi qeydə alınmışdır ki, bu da respublika göstəricisindən xeyli aşağıdır.

Vərəmin erkən aşkarı məqsədilə 25270 nəfər 14 yaşadək uşaqlar arasında mantu sınağı aparılmışdır. Ana ölümü hadisəsi olmamış, 26 min nəfərə yaxın fertil qadın tibbi nəzarətə götürülmüşdür. 2008-ci ildə 11566 nəfər xəstə stasionara qəbul olunmuş, onların əksəriyyəti yaxşılaşma və ya sağalma ilə evə yazılmışlar. 2008-ci ildə tibb müəssisələrində 2213 nəfər üzərində cərrahi əməliyyat aparılmış, əməliyyatdan sonrakı ölüm faizi cəmi 0,1 faiz olmuşdur ki, bu da əksər rayonların göstəricilərindən xeyli aşağıdır.

Son vaxtlar səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə respublika səhiyyəsində geniş islahat işlərinə başlanılmışdır. Belə ki, nazirliyin qanunvericilik bazası möhkəmləndirilmiş, bir neçə yeni əmr və sərəncamlar imzalanmışdır. Səhiyyə nazirinin əhaliyə göstərilən pullu tibbi xidmətin dövlət müəssisələrində ləğv olunması haqqında olan 5 saylı əmri əhali tərəfindən yüksək qiymətləndirilmişdir. Respublikanın bütün rayonları kimi, Şəmkir rayonuna da verilmiş 115 adda dərman maddələri və tibbi ləvazimatlar tibb idarələrinə paylanılmış, bu isə əhaliyə göstərilən təcili-təxirəsalınmaz tibbi xidmətdə öz müsbət təsirini göstərmişdir.

Mərkəzi xəstəxanada qaçqın və məcburi köçkünlər, eləcə də bütün növ əlillər, şəhid ailələri və digər imtiyazlı qruplar daimi diqqət mərkəzində saxlanılır. Onların mərkəzi xəstəxanada növbədənkənar qəbulu təşkil olunmuş, xəstəxanalarda xüsusi palatalar ayrılmış, palatalar lazım olan avadanlıqla tam təmin edilmişdir.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə xəstəxanada yaradılmış xüsusi həkim briqadaları vaxtaşırı periferik tibb idarələrinə gedir, əhalini yerində tibbi müayinədən keçirirlər. Aşkar olunmuş xəstələr dərhal nəzarətə götürülür, onlar üzərində sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.

2008-ci ildə rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə mərkəzi xəstəxanada “Donor günü” keçirilmiş, yüzlərlə insan xəstəxananın qanköçürmə şöbəsində təmənnasız olaraq qan vermişdir. Məhz qanköçürmə şöbəsində yaradılmış təmənnasız qan ehtiyatı neçə-neçə ağır xəstəni ölümün pəncəsindən xilas etmiş, onlarla xəstənin yenidən həyata qayıtmasına kömək etmişdir. Hazırda xəstəxananın tibb işçilərindən 92 nəfəri fəal donor kimi nəzarətdə saxlanılır. Onlar vaxtaşırı hərtərəfli tibbi müayinədən keçirilirlər.

Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin geniş kollegiya iclasında əhaliyə göstərilən mama-ginekoloji və cərrahiyyə xidməti üzrə Şəmkir Mərkəzi Rayon Xəstəxanası Qərb bölgəsi üzrə Zona Metodik Mərkəzi kimi təsdiq olunmuşdur.

Artıq mərkəzi xəstəxananın bazasında yaradılmış regional təcili-təxirəsalınmaz tibbi xidmət məntəqəsi fəaliyyətə başlamışdır. Bu şöbə yol-qəza hadisələri zamanı xəstələrə təcili-təxirəsalınmaz tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmışdır. Məntəqəyə əlavə olaraq 2 ədəd sanitar avtomaşını verilmiş, bura yüksək standartlara uyğun təmir olunmuş, ən müasir avadanlıqlarla təmin edilmişdir.

Şəmkirdə iki sahənin işini daha qabarıq göstərdik. Çünki hər iki sahənin bu gün hansı vəziyyətdə olması olduqca vacibdir. Yaxşı ki, rayonda bunun məsuliyyətini dərindən dərk edirlər.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 5.