Rabitə İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələri, respublikada aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını, bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşacaq Şərq-Qərb informasiya dəhlizi, regional innovasiya zonaları, Azərbaycanın süni peykinin buraxılması, elektron imza və digər böyük layihələrin gerçəkləşəcəyi təqdirdə ölkənin inkişafına yeni töhfələr veriləcəyini bildirilib.

Nazir 2009-cu ilin 1-ci rübü ərzində İKT sektorunda görülən işləri müsbət qiymətləndirib və gələcək perspektivlərdən danışıb. Sonra 2009-cu ilin 1-ci rübünün yekunları haqqında məruzə dinlənilib. Məruzədə qeyd olunub ki, rabitə və informasiya texnologiyaları sektorunda 1-ci rüb ərzində əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, sektorda məhsul və xidmətin həcmi isə 27 faiz artıb. Sonra nazirliyin müvafiq qurumlarının rəhbərləri rüb ərzində gördükləri işlərdən danışıblar və qarşıda duran vəzifələrin icrası ilə bağlı öz fikirlərini bildiriblər. Kollegiyaya yekun vuran nazir Əli Abbasov İKT və poçt sektorunda əldə olunan nailiyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib, məruzədə səslənən bir sıra məsələlərin həlli ilə əlaqədar birlik və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 30 aprel.- S. 5.