Sumqayıt: təhsildə davamlı inkişaf

 

Bu şəhərin cəmi altmış yaşı olsa da, təhsil sisteminin tarixi 1898-ci ildən hesablanır. O vaxt Corat kəndində ziyalıların yazılı müraciəti və əhalidən imza toplanmasının nəticəsi olaraq Qafqaz canişinliyi yeni tipli, dünyəvi məktəbin açılmasına icazə verib. Bu tarixi hadisə həmin il aprelin 23-də baş verib və kəndxuda Hacı Abdulxalıqın rəhbərliyi ilə Coratda 4-5 sinifdən ibarət ibtidai məktəb təşkil olunub. Məktəbin binası əhalinin köməkliyi ilə tez bir zamanda inşa edilib (Həmin binada indi Corat qəsəbə icra nümayəndəliyi yerləşir).

Yerli əhalinin xatırladıqlarına görə, 1910-1918-ci illərdə Alı müəllim adlı şəxs, 1918-1920-ci illərdə “müdir əfəndi”, deyə çağrılan Məhəmməd bəy, sonralar isə digər ziyalılar Corat məktəbinə rəhbərlik ediblər. Professor Hüseyn Əhmədovun “XIX əsrdə Azərbaycan məktəbi” adlı monoqrafiyasında bu kimi məlumatlar çoxdur.

Zaman irəlilədikcə inkişaf da gedir, təhsil sistemi də təkmilləşirdi. Ötən əsrin rəsmi sənədlərinə görə, 1938-ci il fevralın 10-da Coratda kənd məktəbinin təməli qoyulub. Mirzəbala Ağayev həmin məktəbə direktor təyin edilib.

Sumqayıtın şəhər statusu aldığı 1949-cu ilə qədər burada baş verən yenilikləri arxiv sənədlərindən öyrənib üzə çıxarmaq çətin olsa da, buna cəhd edən müəlliflər tapılmışdır. Onların araşdırmalarına görə, Sumqayıt 1938-ci ilə qədər Bakı neft sənayesini elektrik enerjisi ilə təmin edəcək bir məntəqə olub. Keçmiş SSRİ-nin bir çox guşələrindən gənclər yeni şəhər salmaq üçün buraya axışırdı. Məhz 1938-1949-cu illər dövrü Sumqayıt təhsilinin pərvəriş mərhələsi sayılır.

1938-ci ildə Sumqayıt rayonu üzrə yaşlılar üçün ilk gecə məktəbi təşkil edilib. Bundan az sonra savadsızlığın ləğvi qrupları, “Qadın klubu” və “Uşaq bağçası” yaradılıb. Sonralar adlı-sanlı metallurq qadın kimi tanınmış Sosialist Əməyi Qəhrəmanı Zəminə Həsənova “Qadın klubu”nun direktoru olub. Coratda ilk təhsil alan gənclərdən Səttar, Əkbər, Qasım, Ənisə və başqaları savadsızlığın ləğvi uğrunda fəal mübarizə aparıblar. “Qadın klubu”nda Kübra Dadaşova, Mələk Həşimova, Xədicə Məmmədova, Zinyət Mirzəyeva, Nəzirə Mürsəlova, Mənsumə Qurbanqızı uşaqların, qadınların təlim-tərbiyəyə cəlb olunmasına çalışıblar.

Ötən əsrin 40-cı illərində Sumqayıtda barak tipli binalarda, uyğunlaşdırılan yerlərdə ilk bağça və məktəblər yaranıb. Pirəküşkül, Tuqzavod, Şuraabad, Saray,Zərbəçi, Xəlilli, Nağdalı yeddiillik fəhlə-gənclər məktəbləri də Sumqayıtın təşəkkül tapan təhsil sisteminin “qaranquş”ları idi. 1945-ci ildə burada 25 saylı uşaq evi yaradılıb. Növbəti ildə ilk pioner düşərgələri və idman məktəbləri təşkil edilib. Həmin illərdə Mirzəbala Ağayev, Elxan Ağayev, Əsgər Quluzadə, Xaspulat Hacıyev, Abbaszadə İbrahimov rayon xalq təhsili şöbəsinə rəhbərlik ediblər. Şəhər quruculuğunda çalışan fəhlələrin təhsilə cəlb olunması və savadlanması məqsədilə ardıcıl tədbirlər görülürdü. Yaşlılar üçün açılmış gecə məktəbləri müharibədən sonra fəhlə-gənclər axşam məktəblərinə çevrilib. Həmin illərdə azsavadlı müəllimlər vəzifələrindən azad edilib, bəzi məktəblərdə repetitor qrupları yaradılıb. 1949-cu ildə yaşlılar üçün 17 saylı ibtidai məktəb açılıb. Məktəbin Coratda, “Aliminiuminşaat” Trestində, Zərbəçi kəndində və Pirəküşküldə sinifləri təşkil olunub.

