Əhaliyə göstərilən xidmətlərin həcmi
artır, keyfiyyəti yüksəlir
Sosialyönümlü tədbirlər
əhalinin rifahını getdikcə
yaxşılaşdırır
İqtisadiyyatın dinamik inkişafı sosial sahəyə də öz müsbət təsirini göstərir. Bu, ölkənin istehlak bazarında da müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,5 faiz artaraq 8559,5 milyon manata çatmışdır. Artımın 69,4 faizi pərakəndə əmtəə dövriyyəsinin, 30,6 faizi əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranmışdır.
İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76 faiz və 24 faiz təşkil etmişdir. Yanvar-iyul aylarında özəl sektorun ticarət və xidmət fəaliyyəti genişlənərək istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutmuşdur. Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunmuş, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 138,5 manatlıq və ya 14,3 manat çox istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir.
Yanvar-iyul aylarında istehlakçılara göndərilmiş (ixrac da daxil olmaqla 3,5 milyon ton neft məhsullarının 60 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilmiş, 40 faizi isə ixrac olunmuşdur.
Hesabat dövründə pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6505,5 milyon manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 8,5 faiz çox istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir.
Bütün bunlar sosial sahədəki irəliləyişi, müsbət dəyişikliyi aydın göstərir. Əhaliyə göstərilən xidmətlərlə yanaşı, təhsil, mədəniyyət, səhiyyə və idmanda, sözün əsl mənasında, böyük dönüş yaranmışdır. Bu dinamika ölkənin sosial-iqtisadi strategiyasının, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, imzaladığı müvafiq proqramların, fərman və sərəncamların uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Son illər müasir dünya standartlarına cavab verən çoxsaylı sosial obyektlərin — səhiyyə, təhsil, idman, nəqliyyat, rabitə infrastrukturlarının, qaçqınlar üçün qəsəbələrin salınması, bir sözlə, ölkəmizin abadlaşdırılması və inkişafı ilə bağlı mühüm obyektlərin tikintisi, bu obyektlərin istismara verilməsi xalqın rifahının daha da yaxşılaşdırılması məqsədi daşıyır. Reallaşdırılan sosialyönümlü layihələr, həyata keçirilən möhtəşəm tədbirlər eyni zamanda əhalinin hakimiyyətə inamını daha da gücləndirir. Son beş il ərzində orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmışdır. Eyni zamanda, bu illər ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuşdur. Tələbələrin təqaüdləri 10 dəfə artmışdır. Dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.
Son altı ay ərzində sosial islahatlar da uğurla davam etdirilmiş, insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Artıq ölkədə ünvanlı sosial yardım alanların sayı 800 minə çatmış və orta hesabla hər bir ailəyə 100 manat yardım göstərilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən sosial tədbirlərin bir hissəsidir. Bu müddətdə əhalinin pul gəlirləri 19 faiz, orta əmək haqqı, təxminən 15 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir. Nəticədə, ötən altı ay ərzində 35 min yeni iş yeri açılmışdır ki, bunlardan da 25 mini daimidir.
Ötən il başlayan qlobal maliyyə-iqtisadi böhranın nəticəsində neftin qiymətinin büdcədə nəzərdə tutulduğu 70 dollara nisbətən real olaraq 40-50 dollara düşməsinə, ticarət dövriyyəsinin, habelə bank və qeyri-bank kreditləşməsinin kəskin azalmasına baxmayaraq, əvvəlki illərdə yaradılmış zəngin potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, 3,6 faiz artım əldə edilmişdir.
Bu ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon manat və ya 1,1 faiz çoxdur. Bu müddətdə vergi daxilolmaları proqnozu 80,8 faiz icra edilmiş və dövlət büdcəsinə 1 milyard 627 milyon manat vəsait daxil olmuşdur. Vergi daxilolmalarının 1 milyard 165 milyon manatı və ya 71,6 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 119 milyon manat və 11,4 faiz çoxdur. Altı ay ərzində büdcəyə gömrük daxilolmaları proqnozuna 100,1 faiz, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 76 milyon manat və yaxud 13,4 faiz çox əməl edilmişdir.
