Azərbaycanın xarici siyasətində Türkiyə ilə
əməkdaşlıq məsələləri mühüm
yer tutur
Bakı-Ankara tərəfdaşlığı regionda analoqu olmayan səviyyəyə qalxmışdır
Türkiyə ilə Azərbaycan
arasında əlaqələr həmişə olduğu kimi,
çox yüksək səviyyədədir. Bizim xalqlarımız
qardaş xalqlardır və bu birlik, qardaşlıq əlbəttə
ki, ikitərəfli əlaqələrin inkişafına
xüsusi önəm verir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bu gün müstəqil Azərbaycanın
beynəlxalq aləmdəki uğurlarını böyük qətiyyət
və səmimiyyətlə təqdir edən ölkələrin
önündə Türkiyə Cümhuriyyəti gedir.
Müasir Azərbaycanın siyasi-diplomatik addımlarını
dəstəkləyən, istənilən problemin həllində
təmənnasız yardımçı olan ölkələrə
də Türkiyə başçılıq edir.
Elə respublikamızın
dövlət müstəqilliyini tanıyan ilk ölkə də
məhz Türkiyə Cümhuriyyəti olmuşdur. Bu isə
ümummilli liderimiz Heydər Əliyevin böyük məmnunluqla
dilə gətirdiyi səbəbin nəticəsidir. Ulu öndər
demişdi: “Azərbaycanla Türkiyə bir millət, iki
dövlətdir”. Yüz illərin tarixi sınağından
çıxmış və hər addımda sübutunu
gördüyümüz bu həqiqət müasir dünyada
böyük maraqla qarşılanır. Heydər Əliyevin
xarici siyasəti nəticəsində daha sivil müstəviyə
gətirilmiş, daha elmi-nəzəri şəkildə əsaslandırılmış
Azərbaycan-Türkiyə münasibətləri yeni əsrdə
tamamilə fərqli bir mərhələyə qədəm
qoymuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabrında
dövlət başçısı seçildikdən cəmi
6 ay sonra — 2004-cü il aprelin 13-15-də Türkiyə
Cümhuriyyətinə ilk rəsmi səfəri ölkələrarası
münasibətlərin yeni mərhələsinin indiki səviyyəyə
qalxmasının təməlini qoymuşdu. Dövlət
başçımız Türkiyə Böyük Millət Məclisin
dəki çıxışı zamanı bu səfərin
mühüm əhəmiyyət kəsb edəcəyini əvvəlcədən
söyləmişdi: “Türkiyəni özümə vətən
hesab edirəm. Amma prezident kimi bu mənim ilk səfərimdir.
Bu gün tam qətiyyətlə deyə bilərəm ki, bu səfər
iki ölkə arasında olan münasibətlərin
inkişafında mühüm rol oynayacaqdır”.
Bu yazıda dövlət
başçımızın həmin səfərindən
sonrakı qarşılıqlı səfərlər,
çoxsaylı görüşlər, müzakirə və
danışıqlar nəticəsində əldə
edilmiş əməkdaşlıq uğurlarından söz
açmaq istəyirik. Əvvəlcə isə Türkiyənin
regionda oynadığı
rol barədə bəzi məqamlara müraciət edək.
Türkiyə Avrasiyanın həm
region, həm də bütövlükdə dünya
üçün xüsusi önəm kəsb edən ölkələrindəndir.
Regionda isə hətta üç ölkədən biridir.
Dünya analitikləri bizim region barədə söz
açarkən “Rusiya, Türkiyə və İranın mənafeləri
baxımından” — ifadəsinə daha tez-tez müraciət
edirlər. Asiya ilə Avropanın qovuşduğu məkanda
yerləşən Türkiyə sözün həqiqi mənasında
həm Asiya, həm də Avropa ölkəsi imicinə malikdir.
