Nizami rayonunda cari ilin I rübünə
yekun vurulmuşdur
Dünən Bakı
şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2009-cu
ilin birinci rübündə rayonun sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat yığıncağı
keçirildi. Tədbir iştirakçıları öncə
müasir Azərbaycan dövlətçiliyinin memarı,
ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti
binasının foyesindəki büstü önünə
gül dəstələri qoydular.
Rayonun sənaye, təhsil,
səhiyyə, mədəniyyət, xidmət sahələrinin,
hüquq-mühafizə orqanlarının, eləcə də
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Mehbalı Əliyev açdı. Tədbir
iştirakçıları ulu öndərimiz Heydər Əliyevin
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi. Sonra
Nizami rayonunun sosial-iqtisadi inkişafını, burada
aparılan abadlıq-quruculuq işlərini əks etdirən
film nümayiş olundu.
Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Mehbalı Əliyev
2009-cu ilin ilk rübü ərzində rayonun sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş geniş hesabat məruzəsi ilə
çıxış etdi. Natiq ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulmuş sosial-iqtisadi
islahatların Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində cari ilin birinci
rübündə ölkəmizdə ümumi inkişafın
davam etdiyini diqqətə çatdırdı. Azərbaycanda
sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün
islahatların əsas məqsədinin vətəndaşların
rifahının yaxşılaşdırılmasına yönəldiyini
vurğulayan məruzəçi ümumi inkişafı
xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə
yaxşılaşdığını və bunun Azərbaycanı
regionun lider dövlətinə çevrilməsinə imkan
yaratdığını bildirdi.
Cari ilin birinci
rübünün Azərbaycan Respublikası üçün
kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə
zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, aprel
ayının 22-də Prezident Sarayında dövlət
başçısı cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında son illər ərzində ölkə
iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın
hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirilmişdir.
Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər
əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye
istehsalının, özəl bölmənin, neft-qaz sektorunun,
qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının
və digər bütün sahələr üzrə
istehsalın yüksəlməsini və inkişafını təhlil
edərək son beş ildə ölkədə
iqtisadiyyatın həcminin 2,6 dəfə, sənaye
istehsalının isə 2,5 dəfə
artdığını, ötən il minimum əmək
haqqının və pensiyanın minimum məbləğinin 60
manata çatdırılmasını və yoxsulluğun 13,2
faizə düşməsini qeyd etmişdir. Bununla
yanaşı, dövlət başçısı qəbul
olunmuş mühüm və ümummilli proqramların da
uğurla icra edilməsini yüksək qiymətləndirmiş
və gələcək inkişafın başlıca istiqamətlərini
bəyan etmişdir.
Son illər ölkəmizin
sosial-iqtisadi həyatında baş verən tərəqqi
paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə
məlumat verən Rayon İcra Hakimiyyətinin
başçısı Mehbalı Əliyev bildirdi ki, ölkə
iqtisadiyyatında baş vermiş sürətli inkişaf
Nizami rayonunun sosial-iqtisadi həyatını daha da
canlandırmış, rayon sakinlərinin
qarşılaşdığı sosial problemlərin həlli
istiqamətində konkret addımlar atılmış,
genişmiqyaslı abadlıq-quruculuq işləri
görülmüş, xidmət sahələrinin fəaliyyəti
yüksəlmiş, çoxsaylı yeni iş yerləri
açılmışdır. Rayonda sənaye
istehsalının həcmi ötən il 2003-cü illə
müqayisədə 2,8 dəfə, əsas kapitala yönəldilmiş
investisiya 7,7 dəfə, pərakəndə əmtəə
dövriyyəsi 96,9 faiz, əhaliyə göstərilən
pullu xidmətlər 5,2 dəfə artmışdır.
Natiq bildirdi ki, 2009-cu
ilin birinci rübündə Nizami rayonunda 7027 hüquqi və
fiziki şəxs fəaliyyət göstərmişdir. Hesabat
dövründə sənaye sahəsi üzrə istehsalın
həcmi 67,4 milyon manat təşkil etmişdir ki, bu da 2008-ci
ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz
çox olmuşdur. İstehsal olunmuş sənaye məhsulunun
37,9 faizi qeyri-dövlət sektorunun payına
düşmüşdür. Məhsul istehsalında artım, əsasən,
kimyəvi maddə və məhsulların, elektrik enerjisi, qaz,
buxar istehsalı və bölüşdürülməsi sahəsində
qeydə alınmışdır. İlin ilk üç
ayı ərzində rayon üzrə benzin istehsalı 7,3 faiz,
neft-bitum istehsalı isə 46,5 faiz artmışdır. Həmin
dövrdə istehsal olunmuş məhsulun 102,6 faizi
istehsalçılara göndərilmişdir.
