Quba: Abadlıq, quruculuq
və inkişafın yeni mərhələsi
2004–2008-ci illərdə
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının
icrasının uğurla başa çatdırılması nəticəsində,
ölkəmizin digər rayon və şəhərləri
kimi, Qubada da, sözün əsl mənasında, çox
böyük və yaddaqalan işlər
görülmüşdür. Beş il ərzində Quba–Qusar,
Quba–Xaçmaz, Quba–Qəçrəş, Quba–Qonaqkənd
yollarında təmir və yenidənqurma işləri
aparılmışdır. 73400 metr uzunluğunda kəndarası
yollar təmir olunmuş, 78219 kvadratmetr sahəyə asfalt
örtük çəkilmiş, çoxsaylı körpü
və su ötürücüləri tikilmişdir.
Ölkə Prezidentinin
tapşırığı əsasında 57 kilometr uzunluğu
olan Xınalıq yolunun tikilərək istifadəyə verilməsi
Qubanın iqtisadi və mədəni həyatında əlamətdar
hadisə kimi qeyd olunmuşdur. Xatırladaq ki, təkcə
Xınalıq yoluna 45 min ton asfalt döşənmiş, orada
9 körpü tikilmiş, 36 ədəd
suötürücü qurğu və 1581 ədəd işarə
dirəyi quraşdırılmışdır.
Ötən müddət
ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə
Qımıl, Davidoba, Küsnətqazma, Qımılqazma,
Üçgün, Cek, Növdün, Gültəpə, Suxtakələ,
Qalaxudat kəndlərinin hər birində 100 yerlik,
İqdır kəndində 200 yerlik, Püstəqasım, Amsar
və Qəçrəş kəndlərinin hər birində
240 yerlik yeni məktəb binaları tikilərək istifadəyə
verilmişdir. Bunlardan əlavə, dövlət vəsaiti və
digər mənbələr hesabına Mirzəməmmədkənd,
Əliməmmədoba, Tülər, Qırızdəhnə və
Əlik kəndlərində tikilmiş hər biri 100 yerlik,
Yenikənd, Xaroşa və Dağlı kəndlərində hər
biri 140 yerlik, Səbətlər kəndində 192 yerlik,
Ağbil və Xaltan kəndlərində hər biri 240 yerlik,
Xınalıqda isə 300 yerlik yeni məktəb binaları da
bütün zəruri avadanlıqlarla təchiz olunmaqla pedaqoji
kollektivlərə təhvil verilmişdir.
Qubanın zəngin
tarixi və əsrarəngiz təbiəti bölgədə
daxili və beynəlxalq turizmin inkişafını şərtləndirən
çox ciddi amillər kimi dəyərləndirilə bilər.
Başqa sözlə, Azərbaycanın şimal bölgəsinin
uzun illərdir ki, ənənəvi turizm zonası kimi məşhurlaşması
hər şeydən öncə məhz bu amillərlə izah
oluna bilər. Razılıq hissi ilə deməliyik ki, son illər
rayonda turizm infrastrukturun təşkili,
formalaşdırılması və daha da təkmilləşdirilməsi
istiqamətində də çox ciddi işlər
görülüb. Təsəvvür edin, cəmisi 3–4 il
öncə payız–qış mövsümündə Qubada
gecələmək üçün bir ədəd belə
münasib şəraiti olan otel tapmaq qeyri-mümkün idi. Bu
gün isə Quba Olimpiya Kompleksi, “Cənnət bağı”,
“Quba”, “Aynur”, “Avand”, “Səməd”, “Qudyalçay”, “Təngəaltı”,
“Qəçrəş” və digər istirahət ocaqları
turistlərə ilboyu yüksək səviyyədə xidmət
göstərməyə hazırdır.
Bir sözlə, ötən
beş il ərzində Qubada görülən abadlıq və
quruculuq işləri, reallığa çevrilmiş olan
ayrı-ayrı infrastruktur layihələri barədə
uzun-uzadı danışmaq olar. Bunlar artıq Qubanın
dünənki tarixidir. Bu gün həmin bünövrə
üzərində Qubanın parlaq sabahı naminə yeni və
daha möhtəşəm infrastruktur layihələri həyata
keçirilməkdədir.
