Nərimanov rayonunda
2009-cu ilin ilk rübünün yekunları
müzakirə olunmuşdur
Azərbaycanın
sosial-iqtisadi inkişafı davam edir, ölkəmizin beynəlxalq
nüfuzu getdikcə artır. Sosial-iqtisadi həyatın
bütün sahələrində əldə olunmuş
yüksək nailiyyətlər əhalinin rifah halının
ilbəil yaxşılaşdırılması
üçün geniş imkanlar yaradır. 2008-ci ildə
sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş
uğurlar cari ilin birinci rübündə də davam etmiş,
ölkədə ümumi daxili məhsul istehsalı 4,1 faiz
artmış, qeyri-neft sektorunda 14 faizlik artım qeydə
alınmışdır. Bütün bunlar barədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasda ətraflı
danışılmış, qazanılmış uğurlar
yüksək qiymətləndirilməklə yanaşı,
qarşıda duran vəzifələr və onların həlli
yolları müəyyənləşdirilmişdir.
Ölkədə ilin əvvəlindən
əldə olunmuş yüksək nailiyyətlər,
böyük iqtisadi yüksəliş, nəhəng quruculuq və
abadlıq işləri, makroiqtisadi göstəricilər
dinamikasında müşahidə olunan sabit tempi, eləcə
də əhalinin həyat səviyyəsinin yüksəldilməsində
paytaxtın Nərimanov rayonunun da payı vardır. Bu barədə
dünən Nərimanov Rayon İcra Hakimiyyətində 2009-cu
ilin birinci rübünün yekunları və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasda geniş
danışıldı, əldə edilmiş uğurlar və
qarşıda duran vəzifələr ətraflı təhlil
olundu.
Hesabat
yığıncağının iştirakçıları
öncə müasir Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti
binasının foyesindəki büstü önünə
gül dəstələri qoydular. Rayonun sənaye, təhsil, səhiyyə,
mədəniyyət və digər təşkilatlarının,
hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət
nümayəndələrinin iştirak etdikləri
yığıncağı Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev açdı. Ölkənin
davamlı inkişaf prosesində paytaxtın Nərimanov
rayonunun da mühüm rol oynadığını bildirən
natiq diqqəti 2009-cu ilin birinci rübündə əldə
olunmuş uğurlara yönəltdi.
Qeyd olundu ki, 2009-cu ilin
birinci rübünün yekunlarına görə rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində
xidmətlər də daxil olmaqla 35,6 milyon manatlıq məhsul
istehsal olunmuşdur. Hesabat dövründə sənaye məhsulunun
ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi
çəkisi 81,4 faiz təşkil etmişdir. İlin əvvəlindən
sənaye müəssisələrində işləyənlərin
sayı 7118 nəfər və onların orta nominal əmək
haqları 18,2 faiz artaraq 266,1 manat təşkil etmişdir. Ötən
üç ayda yeni iş yerlərinin açılması ilə
bağlı işlər davam etdirilmiş, rüb ərzində
539 daimi iş yeri yaradılmışdır.
Rayon üzrə əsas
kapitala ümumi investisiya qoyuluşunun 5,3 milyon manat təşkil
etdiyini və bunun keçən ilin müvafiq dövrünə
nisbətən 3,1 dəfə çox olduğunu bildirən
natiq rayonun tikinti sektorunda da yüksək göstəricilər
əldə edildiyini diqqətə çatdırdı. Tikinti
təşkilatları tərəfindən öz gücləri
ilə yerinə yetirilmiş işin həcmi 49,5 milyon manat təşkil
etmişdir. Rüb ərzində tikinti təşkilatlarında
çalışan işçilərin sayı 3445 nəfər
artaraq 9545 nəfər təşkil etmiş, onların orta əmək
haqları 352,5 manat olmaqla əvvəlki dövrə nisbətən
19,4 faiz artmışdır.
İqtisadiyyatın
başqa sahələrində olduğu kimi, əhalinin həyat
səviyyəsini xarakterizə edən əsas göstəricilərdən
biri olan pullu xidmətlərin həcmi də xeyli
artmışdır. Belə ki, rüb ərzində 35,2 milyon
manatlıq pullu xidmətlər göstərilmiş və
artım sürəti 110,4 faiz təşkil etmişdir. Rayon ərazisində
fəaliyyət göstərən ticarət müəssisələri
üzrə pərakəndə əmtəə dövriyyəsinin
həcmi 134,8 milyon manat olmuş, ictimai iaşənin əmtəə
dövriyyəsinin həcmi 3,2 milyon manat və artım sürəti
170,6 faiz təşkil etmişdir.
