Əjdər İbrahimov — 90

 

Narahat adam

 

Narahat adam idi Əjdər İbrahimov. Təsadüfi deyil ki, 2005-ci ildə onun haqqında çəkilmiş sənədli filmi beləcə adlandırmışdılar: “Narahat adam”.

Tale elə gətirmişdi ki, o, Aşqabadda doğulmuşdu. 1919-cu il aprelin 29-da dünyaya göz açmışdı. 1940-cı ildə bu şəhərdə Teatr Məktəbini, 1952-ci ildə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi. Əjdər İbrahimov kinonu çox sevirdi bu sənəti sevərək seçmişdi.

Doğrudur, hələ 13 yaşında teatrda ilk rolunu oynasa da Moskvada kino təhsili alandan sonra Aşqabada kinorejissor kimi dönmüşdü. “Türkmənfilm” onun yaradıcılıq həyatında müəyyən rol oynadı da. Burada ona yalnız sənədli filmlər çəkməyə icazə verirdilər. “Füruzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş vermişdi.

Ancaq həmişə Əjdər müəllimi Vətən torpağı özünə çəkməkdə idi. O, istəyirdi ki, Azərbaycana gəlsin, burada bədii filmlər çəksin. 1954-cü ildə o, bu arzusuna qovuşdu və Bakıya gəldi. Bakıda isə bu dövrdə kino sənətinin yüksəliş dövrü başlayırdı. Elə həmin il Lətif Səfərovun quruluş verdiyi “Mahnı belə yaranır” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işlədi.

Ancaq Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk müstəqil işini 1957-ci ildə reallaşdıra bildi. “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə quruluş vermək Əjdər İbrahimovla İ.Turinə həvalə olunmuşdu. Nazim Hikmətlə Anna Begiçevanın birgə yazdığı ssenari əsasında çəkilmiş bu ekran əsərində Şərq ölkələrindən birində sülh və istiqlaliyyət uğrunda aparılan mübarizədən bəhs edilirdi.

1958-ci ildə isə Əjdər İbrahimov sərbəst şəkildə öz böyük filmini - “Onun böyük ürəyi”ni yaratdı. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi. Əjdər İbrahimov bu filmlə təsdiq etdi ki, onun rejissor kimi imkanları olduqca böyükdür. Əjdər müəllim öz filmi üçün bu adı təsadüfən seçməmişdi. O, insanları böyük ürək, qəlb sahibi görmək istəyirdi. Əslində özü də geniş qəlbə malik yüksək istedad sahibi idi.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş etdilər. Əjdər İbrahimovun Vyetnamla bağlı fəaliyyəti ayrıca bir tədqiqatın mövzusudur. Hanoyda açılan Kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün uşaqlar topladı. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verildi.

Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradıldı. Bakıya qayıtdıqdan sonra o burada “26 Bakı komissarı” filminin çəkilişinə başladı. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film Sovet kinosunun ən qiymətli əsərləri sırasına daxil oldu, Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaratdı. Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən bu film kinomuzun qiymətli nümunələrindən biri kimi bu gün də ekranlarımızda nümayiş etdirilir.
Ə.İbrahimov sonralar rejissor kimi öz fəaliyyətini “Mosfilm”də davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” filmləri rejissorun şöhrətini daha da artırır. Bu böyük sənətkar bütün ömrünü yaradıcı fəaliyyətə həsr etmiş, müxtəlif ölkələrdə çalışıb kino sənətinin inkişaf tapmasında xüsusi xidmət göstərmişdi. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmamışdı.

Əjdər İbrahimov bir neçə kitabın da müəllifidir. “Vyetnamda gördüklərim” (1964), “Günəş ağlayır”, (1971) “Döyüşən Vyetnamın kino sənəti” (1968), “Tai qəbiləsindən olan qız” (1970) kitabları oxucuların dərin marağına səbəb olmuşdur. Onun əməyi yüksək qiymətləndirilmiş, SSRİ-nin Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və Şərəf nişanı ordenləri, eləcə də Vyetnam Demokratik Respublikasının Əmək ordeni ilə təltif edilmişdi.

Bu böyük sənətkarın xatirəsi kinosevərlərin qəlbindən heç zaman silinməyəcək, onun filmləri və kitabları insanları həmişə xoş günlərə səsləyəcəkdir.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 30 aprel.- S.7.