90 il xalqın xidmətində

 

(əvvəli ötən sayımızda)

 

Qəzetin birinci rəsmi redaktoru vəzifəsinə Əli Heydər Qarayev, məsul katib vəzifələrinə isə Seyid Cəfər Cavadzadə (Pişəvəri) və Nemət Bəsir Hacıyev təyin edilmişdilər.

Ə.H.Qarayev bir neçə dəfə fasilələrlə qəzetin məsul müdiri (redaktoru) təyin edilmiş, bəzən də Azərbaycan K(b)P MK-nın göstərişi ilə, sadəcə olaraq, qəzetə nəzarət etmiş, bir növ, senzor funksiyasını yerinə yetirmişdir. Çox ziddiyyətli bir şəxs olan Ə.H.Qarayev ilk vaxtlar hərbi-dövlət işləri və siyasi intrıqalarla daha çox məşğul idi. Buna görə də “Kommunist” qəzetindəki iş bir qədər ikinci plana keçmişdi. Lakin o, qəzetə ikinci dəfə redaktor təyin olunduqdan sonra (1922-ci il yanvarın 3-dən mayın 18-dək) “can-başla işə qoşularaq” həm redaksiyada, həm də ümumiyyətlə jurnalistlər arasında “millətçi”ləri – Azərbaycan ziyalılarının ən yaxşı nümayəndələrini axtarıb-tapıb, təqib etməyə başladı.

Ə.H.Qarayev sonralar da belə işlərlə məşğul olmuşdu. Məsələn, 1922-ci il martın 2-də o vaxtkı daxili işlər komissarı Həmid Sultanovun “Yoxsul” imzası ilə məqaləsi dərc olunmuşdu. Məqalədə 1912-ci ildən 1922-ci ilə qədər Azərbaycandan Rusiyaya aparılan konkret məhsullar haqqında arxiv sənədlərinə əsaslanan məlumat verilirdi. Eyni zamanda göstərilirdi ki, aparılan çeşidli məhsulların əvəzində Rusiyadan Azərbaycana ərzaq məhsulları adı ilə qapısı möhürlü boş vaqonlar gətirilirmiş. Əvvəllər belə şeylərin mövcudluğundan xəbərsiz olan müəllif ümidlə bildirirdi ki, sovet hakımiyyəti illərində daha bu sayaq hallara yol verilməyəcək. Ertəsi gün, 1922-ci il martın 3-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosunun xüsusi iclasında H.Sultanov tutduğu vəzifədən azad edildi və elə iclasdaca həbs olundu. Ə.H.Qarayev isə “ilan yuvası” olan “Kommunist” qəzeti redaksiyasını “millətçi ünsürlərdən təmizləmək” üçün növbəti tapşırıq aldı.

1924-cü il aprelin 18-də Azərbaycan K(b)P MK-nin ikinci katibi, 27 yaşlı gənc vətənpərvər Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” adlı məqalə ilə çıxış etdi və bildirdi ki, partiyanın milli məsələyə dair göstərişləri yerinə yetirilmir, əksinə, Azərbaycanda milli fəhlə kadrlarının hazırlanmasının qarşısı alınır, azərbaycanlılar fabrik və zavodlarda ayrı-seçkilik nəticəsində işə qəbul edilmirlər və bununla da milli məsələ nəzərdə tutulanın 0,01%-i qədər də yerinə yetirilməyib.

Cəmi bir neçə gün sonra – 1924-cü il aprelin 27-də öz işinə başlayan XIII Bakı partiya konfransı gündəlikdəki məsələləri unudub, iki günlük işini Əyyub Xanbudaqovun “millətçiliyini” araşdırmağa həsr etdi və Ə.H.Qarayevə tapşırıldı ki, “Kommunist” qəzetinin redaksiyasında kök salmış sovet hakimiyyəti düşmənlərini – millətçiləri üzə çıxarıb tapsın.

Ə.H.Qarayev qəzetin redaktoru Həbib Cəbiyevi müəyyən müddətə tutduğu vəzifədən kənarlaşdırıb, sözün tam mənasında redaksiyanı yüksək mədəniyyətli Azərbaycan ziyalılarından təmizləməyə başladı. O, ziyalıların bir çoxunu xırda burjuaziyanın əlaltısı adlandırmış, bir qismini işdən qovmuş, bir qismini isə tənbeh etmişdi. Ə.H.Qarayevin güdazına gedənlər arasında Əbdürrəhim bəy Haqverdiyev, Salman Mümtaz, Akif Səfvət, Cahangir Nağıyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kermanşahlı və b. var idi.

