Tibbin sosiologiyası müasir sosiologiyanın əsas sahələrindən biridir

 

Keçid dövrünü yaşayan müasir Azərbaycanın sosial-iqtisadi inkişafında ciddi irəliləyişlər baş verməkdədir. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar ölkənin davamlı inkişafını təmin edir, müstəqillik qazanmış ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artırır, Azərbaycanın reğionun lider ölkəsinə çevrilməsində müstəsna rol oynayır. Əldə olunan nailiyyətlərin inkişafının təmin edilməsi məqsədilə, düşünülmüs, elmi araşdırmalara əsaslanan islahat proqramlarının hazırlanmasına və bu istiqamətdə elmi təhlillərə, xüsusilə daha dərin elmi analizlərin aparılmasına imkan verən fənnlərarası tədqiqatlara həmişə böyük ehtiyac vardır. Deməli, müasir gerçəklik daha faydalı tədqiqatlar həyata keçirməyi, hər cür ideologiya və tendensiyalardan uzaq, yalnız obyektiv araşdırmalara əsaslanan elmi nailiyyətlər əldə etməyi tələb edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir.”

Bu baxımadan tibb və sosiologiya elmlərinin vəhdətindən yaranan, səhiyyə sistemininin müxtəlif sahələrini, o cümlədən, xəstəlik və sağlamlıq problemlərini özünəməxsus metodlarla tədqiq edən, səhiyyə sistemində çalışan tibbi personalın və pasiyentlərin davranışının araşdırılmasına önəm verən tibbin sosiologiyası elminin respublikamızda inkişafı faydalı nəticələrin əldə olunmasına səbəb ola bilər. Bu sahənin inkişafına məhz hazırkı dövrdə imkan yaradan başlıca səbəb isə elmi-texiki tərəqqi və insanın həyat tərzinin dinamik inkişafıdır. Belə ki, elmi-texniki tərəqqinin ictimai həyatın müxtəlif sahələrinə sirayət etməsi, milyonlarla insanın həyat tərzinin, psixologiyasının, davranışlarının, həmçinin xəstəlık və sağlamlıq haqqındakı təsəvvürlərinin dəyişməsinə səbəb olmuşdur. Məhz bu səbəbdəndir ki, müasir tibbin sosiologiyası səhiyyəni bir sosial institut kimi araşdırır, bu sahədə baş verən sosial prosesləri onun bütün tərkib elementləri ilə birlikdə, kompleks şəkildə təhlil edir.

Qeyd edək ki, tibbin sosiologiyası elmi sosiologiyanın xüsusi bir sahəsi kimi 1950-ci ildən formalaşmağa başlanmış və ilk dəfə tələbə-həkimlərin sosioloji biliklərinin inkişaf etdirilməsi məqsədi ilə tədris edilməyə başlanmışdır. Bu sahənin inkişafında görkəmli Amerika sosioloqu T.Parsonsun böyük xidmətləri olsa da, tibbin sosiologiyası termini elmi dövriyyəyə tanınmış fransız sosioloqu, bütövlükdə sosiologiya elminin təşəkkül tapmasında misilsiz xidmətləri olmuş Emil Dürkheym tərəfindən daxil edilmişdir. O, bu anlayışı cəmiyyətdə baş verən sosial potologiyaların araşdırılması zamanı öz fikirlərini ifadə etmək üçün işlətmişdir. Mütəfəkkir qeyd edirdi ki, cəmiyyət bəzən əvvəlki norma və dəyərləri rədd edir, yenilərinin formalaşması prosesi isə ləngiyir. Belə vəziyyət bütün sosial institutların struktur elementlərində, o cümlədən səhiyyə sisteminin müxtəlif sahələrində də özünü biruzə verir. Onun fikrincə, qeyd olunan sahədə belə halların vaxtında qarşısını almaq, sosial deformasiyaların və böhranların formalaşmasına imkan verməmək üçün xüsusi bir elm sahəsinə zərurət yaranmışdır.

