Bütün
zamanların sənəti
Görkəmli
yazıçı və ədəbiyyatşünas Mir Cəlal
1959-cu ildə “Mehdi Hüseyn” məqaləsində
yazırdı: “Mehdinin əsərləri hələ otuzuncu
illərdən yayılmağa, diqqəti cəlb etməyə
başlamışdı. Onun bir sıra həcmcə xırda,
mövzu etibarilə əhəmiyyətli, məzmunca zəngin
hekayələrindən istedadlı gənc bir qələm
sahibinin səsi gəlirdi... Müzakirə və söhbətlərdə
bəzən bu sual eşidilirdi: Mehdinin yazı üslubu
klassiklərdən kimə daha yaxındır- Axundova, Mirzə
Cəlilə, Süleyman Saniyə, yoxsa Qorkiyə və ya
Fadeyevə? Mən deyərdim ki, bu üslub hər kəsdən
əvvəl Mehdinin öz orijinal üslubudur”.
M.Hüseynin nəsrinə
verdiyi bu qiymətlə böyük ədib, heç
şübhəsiz ki, sənətkarın
yaradıcılığını ədəbi ənənəyə
qarşı qoymaq niyyətində deyildi; Mir Cəlal
istedadlı nasirin ədəbi ənənəyə novator
münasibətini önə çəkirdi. Yaradıcılığında
özünü qabarıq şəkildə göstərən
novator xüsusiyyətlərlə bu nasirin özünəməxsus
bir yazı manerası formalaşdırdığını, fərdi
nəsr poetikasını yarada bildiyini vurğulayırdı. Bu
isə mahiyyət etibarı ilə M.Hüseynin bir nasir kimi
özünü təsdiq etdiyini, ədəbiyyatımızda
özünəməxsus səhifə
açdığını ədəbi ictimaiyyətin diqqətinə
çatdırmaq demək idi.
Məlumdur ki,
M.Hüseyn bədii yaradıcılığa 20-ci illərin
sonlarında hekayə janrında yazdığı əsərləri
ilə gəlmişdir. Lakin bu bir həqiqətdir ki, bədii
nəsrimiz tarixində M.Hüseynin yerini müəyyənləşdirən
və onu istedadlı nasir kimi tanıdan daha çox roman janrında
yazılan əsərləri olmuşdur. Bu mənada
“Daşqın”, “Tərlan”, “Səhər”, “Abşeron”, “Qara
daşlar” və ən nəhayət, “Yeraltı çaylar dənizə
axır”romanlarının adlarını xatırlamaq,
böyük yazıçının nəsrinə daha
çox bu əsərlərin ideya-bədii keyfiyyətləri
əsasında qiymət vermək tam qanunauyğun
görünür.
30-40-cı illərdə
nəsrin əsas hərəkət istiqamətini və
simasını müəyyənləşdirən bu əsərlər
müasir ədəbiyyatşünaslıqda inqilabi, sinfi və
kolxoz quruculuğu uğrunda mübarizədən bəhs edən
əsərlər kimi qiymətləndirilir. Bu cür təfsir
və qiymətləndirmə əslində həmin
romanların müasirlik ruhunu şübhə altına
salır və dolayısı ilə həmin əsərlərin
ancaq ədəbi-tarixi prosesin faktı kimi əhəmiyyətli
olması tendensiyasını irəli çıxarır. Müasir
ədəbiyyatşünaslıqda belə bir fikir də səslənir
ki, “... 1920-30-cu illər nəsrində ”inqilabçı”
obrazı milli tip kimi dərk oluna bilmir” (T.Əlişanoğlu).
Bəli, biz də qəbul edirik ki, “Şamo”, “Dirilən adam”,
“Dünya qopur”, “Qəhrəman”, “Daşqın”, “Tərlan” və
eləcə də “Səhər” romanlarının inqilabi hərəkata
doğru istiqamət götürən süjeti və
aparıcı qəhrəman kimi təqdim edilən obrazın
“inqilabçı” xarakteri ideologiyadan güc alır, müəllif
süjetin hərəkətində və qəhrəmanın
xarakterində həyatın həqiqətlərindən
çox, reallıqdan çox, ideologiyadan, siyasi rejimin ədəbiyyat
üzərindəki basqısından qidalanan ideya xəttinin
gerçəkləşməsinin qayğısına
qalır.
