Şeyxülislam Allahşükür Paşazadə — 60
Haqqa tapınan insan
Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu, bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə həzrətlərinin 60
yaşı tamam olur. Şeyxülislam A.Paşazadə
ömrünün tən yarısını — 30 ilini Qafqaz
müsəlmanlarına rəhbərlikdə
keçirmişdir. Bütün bu illər ərzində
istər Azərbaycanda, istərsə də regionda baş verən
mühüm hadisələr zamanı Şeyxülislam
sülhməramlı missiya daşımış, xalqın həyatında,
milli-mənəvi dəyərlərin qorunub
saxlanılmasında əhəmiyyətli rola malik olmuş, əcdadlarımızdan
bizə əmanət edilən mübarək mirasa —
İslam dininə daim sadiqlik nümayiş etdirmişdir. Onun qəlbi daim doğma Azərbaycanın
çiçəklənməsi, hərtərəfli
inkişaf etməsi yolunda çırpınmışdır.
Şeyxülislam səlahiyyətlərindən və
özünəməxsus imkanlardan yararlanaraq Azərbaycanın
dünya dövlətləri arasında ön sıralarda qərarlaşması,
xarici ölkələrlə əlaqələrinin
genişlənməsi istiqamətində yorulmaz fəaliyyət
göstərmişdir.
Şeyxülislamlığının
ilk illəri SSRİ-nin repressiv antidin siyasəti dövrünə
təsadüf etsə də, o, bütün bunlardan çəkinməmiş,
daim müdrik dini siyasət yürütməklə
dindarların basqılar altına düşməsinin
qarşısını məharətlə ala bilmişdir. Fəaliyyətinin ilk günlərindən
etibarən dini ibadətgahların – məscidlərin, ziyarətgahların
təmirinə və bərpasına
çalışmış, bu yerlərin kommunist
ideologiyasının qurbanına çevrilərək klublar,
anbarlar, muzeylər şəklində istifadəsinin əleyhinə
olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin sədri
kimi beynəlxalq aləmlə əlaqələri genişləndirməyi,
dünya miqyasında nüfuzlu təşkilatlarla münasibətləri
formalaşdırmağı fəaliyyətinin əsas
prioritetinə çevirə bilmişdir. Onun bu uzaqgörənliyi
sonradan Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması işində faydalı olmuşdur.
O, hələ sovetlər dövründə — 1986-cı il
oktyabr ayının 1-də Bakıda İslam Konfransı Təşkilatının
“Müsəlmanlar sülh uğrunda mübarizədə!”
mövzusunda beynəlxalq konfransın keçirilməsinə
nail olmuşdur. Dünyanın 60 ölkəsindən
600 nəfər nüfuzlu dövlət və din xadimlərinin
iştirak etdiyi beynəlxalq konfrans çoxsaylı xarici qəzet,
jurnal və televiziyaların hazırladıqları materiallar
sayəsində böyük əks-səda yaratmış,
müsəlman dövlətlərinin Azərbaycana
marağının artmasına gətirib
çıxarmışdır.
Ümumiyyətlə,
Şeyxülislam A.Paşazadənin novatorluğu, təşəbbüskarlığı
hələ sovetlər dönəmində bir sıra dini mahiyyətli
tədbirlərin gerçəkləşməsində
stimullaşdırıcı rol oynamışdır. 1987-ci ildə
Moskvada keçirilmiş “Nüvə silahsız dünya: bəşəriyyətin
xilası uğrunda” Beynəlxalq forum buna bariz nümunədir. Qeyd edək
ki, belə bir beynəlxalq forumun təşəbbüs qrupunun
başçısı və həmsədri Şeyxülislam
A.Paşazadə olmuşdur.