Bununla belə, Ə.H.Qarayev eyni zamanda ən məhsuldar müəlliflərdən biri idi və müxtəlif mövzularda olan yazıları ilə tez-tez qəzet səhifələrində çıxış edirdi.

Qəzetin ikinci rəsmi redaktoru Ağababa Yusifzadə olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). O, təkcə “Kommunist” qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi. 1921-ci il martın sonlarında Ağababa Yusifzadə böhtan atılaraq arvadını öldürməkdə günahlandırılır və məsuliyyətə cəlb edilir, lakin xeyli sonra o, bəraət alır.

Qəzetin üçüncü rəsmi redaktoru Böyükağa Talıblı idi (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). B.Talıblı xalq ədliyyə komissarı vəzıfəsinə təyin edildiyindən qəzetdən getmiş, lakin onunla əməkdaşlığını davam etdirmişdir.

Qəzetin ən populyar redaktoru Həbib Cəbiyev olmuşdur. O, 4 dəfə fasilələrlə (1921-ci il mayın 2-dən 1922-ci il yanvarın 2-dək, 1923-cü il iyulun 20-dən 23-dək, 1923-cü il oktyabrın 11-dən 1924-cü il martın 17-dək, 1924-cü il mayın 10-dan 1927-ci il iyulun 27-dək) bu vəzifədə çalışmışdır. Həbib Cəbiyevin sayəsində qəzet bütün sahələrdə inkişaf etmiş, respublikanın rəhbər dairələrini ona diqqət yetirməyə və onunla hesablaşmağa sövq etmişdir. Cəbiyev cəsarətli rəhbər idi və tez-tez polemik məqalələr dərc edirdi ki, bunlar da dəfələrlə onun müəyyən müddətə işdən kənarlaşdırılmasına səbəb olmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, Həbib Cəbiyev 1924-cü ilin aprelində Azərbaycan K(b)P MK katibi Ə.Xanbudaqovun məlum məqaləsini dərc etdikdən sonra “yuxarıların” intriqaçı dəstəsi - S.M.Kirov, L.Mirzoyan, Ə.H.Qarayev və başqaları milli özünüdərkin inkişaf etdırilməsini istəyən Azərbaycan ziyalılarına qarşı açıq və güclü hücuma keçdilər. Milli ziyalılar millətçilikdə və pantürkizmdə günahlandırılırdılar. Onlardan tələb olunurdu ki, milli vətənpərvərliyi ümumittifaq vətənpərvərliyi ilə əvəz etsinlər, ümumittifaq kosmopolitizminə keçsinlər və açıq elan etsinlər ki, onların bir ümumi vətənləri var, o da SSRİ-dir.

Həbib Cəbiyev 1926-cı ilin ikinci yarısından “böhtançı üçlükdən” - Levon Mirzoyan, Əli Heydər Qarayev və Dadaş Bünyadzadədən çəkinməyə başlayır.

Bu üçlük 1927-ci ildə müvəqqəti olaraq Mircəfər Bağırov kimi qüdrətli rəqib üzərində qələbə çaldıqdan sonra isə Həbib Cəbiyev öz millətçilik əqidəsindən tamamilə əl çəkir və “Kommunist”in səhifələrində tanınmış şair və yazıçıların, publisistlərin yazılarının dərc olunması nadir hadisəyə çevrilir. Hətta, bu dövrdən etibarən Həbib Cəbiyevin özü də “təhlükəli türk millətçiliyi”nin təzahürlərindən yazmağa başlayır. İndi qəzetin bütöv səhifələri beynəlxalq mövzulara və reklamlara həsr edilir, səhifələrin nə iləsə doldurulmasına çalışılır. Hətta ən yaxşı fəhlə və kəndli müxbirlərinin, ziyalıların nümayəndələrinin yazıları qəzalar üzrə icmal şəklində dərc edilir. Tanınmış ziyalı müxbirlərin bir çoxu “Kommunist” qəzetindən soyuyub, daha ona yazı göndərmirlər. Bunlardan Murtuza Nağıyevi, Əhməd Rəcəblini, Əli Vəliyevi, Əfrasiyab Bədəlbəylini və b. göstərmək olar. Bu dövr “Kommunist” qəzetinin böhranlı dövrü idi.