Bütün bunlar həqiqətdir.
Lakin 30-cu illərdən meydana çıxmağa başlayan və
dövrün ədəbi tənqidinin inqilab və kolxoz
quruculuğu uğrunda mübarizədən bəhs edən romanlar
kimi dəyərləndirdiyi bu əsərlərdə başqa
ideya xətləri, alt qat, gizli mətləblər yoxdurmu?
Mən Mir Cəlalın
100 illik yubileyi münasibətilə yazdığım məqalədə
metodoloji baxımdan məsələyə tamam fərqli
yanaşma tərzini əsaslandırmağa
çalışmışdım: “Postmodernist tənqiddə
çox maraqlı bir tezis var. Bu tənqid hesab edir ki, ”bədii
əsərin öz strukturu etibarı ilə bitib-tükənməz
məna potensialına malik olması böyük əhəmiyyət
kəsb edir” (Q.Quliyev).
Bəlkə, biz “Bir gəncin
manifesti”nə “bitib-tükənməz məna potensialı”
prizmasından yanaşaq? Sovet hakimiyyəti uğrunda gedən
mübarizəni də uzaqbaşı bu məna
potensiallarından biri hesab edək? Yəni bizə aydın
deyil ki, sovet tənqidi “Bir gəncin manifesti”ndəki “çox
zəngin məna potensialından” məhz zamanın,
mühitin, siyasi rejimin təbiətinə uyğun gələn
ancaq birini – sovet hakimiyyəti uğrunda gedən mübarizəni
qabardırdı? Eyni zamanda, axı, sovet tənqidi özü
də (M.Arifin simasında) əsərdə “xalq ruhunun” əksini
etiraf etmişdir. Bəlkə, bu etirafdan yapışıb,
postmodernist nəzəriyyənin tələb etdiyi kimi,
romanın materialını mətn hesab edərək onu yenidən
“oxu”yaq? Sovet tənqidinin üstündən sükutla
keçdiyi, qabartmaq lazım bilmədiyi milli və bəşəri
məzmunu önə çəkək?”
“Bir gəncin manifesti”ndə
olduğu kimi, M.Hüseynin “Daşqın”, “Tərlan” və “Səhər”
romanlarında belə “məna potensialı” – milli və bəşəri
məzmun varmı? Bu gün həmin əsərlərin
müasirliyini şərtləndirən cəhət kimi deməliyik
ki, bəli – var.
“Daşqın”
romanının Azərbaycan sovet ədəbiyyatşünaslığındakı
təfsirlərindən birinə diqqət yetirək:
“M.Hüseynin üç hissəli ”Daşqın” romanı
(1933-1936) Vətəndaş müharibəsi və Azərbaycan
– Gürcüstan sərhəddində menşevik, müsavat
qalıqlarının törətdiyi qanlı faciələrin
təsvirinə həsr olunmuşdur”. Bu qənaət bədii
mətnin ifadə elədiyi həqiqət deyil. Bu, bədii
qiymətləndirmədə məhkəmə hakimi kimi
hökm verməyə öyrəşmiş sovet ədəbiyyatşünaslığının
əsər haqqında çıxardığı hökm – qənaətdir
və həm də birtərəfli hökm və qənaətdir.
“Daşqın”
romanında xalqın öz milli varlığını saxlamaq
uğrunda XI Qızıl Ordu ilə, müstəmləkəçi
rejimlə qarşılaşma səhnələri,
dövrün ağırlığı,
amansızlığı və taleyüklü olması təsvir
edilir. Əsərdə keçən əsrin ikinci onilliyinin
sonlarında xalqımızın yaşadığı faciəli
tale, milli müstəqilliyini saxlamaq uğrundakı cəhdlərinin
uğursuzluğa düçar olmasına dair zamanın həqiqətləri
əks olunmuşdur. Əlbəttə, bu həqiqətlər
üzdə deyil. Azərbaycana “qırmızı inqilab” gətirmiş
və qan gücünə onu bu xalqa pərçim etməyə
çalışan XI Qızıl Ordu ilə milli qüvvələr
– Musavat qüvvələri arasındakı mübarizənin fəhmli,
ayıq oxucuya təlqin etdiyi həqiqətlərdir.