Açıq etiraf
etmək lazımdır ki, 1990-cı ilin 20 yanvarında
xalqımızın tarixinə qanlı səhifə kimi
yazılmış müdhiş faciə günlərində
Moskvada ulu öndər Heydər Əliyevin, Azərbaycanda isə
bir qrup vətənpərvər ziyalılarla yanaşı
Şeyxülislamın barışmaz mövqeyi, fədakar səyləri nəticəsində
həqiqətlər dünya dövlətlərinə
çatdırıldı. Həmin günlərin
ağrı-acısını yaşayanlar, fotolar, audio-video
yazılar xalqın bu faciəli günlərində
Şeyxülislam Allahşükür Paşazadənin necə
fədakarlıqlara imza atdığının, SSRİ rəhbərliyinə
qarşı bu qanlı olayla bağlı barışmaz
mövqe nümayiş etdirildiyinin canlı şahidləridir.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Baş katibi M.Qorbaçova bu faciədən bir gün sonra
ünvanladığı bəyanatda səsləndirdiyi fikirlər
əslində Şeyxülislamı asanlıqla yeni bir qurbana
çevirə biləcək qədər sərt və
ittihamedici idi. Lakin bütün bunlara baxmayaraq,
xalqının dini rəhbəri həqiqəti söyləməkdə
bir an belə tərəddüd etmədi, həbs olunmaq və
ya fiziki olaraq aradan götürülmək təhlükəsini
yaxşı anlasa belə yolundan dönmədi, baş verən
faciələrin qanlı mahiyyətini
açıq şəkildə M.Qorbaçovun, onun rəhbərlik
etdiyi Mərkəzi Komitənin, sovet hərb
maşınının başında duranların birbaşa
üzünə söylədi. Şeyxülislamın o faciəli
günlərdə xarici radiostansiyalara, qəzetlərə
verdiyi açıqlamalar qanlı hadisələrin birbaşa təşkilatçılarının ifşa olunmasında,
onların Azərbaycan xalqına qarşı
yürütdükləri mənfur siyasətin əsl məqsədinin
açılmasında mühüm rol oynadı. 20 Yanvar hadisələrinin
qurbanlarının torpağa tapşırılmasının
ümummilli matəm səviyyəsində keçirilməsində
də Şeyxülislam A.Paşazadənin müstəsna xidmətləri
olmuşdur. Xalqın öz şəhid
övladlarının əziz xatirəsini gələcəkdə
də əbədiləşdirməsi baxımından
Bakının ən yüksək ərazisində dəfnin təşkil
edilməsinə maneçilik törədən qüvvələr
tapılsa da, Şeyxülislam qarşıya çıxan
bütün maneələri dəf etmək
üçün SSRİ müdafiə naziri D.Yazov və Azərbaycan
KP MK-nın ikinci katibi V.Polyaniçko ilə
görüşür. Böyük cəsarətlə şəhidlərin
cənazələrinin “Azadlıq” meydanından başlayaraq
indiki Şəhidlər Xiyabanınadək çiyinlərdə
aparılacağını, onların məhz bu yerdə dəfn
olunacağını qəti şəkildə bildirir. D.Yazovun
bütün hədələrinə, kobudluqlarına baxmayaraq
Şeyxülislam fikrindən daşınmır. Bakı
küçələri hərbçilərlə, hərbi
texnikalarla dolu olduğu bir zamanda qarşısındakı
generala ədəbsizliyini xatırladaraq, ona əxlaq dərsi
keçir. Bu anda böyük bir risqə yol verdiyini anlasa da,
haqqı, ədaləti söyləməkdən çəkinmir,
yalnız Allaha sığınaraq həqiqəti sərt bir
sillə kimi D.Yazovun üzünə çırpır.
“Qanlı Yanvar” günlərinin
kölgədə qalan bir məqamı da var. Bu,
kommunist imperiyasının qanlı hadisələrdən sonra
Bakıda böyük səbirsizliklə gözlədiyi millətlərarası
(azərbaycanlılarla rus millətindən olanların)
münaqişə yaranması idi ki, bunun da
qarşısının alınmasında Şeyxülislam
A.Paşazadənin xidmətləri az olmamışdır.