Lakin ehtiyatlanmaq Həbib Cəbiyevi xilas edə bilmədi. 1927-ci ilin yazında o, hücumlara məruz qaldı və bu dəfə birdəfəlik olaraq qəzetdən uzaqlaşdırıldı. Özünün, dostlarının və qohumlarının dəfələrlə Azərbaycan K(b)P MK-ya müraciətindən sonra ağır vərəm xəstəliyindən müalicə olunmaq üçün ona cüzi miqdarda vəsait ayrıldı.

Qəzetin beşinci redaktoru Ruhulla Axundov olmuşdur (1922-ci il mayın 19-dan 1923-cü il iyulun 19-dək). O, yaxşı tərcüməçi və redaktor idi, amma daha çox MK-da işləməyə meylli idi və onun MK-ya göndərdiyi çoxsaylı yazılı ərizələri bunu sübut edir.

1927-ci il noyabrın 21-dən qəzeti Yusif Qasımov və Əhməd Triniç birlikdə redaktə etməyə başladılar. Rəsmi olaraq Y.Qasımov redaktor təyin edilmişdi, əslində isə onun redaksiyadakı işi hiss olunacaq əhəmiyyətə malik deyildi və işin bütün ağırlığı əvvəllər qəzetin məsul katibi olmuş, indi isə redaktorun müavini təyin edilən Ə.Triniçin (təxəllüsü – “Bədi”) üzərinə düşmüşdü. Qəzeti onların hər ikisi birlikdə imzalayırdılar. Triniç əslən albaniyalı idi və İstanbulda universitet təhsili almışdı. Partiya fəallarından idi, kommunizm ideyalarına fanatikcəsinə inanırdı, sərt tədbirlər tərəfdarı idi. Öz məqalələrində ehtiyatsızlıq ucbatından cüzi qeyri-bolşevik deyimlər işlətmiş şəxsləri tam kəskinliyi ilə tənqid edirdi və onların güdaza getmələrində günahı az olmamışdı.

Redaktorlar, bir qayda olaraq, Azərbaycan K(b)P Mərkəzi Komitəsi tərəfindən təyin olunurdular. Azərbaycan K(b)P Mərkəzi Komitəsi və Bakı Komitəsinın rəhbər dairələrində baş verən çoxsaylı dedi-qodu və intriqalar müxtəlif səviyyələrdə tez-tez kadr dəyişmələrinə səbəb olurdu. “Kommunist” qəzetində də belə idi - 1920-ci il mayın 30-dan 1922-ci il mayın 19-dək qəzetə 8 (səkkiz –!) redaktor təyin edilmişdi.

Bir sıra hallarda “Kommunist” qəzeti ilə bağlı sənədlərdəki məlumatlar bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Bəzən, redaksiyaya təyin edilmiş redaktor təkrar təyin edilir, yaxud da redaksiyaya çatmamış, başqası ilə əvəz edilirdi. Məsələn, Azərbaycan K(b)P MK-nın Siyasi və Təşkilat bürolarının 1922-ci il yanvarın 3-də birgə keçirdikləri iclasın 1 saylı protokolunda göstərilir ki, “Türkcə ”Kommunist" qəzetəsinin müdiri Əli Heydər Qarayev, onun müavini isə M.S.Ordubadi təyin edilir”. Azərbaycan K(b)P MK-nın Təşkilat bürosunun 1922-ci il 28 yanvar tarixli iclasının 1 saylı protokolunda, yəni ilkin təyinatdan 25 gün sonra göstərilir ki, “Türkcə ”Kommunist" qəzetəsinin müdiri Ə.H.Qarayev təyin edilir". Redaktorların dəyişdirilməsi məsələsi başqa sənədlərdə də öz əksini tapıb. Məsələn, Azərbaycan K(b)P MK Plenumunun 1923-cü il 16 mart tarixli iclasında R.Axundov redaktor təyin edilmişdir.

