Qloballaşma və milli dövlətlərin mənafeləri
(əvvəli ötən sayımızda)
Təbiidir ki, bu uyğunsuzluq
özünü müxtəlif ölkələrdə müxtəlif
dərəcədə göstərir. Çünki milli
dövlətlər qloballaşma proseslərini müxtəlif
dərəcədə həll ediblər, müxtəlif
“çəkiyə” malikdirlər, qlobal bazarlardan müxtəlif
dərəcədə “fayda” və ya “zərər” əldə
edirlər. Bütün bunlar isə mənafelər arasında
ziddiyyətin yaranmasını labüd edir. Çünki
xarici satış bazarlarından, xarici maliyyə
ehtiyatlarından, texnoloji və idarəçilik təcrübəsindən
güclülər daha çox istifadə edə bilirlər.
Ona görə də əsas makroiqtisadi göstəricilər
arasında fərq bir çox hallarda artmaqda davam edir.
Ona görə də
qloballaşmanın ümumbəşəri əhəmiyyət
kəsb edən problemlərindən biri bu prosesin ölkələr
arasında inkişaf səviyyəsi baxımından olan kəskin
fərqə necə təsir etməsi, qloballaşmanın
faydalarının ölkələr arasında necə
bölünməsi problemidir.
Müasir mərhələdə
heç bir dövlət həmin proseslərdən kənarda
qala bilməz. Lakin getdikcə daha çox dərk edilir ki, bəşəriyyətin
inkişafı üçün həyati əhəmiyyət kəsb
edən qloballaşmanın faydaları qeyri-bərabər
bölüşdürülür. Müasir beynəlxaq
siyasi-iqtisadi sistemində azsaylı inkişaf etmiş sənaye
ölkələri aparıcı rol oynayır. Texnoloji və
informasiya inqilabları iqtisadi inkişafın xarakterini dəyişmişdir.
Qabaqcıl sənaye ölkələri və müəyyən
dərəcədə orta inkişaf səviyyəsinə malik
olan ölkələr üçün rifah səviyyəsinin
artırılmasında yeni imkanlar daha çox
yaranmışdır.
Bununla yanaşı, tədqiqatlar
göstərir ki, ziddiyyətli mahiyyəti və sosial-iqtisadi
nəticələrinə baxmayaraq, XX əsrdə baş
vermiş elmi-texniki inqilablar inkişaf etməkdə olan
ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin
sosial-iqtisadi tərəqqisinə ciddi təsir göstərmişdir.
Faktlar da bunu əyani şəkildə sübut edir. Belə
ki, sənaye istehsalı XX əsr ərzində inkişaf etməkdə
olan ölkələrdə 21, 9 dəfə artdığı
halda, inkişaf etməkdə olan ölkələrdə 62, 1
dəfə artmışdır. Yalnız son 30 il ərzində
(1970-2000-ci illər) sonuncuların sənaye istehsalı 55 dəfə
artmışdır.
İnkişaf etməkdə olan
ölkələrdə sənayenin strukturunda da ciddi dəyişikliklər
özünü göstərmişdir. XX əsrin ikinci
yarısında inkişaf etməkdə olan ölkələrdə
məhsul istehsalının strukturunda emaledici sənaye məhsullarının
payı iki dəfədən çox artaraq 2000-ci ildə 55, 2
faiz təşkil etmişdir. Diqqəti belə bir cəhət
cəlb edir ki, bu proses qloballaşmanın geniş vüsət
aldığı 90-cı illərdə xüsusilə sürətlənmişdir.
Onu da nəzərə almaq
lazımdır ki, həmin struktur dəyişiklikləri bəzi
iqtisadçıların iddia etdikləri kimi heç də
materialtutumlu və əməktutumlu sahələr hesabına
baş verməmişdir. Belə ki, 1980-1998-ci illər ərzində
inkişaf etməkdə olan ölkələrin ixracatında
baza ehtiyatlarının (yanacaq nəzərə alınmasa)
payı 50,8 faizdən 19 faizə enmiş, əməktutumlu
hazır məhsulları isə müvafiq olaraq 21,8 faiz və
23, 2 faiz təşkil etmişdir. Həmin dövrdə
ixracatda yüksək texnolojitutumlu məhsulların xüsusi
çəkisi isə 11, 6 faizdən 31faizə yüksəlmişdir.
