Dövlət proqramları İsmayıllı fermerlərinin fəaliyyətinə yaşıl işıq yandırır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqlərindən birində demişdir ki, biz ölkə həyatının bütün sahələri üzrə fəaliyyətimizi xüsusi proqramlar əsasında həyata keçiririk. Dövlət başçımız əlavə etmişdir ki, bizim tərtib etdiyimiz proqramlar elmi şəkildə əsaslandırıldığına, reallaşdırılması tamamilə mümkün olan məsələləri özündə əks etdirdiyinə görə hansı proqramın hansı nəticəni verəcəyini əvvəlcədən bilirik. Yəni bu gün Azərbaycan mükəmməl bir dövlətçilik təcrübəsi əsasında idarə edilir.

Prezidentin haqqında söz açdığı dövlət proqramlarından biri də 2004-cü ilin fevral ayında təsdiqlənmiş və icrası dörd ay əvvəl böyük uğurla başa çatdırılmış “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” idi. Bu yazıda həmin proqramın İsmayıllı rayonu üzrə qarşıya qoyduğu vəzifələrin hansı səviyyədə həyata keçirilməsi barədə söz açacağıq. Ancaq ən əvvəl onu qeyd edək ki, cənab Prezidentin bu günlərdə imzaladığı fərmanla təsdiqlənmiş yeni proqram məhz bizim uğurla icra etdiyimiz Dövlət Proqramının daha mükəmməl şəkildə tərtib edilmiş ikinci mərhələsidir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin hər yerində olduğu kimi, İsmayıllıda da böyük məmnunluqla qarşılanmışdır. Proqramın Tədbirlər Planında bizim rayona aid olan bəndlərin icrası İsmayıllının daha genişmiqyaslı inkişafını təmin edəcəkdir.

2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində əldə edilmiş nəticələrə gəlincə isə qeyd etməliyəm ki, dövlətin və dövlət başçısının bizim qarşımıza qoyduğu vəzifələr yüksək səviyyədə, layiqincə yerinə yetirilmişdir. Təbii ki, mən aqrar sektor təmsilçisi olduğuma görə bilavasitə bu sahədə əldə edilmiş uğurlardan danışacağam. Dövlət Proqramının 3.2.8.6-cı bəndində rayon üzrə Aqrotexservis xidmətinin təşkili nəzərdə tutulurdu. Bu vəzifənin həyata keçirilməsi üçün rayonun 4 zonasında aqroservis xidmətinin yaradılması planlaşdırılmış, Kəlbənd, Mican və Hacıhətəmli kəndlərində aqroservislər, Qubaxəlilli kəndində isə aqrokolon yaradılmışdır. Yeni yaradılmış aqroservislər hər növ kənd təsərrüfatı texnikası ilə təmin olunmuşdur. Bu isə İsmayıllıda kənd təsərrüfatı məhsulları istehsalının ildən-ilə artmasına zəmin yaratmışdır. Fermerlərimiz bu qurumların xidmətindən yüksək səviyyədə bəhrələnirlər. Ötən ilin payızında isə İsmayıllı şəhərində müasir tipli texniki-təmir emalatxanası və gübrə anbarı tikilməsi üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Buradakı tikinti işləri ilə “Aqrolizinq” Açıq Tipli Səhmdar Cəmiyyəti məşğul olur.

Dövlət Proqramının 3.2.8.12-ci bəndində üzümçülük və şərabçılığın inkişafının dəstəklənməsi nəzərdə tutulurdu. Proqramın qəbulundan icrasının başa çatmasınadək olan dövrdə rayon yzrə 170 hektara yaxın sahədə yeni üzüm bağı salınmışdır ki, bunun da 75 hektarı məhz 2008-ci ilin payına düşür. Hazırda rayon üzrə 801 hektar üzüm bağı vardır. Bu qədər bağın 346 hektarı köhnə illərdən qalma, 455 hektarı isə yeni üzümlüklərdir. Yuxarıda qeyd etdiyim kimi, yeni üzümlüklərin salınması ildən-ilə artır. Təkcə ötən il 75 hektar yeni üzümlüklərin yaradılması, bütün bağlarda aqrotexniki əməliyyatların aparılması, cərgələrarası şumlamanın, quru budamanın, quru bağlamanın, üzümlüklərin bərpasının, qış müalicəsi və belləmənin vaxtında yerinə yetirilməsi bir daha onu göstərir ki, ismayıllılar rayonun məşhur üzümçülük rayonu adının qaytarılması üçün əllərindən gələni edirlər.