Tədqiq olunan dövrlə bağlı sonuncu dəyişdirilmə 1927-ci il iyunun 20-də Həbib Cəbiyevin tutduğu vəzifədən azad edilməsi və 1927-ci il noyabrın 19-da yeni redaktor – Yusif Qasımov və onun müavini Əhməd Triniçin təyin edilməsidir. Bir məsələni də qeyd edək ki, protokollarda göstərilən təyinatlarla qəzetin səhifələrində redaktorların özlərinin imzaları arasında da xeyli fərq var və bu, redaktorların 1920–1928-ci illərdəki fəaliyyətləri ilə bağlı təqdim etdiyimiz cədvəldən daha aydın görünür.

 

Redaksiyanın strukturu

 

Məhsuldar fəaliyyət göstərilməsi üçün qəzetin strukturunun da böyük əhəmiyyəti vardır. Bu barədə məlumatı qəzetin öz səhifələrindən, əsasən də yubiley nömrələrindən əldə etmək mümkündür.

Yübiley günlərinə xüsusi nömrələr həsr edilirdi. 1923-cü il dekabrın 30-da qəzetin 1000-ci, 1927-ci il mayın 5-də isə 2000-ci nömrəsi çapdan çıxmışdır. 18 səhifədə və rəngli nəşr olunan mininci nömrənin “İdarəmizin güzgüsü” adlanan əlavəsində qəzetin özü barədə – strukturu, redaktorları, əməkdaşları, fəhlə-kəndli müxbirləri haqqında məlumat vardır.

Azərbaycan SSR, ZSFSR və SSRİ rəhbərləri, “Rote fane”, “Humanite”, “Pravda”, “İzvestiya”, “Zarya Vostoka” və s. bu kimi bir çox xarici və sovet nəşrləri “Kommunist” qəzetini təbrik etmişdilər.

Yubileylə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komıtəsinin Rəyasət Heyəti Azərbaycanın zəhmətkeş kütlələrinin maarifləndirilməsi sahəsindəki fəaliyyətinə görə qəzeti 1923-cü il dekabrın 2-də “Qırmızı Əmək Bayrağı ordeni” ilə təltif etmişdi. Bundan əlavə, ona hökumət adından Xalq Komissarları Sovetinin vəsaitindən 10 min çervon rubl maddi yardım göstərilmişdi. Bu sayda 1923-cü ilin on ayı ərzində alınmış və dərc olunmuş məqalələrin diaqramları, əməkdaşların və müxbirlərin və s. fotoşəkilləri də çap edilmişdir.

Qəzetin 2000-ci nömrəsi 12 səhifədə çıxmışdır. Bu sayda respublikanın həyatına dair, əməkdaşların iş şəraiti ilə bağlı, eləcə də alınmış və çap olunmuş məktublar barəsində mühüm məlumatlar vardır.

Bəzən yubiley günlərində qəzetin iki nömrəsi – səhər və axşam buraxılışları çıxırdı. Məsələn, 1927-ci il aprelin 28-də 6 səhifəlik səhər, 4 səhifəlik isə axşam nömrələri çıxmışdır. Həmin saylarda əsas etibarı ilə partiya-hökumət işçilərinin xatirələri çap olunmuşdur.

1923-cü ildə “Kommunist” qəzetinin 11 şöbəsi var idi: partiya, zəhmətkeşlər sütunu, maarif, ədəbiyyat, Sovet Azərbaycanı, bədii, həmkarlar hərəkatı, yerli informasiya, mətbuat, qızıl əsgər həyatı, informasiya (teleqraf).

“İdarəmizin güzgüsü” adlı yubiley əlavəsində qəzetin əməkdaşları və müxbirləri haqqında da məlumat vardır. Bundan əlavə, hər il mayın 5-də - kommunistlərin mətbuat günündə redaksiyanın əməkdaşları və işçilərinin iş şəraiti haqqında məlumatlar dərc edilirdi.

Qəzetdə tərcüməçilər Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn (Sadıqzadə), Seyid Cəfər Cavadzadə (Pişəvəri), eləcə də digər əməkdaşlar - Xəlil İbrahim(ov), A.Ağakişiyev, Bağır Hacızadə, Əhməd Hacınski, A.H.Dadaşov, Y.Yusifzadə, Cavad Cavadlı, Əlıağa Əlizadə, M.H.Mirmövsümov, Şövkət Məmmədov, Ə.P. Hüseynzadə, T. Məlikov, Hacı Səlim Səyyah (Qasımzadə), Fərhad Ağazadə, Qədir Heydərov, Əziz Nuri, Musa Şəmsəddinski, Əsəd Tahir(ov), Sergey İnqulov və b. da çalışırdı.