Prezident İlham Əliyevin
14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş
“Azərbaycan Respublikası regionlarının 2009–2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda şimal bölgəsinin digər rayonları ilə
yanaşı Qubada da sənaye və kənd təsərrüfatı
məhsulları istehsalının artırılması bu məqsədlə
meliorasiya və irriqasiya xidməti şəbəkəsinin
genişləndirilməsi, təbii sərvətlərdən
istifadənin daha da yaxşılaşdırılması, yol təsərrüfatı
və nəqliyyat infrastrukturunun yeniləşdirilməsi,
enerji, qaz və su təchizatının dayanıqlı
olması, rabitə, səhiyyə, təhsil, mədəniyyət
və idman müəssisələrinin təmiri, tikintisi və
yenidən qurulması məqsədilə konkret vəzifələr
müəyyən edilib. Həmin tədbirlərin hər
birinin konkret icra müddəti və əsas
icraçısı göstərilib. Məsələn,
dövlət proqramına əsasən 2009–2011-ci illərdə
“Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən
Qubada elektrik enerjisi sisteminin əsaslı şəkildə
yaxşılaşdırılması və hava elektrik
verilişi xətlərinin yenidən qurulması nəzərdə
tutulur.
Etiraf edək ki, bu
gün Quba şəhərinin ayrı-ayrı
kvartallarının və bəzi digər yaşayış məntəqələrinin
qazla təchizatı sahəsində nöqsan və
çatışmazlıqlar hələ də qalmaqdadır. Hansı
ki, qarşıdakı beş il ərzində bu sahədə
də əsaslı tədbirlər görülməsi nəzərdə
tutulub. Belə ki, “Azəriqaz” Dövlət Proqramına
uyğun olaraq 2009–2013-cü illər ərzində Quba şəhərinin
və rayonun digər yaşayış məntəqələrinin
qaz təminatının yaxşılaşdırılması,
yeni yaşayış massivlərinin və kənd
yaşayış məntəqələrinin
qazlaşdırılması üçün bilavasitə
cavabdehlik daşıyır.
Tədarük və emal
müəssisələrinin azlığı və yaxud da
qeyri-qənaətbəxş fəaliyyəti ucbatından hər
il yetişdirilən bol meyvə və tərəvəz məhsulunun
böyük bir hissəsinin öz alıcısını
tapmadan məhv olması Quba sakinlərini narahat edən ən
ciddi problemlərdən biri olaraq qalmaqdadır. Qarşıdakı
beş il ərzində dövlət proqramına uyğun
olaraq bu problemin aradan qaldırılması ilə bağlı
nə dərəcədə effektli tədbirlər
görüləcəyi xeyli dərəcədə Kənd Təsərrüfatı
Nazirliyindən asılıdır. Başqa sözlə, rayonda
“meyvəçilik, taxılçılıq,
arıçılıq və heyvandarlıq məhsulları
istehsalının və emalının inkişafının dəstəklənməsi”
istiqamətində görüləcək işlərin əsas
icraçısı məhz Kənd Təsərrüfatı
Nazirliyidir.
Vəlvələçayda
mühafizə tədbirlərinin aparılması, şimal
çaylarında su götürmə və nəqletmə
qurğularının tikintisi, əkin sahələrinin suvarma
suyu ilə təminatının
yaxşılaşdırılması, əhalinin sel təhlükəsindən
qorunması məqsədilə çaylarda sahilbərkitmə
tədbirlərinin həyata keçirilməsi — bütün
bunlar isə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən
həyata keçiriləcəkdir. Quba şəhərinin su təchizatının
və kanalizasiya şəbəkəsinin yenidən
qurulması, digər yaşayış məntəqələrinin
su təchizatının yaxşılaşdırılması
işi isə “Azərsu” ASC-yə həvalə edilib.
Quba ərazisi tikinti
materialları ehtiyatları ilə olduqca zəngindir. Oradakı
qum və çınqıl karxanalarından hər gün təkcə
Quba və ətraf rayonlara deyil, həm də Bakı və
Sumqayıta minlərlə ton inşaat materialı
daşınır. Əfsuslar olsun ki, bu işlər çox
zaman ekoloji tarazlığı nəzərə almadan
aparılır. Ümid etmək olar ki, qarşıdakı illərdə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun
yerli strukturları dövlət proqramından irəli gələn
tələblərə uyğun olaraq ərazidəki tikinti
materialları ehtiyatlarının axtarışı və kəşfiyyat
işləri ilə yanaşı yataqlardan istifadənin tənzimlənməsi
istiqamətində də təsirli tədbirlər görəcəkdir.
Dövlət
proqramının uğurla həyata keçirilməsini təmin
etmək məqsədilə Quba Rayon İcra Hakimiyyəti
xüsusi tədbirlər planı hazırlayıb. Diqqəti
çəkən odur ki, dövlət proqramında ümumi
şəkildə ifadə olunan bütün işlər tədbirlər
planında ən xırda konkretliklərinədək öz əksini
tapıb. Yəni, konkret olaraq kimlərin nə vaxt və harada
hansı işləri görəcəyi bu planda
açıq-aydın ifadə olunub. Odur ki, aidiyyatı
respublika təşkilatları vaxt itirmədən Qubada
dövlət proqramında nəzərdə tutulmuş işlərin
icrasına başlaya bilərlər.