Üzümçülüyün bərpası və genişləndirilməsi ilə paralel olaraq rayonda şərabçılıq sahəsi də inkişaf etdirilir.Belə ki, Kürdmaşı kəndindəki “İsmayıllı-Şərab-1” ASC-də yeni texnoloji avadanlıqlar quraşdırılmış, şərab və konyak məhsullarının istehsalına başlanılmışdır. Öz fəaliyyətini üzümün emalı istiqamətində quran ASPİ-LAND MMC rayonun Kürdmaşı və Aşıqbayram kəndləri ərazisində 50 hektar sahədə üzüm bağları salmış, 2009-cu ildə də bu qədər sahədə yeni üzümlüklər salınması üçün bütün lazımi hazırlıq işlərini görmüş, ilin əvvəlində ting əkinini davam etdirmişdir. Hacıhətəmli kəndindəki ”Monolit” şirkəti də üzümçülük və şərabçılıqla məşğul olur. Bu şirkət də özünə məxsus üzüm bağlarının sahəsini 276 hektara çatdırmış, şərab istehsalı ilə əlaqədar xaricdə istehsal olunmuş avadanlıq gətirərək quraşdırmışdır. Şirkət eyni zamanda nar xammalını süzən avadanlıq da almış və quraşdıraraq hazır vəziyyətə gətirmişdir. Bundan başqa, Hacıhətəmli kəndindəki üzüm emalı zavodu əsaslı şəkildə təmir edilərək istifadəyə verilmiş, ötən il 1000 tondan çox üzüm qəbul etmişdir.

Dövlət Proqramının 3.2.8.14-cü bəndində arıçılığın inkişaf etdirilməsi nəzərdə tutulurdu. Bu məqsədlə rayonda damazlıq arıçılıq təsərrüfatının yaradılmasına xüsusi diqqət yetirilir. Ötən il Tircan kəndində fəaliyyət göstərən bir arıçılıq təsərrüfatı damazlıq təsərrüfat kimi respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Daha bir təsərrüfatın da damazlıq təsərrüfat kimi təsdiq olunması istiqamətində iş aparılır. Proqramda meyvə, tərəvəz, konserv və digər sənaye məhsullarının istehsalının dəstəklənməsi nəzərdə tutulurdu. Bu məqsədlə Qubaxəlilli kəndində 9 hektar sahədə nar bağı, Talıstan kəndində isə 3 hektar sahədə alma bağı salınmışdır. Bundan başqa rayon mərkəzində gündəlik istehsal gücü 10 ton olan pivə zavodu tikilib istifadəyə verilmişdir ki, bu zavod üçün nəzərdə tutulan xammal da bilavasitə yerli fermerlər və sahibkarlar tərəfindən istehsal ediləcəkdir.

Taxılçılıq aqrar sektorla bağlı olan bütün proqramlarda və dövlət sənədlərində daim böyük önəm verilən sahədir. Həm Dövlət Proqramının birinci mərhələsində, həm də yeni qəbul edilmiş proqramda bu sahə bütün iqtisadi rayonlar və bölgələr üçün ən əhəmiyyətli sahə kimi göstərilir.

2004-2008-ci illər üçün nəzərdə tutulan proqramın İsmayıllı rayonunun üzərinə qoyduğu vəzifələrdən biri də taxıl istehsalının daha geniş miqyasda dəstəklənməsi idi. Bu məqsədlə rayonun 2 özəl qurumu və Nikitin adına kolxoz taxıl toxumçuluğu təsərrüfatı kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatların iqtisadi vəziyyətinin yaxşılaşdırılması və bu sahəyə olan marağın gücləndirilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına toxumçuluq təsərrüfatlarından satılan hər kiloqram taxıl toxumu üçün əlavə olaraq 10 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. Ötən il rayonun toxumçuluq təsərrüfatlarından 13 min tondan çox yüksək məhsuldar buğda toxumu satılmışdır. Dövlət başçısının məlum sərəncamı və həmin sərəncamdan sonra Nazirlər Kabinetinin qəbul etdiyi qərar da bütün rayonlarda olduğu kimi, İsmayıllının aqrar sektorunda da mühüm irəliləyişlərə səbəb olmuşdur.

Ümumiyyətlə, Azərbaycan dövlətinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğı, xüsusən , aqrar bölmənin dəstəklənməsi üçün ayrılan diqqət İsmayıllı fermerlərinin fəaliyyəti üçün yaşıl işıq yandırır. Əminik ki, növbəti illərdə bu sahədə nailiyyətlərimiz daha çox olacaqdır.

 

 

Həsən HƏSƏNOV,

İsmayıllı Rayon İcra Hakimiyyəti

başçısının aqrar məsələlər üzrə müavini

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 5.