“Səhər”
romanının da əsas qəhrəmanının yolu
“inqilaba doğru”dur. Bu mənada Bayram Mir Cəlalın “Bir gəncin
manifesti” romanındakı Mərdanla tipoloji yaxınlıq
yaradır. Mərdan kimi Bayram da kənddə yaşayışın
“dözülməzliyi”nə dözməyib “ruzi” dalınca
şəhərə gəlir və inqilabi hərəkata
qoşulur. Ancaq fikrimizcə, “Səhər”i
bütövlükdə inqilabçı Bayramın (eləcə
də məslək dostlarının) mübarizə yolu kimi
başa düşmək romanın məna-məzmun
polifonizmini tam şəkildə dərk etməyə imkan
vermir.
Romanın “Oyanan kənd”
adlı ikinci hissəsi bütövlükdə Azərbaycan kəndinin
problemlərini, ziddiyyətlərini, kənd insanının mənəvi
dünyasını, sinfi- zümrəvi münasibətləri,
çar hökümətinin – müstəmləkəçi
rejimin antimilli siyasətindən törəyən bəlaları,
Azərbaycan kəndlisinin ağrı və
acılarını realistcəsinə əks etdirir. Bu mənada
bizim Azərbaycan kəndinin acınacaqlı taleyi haqqında
“Danabaş kəndinin əhvalatları”ndan, “Dirilən adam” və
“Bir gəncin manifesti”ndən aldığımız təəssüratlar
“Səhər”də daha da dərinləşir. Eyni zamanda, Mehdi
Hüseyn sələflərinin
yaradıcılığını – ədəbi ənənədən
gələni təkrar etmir, onun kəndə, kənd
adamına özünəməxsus baxış bucağı
var. Yazıçı təhkiyəsində özünə
yer alan bu təsvirlər Azərbaycan kəndlisinin antirejim əhvali-ruhiyyəsini,
milli birliyini, xarakter bütövlüyünü və
dönməzliyini əks etdirir.
M.Hüseynin roman
yaradıcılığında yeni keyfiyyət mərhələsi
“Qara daşlar” romanı ilə başlayır və
axırıncı romanı ilə – “Yeraltı çaylar dənizə
axır” əsəri ilə bu mərhələ bir qədər
də zənginləşir. Ədəbiyyatşünaslığımızda
“Qara daşlar” yazıçının 1947-cı ildə
yazdığı “Abşeron” romanının davamı hesab
olunur. Bununla belə, “Abşeron” M.Hüseynin bədii nəsrində
yeni keyfiyyət mərhələsinin başlanğıcı
ola bilmir.
M.Hüseyn bu romanda həyati
müşahidələrini inikas əvəzinə, daha
çox bir ideoloq kimi çıxış etmiş,
maarifçi ədəbiyyatda olduğu kimi, ideyadan süjetə
gələrək “kommunizmə doğru sürətlə irəliləməkdə
olan sovet adamının”, ictimai şüuru durmadan “yüksələn”
əmək adamlarının obrazını yaratmağa daha
çox can atmışdır. Bu qəhrəmanların əməl
və hərəkətləri, düşüncə və
duyğuları müəllifin onlara verdiyi həyatilikdən
uzaq “rol”u gerçəkləşdirməkdən ibarət idi.