Rəhilə Əsgərova 1947-ci ildə Sumqayıtdakı 200 saylı məktəbdə ibtidai sinif müəllimi kimi işə başlayıb, düz 57 il bu sahədə çalışıb. Böyükxanım Babayeva 1950-ci ildən 108 saylı Corat məktəbində işləyib, sonra 15 saylı şəhər məktəbində pedaqoji fəaliyyətini davam etdirib, Ali Sovetin deputatı olub. Xanım Əliyeva bir neçə məktəbin ilk direktoru olub, əməkdar müəllim fəxri adını alıb. Əzizə Əliyeva ilk sumqayıtlı məzun-müəllimlərdən biridir, fərdi təqaüdçü olub. Kamilə Ağdamskaya, Baxşəli Hüseynov, Solmaz İbrahimova, Qulam Feyzullayev, Kamil Zöhrabov, Səməd Şəfiyev, Xeyransa Verdiyeva, Məlik Qasımov, Sabir Hüseynov, Baxşəli Yeqanov, Mehdi Əliyev... Sumqayıt təhsilinin inkişafında fədakarlıqla çalışan pedaqoq və rəhbər işçilər olublar. 1949-52-ci illərdə Sumqayıt Xalq Maarif Şöbəsi Bakı Şəhər Xalq Maarif Şöbəsinin tabeliyində fəaliyyət göstərib. Sonrakı on il müstəqil şöbənin əsl inkişaf dövrü sayılıb. Həmin dövrdə 10-dək yeni məktəb tikilib.

...İnşaatçılar qəsəbəsində 1957-ci ildə istifadəyə verilən 9 saylı məktəb mənim yaşıdımdır. Orada 1-ci sinfə getməyimi, Zəkiyyə müəllimin əlaçı şagirdlərindən olduğumu yaxşı xatırlayıram. Bir əlimizdə çanta, birində kiçik torbaya qoyulan mürəkkəbqabı və qələm, belimizdə şagird toqqası dərsə gedər, böyük həvəslə “Əlifba”nı, hesabı öyrənərdik. Zəkiyyə müəllimin nurlu siması 45 ildir ki, gözlərim önündədir. Məzarı nurla dolsun! Sonra 14 saylı səkkizillik məktəbdə Lena, Tinatin, Adilə, Ruqiyyə, Bağban, Tahir, Məmmədəli, Məfkurə müəllimlər, 17 saylı orta məktəbdə isə Seyfəddin İlyasov, Həmzə Səfərov, Qiyasəddin Qeybullayev, Nadir Cabbarov, Arif Abdullayev, Yaqub Abbasov və başqaları başımız üstündə yarpaq kimi əsir, zehnimizi işıqlandırırdılar.

Sumqayıtın məktəbəqədər tərbiyə müəssisələrinin də zəngin tarixi var. 1965-ci ilə qədər şəhərdə 20 uşaq bağçası fəaliyyət göstərib. 1957-ci ildə gənc texniklər stansiyası yaradılıb, 1991-ci ildən Texniki Yaradıcılıq Mərkəzidir. “Pioner və məktəblilər evi”nin 52 yaşı var. Hazırda Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi adlanır.

Maraqlı bir fakt: 1956-cı ildən Sumqayıt şəhər təhsil şöbəsində bütün sənədləşdirmələr Azərbaycan dilində aparılır. Ana dilinə doğma münasibətin təməli elə o vaxtdan qoyulub. Sumqayıtda hər il 1-2 məktəb tikilib istifadəyə verilirdi. İndi də ənənə davam etdirilir. Təhsil şöbəsinə Ofelya Babayeva, Vaqif Ələkbərov rəhbərlik ediblər. 1997-ci ildən Vidadi Bağırov bu vəzifənin öhdəsindən bacarıqla gəlməkdədir:

— Ulu öndərimiz Heydər Əliyev həmişə milli təhsilimizin inkişafına çalışıb. “Gənc nəslin daim yüksək təhsil alması bizim qarşımızda duran əsas vəzifələrdən biridir”. — Ümummilli liderin bu sözləri yazılmış lövhə illərdir ki, şöbəmizin foyesini bəzəyir. Prezident İlham Əliyev təhsil sahəsində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bu, məktəb tikintiləri ilə, dərslik siyasəti ilə, istedadlı gənclərlə və s. ilə bağlıdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da təhsilin inkişafına qayğısı qədərsizdir. Həcminə və əhatəliliyinə görə müqayisəyə gəlməyən çoxsaylı layihələrin uğurlu tətbiqi nəticəsində Azərbaycan təhsili günbəgün inkişaf edir.