Sosiologiya tibb elmlərinin vəhdətindən yarandığından elmi ədəbiyyatda yenicə yaranmaqda olan bu elm sahəsinin adı müxtəlif cür qeyd edilirdi: sağlamlığın və xəstəliyin sosiologiyası, sağlamlığın və təbabətin sosiologiyası, tibbi sosiologiya, səhiyyənin sosiologiyası, epidemologiyanın sosiologiyası və s. Nəhayət, uzun sürən elmi diskussiyalardan sonra bu elm sahəsini tibbin sosiologiyası adlandırmaq qərara alınmışdır.

Tibbin sosiologiyası elminin inkişafına Merton və Bekkerin (tibbi təhsil və sosiallaşma), Qleyzer və Stpossun (ölümə sosial münasibət), Qofman və Freydin (ruhi xəstəliklər), Şelfin (səhiyyə bir peşə kimi) böyük təsirləri olmuşdur. Qeyd etmək vacibdir ki, müasir tibbin sosiologiyası elminin nəzəri əhəmiyyəti, hazırki sənaye cəmiyyətində səhiyyənin inkişafı, sağlam həyat tərzinə olan tələbat və xüsusilə gender problemi ilə birbaşa bağlıdır. Hazırda tanınmış qərb sosioloqları arasında tibbin sosiologiyası ilə məşğul olmayan demək olar ki, bir sosioloq belə yoxdur. Sosiologiyanın bu sahəsinin inkişafı ailənin sosiologiyası, hüququn sosiologiyası, təhsilin və dinin sosiologiyası kimi elmlərin inkişafı ilə paralel davam etdirilir.

Tibbin sosiologiyanın müstəqil fənn kimi fəaliyyətə başlanmasında 1959-cu ildə İtaliyanın Milan şəhərində keçirilmiş IV Ümumdünya sosiologiya konqresinin böyük təsiri olmuşdur. Burada ilk dəfə olaraq tibbin sosiologiyasına aid akademik İ.İ.Qraşenkovun “Sağlamlıq və sosial firavanlıq” mövzusunda mühazirəsi dinlənilmişdir.

Hazırkı mərhələdə tibbin sosiologiyasının strukturu bir neçə mərhələdən ibarətdir: müalicə peşələrinin sosiologiyası, tibb institutları və sağlamlıq təşkilatlarının sosiologiyası, xəstəlik və pasiyentin davranışı, xəstəliyin, doğumun və ölumün sosial faktlarının təhlili, tibbi avadanlıqlara olan tələbatın və ondan istifadəyə təsir edən amillərin analizi, həkim və xəstə arasındakı qarşılıqlı münasibətlərin təhlili, müxtəlif səhiyyə ocaqlarının inkişaf səviyyələrinin öyrənilməsi, müxtəlif ölkələrdə səhiyyə xidmətlərinin müqayisəli təhlili və s.

Beləliklə, tibbin sosiologiyası elminin predmetini aşağıdakılar təşkil edir: tibb sosial institut kimi; tibb sosial sistemin subsistemi kimi.

Tibbin sosial institut kimi öyrənilməsi dedikdə, tibbin sosial əlaqələri, sosial-tibbi münasibətlərin qarşılıqlı təsiri tam sistem kimi nəzərdə tutulur. Buraya həmçinin, tibbin və sağlamlığın inkişaf konsepsiyalarının hazırlanması zamanı sosial amillərin rolunun və yerinin müəyyən edilməsi, tibbdə sosial harmoniyanın təmin edilməsi məsələsi, səhiyyə sahəsində həyata keçirilən siyasətin sosial aspektləri, səhiyyə müəsissələrinin və tibbi personalın sosial funksiyaları, pasiyentin sosial-psixoloji davranışı, tibbi sığortanın sosiologiyası, nəhayət, tibb elminin və tibbi texnologiyanın sosiologiyası və s.daxildir.

Tibbin sosial sistemin subsistemi kimi öyrənilməsinə gəlincə, buraya tibb sisteminin başqa sosial institutlarla və cəmiyyətin iqtisadi sferası ilə qarşılıqlı əlaqəsi və asılılığı, tibbin inkişafına cəmiyyətin, tibbi sosial sferada baş verən qloballaşma proseslərinin təsirinin təhlili və s. daxildir.

