Hacıqabul: əhalinin sosial müdafiəsi daha da gücləndirilir
Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər, şübhəsiz ki, öz
bəhrəsini verir. Bu, ilk növbədə insanların,
xüsusilə də aztəminatlıların
yaşayış tərzində özünü göstərir.
Əlamətdar haldır ki, Hacıqabul rayonunda da bu sahəyə
xüsusi diqqət və həssaslıqla yanaşılır.
Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon
şöbəsinin müdir əvəzi Hacıağa
Qasımovun bildirdiyinə görə, rayonda əmək
pensiyaçılarının sayı 7068 nəfərdir. Onlardan
4572-si yaşa, 1574-ü əlilliyə, 922-si isə ailə
başçısını itirməyə görə pensiya
alır.
Sosial sığorta
ayırmaları üzrə proqnoz tapşırıqların
artıqlaması ilə yerinə yetirildiyini xüsusi
vurğulayan H.Qasımovun sözlərinə görə, bir
rüb ərzində əmək pensiyalarının ödənilməsi
üzrə təqribən iki milyon (bir ay üçünsə
altı yuz altmış altı min) manata yaxın vəsait sərf
edilir. Bu məbləğin bir milyon yeddi yüz on altı min
manatı işləməyən, iki yüz səksən
dörd min manatı isə işləyən əmək
pensiyaçılarına xərclənir. Həmçinin əmək
qabiliyyətini müvəqqəti itirməyə, hamiləlik
və doğuma, yeni doğulmuş, eləcə də
üç yaşınadək uşaqlara qulluğa görə
və dəfn üçün müavinətlər mütəmadi
olaraq təyinatı üzrə xərclənir. Bütün
bunların ölkə başçısı İlham Əliyevin
vətəndaşlara göstərdiyi diqqət və
qayğının birbaşa təzahürü olduğunu və
bu sahədə işlərin müasir tələblər səviyyəsində
qurulması üçün DSMF-nin və rayon icra hakimiyyətinin
yaratdığı əlverişli şəraiti minnətdarlıqla
qeyd edən H.Qasımov əminliyini də bildirdi ki, ulu öndər
Heydər Əliyevin “İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir” sözləri məhz
bu günümüzün gerçəkliyidir və buna
görə də təqaüdlər gələcəkdə də
artırılacaq.
Bu gün Azərbaycan
Respublikasında orta pensiyanın 100 manat səviyyəsində
olduğunu və ildən-ilə artdığını deyən
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru
Xalis Həsənovun bildirdiyinə görə, Mərkəz
ümumilikdə 4842 nəfərə müxtəlif növlər
üzrə sosial müavinət xidmətləri göstərir.
Sosial pensiya üzrə 606 nəfərə, ailə
başçısını itirməyə görə 186 ailəyə
(370 uşağa), ümumi səbəbdən əlilliyə
görə 802 nəfərə, uşaqlıqdan əlilliyə
görə 334 nəfərə, 164 nəfər müharibə
iştirakçısına, Milli Qəhrəman və şəhid
ailələri və dövlət qulluqçuları — 35 nəfərə
sosial müavinətlərin vaxtında və problemsiz ödənilməsi
üçün bütün zəruri tədbirlər
görülür. Aztəminatlı ailələrə dövlət
qayğısının təzahürü kimi 2006-cı ilin
iyul ayının 1-dən ünvanlı dövlət sosial
yardımı mexanizminin işə
salındığını bildirən mərkəzin direktoru
ilin əvvəlindən bu məqsədlə 1214 ailənin
müraciət etdiyini, 1047-sinin müraciətinin qeydiyyata
alındığını, 980 ailəyə ÜDSY təyin
olunduğunu da nəzərə çatdırdı. Şəhid
ailələrinin, müharibə və Çernobıl qəzasının
nəticəsinin aradan qaldırılması
iştirakçılarının, pensiyaçıların
müxtəlif müalicə sanatoriyalarında müalicə
olunmaları üçün də vəsaitlər xərclənmişdir.
X.Həsənov bildirdi ki, son illər Hacıqabul rayonunda
inkişaf göz qabağındadır, həyat canlanır,
yeni-yeni müəssisələr işə salınır,
iş yerlərinin sayı artır. Sözsüz ki,
bütün bunlar da əhalinin güzəranına müsbət
təsir göstərir.
Əlbəttə, əhali
bütün müavinətlərini plastik kartlar vasitəsilə
bankomatlardan alır. Hacıqabulda bu işi şəbəkəsinə
və kapitalına görə ölkənin ən nüfuzlu
banklarından olan “Kapitalbank” həyata keçirir. “Kapitalbank”ın
rayon şöbəsinin müdiri Ayət Nadirovun məlumatına
əsasən, hazırda rayonda 11611 nəfər plastik kartdan
istifadə edir. Bankın özündə, əhalinin sıx
yaşadığı yerlərdə — Heydər Əliyev
prospektində və Muğan qəsəbəsində
üç bankomat quraşdırılıb. Yaxın gələcəkdə
Rəncbər, Qubalı, Atbulaq, Qızılburun kəndlərinin
əhalisinin rahatlığını təmin etmək məqsədilə
Navahı qəsəbəsində də bankomat
quraşdırılacaq. Əhalinin bankomatlar vasitəsilə
pullarını alması üçün heç bir problem
yoxdur. Bankomatlar baş idarə və yerli bank tərəfindən
nəzarətdə saxlanılır və texniki problemlərin
yaranmaması üçün bütün zəruri tədbirlər
görülür. A.Nadirov xüsusi vurğuladı ki,
müştərilərin etimadını doğrultmaq əsas
prinsipimizdir və zənnimcə, işimizlə buna nail
olmuşuq. Dövlət başçımız, möhtərəm
İlham Əliyevin fəaliyyətinin əsas xəttini
insanların sosial rifahını daha da
yaxşılaşdırmaq təşkil edir və biz də
bunu özümüzə örnək seçmişik.
Səməd Hüseynoğlu
Xalq qəzeti.- 2009.- 27 avqust.- S. 5.