Heydər Əliyev fenomeni Azərbaycan dövlətçiliyi

 

Dövlətin beynəlxalq koordinatlar sistemində tutduğu mövqe onun aşağıdakı parametrlərə hansı səviyyədə uyğun gəlməsi ilə ölçülür: coğrafi şərait, əhalinin sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə qüdrəti, milli əxlaq.

Bu parametrlərdən savayı, daha bir son dərəcə əhəmiyyətli fenomenin dövlətin statusunun təyinatında rolu əvəzsizdir. Bu fenomen konkret dövlət liderinin şəxsiyyəti ilə bağlıdır. Xarizmatik lider təhlükə altında olan dövlətin xilaskarı funksiyasını yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı olur. Həmin funksiyanı Rusiyanın tarixində Böyük Pyotr, Prussiyanın tarixində Böyük Fridrix, ABŞ-ın tarixində Corc Vaşinqton və Avraam Linkoln, Türkiyənin tarixində isə Böyük Atatürk həyata keçirmişdir. Azərbaycanın çağdaş tarixində isə bu fenomen Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev feonomeninin məzmun və mahiyyətini ehtiva edən çoxsaylı əsərlər və tədqiqat işləri yazılmışdır. Zaman keçdikcə daha samballı araşdırmalar meydana gələcəkdir. Bu, aksiomadır. Nurlu və işıqlı insan olan Heydər Əliyevin siyasi fəaliyyətinin öyrənilməsində mümkünsüzlüyün haradan qaynaqlanmasının motivlərini, zənnimcə, anlamaq mümkündür. Bu, bəlkə də onunla bağlıdır ki, Tanrı fitrən nurlu yaratdığı bəndələrini məhz özünəbənzər cizgilərlə fərqləndirir. Heydər Əliyev də Tanrının səxavət payı ilə mükafatlanmış Böyük azərbaycanlıdır. O, çağdaş Azərbaycan dövlətçiliyinin banisidir. Azərbaycan dövləti, əslində Heydər Əliyevin şah əsəridir. Dövlətimizin dünyanın perspektiv geosiyasi konfiqurasiyasında yerinin və statusunun müəyyənləşdirilməsində, onun fiziki mövcudluğunu belə sual altına almış çoxsaylı təhlükə və qəsdlərin aradan qaldırılmasında Heydər Əliyev fenomeninin rolu intəhasızdır. Məhz Heydər Əliyev ölkə prezidenti olaraq Azərbaycanın bütövlüyünün təminatçısı olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cənubda qondarma “Talış Muğan Respublikası”nın, şimalda isə “Sadval”çıların separatizminin qarşısını qətiyyətlə ala bilmişdir.

Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olmuş (C.Vaşinqton, T.Cefferson və F.D.Ruzvelt ilə birlikdə) Avraam Linkoln (1861-1865) büstünün bağışlanması təsadüfi deyil, böyük rəsmi əhəmiyyəti olan hadisədir. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə (11 ştat) bütün hakimiyyəti dövründə mübarizə aparmalı olmuş (vətəndaş müharibəsi) və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdir. Amerikalılar indiyədək seçdikləri 43 prezidentdən yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimcə, ABŞ-ın Azərbaycan prezidentinə olan xüsusi münasibətlərinin motivlərini də elə məhz bunda axtarmaq lazımdır.

Bu gün ümummilli liderimiz Heydər Əliyev cismən aramızda olmasa da, onun hər birimizin qəlbində alovlandırdığı məşəl bir mayaka çevrilərək bələdçimiz olur, bizi Azərbaycan dövlətinin tərəqqisi naminə yeni-yeni zəfərlərə ruhlandırır. Onu da qeyd etmək lazımdır ki, ulu öndərin ən layiqli siyasi varisi, onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın tərəqqisi naminə gördüyü işlər və bu illər ərzində əldə etdiyimiz nailiyyətlərin qazanılması istiqamətində apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu günbəgün artır.

 

 

Sona Məmmədbəyova

 

Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 3.