Yuxarıda verilmiş natamam siyahıdan göründüyü kimi, qəzetdə tanınmış jurnalistlər, yazıçılar, şairlər çalışırdılar. Qəzetlə əməkdaşlıq edən jurnalist və publisistləri də nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycan ədəbiyyatının, ziyalılarının ən yaxşı və tanınmış xadimləri, hər cür təqiblərə və sıxışdırmalara baxmayaraq, bu qəzetin ətrafında cəmləşərək, onu Cənubi Qafqazın ən yaxşı qəzetinə çevirə bildilər.

1924-cü ildə Tiflisdə Cənubi Qafqaz mətbuatının sərgisi keçirildi və “Kommunist” qəzeti ən yaxşı təmsil olunmuş qəzet kimi fərqləndirildi. Bununla əlaqədar olaraq, “Zarya Vostoka” qəzeti 1924-cü il mayın 7-də yazırdı ki, “indi türkcə ”Kommunist" qəzeti SSRİ-nin ən yaxşı qəzetlərindən biridir".

Qəzetlə əməkdaşlıq edən dövlət xadimləri və publisistlərdən Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Tağı Şahbazi (Simurğ), Müseyib Şahbazov, Əliəkbər Heydərli, Zinətulla Nuşirəvanov, Əliağa Vahid, Hacıbaba Nəzərli, Əli Nazim, Cahangir Nağıyev, Mahmud Xanbudaqov, Əyyub Xanbudaqov, Mustafa Quliyev, Əhməd Rəcəbli, Rzaqulu Nəcəfov, Ənvər Qasımzadə, Murtuza Nağıyev və b. adlarını çəkmək olar. Azərbaycan ziyalılarının görkəmli nümayəndələri - Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Salman Mümtaz Əsgərov, Ömər Faiq Nemanzadə, Əliabbas Müznib Mütəllibzadə həmişə təqiblərə məruz qalırdılar, bununla belə, “Kommunist” qəzeti ilə tez-tez əməkdaşlıq edirdilər. Həbib Cəbiyev bəzən riskə gedərək onlarla əməkdaşlığı davam etdirir və vaxtaşırı yazılarını qəzetdə dərc etdirirdi.

Qəzetdə çalışan gözəl yazıçı, tarixi romanlar müəllifi olan M.S.Ordubadi eyni zamanda Azərbaycanın ən yaxşı publisistlərindən biri idi. “Yeni yol” qəzetinə redaktor təyin edilənədək (1922) Ordubadi hər gün, bəzən müxtəlif mövzularda yazılmış bir neçə məqalə ilə, özü də həm nəsr, həm də nəzmlə qəzetdə çıxış edirdi. M.S.Ordubadi digər qəzet və jurnallarda da tez-tez çap olunurdu. Amma, təəssüf ki, xalq arasında o, əsasən yazıçı kimi tanınır, jurnalistlik fəaliyyəti isə yalnız mütəxəssislərə - jurnalistlərə, filoloqlara bəllidir. Bu, müəyyən mənada onunla bağlıdır ki, həmin illərdə mətbuatımız indiki nəslin bilmədiyi ərəb, sonralar isə orta nəslin pis bildiyi latın əlifbası ilə nəşr olunurdu.

M.S.Ordubadi yazdığı baş məqalələrdə və felyetonlarda köhnəliyin qalıqlarına və cəhalətə qarşı mübarizə aparır, günün ən vacib məsələləri üzrə yazılar dərc etdirirdi. Onun iş günü səhər saat 8-dən axşam saat 8-ə qədər idi. Özünün 1923-cü il oktyabrın əvvəllərində AK(b)P BK-ya göndərdiyi məktublarının birində xahiş edirdi ki, iş günü 12 saat olmaqla redaksiyada saxlasınlar, təki əlavə kənar işlərdən azad etsinlər.

Onun yazdığı baş məqalələr, bir qayda olaraq, təxəllüssüz - Məmməd Səid Ordubadi, Məmməd Səid, M.S.Ordubadi, Ordubadi, M.S. imzaları ilə, şeirləri, mənzum və nəsrlə olan “Xırda felyeton”lar, “Xırım-xırda” rubrikasındakı felyetonları “Hərdəm-xəyal”, “Xırdavatçı”, “Feljetonçu” təxəllüsləri ilə çap olunurdu. Sonralar, “Yeni yol” qəzetində redaktor işləyən M.S.Ordubadi, müasir orfoqrafiyamızın formalaşmasında mühüm rol oynamışdır.