Coğrafi baxımdan daha çox Asiya ölkəsi olsa da,
böyük dövlət xadimi Mustafa Kamal Atatürkün
yaratdığı Türkiyə Cümhuriyyəti sivil,
dünyəvi, demokratik yol tutmuş, daha çox qərb
meyilli siyasət yürütmüşdür. NATO, Avropa Birliyi,
Avropa Şuras. ATƏT və digər beynəlxalq təşkilatlarda
yüksək səviyyədə təmsil olunan rəsmi Ankara
qərbyönümlü bütün beynəlxalq tədbirlərdə
özünəməxsus fəallıq nümayiş etdirir. Bu istiqamət Türkiyənin Şərqlə,
xüsusən, türk dünyası və müsəlman
ölkələri ilə əməkdaşlığına nəinki
kölgə salmır və ya mane olmur, əksinə,
Türkiyənin Qərbdə yüksək səviyyədə
təmsil olunması bu ölkənin dini və etnik
qardaşlarının problemlərinin həllinə
yaxından kömək etmiş olur. Üstəlik, Türkiyə
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Türkdilli Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı,
EKO və bir çox regional təşkilatlarda söz sahibi
olmaqla qonşu dövlətlərin problemlərinin həllinə
yardımçı olur.
Qardaş ölkə yuxarıda
qeyd etdiyimiz kimi təkcə qitələri deyil, ümumiyyətlə,
bütövlükdə Şərqlə Qərbi birləşdirən
məkanda yerləşir. Odur ki, Şanxay-London
dəmir yolu nəqliyyat dəhlizinin, Xəzərin karbohidrogen
ehtiyatlarını Avropa bazarına çıxaran neft və
qaz ixrac kəmərlərinin, son zamanlar bütün
dünyada geniş müzakirə mövzusu olan NABUKKO layihəsinin
Türkiyədən keçməsi tranzit ölkə kimi ona
böyük nüfuz qazandırır. Üstəlik, rəsmi
Ankaranın yeritdiyi xarici siyasət də Türkiyənin beynəlxalq
aləmdəki çəkisini artırır. Bu ölkənin
siyasi çəkisini artıran başqa bir məqam xüsusilə
qeyd edilməlidir. Belə ki, Avropanın iqtisadi,
siyasi və təhlükəsizlik məkanında fəaliyyət
göstərən, bu qitənin əsas dövlətləri və
ABŞ-la razılaşdırılmış xarici siyasət
yeridən Ankara öz dövlətçilik maraqlarının
önə çəkildiyi məqamda heç kəsin təzyiqinə
və ya təsirinə qətiyyən məhəl qoymur. Məsələn, rəsmi Ankara Kipr probleminin
çözülməsində heç bir dövlətin təzyiqini
qəbul etmədi, bu ölkənin hərtərəfli
inkişafını qısqanclıqla qarşılayan bir
çox Avropa dövlətləri Ankaranın konkret
cavabları ilə üzləşdilər. Nəhayət,
“Qafqazdakı münaqişələrin necə olursa-olsun həllinə
çalışan” qüvvələrin Türkiyə—Ermənistan
sərhədlərinin tezliklə açılması istəyi
də Ankara tərəfindən qəbul edilmədi. Yəni, rəsmi
Ankaranın yeri gələndə göstərdiyi bu qətiyyət
nümunələri Türkiyənin beynəlxalq aləmdəki
nüfuzunu qat-qat artırır.
Türkiyə-Azərbaycan
münasibətlərinə gəlincə isə qeyd edək
ki, bu ölkə Azərbaycanın dövlət müstəqilliyini
dərhal tanıdığı kimi, bizimlə ilk diplomatik əməkdaşlıq
quran dövlət kimi də tarixə düşüb. 1991-ci
il noyabrın 9-da Ankara Azərbaycanın dövlət müstəqilliyini tanıyıb,
iki ay sonra — 1992-ci il yanvarın 14-də isə Azərbaycan-Türkiyə
diplomatik əlaqələri yaradılıb. Daha bir ay sonra
xarici işlər nazirlikləri arasında ilk rəsmi sənəd
imzalanaraq bu gün bütün dünyada nümunə kimi qəbul
edilən Azərbaycan-Türkiyə əməkdaşlığının
təməli qoyulub.