Məhz onun təşəbbüsü ilə
Rus Pravoslav Kilsəsinin Azərbaycandakı yepiskopu şəhidlərin
dəfn mərasimində iştirak etdi və bununla da faciənin
bütün xalqlar tərəfindən pislənildiyi
açıq nümayiş etdirildi, eyni zamanda, qaniçən
imperiyanın çirkin niyyəti puça çıxdı.
M.Qorbaçovun və onun qaniçən
komandasının bu hiyləgər planının
üstünü Şeyxülislam imzaladığı bəyanatda
da açıq şəkildə qeyd edir: “... Tamamilə
aydındır ki, bununla müəyyən məqsəd
güdülmüşdür. Demək, müsəlmanları
xristianlara qarşı qoymaqla millətlərarası
toqquşmaları daha da kəskinləşdirmək niyyəti
güdülmüşdür... O dövlət
ki, imperiya hökmranlığı ilə millətlərarası
çaxnaşmanın qarşısını almaq əvəzinə
onu daha da qızışdırır, o dövlət ki, öz
ordusunu öz vətəndaşlarının qatilinə
çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan
daha çox ölmək hüququ verir, belə dövlət
ancaq nifrətə layiqdir...”
Bəyanatdakı açıq mətnli
ittihamların onu imzalayan insanın qəlbində necə
böyük cəsarətin, ədalətsevərliyin, həqiqətpərəstliyin
dərin kök saldığını göstərdiyini şərh
etməyə heç bir ehtiyac yoxdur. Törədilən cinayətlərin
hansı məqsədə və amala xidmət göstərməsinin
belə səlist şəkildə açıqlanması,
ifşa edilməsi Şeyxülislamın dərin təfəkküründən,
uzaqgörənliyindən xəbər verir. Bu uzaqgörənliyi
biz Şeyxülislamımızda növbəti dəfə
ümummilli lider Heydər Əliyevin hakimiyyətə təkrar
dönüşü zamanı müşahidə edə bildik.
Bir yandan Dağlıq Qarabağ uğrunda
savaşda səbatsız iqtidar nümayəndələrinin, hərbi
birləşmə rəhbərlərinin ardı-arası kəsilməyən
məğlubiyyətləri, digər bir tərəfdən isə
yüz minlərlə qaçqın və məcburi
köçkünlərin, sıravi vətəndaşların
ağır güzəranı, hətta çörəyə
belə möhtac olmaları ilkin olaraq Şeyxülislam
A.Paşazadə kimi millətini sevən ziya sahiblərinin diqqətini
Naxçıvanda olan ulu öndər Heydər Əliyevə,
onun böyük dövlətçilik təcrübəsinə,
dahiliyinə yönəltdi. Ümumiyyətlə,
Şeyxülislam A.Paşazadə özü də dəfələrlə
qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı xalqımızın uçurumdan, fəlakətdən
xilasına səbəb oldu. Azərbaycan
xalqının ulu öndəri, dünya şöhrətli
siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev
də, yürütdüyü praqmatik siyasətlə
respublikamızı regionda lider dövlətə
çevirmiş, möhtərəm Prezidentimiz İlham Əliyev
cənabları da Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Hacı Allahşükür
Paşazadəyə daim xoş münasibət bəsləmiş,
fəaliyyətinə böyük önəm vermiş,
daşıdığı vəzifəyə hörmət və
ehtiramla yanaşmışlar. Sirr deyil ki, Azərbaycanda dini
etiqad və vicdan azadlığı sahəsində əldə
olunan bütün nailiyyətlərin təməlində ulu
öndərin əsasını qoyduğu milli, dini
barışıq siyasəti durur. Məhz millətlərarası,
dinlərarası və ya məzhəblərarası
ayrı-seçkiliyin Azərbaycanda rəsmən qadağan
edilməsinin nəticəsidir ki, dünyanın hər bir
yerindən gələn qonaqlar bu sahələrdə əldə
olunmuş nailiyyətlərə heyrətini gizlədə
bilmir, Roma Papası II İohan Pavel Azərbaycanda dini
tolerantlıq mühitinin mövcud durumu ilə
tanışlıqdan sonra Şeyxülislamın
ünvanına belə demişdir: “Müxalif dinlərin
nümayəndələri tərəfindən Sizə bəslənən
xoş münasibətlərlə fəxr etməyə
haqqınız var”.