Sənaye ölkələrində
yaranmış zəngin hazır texniki potensialdan istifadə edərək,
zəif ölkələr öz inkişafını sürətləndirmək
imkanına malikdirlər. Adambaşına məhsul istehsalı
1970-2000-ci illər ərzində inkişaf etmiş ölkələrdə
1,7 dəfə artdığı halda, inkişaf etməkdə
olan ölkələrdə 2,5 dəfə
çoxalmışdır. 2000-2006-cı illərdə isə
ÜDM-in orta illik artım sürəti inkişaf etməkdə
olan ölkələrdə inkişaf etmiş ölkələrə
nisbətən xeyli yüksək olmuşdur.
Bununla yanaşı, real həyat
göstərir ki, qloballaşmanın bəhrələrinin ilk
olaraq güclü dövlətlər tərəfindən mənimsənilməsi
nəticəsində inkişaf etmiş ölkələrlə
inkişaf etməkdə olan ölkələr arasında fərq
azalmır, əksinə daha da artır. Bu haqda iqtisadi ədəbiyyatda
kifayət qədər dəlillər və faktlar mövcuddur.
Biz burada yalnız bir fakt üzərində dayanmağı məqdsədəuyğun
hesab edirik: adambaşına düşən ÜDM inkişaf
etməkdə olan ölkələrdə 1900-cü ildə
ABŞ səviyyəsində 11,3 faiz təşkil etdiyi halda,
2000-ci ildə 10,7 faizə enmişdir.
Onu da qeyd etmək lazımdır
ki, qloballaşmanın verdiyi imkanlardan bütün inkişaf
etməkdə olan ölkələr eyni dərəcədə
istifadə etmirlər. Dünya Bankının hesabatlarının
birində göstərilir ki, aşağı gəlir səviyyəsinə
malik olan Azərbaycan da daxil olmaqla 49 ölkədə
adambaşına ÜDM 1995-ci ildə 700 dollardan az olmuşdur.
Həmin göstərici üzrə bu dövlətlərin
böyük əksəriyyəti ABŞ səviyyəsinə
görə (1987-ci illə müqayisədə) xeyli geriləmişdir.
Lakin kamil bazar iqtisadiyyatı mexanizmi yaradaraq
qloballaşmanın üstünlüklərindən uğurla
istifadə edən bir çox zəif inkişaf etmiş
ölkələr isə (Cənubi Koreya, Tayvan, Honkonq, Sinqapur,
Çin və s.) sosial-iqtisadi tərəqqi yolunda sürətlə
irəliləyirlər. 2000-2006-cı illərdə
bütün dünya üzrə ÜDM-in orta illik artım
sürəti 2, 5-4, 8 faiz olduğu halda, bu ölkələrdə
7-8 faiz olmuşdur.
Nəticədə bu ölkələr
arasında da təbəqələşmə sürətlənir.
Onların arasında texnoloji inqilabların və yeni beynəlxalq
iqtisadi-maliyyə mühitinin verdiyi üstünlüklərdən
səmərəli istifadə edən ölkələr öz
inkişaf səviyyələrinə görə sənaye
ölkələri ilə aralarında olan fərqi aradan
qaldırırlar. Lakin təbii istehsal amillərindən istifadəyə
əsaslanan ölkələrdə vəziyyət ağır
olaraq qalmaqda davam edir, onların dövlət borcları
sürətlə artır, istehsalın strukturunda hasilat sənayesinin
payı yüksək səviyyədə qalır.
Keçid iqtisadiyyatı ölkələrində
mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan azad
bazar iqtisadiyyatına transformasiya prosesinin tarixdə analoqu
yoxdur və qloballaşma dövrünə təsadüf etdiyi
üçün olduqca mürəkkəbdir. Bu ölkələrdə
gedən proseslər iqtisadi münasibətlərin
qloballaşmasının ayrılmaz tərkib hissəsidir.