50-ci illərin sonu,
60-cı illərin əvvəlləri ədəbiyyatımızın
tarixində yeni keyfiyyət mərhələsinin
başlanğıcı hesab olunur. Bədii
yaradıcılıqda insan probleminə diqqət artır. Cəmiyyətin
sosial, siyasi və mənəvi- əxlaqi problemləri bilavasitə
insanın daxili dünyası, həyati yaşantıları
ilə sıx təmasda bədii təhlil müstəvisinə
gətirilir. Ədəbiyyatda həyati müşahidələrin,
həyatın diktə etdiyi məsələlərin
inikasına meyl güclənir. Ədəbi tənqid 50-ci illərin
sonlarında yaranan bir neçə romanı ilk dəfə
insana humanist münasibət kontekstinin önə çəkilməsi
və nəsrimizdə həyat həqiqətinin ifadəsinə
artan meyli əks etdirmək baxımından xüsusi fərqləndirir.
İ.Şıxlının “Ayrılan yollar”, M.İbrahimovun
“Böyük dayaq”, İ.Hüseynovun “Yanar ürək”
romanları ilə bərabər, bu sırada M.Hüseynin “Qara
daşlar” əsəri də əhəmiyyətli yer alır.
“Qara daşlar”
“Abşeron” romanının davamı təsiri
bağışlasa da, ədəbiyyatşünaslığımızda
bu əsərlər “dilogiya” kimi təqdim olunsa da, əsl həqiqətdə,
“Qara daşlar” “Abşeron” əsərindəki mövzunun yeni
şəraitin və zamanın tələbi ilə təzə
variantda yazılması idi.
“Qara daşlar”
yazılmağa başlayanda (1954-1958) “konfliktsizlik nəzəriyyəsi”nin
ədəbiyyatımıza vurduğu zərər, şəxsiyyətə
pərəstişin və bundan qidalanan diktatura rejiminin cəmiyyətdə
yaratdığı ağrılı problemlər bütün
aydınlığı ilə meydana
çıxmışdı. “Abşeron”da isə bədii
konflikt istehsal prosesinin çətinlikləri ilə məhdudlaşdırılmış,
cəmiyyətin həqiqi ictimai – siyasi mənzərəsinin
realist təsvirindən yan keçilmişdi.
“Qara daşlar”da
M.Hüseyni yenidən həmin mövzuya qayıtmağa məcbur
edən onun zamanın tələbinə uyğun bədii həllini,
yeni estetik açılışını vermək istəyi
idi. Əslində, mövzu dəyişməmişdi. Bədii
məkanın dəyişməsi – neft uğrunda mübarizənin
qurudan dənizə – Qara daşlara köçürülməsi
də mahiyyəti dəyişmirdi. Dəyişən
mövzuya yeni münasibət idi; Sözü gedən cəmiyyətin
və zamanın həqiqətləri prizmasından mövzunun
bədii həllini vermək təşəbbüsü idi.
“Qara daşlar”da
yazıçı bu istəyinə nail olmuşdu. Romanın bədii
konflikti həyatın ictimai- siyasi həqiqətlərindən
güc alır, xalq və rəhbər qarşıdurması
kontekstində, birincinin əzm və mətanəti, səbr və
təmkini, əyilməzliyi, hər cür çətinliyə
baxmayaraq qələbə əzmi romanda dramatizmi şərtləndirən
həyati situasiya kimi mənalanırdı.
“Abşeron”da insanı
istehsalat sahəsində qazandığı uğurlara görə
qiymətləndirmək, məhz istehsal göstəricilərinə
görə dəyərləndirmək kimi 30-40-cı illərin
bədii ənənəsindən gələn kontekst
güclü idi. İnsanın mənəvi- ruhi dünyası
burda hələ insanlığı şərtləndirən
aparıcı keyfiyyətə çevrilə bilmir, mənəvi-
əxlaqi keyfiyyətlər ancaq istehsal göstəricilərinin
yedəyində qiymətləndirmədə iştirak edirdi. “Abşeron”
romanında yazıçı qəhrəmanlarını “hərtərəfli
müasir insan yox, yalnız müəyyən bir peşə
sahibi” kimi (Elçin) təsvir etmək tendensiyasından xilas
ola bilməmişdi.