Bu günlər Quba
şəhəri, sözün əsl mənasında, nəhəng
tikinti meydanını xatırladır. Şəhərin elə
bir küçəsi, elə bir meydanı, elə bir məhəlləsi
yoxdur ki, orada genişmiqyaslı tikinti, abadlıq və
quruculuq işləri getməsin. Heydər Əliyev prospektinin
və Ə. Nərimanov küçəsinin yenidən
qurulması və abadlaşdırılması istiqamətində
xüsusilə böyük işlər görülməkdədir.
Ulu öndərin adını daşıyan prospekt boyunca fərdi
yaşayış evləri və kommersiya obyektlərinin fasad
və dam örtükləri dəyişdirilir. Rayon icra
hakimiyyətində bizə bildirdilər ki, yaxın günlərdə
Heydər Əliyev parkında və Nizami parkında da kompleks
abadlıq və yenidənqurma işlərinə
başlanacaqdır.
Bir sözlə,
qubadlıların dilində əzbər olan bir mahnıda
deyildiyi kimi, əzəldən gözəl olan Quba son illər
daha da gözəlləşib. Və qubalılar əmin ola
bilərlər ki, 2009–2013-cü illəri əhatə edən
dövlət proqramında nəzərdə tutulan vəzifələr
icra olunduqdan sonra Quba həqiqətən də indiyədək
olduğundan qat-qat gözəl olacaqdır.
Etiraf edək ki, Quba elə
əzəldən də abad və səliqəli şəhər
olub. Bu da ondan irəli gəlir ki, orada yerli icra strukturları
da, geniş ictimaiyyət də doğma şəhərin daim
təmiz və cazibədar olması üçün əlindən
gələni əsirgəmir. Bu, Quba və qubalılara xas olan
bir ənənədir. Özü də digər şəhər
və rayonlarımız üçün örnək ola biləcək
bir ənənədir. Amma bu gün təkcə ənənələrə
qapanıb qalmaqla kifayətlənmək olmaz. Razılaşsaq
ki, Qubanın köhnə küçə və meydanları
obrazlı şəkildə desək günü-gündən
artan, genişlənən və həyatın bütün sahələrini
əhatə edən yeniliklərə artıq darlıq edir. Odur
ki, 2009-cu ilin ilk günlərindən etibarən Qubanın
baş yolunun əsaslı surətdə yenidən tikilməsinə
başlanılıb. Bu məqsədlə hazırda Nəqliyyat
Nazirliyinin fəal dəstəyi ilə rayonun girişindən
şəhərin mərkəzi meydanınadək olan geniş
bir ərazidə iri həcmli abadlıq və quruculuq işləri
aparılmaqdadır.
Məlumat
üçün bildirək ki, cari ildə rayonda abadlıq və
quruculuq işlərinə Quba Şəhidlər
Xiyabanının yenidən qurulması ilə start verilib. Bunun
ardınca rayonun girəcəyində metal konstruksiya üzərində
qlobusla tamamlanan tağvari giriş qapısı istifadəyə
verilib. Qımıl və Qımılqazma kəndlərini birləşdirən,
uzunluğu 24, eni 4,5 metr olan körpünün də tikintisi
bu yaxınlarda başa çatdırılıb.
Bununla bir vaxtda regional
müalicə diqanostika mərkəzinin, Qarabağ əlilləri
və şəhid ailələri üçün 4 mərtəbəli
36 mənzilli yaşayış evinin, Amsar kəndində
yetkinlik yaşına çatmayanlar üçün sosial
reabilitasiya mərkəzinin, İspik, Təngəaltı və
Susay kəndlərində yeni məktəb binalarının
tikintisi, şəhər mədəniyyət evinin və mərkəzi
xəstəxananın isə əsaslı təmiri davam
etdirilir. Xucbala kəndi ərazisində tikilməkdə olan
modul tipli elektrik stansiyası və yeni asfalt-beton zavodu da
yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Azərbaycan
Respublikası regionlarının 2009–2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas
məqsədi ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha yaxşılaşmasına nail olmaqdır. Prezident
İlham Əliyevin təbirincə desək: “Bu proqram çox
ciddi sənəddir. Orada inkişafın əsas istiqamətləri
müəyyən olunub. Mən şübhə etmirəm ki,
növbəti beşillik proqramın icrası nəticəsində
Azərbaycanın qarşısında duran əsas, ciddi sosial
və iqtisadi problemlər tamamilə öz həllini
tapacaqdır”.
Q. CƏFƏROĞLU
Xalq qəzeti.- 2009.- 29 aprel.- S. 4.