Tibbin sosiologiyası elminin predmeti, eyni zamanda, bu sahədə aparılacaq həm fundamental yəni, – makro, – mezo və mikrosəviyyəli, həm də tətbiqi tədqiqatların əsas istiqamətlərini də müəyyən edir. Makrosəviyyəli tədqiqatlar özündə bazar iqtisadiyyatı prinsiplərinə qayıtmanı, cəmiyyətdə paradiqmaların, sosial dəyər normalarının dəyişməsini, “burjua elmi” ifadəsinin aradan qaldırılmasını, cəmiyyətdə yeni sosial qrupların yaranmasını və müvafiq olaraq, yeni sosial stratifikasiyanın formalaşmasını və s. əks etdirir.

Mezosəviyyəyəli tədqiqatlara səhiyyə sisteminə kommersiya fəaliyyətinin tətbiq edilməsi, iqtisadi əlaqə xarakterlərının dəyişməsi, tibbi xidmətin sosial-iqtisadi əhəmiyyətinin artırılması, səhiyyəyə investisiyaların qoyulması, tibb elminin və tibb peşəsinin cəmiyyətdə yeri və s. problemlər daxildir.

Mikrosəviyyəli təhlillərə isə tibbi personalın, tibb kollektivin statusunun və tibb işçisinin iqtisadi vəziyyətinin dəyişməsi, yeni şəraitdə pasiyentin davranışı, həkimlər arasındakı, həmçinin, həkim pasiyyent və həkim – orta tibb işçiləri arasındakı münasibətlər, nəhayət, kollektivdəki sosia-psixoloji iqlim və s. problemlər aiddir.

Tibbin sosiologiyası elminin əsas tətbiqi vəzifələri isə bunlardır:

– səhiyyə sistemində çalışacaq kadrların diploma qədərki və sonrakı dövrdə sosioloji dünyagörüşü dairəsinin inkişafına və genişlənməsinə imkan yaratmaq;

– səhiyyə sistemində metodologiyanın təkmililəşdirilməsi, sistemləşdirilməsi, tibbi – sosioloji tədqiqatların strateji planlaşdırılması;

– bu sahədə struktur dəyişiklikliyi və islahatlar zamanı dövlət tərəfindən həyata keçirilən sosial siyasətin nəticələrinin araşdırılması;

– səhiyyə şəbəkəsinin planlaşdırılması və inkişafınin proqnozlaşdırılmasında tibbi-sosial tədqiqatların nəticələrindən istifadə olunmasının təmin edilməsi;

– tibbi xidmət sahəsində çalışan subyektlərin və iştirakçıların maraqlarının təmin edilməsi üçün konkret sosioloji tədqiqatlar – sosioloji sorğular, ilk növbədə ekspert sorğularının həyata keçirilməsi.

Fikrimizcə, respublikamızın yaşadığı müasir dövrdə Tibbin sosiologiyası elminin inkişaf etdirilməsi, tibb kadrlarının hazırlanması zamanı müdavimlərə bu elmin tədris edilməsi, qeyd edilmiş istiqamətlərdə, yəni, həm fundamental, həm də tətbiqi sahələrdə elmi-tədqiqat işlərinin həyata keçirilməsi çox faydalı nəticələr verə bilər. Belə tədqiqatlar həm də, ölkədə tibb elminin və tibbi-sosial xidmətin daha da təkmilləşdirilməsi və inkişafına dair qiymətli elmi proqnozların, təklif və tövsiyyələrin irəli sürülməsinə əlverişli şərait yaratmış olardı.

 

 

Tofiq TEYMUROV,

Respublika Tibbi-Sosial

Ekspertiza Mərkəzinin direktoru,

 

İnşallah QAFAROV,

sosiologiya elmləri

namizədi,ekspert

 

Xalq qəzeti.- 2009.- 29 aprel.- S. 5.