Şeyxülislam A.Paşazadə
Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid
olanların dəfn mərasimlərinin təşkili işində
də yaxından iştirak etmişdir. Bundan əlavə, o, dəfələrlə
cəbhə bölgələrinə, birbaşa səngərlərə
səfərlər etmiş, əsgərlərimizdə Vətənə
məhəbbət ruhunun yüksəlməsinə öz
töhfəsini vermişdir. Hospitallardakı yaralı əsgərlərə
baş çəkmiş, onlara maddi, tibbi yardımlar göstərmiş,
mənəvi dəstək olmuşdur. Doğma yurdundan didərgin
salınaraq qaçqınlıq və məcburi
köçkünlük həyatı yaşamağa məhkum
edilmiş soydaşlarımızdan öz yardımını,
dualarını əsirgəməmişdir. Onun
1988-ci ildən etibarən erməni kilsəsinin rəhbərliyində
təmsil olunanlara Dağlıq Qarabağ münaqişəsinin
konstruktiv həlli naminə dialoq
çağırışları nəticəsində din
xadimlərinin münaqişənin sülh yolu ilə
çözülməsi istiqamətində bir sıra
görüşləri baş tutmuşdur. Aparılan
danışıqlar münaqişənin dini zəmində bir
müharibə olması fikrinin qarşısını
almış, gələcəkdə də belə bir müstəviyə
keçməsi üçün heç bir istinad nöqtəsi
qoymamışdır.
Bütün
Qafqazın dini rəhbərinin sülhməramlı
missiyası regionda hərbi münaqişələr
ocağına çevrilmiş məntəqələrdə
sabitliyin əldə olunması işində daim qabarıq
şəkildə nəzərə çarpmışdır.
Çeçenistan və İnquşetiyada gərginlik
yarananda Şeyxülislam tərəflərə
saysız-hesabsız müraciətlər etmiş, görüşlər
keçirmiş, məsələnin sülh yolu ilə aradan
qaldırılmasında gərgin əmək sərf
etmişdir. Onun təşəbbüsləri nəinki regionun
ayrı-ayrı rəhbərləri, xalqları tərəfindən,
həmçinin, Rusiya Federasiyası rəhbərliyinin ən
yüksək dairələrində müsbət
qarşılanmışdır. Regionda baş
verən hadisələrin real mənzərəsinin dünya
ictimaiyyətinə çatdırılması məqsədilə
Şeyxülislam təşəbbüs göstərərək
“Qafqazinform” agentliyinin açılmasına nail olmuş,
bununla da Qafqazın bu nahiyəsində radikal qüvvələrin
qarşıdurma yaratmaq kimi çirkin niyyətlərinin qarşısının alınmasında əhəmiyyətli
rola malik olmuşdur. Şeyxülislam A.Paşazadənin “Qafqaz
Evi” çərçivəsində bu yerlərə sülh,
sabitlik və əmin-amanlığın gətirilməsinə
xidmət edən təşəbbüsləri onun gərgin fəaliyyəti
nəticəsində bəhrəsini vermişdir.
