2009-cu il
Azərbaycanda Uşaq
ilidir
Yeni nəslin sağlamlığı dövlətin
diqqət mərkəzindədir
Prezident İlham Əliyevin
“2009-cu ilin ”Uşaq ili" elan edilməsi haqqında" 2008-ci
il 22 dekabr tarixli sərəncamında və ölkə
başçısının bu il fevralın 18-də təsdiq
etdiyi “2009-cu ilin ”Uşaq ili" elan edilməsi ilə
bağlı tədbirlər planında Azərbaycan
uşaqları haqqında saytın, portalın
yaradılması, uşaq festivallarının, müsabiqələrin
müxtəlif tədbirlərin keçirilməsi nəzərdə
tutulur.
Tədbirlər
planına əsasən, uşaqların
sağlamlığı və təhsili ilə bağlı
müəssisələrdə kütləvi tibbi müayinələr
də aparılacaq, profilaktik iş gücləndiriləcək,
xəstə uşaqlar üçün qanvermə
aksiyaları keçiriləcək. Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin baş direktor mavini Vaqif Abdullayev
bu məsələ ilə bağlı bildirdi:
— 2009-cu ilin
“Uşaq ili” elan edilməsi ölkəmizdə uşaqların
fiziki və mənəvi sağlamlığının
möhkəmləndirilməsinə və inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısının
göstəricisidir. Son illərdə ölkə rəhbərliyinin əhalinin
rifahının yaxşılaşdırılması
istiqamətində qəbul
etdiyi geniş proqramlar uğurla həyata keçirilməkdədir.
Uşaq ili
ilə bağlı tədbirlər planının
da gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam
inkişafında səmərəli
rol oynayacağı şübhəsizdir. Planda uşaqların
sağlam inkişafı
üzrə geniş tədbirlər nəzərdə
tutulmuş və səhiyyə orqanlarının,
eləcə də sanitar - epidemiologiya xidmətinin qarşısında
ciddi vəzifələr
qoyulmuşdur.
Uşaq və yeniyetmələrin gigiyenası profilaktik təbabətin əsas sahələrindən biridir. Məqsəd yaşayış mühitinin
və fəaliyyət
şəraitinin uşaqların
sağlamlığına, funksional
vəziyyətinə və
fiziki inkişafına
təsirinin elmi əsaslarını öyrənmək,
orqanizmin normal inkişafına
nail olmaqdan ibarətdir.
Sirr deyil ki, patoloji
vəziyyətlərin bir
çoxu öz başlanğıcını uşaq
yaşlarından ətraf
mühitin zərərli
təsirindən götürür. Ona görə
də uşaqlara düzgün qulluğun, onların səmərəli
qidalanması, infeksiyalara
qarşı profilaktik
peyvəndlərin aparılması
böyük əhəmiyyət
kəsb edir. Uşaq və yeniyetmələrin müxtəlif
yaş dövrlərinə
bölünməsi, yəni
yenidoğulmuşlar (1-10 günlər),
körpələr (10 gün
— 1 yaş), erkən uşaqlıq (1-3 yaş),
ilkin uşaqlıq
(4-7 yaş), ikinci uşaqlıq (8-12 yaş)
və s. dövrlərdə
onlara qulluğun, qidalanmanın və təlim-tərbiyənin xüsusiyyətləri
nəzərə alınır.
Məktəbəqədər uşaq
müəssisələri, məktəblər,
uşaq evləri və digər mütəşəkkil uşaq
müəssisələrində sanitariya norma
və qaydalarına əməl edilməsi, uşaq və yeniyetmələrin sağlamlıq
vəziyyətinin öyrənilməsi,
onların qidalanmasına
nəzarət, sağlam
həyat tərzinin təbliği həyata keçirdiyimiz tədbirlərin
əsasında dayanır.
Xüsusən, uşaq və
yeniyetmələrin yoluxucu
xəstəliklərdən mühafizəsi məqsədi
ilə profilaktik peyvənd tədbirlərinə
böyük diqqət
yetiririk. Bunun nəticəsidir
ki, son illərdə uşaqlar arasında yoluxucu xəstəliklərin
səviyyəsi azalmış,
bir sıra xəstəliklər isə
ümumiyyətlə, qeydə
alınmamışdır.
Xüsusi diqqət mərkəzində
olan məsələlərdən
biri də uşaqların və yeniyetmələrin sağlamlıq
vəziyyətinin öyrənilməsidir. Bu tədbirin əsas məqsədi xroniki uşaq xəstəliklərinin
uçotu, orqanizmin aparıcı sistemlərinin
funksional vəziyyətinin,
ruhi inkişafının
səviyyə və xarakterinin, eləcə də cari xəstələnmə
vəziyyətinin aşkar
edilməsidir.
Uşaqların sağlamlıq vəziyyətinin
öyrənilməsi üçün
həkim-mütəxəssislərin iştirakı ilə tibbi baxışların keçirilməsi təmin
edilir. Nəticədə, uşaqlar sağlamlıq
vəziyyətinə görə
qruplara bölünürlər.
Belə bölünmənin nəticəsi
olaraq uşaqların müalicəsi və xəstəliklərin gələcək
inkişafının qarşısının
alınması üçün
profilaktik, sağlamlaşdırıcı
tədbirlər həyata
keçirilir.
Uşaqlar üçün qidalanmanın
səmərəliliyi, qida
rasionunun tamlığı
xüsusi əhəmiyyət
kəsb edir. Təəssüf ki, hazırda ölkəmizdə uşaqların
məktəbdə olduğu
dövrdə qidalanması
üçün normal şərait
yaradılmayıb. Ölkə üzrə
məktəblilərin dərs
zamanı yalnız
15-20 faizi xörəklərlə
təmin olunur. Uşaq bağçalarında
da rasional qidalanmanın yaxşılaşdırılmasına
ciddi ehtiyac var. Bu sahədə aşkar edilmiş nöqsan və çatışmazlıqlara
görə son vaxtlar uşaq və yeniyetmə müəssisələrində
işləyən 174 nəfərin
cərimə edilməsi
barədə qərar
çıxarılmış, 15 obyektin fəaliyyətinin müvəqqəti dayandırılması
barədə qərar
qəbul edilmişdir.
Gülçin QULİYEVA
Xalq qəzeti.- 2009.- 30 aprel.- S. 7.