“Qara daşlar”da isə
istehsalat mövzusuna insana humanist münasibət kontekstində
bədii həll vermək müəllif niyyətinə
birbaşa daxil olur. Bu, hər şeydən əvvəl,
“Abşeron”la müqayisədə məişət süjetinin
və sosial problematikanın istehsalat sücetinin əlavəsi,
yamağı kimi yox, ona paralel şəkildə, demək olar
ki, onunla eyni hüquqda “Qara daşlar”da yer alması ilə
şərtlənir. Roman qəhrəmanlarının ailə –
məişət, mənəvi – əxlaqı problemlərindən
yaranan çətinliklər də dramatizmin güclənməsində
əhəmiyyətli rol oynayır. İnsana humanist münasibətin
zəruriliyi ideyası romanın sosial – siyasi konfliktini şərtləndirən
əsas cəhətlərdən biri kimi təzahür edir.
50-ci illərin sonu,
60-cı illər Azərbaycan ədəbiyyatında, o cümlədən
bədii nəsrində cəmiyyətdə baş verənlərə,
siyasi rejim nümayəndələrinə, bir çox hallarda
isə siyasi rejimin özünə istiqamətlənən tənqid
estetik düşüncəni daha artıq məşğul etməyə
başlayır.
İ.Hüseynovun “Yanar
ürək” əsərindən start götürməyə
başlayan tənqid pafosu M.Hüseynin “Yeraltı çaylar dənizə
axır” romanında (1963-1964) yeni bədii material əsasında
davam etdirilir. Romanda insan və zaman, insan və cəmiyyət,
insan və siyasi rejim konteksti insana antihumanist yanaşmanı bədii
düşüncənin tənqid hədəfinə
çevirir.
“Yeraltı çaylar dənizə
axır” romanında yazıçı istehsalat mövzusundan
tamam uzaqlaşır, siyasi rejim və insan, siyasi rejim və
xalq münasibətlərində ikincilərin üzləşdiyi
faciələri realist qələmin bütün gücü ilə
bədii təsvirin mərkəzinə gətirir. Sözü
gedən illərin, bəlkə də, heç bir
romanında, insana humanist yanaşma pafosu “Yanar ürək” və
“Yeraltı çaylar dənizə axır” romanlarında
olduğu qədər konseptual əks etdirilməyib.
“Yeraltı çaylar dənizə
axır” əsərində bədii məzmunu ifadə
forması da bilavasitə insan taleyini, onun həqiqi
yaşantılarını dərinliyi ilə əks etdirməyə
istiqamətlənib.Bu romanda oxucu Böyük Vətən
müharibəsində itkin düşmüş ərinə
görə təsəvvür edilməsi kifayət qədər
çətin olan məhrumiyyətlərə düçar
edilmiş Səmirə Aydının başına gələnlərlə
onun qələmə aldığı gündəliklər
vasitəsilə tanış olur. Gündəlik forması
dünya ədəbiyyatı nümunələrindən bizə
sentimental sənətin janrı kimi tanışdır. Lakin
M.Hüseynin romanında Səmirə Aydının göz
yaşı ilə suvarılan taleyi müharibə və qələbədən
sonrakı illərdə xalqın başına gətirilən
dəhşətlərin əksidir. Müəllif insana qeyri-
insani münasibətin səbəblərini idarəetmədəki
qüsurlarla bağlamağa çalışıb, xalqın
bütün faciəli yaşantılarının
kökünü “respublikanın sahibi” Mollayevin şəxsiyyəti
ilə əlaqələndirsə də, realist təsvirin ifadə
etdiyi həqiqətlər bütövlükdə sovet siyasi
reciminin antihumanist mahiyyətini açmağa yönəlir.
M.Hüseynin romanları
həqiqi bədii istedadın və roman təfəkkürünün
məhsuludur. Görkəmli yazıçının əsərlərində
zəngin məna potensialı var. Bu cəhət onun əsərlərinin
bütün zamanlarda oxunacağına zəmanət verir.
Təyyar SALAMOĞLU,
filologiya elmləri doktoru
Xalq qəzeti.- 2009.- 29 aprel.- S. 6.