Bütün bunların nəticəsində ilin birinci yarısının icmal büdcəsinin gəlirləri 5 milyard 865 milyon manat, xərcləri isə 5 milyard 144 milyon manat olmuşdur. Hesabat dövründə bütün əsas investisiya layihələrinin, proqramların həyata keçirilməsi davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilmişdir. Bundan da 124 milyon manat sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, o cümlədən 29 milyon manat təhsil müəssisələrinə, 32 milyon manat mədəniyyət müəssisələrinə, 24 milyon manat idman müəssisələrinə sərf edilmişdir.
Bu ilin ötən aylarında infrastruktur sahələrin yenidən qurulması istiqamətində də tədbirlər davam etdirilmişdir. Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin, məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin inşası, Samur—Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz—Qəbələ—Bakı su kəmərinin, Bakı—Tbilisi—Qars dəmir yolunun tikintisi sürətləndirilmişdir. Bu, eyni zamanda Azərbaycan iqtisadiyyatının stabil şəkildə inkişaf etdiyini, mühüm layihələrin icrasında heç bir fasilənin yaranmadığını göstərir.
Ölkədə əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər sırasında əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması mühüm yer tutur. Qısa müddət ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılmış, bununla da 224 min nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur.
Xatırladaq ki, hazırda dövlət başçısının göstərişi ilə Xəzər sahilində yerləşən yaşayış məntəqələrində əhalinin dəniz suyunun şirinləşdirilməsi hesabına təmiz su ilə təmin olunması üçün pilot layihə hazırlanır. Bu, dənizin imkanlarından yararlanılmaqla, gələcəkdə ölkəmizi su qıtlığı ilə bağlı təhlükələrdən mühafizə etməyə imkan verəcəkdir.
Bu gün respublikamızda yol şəbəkəsi yenidən qurulur, müasirləşdirilir. Bu barədə Prezident İlham Əliyev demişdir: “Azərbaycanda, Bakıda tikilən yollar həm rahatlığı ilə fərqlənir, həm də gözəlliyi ilə. Bu iki komponent birləşəndə həm insanların normal yaşaması üçün, hərəkət etməsi üçün yaxşı şərait yaradılır, həm də ki, zövqlə tikilmiş gözəl körpülər, yol qovşaqları göz oxşayır”.
Yolların abadlaşdırılması ilə yanaşı, paytaxtın, rayonların siması da dəyişir, gözəlləşir. Bu işə dövlət başçısı xüsusi diqqətlə yanaşır. Hazırda ölkəmizə gələn qonaqlar da son illər respublikamızın hədsiz dərəcədə müasirləşdiyini, bu baxımdan inkişaf etmiş dövlətlərlə bir sırada dayandığını vurğulayırlar. Bununla əlaqədar Prezident İlham Əliyevin bir fikrinə diqqət yetirək: “Bakının və digər şəhər və rayonların abadlıq işlərinə bundan sonra da diqqət göstəriləcəkdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bu, birmənalı belədir və hər bir Azərbaycan vətəndaşı bunu qürur hissi ilə deyə bilər. Bakının tarixi simasını saxlamaq, bərpa etmək şərtilə yeni müasir infrastrukturun yaradılması, əlbəttə ki, şəhərimizə əlavə gözəllik verir. Bizim tarixi yerlərimiz – İçərişəhər bu gün öz tarixi simasını özünə qaytarır. Görülən tədbirlər nəticəsində İçərişəhər YUNESKO-nun, demək olar ki, qara siyahısından çıxarılıbdır. Eyni zamanda, orada təmir-bərpa işləri ancaq tarixi irsimizi nəzərə almaqla aparılmalıdır. İçərişəhər, eyni zamanda, turistlər üçün də rahat yer olmalıdır və turizmi inkişaf etdirmək üçün orada əlavə infrastrukturun yaradılması da nəzərdə tutulur. Ancaq orada yaradılan, inşa edilən hər bir obyekt ümumi tarixi irsimizə uyğun şəkildə olmalıdır”.
Bəli, ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə sosial məsələlər də öz həllini tapır, əhaliyə göstərilən xidmətlərin həcmi artır, keyfiyyəti yüksəlir, insanların həyat şəraiti yaxşılaşır, infrastruktur, xidmət sahələri yeniləşdirilir. Buna, yəni sosial siyasətə dövlət prioritet məsələ kimi yanaşır. Çünki Prezident İlham Əliyevin dediyi kimi, güclü iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə tətbiq edilməsi, bununla bərabər sosial məsələlərin uğurla həlli hökumətin sosial-iqtisadi siyasətinin əsas istiqamətidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-26 avqust.-S.1.