Redaksiyanın məsul katibinin müavini Akif Kazım da yaradıcı əməkdaşlardan idi. O, əsasən teatr və mədəniyyət, incəsənət və fəhlə-kəndli müxbirləri haqqında yazırdı. Yazılarını aşağıdakı imzalarla dərc etdirirdi: A.Kazım, A.Kazımov, Əli Kərimovun bu sahədəki fəaliyyətinin gur çağı 1923-1928-ci illərə aiddir. O, mətbuat şöbəsinin müdiri idi, respublikada mətbuatın durumu haqqında yazır, hər gün xarici (burjua) mətbuatı “Ayn Kaf” [.?.?] imzası ilə şərh edirdi ki, bunu da Akif Kazımın imzası ilə qarışdırmaq mümkün deyil. Ə.Kərimov 1928-ci ilin sonunda Azərnəşrin direktoru təyin edilir və bu dövrdən etibarən qəzet səhifələrində xarici (burjua) mətbuatın şərhi rubrikası gözə dəymir.

Qəzetin tanınmış əməkdaşlarından biri də müxtəlif vəzifələrdə çalışmış Süleyman Məlikov idi. O, əsasən respublika və qəza mətbuatının durumu haqqında yazır, eləcə də qəzetin xüsusi müxbiri kimi qəzalara yollanaraq oradan partiya-həmkarlar, sosial-məişət və iqtisadi mövzularda məqalələr göndərirdi. Beynəlxalq və partiya mövzularında məqalələrini “Suleyman Məlikov”, “S.Məlikov”, qalan yazılarını isə “Əbu-l-hövl”, “Qəmişqulu”, “Damğa”, “Kənardan baxan”, “D.Oğlu”, “S.M.Oğlu”, “S.Məlikzadə”, “M-zadə”, “M-zadə S.”, “S.” və s. təxəllüsləri ilə çap etdirirdi.

Abdulla Şərifov partiya şöbəsinin müdiri idi. Onun Ayn [.?], Ayn.Şərifov, Ayn.Şərif imzaları bir müddət “Kommunist” qəzetində işləmiş Əziz Şərifin imzaları ilə tez-tez qarışıq salınır. Belə qarışıqlıq, həqiqətən də, mövcuddur, belə ki, onların hər ikisinin eyni soyadı və adlarının ilk hərflərinin eyniliyi buna səbəbdir. Bundan əlavə, onların hər ikisi publisistikada eyni dərəcədə kəskindirlər, buna görə də onların imzalarını fərqləndirmək çətindir.

Balaqədəş Mürşüd Səttaroğlu partiya şöbəsinin katibi idi, redaksiyanın tapşırıqlarını can-başla yerinə yetirirdi; mənzum felyetonlar yazır və onları B.Mürşüd Səttaroğlu, M.Səttaroğlu, B.Mürşüd, Mürşüd, Balaqədəş, S.Oğlu M., Sam, Təəssübkeş və s. təxəllüsləri ilə imzalayırdı. C.Məhərrəmli səhvən hesab edirdi ki, Balaqədəş, Məhərrəmli – Bala Qardaş və Səttaroğlu ayrı-ayrı müəlliflərdir. Əslində isə Balaqədəş və Səttaroğlu eyni müəllifdir, o ki qaldı Bala Qardaşa, o, tamamilə başqa müəllifdir, soyadı isə Əliquluzadədir və “Kommunist” qəzetində çap olunmayıb.

Qəzetin ən yaxşı felyetonçularından biri Əliabbas Müznib Mütəllibzadə idi. O, əsərlərini və məqalələrini Ə.A.Müznib, “Babai-əmir”, B.Ə., “Mürtəd” (sonuncu təxəllüsdən Əliağa Vahid də istifadə edirdi. O, yazılarını “Hacı Əqrəb” təxəllüsü ilə də imzalayırdı) imzaları ilə dərc etdirirdi.