Qloballaşma dövründə isə dünyanın iqtisadi
inkişafında ciddi dəyişikliklər baş
vermişdir. İnformasiya inqilabı, kapital axınının
beynəlmiləlləşməsi iqtisadi inkişaf modelində
dərin keyfiyyət dəyişiklikləri
yaratmışdır. Ticarətin və maliyyə
bazarlarının liberallaşması bu ölkələr
qarşısında yeni perspektivlər açmaqla
yanaşı, yeni problemlər də yaradır. Bu ölkələrdə
ticarətin liberallaşması və maliyyə vəziyyətinin
sabitləşdirilməsi qapalı olan iqtisadiyyatın
açıq iqtisadiyyatla əvəz olunması prosesi ilə
paralel gedir. Bunun nəticəsində həmin ölkələr
beynəlxalq əmək bölgüsünə daha çox cəlb
edilir və onlarda xarici ticarət dövriyyəsi sənaye
istehsalına nisbətən çox sürətlə
artır.
Həmin ölkələrin gələcək
taleləri üçün əhəmiyyətli olan məsələlərdən
biri də odur ki, yerli və xarici sahibkarların milli bazarlara sərbəst
daxil olmaları və fəaliyyət göstərmələri
üçün şərait yaradılır. Kapital hərəkətinin
liberallaşması isə həmin ölkələrin yeni
yaranmağa başlayan bazarlarının dünya maliyyə
bazarlarının tərkib hissəsinə çevrilməsinə
səbəb olur. Xarici investorlar isə neft-energetika və
maliyyə sahəsində daha çox fəallıq göstərirlər.
Bu isə onlar tərəfindən göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşmasına səbəb olmaqla bərabər,
digər tərəfdən “asılı kapitalizm” adlanan hadisənin
baş verməsi ehtimalını artırır.
Qloballaşma prosesləri dərinləşdikcə
inkişaf etmiş ölkələrlə inkişaf etməkdə
olan ölkələr arasındakı münasibətlər
“Vaşinqton konsensusu” adlanan sənəddə cəmləşmiş
tövsiyələr (BVF, Dünya Bankı və digər beynəlxalq
təşkilatların) əsasında formalaşmağa
başlamışdır. Həmin sənəddə adı
çəkilən ölkələrə tövsiyə edilir
ki, onlar bank, xarici ticarət, xarici investisiyalar haqqında
qanunvericiliyi daha da liberallaşdırsınlar, vergiləri və
büdcə xərclərini ixtisar etsinlər,
genişmiqyaslı özəlləşdirmə tədbirlərini
həyata keçirsinlər, inflyasiyanın
qarşısını qətiyyətlə alsınlar və
maliyyə vəziyyətlərini sabitləşdirsinlər,
xarici borcları restruksizasiya etsinlər. Bu tövsiyələr
C.Stinqlisin göstərdiyi kimi, standart xarakter
daşıyır və heç də istənilən müsbət
nəticəni vermir: “BVF-nin bazarların
özü-özlüyündə kənar müdaxilə
olmadan səmərəli fəaliyyət göstərməsi
kimi köhnəlmiş fikirlərə əsaslanan siyasi kursu
bazar iqtisadiyyatının düzgün istiqamətləndirilməsinə
və əhalinin maddi rifah halının yüksəldilməsinə
səbəb ola biləcək arzu olunan dövlət müdaxiləsinə
imkan yarada bilməmişdir. ”
İnkişaf etməkdə olan
ölkələrdə mövcud köklü problemlərin həlli
üçün inkişaf etmiş ölkələrin və
beynəlxalq təşkilatların liberal görüşlərə
əsaslanan tövsiyələri ciddi tənqidə məruz
qaldığı üçün “Vaşinqton konsensusu”nun bir
sira müddəaları yenidən nəzərdən
keçirildi. Bu zaman liberal postulatların bir sıra radikal
müddəalarından əslində imtina edildi və yeni
islahat tədbirləri hazırlandı. Bu tövsiyələr
(müəllifi C. Stinqlis) “Postvaşinqton konsensusu” adını
aldı. Bu zaman əvvəl verilmiş tövsiyələr (məsələn,
inflyasiyanın boğulması, dövlət mülkiyyətinin
irimiqyaslı özəlləşdirilməsi, ticarət və
maliyyə bazarlarının liberallaşdırılması,
xarici borcların restruksizasiyası və liberal siyasətin digər
“alətləri” vasitəsilə maliyyə sabitliyinin
yaradılması) yenidən nəzərdən keçirildi.