Sonra Vidadi müəllim Sumqayıtda təhsilin inkişafından konkret faktlarla söhbət açdı.
— Altmış yaşını qeyd etməyə hazırlaşdığımız şəhərimizin rəhbərliyi bu sahəyə gündəlik diqqət göstərir. Vaqif Əliyev şəhər icra hakimiyyətinə başçı təyin ediləndən sonrakı illər ərzində “Tuqzavod” ərazisində yerləşən, qəza vəziyyətində olan 42 nömrəli məktəb üçün müasir tipli 220 yerlik, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 260 yerlik müasir internat kompleksi tikilmiş, 5 nömrəli məktəb üçün 400 yerlik, 9 nömrəli məktəb və “İstedad” liseyinin hər biri üçün 300 yerlik, 19 nömrəli məktəb üçün 600 yerlik əlavə korpuslar inşa edilmişdir. Ötən ildən şəhərin 17 məktəbində istilik sistemi yenidən qurulub. Beləliklə, məktəblərimizdə dam örtüklərinin quraşdırılması kimi böyük həcmli işdən sonra tezliklə istilik sistemlərinin tam bərpası da həllini tapmış olacaq. Hazırda 1 saylı İGİM yenidən qurulur. Bu, respublikada analoqu olmayan müasir bir müəssisə olacaq. UYYM də tezliklə yeni görkəmdə uşaqların ixtiyarına veriləcək. Sumqayıtda 50 məktəb, 56 məktəbəqədər, 8 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir, 44831 şagird təhsil alır, 8191 uşaq tərbiyə olunur. Onların təhsil və tərbiyəsi ilə 6676 nəfər məşğuldur. Pedaqoji işçilər 5308 nəfərdir. Bir müəllim Prezident təqaüdünə, bir müəllim “Şöhrət” ordeninə, 11 nəfər “Tərəqqi” medalına, 12 nəfər əməkdar müəllim adına layiq görülüb.

Sumqayıt təhsilində fərqli cəhətlər çoxdur. Başlıcası, idarəetmədə inzibati amirlikdən daha çox əməkdaşlığa üstünlük verilməsi, daha çox köməklik göstərilməsi məqsədilə mexanizmlərin hazırlanması, nəzarətdə subyektivliyin maksimum aradan qaldırılaraq obyektiv təhlillərə əsaslanmaqdır. Bu məqsədlə təhsil şöbəsində 16 adda metodik vəsaitlər hazırlanıb.

Artıq 10 ildir ki, bədii yaradıcılıqla və rəssamlıqla məşğul olan şagirdlərin “Qanadlandıq üçmağa” adlı almanaxı (AYB-nin Sumqayıt şöbəsi, Gənclər və İdman Baş İdarəsi ilə birgə) dərc olunur. Bu günlərdə yubiley nəşri AYB-də təqdim edilib.

Ayda iki dəfə “Sumqayıt təhsili — sabah” qəzeti buraxılır. Şagirdlərin asudə vaxtının təşkili, istedadların üzə çıxarılması, olimpiadalar, bilik yarışları və monitorinq — qiymətləndirmələr, ali məktəblərə qəbulun nəticələrinin təhlili ardıcıl şəkildə aparılır.

Təhsil müəssisələrinin fəaliyyətinin idarə olunmasında davamlı inkişafın təmin edilməsi xüsusilə müsbət nəticələr verir, göstəricilərin ilbəil yaxşılaşmasına səbəb olur. Məsələn, əvvəlki dərs ilində 105 məzun, ötən il isə 142 məzun 600-dən yuxarı balla tələbə adını qazanıb. Ötən il ilk dəfə olaraq Sumqayıt məktəblisi də 700 balla maksimum nəticə göstərib. Ali məktəblərə qəbulun keyfiyyət göstəricilərinin TQDK tərəfindən müəyyənləşdirilmiş siyahısında ilk 4 yerdən 3-nü məhz Sumqayıt məktəbləri tutub. Ədəbiyyat, riyaziyyat, biologiya və coğrafiya fənləri üzrə Sumqayıtın nəticələri ilk onluğa düşüb, ana dili və ingilis dili üzrə isə Sumqayıt respublikada ən qabaqcıl yerlərdə olub.

Mətbuatda xəbər verildiyi kimi, bu il martın 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya iclası Sumqayıtda keçirilib. Martın 29-da nazir Misir Mərdanovun əmri ilə “Təhsil müəssisələri fəaliyyətinin idarə olunmasında davamlı inkişafın təmin edilməsi sahəsində Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş təcrübəsi” bəyənilərək yayılması qərara alınıb. Bu, aşkar uğurdur.

Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin məktəb direktorları ilə görüşü keçirilib. Şəhər məktəblərində buraxılış imtahanlarına hazırlıq məqsədilə keçirilmiş sınaq imtahanlarının nəticələri ətraflı müzakirə edilib. Vaqif Əliyev ilk təcrübənin gələcək uğurlara təminat yaradacağını vurğulayıb və müəllim-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsində məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Əminlik ifadə edilib ki, may ayında keçiriləcək növbəti sınaqda müvəffəqiyyət faizi daha da yüksələcək.

Əlbəttə, diqqət və qayğı , işgüzar elmi yanaşma olan yerdə uğurların artması təbiidir. Sumqayıtın təhsil sisteminin şəhərin 60 illiyini yeni qələbələrlə qarşılayacağı şübhə doğurmur.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 7.