Respublikada meşə
sahələri artırılır
və bərpa edilir
Bu yaxınlarda Nazirlər
Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Cənab
Prezident İlham Əliyev bu iclasda geniş
çıxış etmiş və bir sıra ciddi problemlərə
toxunmuşdur. Onlardan biri də ölkədə ekoloji vəziyyətlə
bağlı idi.
Möhtərəm
Prezident bu məsələyə münasibətini bildirərək
demişdir: “Bu sahəyə çox böyük diqqət
göstərilir və bu da təbiidir. Bu elə bir sahədir
ki, buraya qoyulan vəsaiti, bəlkə də Azərbaycan
iqtisadiyyatı da, vətəndaşları da görmürlər.
Amma bunu həm indiki nəsillər, həm də gələcək
nəsillər görəcəklər. Çünki ekologiya
məsələləri hər bir ölkə üçün,
hər bir vətəndaş üçün vacib
olmalıdır. Bu, insanların
sağlamlığıdır. Sağlam ekoloji mühit,
sağlam hava, təmiz su — bütün bunlar insanın həyatı
üçün ən əhəmiyyətli məsələlərdir”.
Göründüyü kimi cənab Prezident hər şeydən
əvvəl insanların sağlamlığını, bütövlükdə
insan amilini önə çəkir.
Cənab Prezident
ağacların qırılması hallarına sərt
münasibətini açıqladı və bildirdi ki, əgər
bundan sonra mən eşidəm ki, hardasa, hansısa iş
adamı, yaxud da vəzifəli şəxs və ya başqa
hansısa adam gedib yeri hasarlayıb, ağacları kəsib
özü üçün mülk tikir, kəsilən
ağacların yerində tikilən binalar səhərisi
gün dağıdılacaq və təqsirkar şəxslər
cəzalandırılacaqlar”. Bu çox ciddi xəbərdarlıqdır,
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov bu yaxınlarda keçirdiyi mətbuat
konfransında bu məsələ ilə bağlı xüsusi
açıqlamalar verib.
Bu gün nazirlik yeni
ağacların, meşə zolaqlarının salınması
istiqamətində çox əhəmiyyətli tədbirlər
həyata keçirir. Cənab Prezidentin imzaladığı
Dövlət Proqramına uyğun olaraq ölkənin regionlarında
bu məsələyə xüsusi önəm verilir.
Azərbaycan
Respublikasında olan meşə örtüyünün beynəlxalq
normadan təxminən 2-2,5 dəfə az olmasını, bu
meşələrin ölkə ərazisində qeyri-bərabər
paylanmasını və bunun torpaq qoruyucu, su saxlayıcı, ətraf
mühiti sağlamlaşdırıcı, bir sözlə
ekoloji tarazlığın qorunub saxlanması üçün
yetərincə olmadığını nəzərə
alaraq, seyrək meşəliklərin bərpa edilməsi və
yeni meşəliklərin salınması istiqamətində
geniş miqyaslı işlərə
başlanılmışdır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Meşələrin İnkişafı Departamentindən
bildirmişlər ki, bununla əlaqədar hazırda
Böyük və Kiçik Qafqazın dağ meşələrinin
qoruyucu funksiyalarını yüksəltmək
üçün, onun seyrək sahələrinin bərpası
(təbii bərpalar hesabına), meşə və
örtülü olmayan sahələrində isə məhsuldar
ağac və kollar hesabına yeni meşə massivləri
yaradılır. Bu istiqamətdə 2002-2008-ci illərdə
böyük həcmli işlər aparılmışdır.
Bu illər ərzində, xüsusilə torpaqların eroziyaya
uğrama təhlükəsi olan ərazilərdə 39250
hektar sahədə seyrək meşəliklər bərpa
edilmiş və yeni meşələr
salınmışdır. Burada əkilən əsas ağac
cinslərindən palıdı, göyrücü,
ağcaqayını, fısdığı, cökəni, adi
şamı və s. göstərmək olar. Böyük və
Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində
son ildə aparılan meşəbərpa və meşəsalma
işləri əvvəlki illərdəkindən 3 dəfə
çox olmuşdur.