Rayonun
abadlaşdırılması, mənzil-kommunal obyektlərinin
istismarı vəziyyətinin
yaxşılaşdırılması sahəsində 2009-cu
ilin ilk rübü ərzində müvafiq işlər
görüldüyünü bildirən natiq daha sonra dedi: —
Nazirlər Kabinetinin geniş iclasında möhtərəm
Prezidentimiz yaşıllıqların qorunmasına dair ciddi
iradlarını bildirərək yeni yaşıllıq
zolaqlarının salınması və bu məqsədlə 3
milyon ədəd ağac əkilməsi barədə ciddi
göstəriş və tapşırıqlar vermişdir. Prezidentin
çağırışına qoşularaq tərəfimizdən
“Yaşıl rayon” devizi altında xüsusi qərargah
yaradılmışdır. Bu ilin aprel–may aylarında
yaradılmış xüsusi qərargahın köməyi ilə
4-5 min ədəd yeni ağacın əkilməsi nəzərdə
tutulmuşdur. Artıq bu işlərə başlanılaraq
keçən həftənin şənbə və bazar
günləri Heydər Əliyev prospekti boyunca İtaliyadan gətirilmiş
dekorativ şam ağacları əkilmişdir. İlin
bütün fəsillərində əkilməsi mümkün
olan bu cür ağacların rayonun digər mərkəzi
küçə və prospetlərində əkilməsi həyata
keçiriləcəkdir. Bugünkü yığıncaqdan
istifadə edərək hər bir müəssisə rəhbərindən
“Yaşıl rayon” devizinə qoşularaq daxili və ətraf ərazilərdə
geniş yaşıllaşdırma işlərinin
aparılmasını və onların qorunub
saxlanılmasını xahiş edirəm.
Natiq həmçinin
cari ilin birinci rübündə rayon əhalisinin, eləcə
də idarə və müəssisələrin işıq,
qaz və içməli su ilə təminatı sahəsində
görülmüş işlərdən bəhs etdi. Qeyd
olundu ki, rayon ərazisində yerləşən
ayrı-ayrı şirkət və nazirliklərin nəzdində
fəaliyyət göstərən mənzil-kommunal istismar sahələri
tərəfindən müxtəlif ünvanlarda yerləşən
binaların dam örtükləri, daxili kommunikasiya xətləri,
yağış suları axıdan navalçalar, ümumi
girişlərdəki pəncərə və qapılar dəyişdirilmiş
və kəskin qəzalı vəziyyətdə olan evlərin
təmiri üçün zəruri tədbirlər həyata
keçirilmiş, məişət tullantılarının
vaxtında daşınması təmin edilmişdir.
Məruzəçi
rayonun təhsil, səhiyyə, mədəniyyət
ocaqlarında dövlət büdcəsi və daxili imkanlar
hesabına aparılan təmir-bərpa işlərindən də
geniş bəhs etdi. Natiq həmçinin 18 mart ümumxalq səsvermənin,
eləcə də əhalinin siyahıya alınması
kampaniyasının ölkəmizin hər yerində olduğu
kimi, Nərimanov rayonunda da uğurla, yüksək mütəşəkkilliklə
keçdiyini diqqətə çatdırdı. Bildirdi ki,
dövlət başçısının müəyyənləşdirdiyi
sosial-iqtisadi strategiyanın, qəbul olunmuş mühüm
dövlət sənədlərindən irəli gələn vəzifələrin
icrası ilə bağlı tədbirlər bundan sonra da
müvəffəqiyyətlə davam etdiriləcəkdir.
Məruzə ətrafında
çıxış edən digər natiqlər rəhbərlik
etdikləri sahələrin işi ilə bağlı hesabat
verdilər,Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi strategiyanın yerinə yetirilməsi istiqamətində
bundan sonra da səylə çalışacaqlarını
bildirdilər. Rayon icra hakimiyyətinin başçısı
Abdin Fərzəliyev yığıncağa yekun vurdu,
qarşıda duran vəzifələrin icrası ilə
bağlı aidiyyatı təşkilatların rəhbərlərinə
konkret tapşırıq və tövsiyələrini verdi. Axırda iclasın qərar layihəsi oxundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 29 aprel.- S. 4.