Türkiyə
Prezidenti Turqut Özalın Azərbaycana (may, 1992-ci il) və
Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə
(fevral, 1994-cü il) rəsmi səfərləri, Türkiyəni
təmsil edən “Türk petrolları” şirkətinin “Əsrin
müqaviləsi”ndə iştirakı (sentyabr, 1994-cü il),
qardaş ölkənin dövlət başçısı Süleyman Dəmirəlin
Bakı səfəri zamanı (dekabr, 1995-ci il)
imzalanmış birgə bəyanat, Heydər Əliyevin
Türkiyəyə səfəri çərçivəsində
(may, 1997-ci il) imzalanmış strateji əməkdaşlığın
dərinləşdirilməsi barədə bəyannamə və
bir çox başqa faktlar Azərbaycan-Türkiyə əməkdaşlığının
möhkəmlənməsində xüsusi rol
oynamışdır. Beynəlxalq təşkilatlarda
ölkəmizin mövqelərinin yüksək səviyyədə
dəstəklənməsi, xüsusən, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin müzakirələri
zamanı Türkiyə təmsilçilərinin ədalətli
mövqe tutması bu ölkənin yeritdiyi siyasətin
dünya təcrübəsinə və demokratik dəyərlərə
istinad etdiyini göstərirdi. Azərbaycanın
Avropa Şurasına qəbul edilməsi prosesində, eləcə
də ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin
qaldırdığı məsələlərin müzakirəsində
Türkiyə Böyük Millət Məclisini təmsil edən
deputatların göstərdiyi qətiyyət heç zaman
unudulmayacaq bir tarixdir. Əsrin ilk illərində
Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinə
rəhbərlik edən İlham Əliyev müzakirələrin
birindən sonra KİV təmsilçilərinin
suallarını cavablandırarkən Türkiyə və Azərbaycan
deputatlarının AŞPA-dakı birgə fəaliyyətini əməkdaşlıq
nümunəsi adlandırmışdı.
Yeni əsrin ilk illərindən,
xüsusən, 2003-cü ilin payızından etibarən isə
Azərbaycan-Türkiyə əməkdaşlığının
əhatə dairəsi elə bir şəkildə genişlənmişdir
ki, artıq biz hansı sahədə daha çox əməkdaşlıq
etdiyimizi söyləməyə belə çətinlik
çəkirik.
Siyasi-diplomatik, sosial-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq
sahələrində mümkün olan bütün nailiyyətlər
əldə edilmişdir. Ekspertlərin fikrincə, Azərbaycan-Türkiyə
əməkdaşlığının ən böyük
uğurlarından biri də ordu quruculuğunda Ankaranın
Bakıya göstərdiyi qardaşlıq köməyidir. Tarixçilər yazırlar ki, Azərbaycan Ordusunun
zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin
keçirilməsində, ordunun maddi-texniki bazasının
möhkəmləndirilməsində və silahlı qüvvələrimizin
NATO standartları səviyyəsində qurulmasında Azərbaycan-Türkiyə
hərbi əməkdaşlığının böyük
rolu olmuşdur.
Son zamanlar bu tərəfdaşlıq
və əməkdaşlıq özünün yeni mərhələsinə
qədəm qoymuşdur. Rəsmi Ankaranın
“Qafqazda sabitlik və əməkdaşlıq” proqramı ilə
çıxış etməsi, qardaş ölkənin həm
dövlət, həm də hökumət
başçılarının Bakıya səfər etməsi,
xüsusən, bəzi beynəlxalq təşkilatların
arzusuna baxmayaraq, Türkiyə-Ermənistan sərhədinin
açılması məsələsində Ankaranın
göstərdiyi qətiyyət ölkələrarası
münasibətlərin səviyyəsindən xəbər
verir. Bu il may ayının birinci yarısında
Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin
Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə
münasibətlərində mövcud olan ən incə
detalları belə dilə gətirmiş, Ankaranın Azərbaycanın
xeyrinə olmayan hansısa bir addımı atacağının
tamamilə mümkünsüz olduğunu söyləmişdi:
“Dağlıq Qarabağ məsələsində bu günə
qədər yol verilmiş bəzi möhtəkirlikləri
Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin
hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz
mümkün deyildir. Bu günə qədər necə qəbul
edilməyibsə, bu gün də eyni şəkildə qəbul
edilə bilməz”.
Yəni, “Türkiyə
daim Azərbaycanın yanındadır” — deyən türk
dövlət xadimləri Mustafa Kamal Atatürk prinsiplərinə
əbədi bir sədaqət göstərərək daim Azərbaycanın
mövqeyini dəstəkləmişlər və dəstəkləyirlər. Elə Azərbaycan da ulu öndər
Heydər Əliyevin “biz bir millət, iki dövlətik” — deyərək
Türkiyə ilə münasibətlərə verdiyi önəmi
yüksək səviyyədə davam etdirir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-28 avqust.-S.1.