Respublikanın cənub
bölgəsi olan Talış meşələrində
3-cü dövrdən qalmış relikt və endem ağac
cinslərinin qorunması, mühafizəsi, bərpası və
onların yayılma arealının genişləndirilməsi
istiqamətində də işlər intensiv olaraq davam
etdirilir. Talış dağlıq ərazilərdə və Xəzər
sahili düzənlik sahələrində son 6 ildə 13600
hektar sahədə relikt və endem ağac cinslərindən
olan şabalıdyarpaq palıd, dəmir ağacı, azad
ağacı, gözəl ağcaqayın və s. cinslərdən
ibarət meşələr salınmış və seyrəkliklər
bərpa edilmişdir. Burada əsas və başlıca məqsəd
3-cü dövrdən qalmış relikt ağac cinslərinin
sahələrini artırmaq və onu respublikanın digər ərazilərində
arealını genişləndirməkdən ibarət
olmuşdur.
Kür-Araz
çayları ətrafında Tuqay meşələrinin bərpası,
rekonstruksiya yolu ilə cins tərkibinin
yaxşılaşdırılması sahəsində də
xeyli işlər görülmüşdür. Son 6 il ərzində
Tuqay meşələrinin bərpası ilə əlaqədar
6000 hektar sahədə qiymətli ağac cinsləri (palıd,
saqqız, göyrüc, ağcaqayın, qarağac, tut, nar və
s.) hesabına yeni meşələr salınmışdır. Bu
da əvvəlki illərlə müqayisədə 3 dəfə
artıq olmuşdur. Abşeron və Qaradağ
rayonlarının meşə landşaftından tamamilə məhrum
olan arid ərazilərində son illər ərzində yeni
meşə massivlərinin salınması işləri ön
plana çəkilmişdir. Abşeron yarımadasında və
Bakı şəhərinin ətraf ərazilərində
(magistral yol kənarları daxil olmaqla) 1087 hektar sahədə
yeni meşə və yaşıllıqlar
salınmışdır.
Azərbaycan
Respublikası Prezidentinin “Magistral avtomobil yollarının
mühafizə zolaqlarının
yaxşılaşdırılması” haqqında 30 oktyabr
2007-ci il tarixli 2471 saylı sərəncamına əsasən
Bakı-Ələt-Hacıqabul magistral yolunun kənarlarında
və Beynəlxalq Hava Limanı ətraf ərazilərdə
271 hektar sahədə dekorativ ağac və kol (arizon sərvi,
palma, ardıc, tuya, zeytun, şam, həmişəyaşıl
sərv və s.) cinslərindən ibarət
yaşıllıqlar salınmışdır.
Yaşadığımız
indiki zamanda qlobal iqlim dəyişmələri nəticəsində
dünyanın bir çox ölkələrində xoşagəlməz
fəsadlar baş vermişdir. Onun ağır nəticələrini
aradan qaldırmaq üçün çox illər tələb
olunur. Mütəxəssislərin fikrinə görə
bütün bunların qarşısını tamamilə almaq
mümkün olmasa da, bu prosesi zəiflətmək
mümkündür. Ona görə də birinci növbədə
atmosfer havasında istilik effekti yaradan qazların,
tullantıların miqdarı azaldılmalı, bizi əhatə
edən suların təmizliyi, şəffaflığı
mühafizə olunmalı, mövcud meşə və
yaşıllıqlar qorunub saxlanmalı, yeni meşə və
yaşıllıqların sahələri
artırılmalıdır.
Cari ildə ölkə ərazisində
10700 hektar sahədə meşələr bərpa olunmalı və
yeni meşələr salınmalıdır. Bu tədbir
respublikanın bütün regionlarında həyata
keçirilməlidir. Ölkə ərazisində salınacaq
meşə əkini işlərində, şəhər və
qəsəbələrin ətraf ərazilərində, məktəbyanı
sahələrdə, magistral və şose yolları ətrafında
meşə və yaşıllıq zolaqlarının
salınması üçün tələb olunan sayda və
çeşiddə 30 milyon ədəddən artıq əkin
materiallarının yetişdirilməsi
proqnozlaşdırılmışdır. Əsasən dağətəyi
və düzənlik ərazilərdə meşə əkini
işlərinə başlanmış və bu günə kimi
xeyli meşə salınmışdır. Havaların istiləşməsi
və dağlıq ərazilərində qar
örtüyünün əriməsi ilə əlaqədar bu ərazilərdə
də meşə salınması işlərinə
başlanmışdır.
Yaz
mövsümünün sonuna kimi daha 800 hektar sahədə
meşə və yaşıllıqlar salınacaqdır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Meşələrin İnkişafı Departamenti və
onun yerli qurumları respublikada meşə və
yaşıllıqların artırılmasına xüsusi diqqət
yetirir və bu sahədə məqsədyönlü işlər
aparırlar. Cənab Prezidentin qarşıya qoyduğu problemlərin
həlli məsələsi nazirliyin gündəlik nəzarətindədir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 30 aprel.- S. 5.