2009-cu ilin birinci
rübündə rayonun nəqliyyat və rabitə müəssisələrinin
uğurlu fəaliyyətini qeyd edən natiq həmçinin
iqtisadiyyatın və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələri
hesabına əsas kapitala 7,3 milyon manat həcmində
investisiya yönəldildiyini, bunun da 6,2 milyon manatının
dövlət, 1,1 milyon manatının isə qeyri-dövlət
müəssisələrinin payına
düşdüyünü diqqətə çatdırdı.
Qeyd olundu ki, hesabat dövründə əsas kapitala yönəldilmiş
investisiyanın 6,4 milyon manatı, yəni 87,7 faizi istehsal təyinatlıdır.
Cari ilin ilk rübündə rayon üzrə pərakəndə
əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi
8,4 faiz artaraq 155,5 milyon manat olmuş, özəl müəssisələr
tərəfindən əhaliyə 148,9 milyon manatlıq istehlak
malları satılmış, 46,4 milyon manatlıq pullu xidmətlər
göstərilmişdir. Həmçinin bildirildi ki, ötən
ilin yekununa görə, rayon üzrə işçilərin
orta aylıq nominal əmək haqları 19,3 faiz artaraq 276,5
manat olmuşdur. Orta aylıq əmək haqqı sənayedə
15,6 faiz, nəqliyyat sahəsində 11,2 faiz, rabitədə
25,3 faiz, ticarətdə 12,5 faiz, sosial sahədə 22,1 faiz
artmışdır.
M.Əliyev bildirdi ki,
2009-cu ilin birinci rübündə Nizami rayonunda 342 yeni iş
yeri açılmışdır ki, bunun da 24-ü yeni
yaradılmış müəssisələrin, 8-i mövcud
müəssisələrin, 310-u isə fiziki şəxslərin
payına düşmüşdür. Bütövlükdə
2003-cü ilin oktyabr ayından 2009-cu ilin aprel ayının 1-dək
rayonda 12 mindən çoxu daimi olmaqla 14108 yeni iş yeri
yaradılmışdır. Cari ilin birinci rübündə
rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində görülmüş işlər barədə
məlumat verən natiq bildirdi ki, ölkə
başçısı tərəfindən imzalanmış fərman
və sərəncamların məhz əhalinin sosial
rifahının yüksəldilməsinə yönəldilməsinin
nəticəsidir ki, əvvəlki dövrlərlə
müqayisədə əhalinın maddi rifah halı getdikcə
yaxşılaşır.
Məruzəçi
dövlət başçısının Nazirlər
Kabinetinin məlum iclasında Bakının
abadlaşdırılması, yol və kommunikasiya sistemlərinin
yenidən qurulması, nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi,
ekoloji sağlamlığın təmin edilməsi, xüsusən
də paytaxtda yaşıllıqların qorunması və yeni
ağacların əkilməsi ilə bağlı tövsiyə
və göstərişləri rəhbər tutularaq Nizami rayonunda
bu sahədə mühüm işlərin görülməsi
planlaşdırılır.
Son illər rayonun səhiyyə və təhsil müəssisələrinin
işinin əsaslı
şəkildə yaxşılaşdırılması
məqsədilə həyata
keçirilən tədbirlər
cari ilin birinci rübündə də davam etmişdir. İlin əvvəlindən
rayonda abadlıq-quruculuq
işləri aparılmış,
əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm
tədbirlər həyata
keçirilmişdir. Sakinlərin işıq,
qaz, istilik və içməli su ilə təminatının
yaxşılaşdırılması da rayon rəhbərliyinin diqqət mərkəzində
olmuşdur. Rayon icra hakimiyyətinin başçısı bütün
bu işlər barədə geniş məlumat verməklə yanaşı, mövcud problemlərə də toxundu, onların qısa müddətdə
aradan qaldırılmasının
vacibliyini diqqətə
çatdırdı.
Məruzə ətrafında çıxış
edən digər natiqlər rəhbərlik
etdikləri sahələrin
rüb ərzindəki
fəaliyyəti ilə
bağlı hesabat verdilər, ölkənin sosial-iqtisadi inkişafı
yolunda bundan sonra da səylə
çalışacaqlarını bildirdilər.
Yığıncağın sonunda iclasın qərarı oxundu, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə rayon
ictimaiyyəti adından
müraciət qəbul
olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 30 aprel.- S. 5.