İnkişaf etməkdə olan ölkələrdə
dövlət-bazar münasibətlərinə bu sənəddə
yenidən baxıldı.
Sənaye cəmiyyətindən
postsənaye cəmiyyətinə keçidin təkamül
yolu ilə hərəkət etməsinə baxmayaraq bu proses
ölkə daxilində ciddi disproporsiya və konfliktlər
yaradır. Bu, özünü bir çox maddi istehsal sahələrinin
məhsullarına dünya bazarlarında tələbin
azalması ilə əlaqədar olaraq struktur və peşəkar
işsizliyin artması ilə büruzə verir. Sənayeləşmə
sürətləndikcə əksər sənaye sahələrində,
xüsusən xidmət bölməsində azixtisaslı
işçilərə tələbat da azalır. Cəmiyyətin
yüksək bilik və təhsilə yiyələnmiş
postsənaye hissəsi ilə azixtisaslı hissəsi
arasında ziddiyyət yaranır və getdikcə dərinləşir.
Beləliklə, qloballaşma istər
dünya miqyasında, istərsə də ölkə daxilində
keyfiyyətcə yeni iqtisadi və maliyyə mühitinin
formalaşmasına yol açmışdır. Mütəxəssislərin
əksəriyyəti hesab edir ki, beynəlxalq iqtisadi münasibətlərin
liberallaşması eyni tipli qanunlarla idarə olunan, vahid və
yaxud yüksəkdönərli ödəmə vasitələrindən
istifadə edilən vahid və yekcins qlobal bazar məkanının
yaranmasını sürətləndirir. İqtisadiyyatın
dövlət tənzimlənməsi nəticəsində
ölkələrarası mövcud maneələr getdikcə
aradan qaldırılacaqdır. Bu isə rəqabətin qlobal
xarakter almasını təmin edəcək, dünya
ehtiyatlarından daha səmərəli istifadə edilməsinə
səbəb olacaqdır.
Qloballaşma proseslərinin həm
ölkələr, həm də fəaliyyət sahələri
baxımından qeyri-bərabər nəticələri təsirli
milli dövlət modelinin formalaşdırılmasını və
inkişaf etdirilməsini tələb edir. Bu baxımdan
dövlətin 3 mühüm funksiyasının təkmilləşdirilməsi
vacibdir:
1. Dövlətin texnoloji
infrastruktur və insan kapitalının
formalaşdırılması sahəsindəki strateji
funksiyası. Qloballaşma prosesində ölkələrin
texnologiya və insan kapitalı sahəsində infrastrukturunun
yenilənməsi və inkişaf etdirilməsi xüsusi əhəmiyyət
kəsb edir.
2. Dövlətin bazarları və
rəqabət tənzimləyici funksiyası – dövlətin
bazarları, xüsusən bank sistemini və maliyyə strukturunu
tənzimləyən funksiyasının əhəmiyyəti
son dərəcə artmışdır. Son dövrlərdə
maliyyə sahəsində özünü göstərən dərin
dünya böhranları (1998-2008) onu göstərdi ki, maliyyə
sektorunda dövlətin tənzimləyici rolu zəif olan
ölkələr həmin böhranlardan daha çox itki ilə
çıxırlar.
3. Dövlətin bölgü sahəsindəki
funksiyaları – qloballaşma prosesinin qeyri - bərabər
gedişi istər ölkələr arasında, istərsə
də ölkə daxilində gəlir bölgüsünün
tənzimlənməsini tələb edir.
Dünyamalı Vəliyev,
Azərbaycan Universitetinin kafedra müdiri,
iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 3.