Ədəbi əməkdaşlar sayılan tərcüməçilər də çox məhsuldar işləyirdilər. Bunlar tanınmış yazıçılar Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Seyid Hüseyn, Xəlil İbrahim və başqalarıdır. Cəfər Cabbarlı əsasən Cim , Cim-Cim , C., C.C., C.Cabbarzadə, C.Cabbarlı və s. imzalarından istifadə edirdi. C.C. imzasından bəzi hallarda Cəfər Cavadlı da istifadə etmişdir. Seyid Hüseyn Sadıqzadə yazılarını “Hüseyn Sadıq” təxəllüsü ilə imzalayırdı. Xəlil İbrahim - X., X.İ., İ.X., Xəlil, Xəlil Əlif, Xəlil Əlif-Mim, Əlif.X. və s. təxəllüslərdən istifadə edirdi. İmkanın məhdudluğundan digər əməkdaşlar haqqında yazmırıq.

 

Kadr hazırlığı

 

Əməkdaşlar və müxbirlər bilavasitə Azərbaycan K(b)P MK-nın rəhbərliyi altında hazırlıq keçirdilər. Bunun üçün MK-nın qərarına əsasən, 1920-ci ilin mayından ölkədə olan bütün jurnalistlərin və mətbəə işçilərinin qeydiyyatına başlanıldı, onların təkrar hazırlıq keçmələri üçün isə qısamüddətli kurslar və dərnəklər təşkil edildi. Belə dərnəklərdən biri “Kommunist” qəzetinin nəzdində təşkil olunmuşdu. Bu dərnəyə, başlıca olaraq mətbuata bilavasitə aidiyyəti olmayan xırda alverçilər və s. yazılmışdı və sonralar aydınlaşdı ki, onlar çörək və kişmiş payı almaq məqsədi ilə dərnəyə yazılıbmışlar. Yeni iqtisadi siyasətə keçilən kimi onlar kursları yarımçıq qoyub getdilər.

Respublika miqyasında 3 aylıq kurslar da təşkil olunmuşdu və onların dinləyiciləri digər məsələlərlə yanaşı, publisistika, qəzet informasiyası, kütlə ilə ünsiyyət formaları, qəzet təsərrüfatı, qəzetin səhifələnmə texnikası, stenoqrafiya və s. öyrənirdilər. Tanınmış jurnalistlər, publisistlər, yazıçılar və b. dinləyicilərə mühazirə oxuyurdular. Bunların arasında Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Əli Terequlov, Ağababa Yusifzadə, Mahmud bəy Mahmudbəyov, Xəlil İbrahim(ov), ər-arvad Xocamirovlar, ər-arvad Nuşırəvanovlar və b. var idi. Amma dinləyicilərin heç də hamısı çətinliklərə tab gətirmirdi. Yalnız entuziastlar axıradək tab gətirirdi. Bu kursların dinləyicilərindən Balaqədəş Mürşüd Səttaroğlu, Paşazadə Cəlal (Mir Cəlal Paşayev) sonralar “Kommunist” qəzetində işləməyə başladılar, Şəfiqə xanım Əfəndizadə isə qəzetlə əməkdaşlıq etdi.

Publisistika yaradıcılığı yalnız 1923-cü ildə hiss olunacaq səviyyədə canlanmağa başladı. Hər bir qəzetin ətrafında müəyyən qrup fəhlə və kəndli müxbirləri cəmləşirdi. Bu toplumlarda iki cərəyan diqqəti cəlb edirdi: bir tərəfdən - bu, müxbirlərin təbii (yəni, kortəbii) axını, digər tərəfdən isə rəsmi fəhlə-kəndli müxbirliyi idi.

Digər qəzetlərdən fərqli olaraq yalnız “Kommunist” qəzeti fəhlə-kəndli müxbirləri üçün kurslar təşkil etmiş, onlarla müşavirələr keçirmiş, öz fəhlə və kəndli müxbirlərində yaradıcılıq vərdişlərinin tərbiyə olunması üçün mütəşəkkil məşğələlər keçirmişdir ki, bunun da nəticəsində həmin fəhlə-kəndli müxbirlərinin bir qismi sonradan fəhlə-kəndli müxbirləri dərnəklərinin rəhbərlərinə çevrilmişlər. Bütövlükdə, fəhlə və kəndli müxbirləri hərəkatı 1924-cü ildən daha geniş yayılmağa başladı.

 

 

(ardı var)

 

E. MƏHƏRRƏMOV,

 

A. MƏHƏRRƏMLİ

 

Xalq qəzeti.-2009.-26 avqust.-S.4.