DSMF-nin nümayəndə heyəti Almaniyada səfərdə olub

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyətinin Almaniyaya beşgünlük səfəri başa çatıb. Səfərdə məqsəd Avropada ən nüfuzlu pensiya orqanlarından biri hesab edilən Almaniya Pensiya Sığortası İdarəsinin aktuar tədqiqatların təşkili sahəsindəki təcrübəsini öyrənməkdir.

Ümumiyyətlə, Avropa məkanında aktuar tədqiqatların aparılması sahəsində Almaniya mütəxəssisləri ən aparıcı rola malikdirlər. Aktuar tədqiqatların aparılması Azərbaycan iqtisadiyyatı üçün yenilik olsa da, DSMF ilk olaraq bu hesablamaların tətbiqini nəzərdə tutur və bu sahədə Almaniya Pensiya Sığortası İdarəsinin təcrübəsindən yararlanmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF arasında imzalanmış qarşılıqlı müqavilə çərçivəsində həyata keçirilən hazırkı səfərdə aktuar hesablamaların Azərbaycanda tətbiqinin təşkili əsas məqsəd kimi seçilmişdir. Səfər çərçivəsində keçirilən görüşlərdə aktuar tədqiqatların təşkili, bu istiqamətdə araşdırmaların aparılması üçün ayrı-ayrı mövzuların seçilməsi xüsusiyyətləri öyrənilib və göstərilən sahədə əlaqələrin gələcək inkişafı planı müəyyənləşdirilib. DSMF ilə Almaniya Pensiya Sığortası İdarəsinin mütəxəssislərinin növbəti belə bir görüşünün Azərbaycanda keçirilməsi planlaşdırılıb.

İctimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən “2009- 2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da aktuar hesablamaların tətbiqinə mühüm yer ayrılmışdır. Dövlət Proqramına uyğun olaraq 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.

Onu da bildirək ki, Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF arasında ikitərəfli saziş imzalanmışdır. İndiyə qədər 3 birgə görüş Almaniyada, 3 birgə görüş isə Azərbaycanda keçirilmiş, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası məsələləri birgə müzakirə olunmuşdur.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 30 aprel.- S. .7