Şeyxülislam
A.Paşazadənin Qafqazdakı münaqişələrin
sülh yolu ilə həlli istiqamətində gördüyü
işlər, regionda sabitliyin əldə olunması naminə
göstərdiyi səylər onun 1992-ci ildə Qroznıda
keçirilən mərasimdə Azərbaycan, Gürcüstan,
Çeçenistan, Dağıstan, İnquşetiya,
Kabardi-Balkar, Adıgey və Qaraçay-Çərkəzdən
olan din xadimlərinin yekdil rəyi əsasında Qafqaz
Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə
seçilməsi ilə nəticələnmişdir.
Şeyxülislam A.Paşazadə artıq 17 ildir ki, bu vəzifəni
ləyaqətlə daşımaqdadır, regionun müsəlman
əhalisinin dünya miqyasında təmsilçisi kimi real
işlərə imza atmaqdadır.
QMİ sədri Şeyxülislam
A.Paşazadə beynəlxalq aləmdə həm dini liderlər,
həm də ictimai xadim kimi böyük nüfuza malikdir. Dünyanın əksər beynəlxalq təşkilatları
onun böyük və ləyaqətli din alimi, mühüm
dini idarənin rəhbəri olmasını, şəxsiyyətini
nəzərdən qaçırmamış, onu sədarətlərinə,
üzvlüklərinə məmnuniyyətlə qəbul
etmişlər. Bu sıralamada
Şeyxülislam A.Paşazadənin Ümumdünya İslam
Konqresinin, Ümumdünya İslam Xalq Rəhbərliyinin,
Ümumdünya Sülh Şurasının, Avrasiya İslam
Şurasının, “Vicdana çağırış” Beynəlxalq
Fondunun və s. beynəlxalq təşkilatların rəyasət
heyətlərinin üzvü olmasını misal göstərmək
olar. Sözügedən beynəlxalq təşkilatlar
dünyanın ən aparıcı dini təsisatlarıdır
ki, bu cür mötəbər kürsülərin ali mərtəbəsində
təmsilçilik ölkəmizin, dini sahəyə rəhbərlik
edən soydaşımızın dünyadakı nüfuzundan
xəbər verir. Azərbaycan həqiqətlərinin
belə mötəbər qurumların ali kürsüsündən
daim səsləndirilməsi həmin təşkilatların
toplantılarında torpaqlarımızın işğala məruz
qalmasına dair əhəmiyyətli qərarların qəbuluna
şərait yaradır.
Şeyxülislam
A.Paşazadənin sabiq Moskva və Ümumrusiya Patriarxı II
Aleksi ilə birgə təşəbbüsü nəticəsində
yaradılmış Müstəqil Dövlətlər Birliyi
Dinlərarası Şurası bu gün öz fəallığı
ilə seçilən beynəlxalq dini təsisatlardan biridir.
Şeyxülislam A.Paşazadə isə bu mötəbər qurumun həmsədridir.
Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsilə
Moskva və Ümumrusiya Patriarxlığının sıx əməkdaşlığının
nəticəsində 2002-ci ildə Tbilisidə “Qafqazda sülh
uğrunda əməkdaşlıq” Beynəlxalq Forumunun,
2004-cü ildə Moskvada Beynəlxalq Dinlərarası
Sülhyaratma Sammitinin təntənəli şəkildə keçirilməsinə
nail olunmuşdur.
Sözügedən
iki dini rəhbərin dostluq əlaqələri və rəhbərlik
etdikləri qurumların sıx əməkdaşlığı
çərçivəsində BMT yanında Dinlərin Məşvərət
Şurasının yaradılması istiqamətində gərgin
işlər gedir. Qeyd etmək yerinə düşər ki, sözügedən
əhəmiyyətli, qlobal xarakterli ideyanın da müəllifi
QMİ sədri Şeyxülislam A.Paşazadədir. Dinlərin Məşvərət Şurasının
yaradılması ideyasının gerçəkləşməsi
üçün Şeyxülislam BMT-nin Baş katibi Pan Gi
Munla da görüşmüş, irəli sürülən təklif
müzakirə edilmiş və qarşı tərəfdən
müsbət qarşılanmışdır.
Beynəlxalq səviyyədə
atılan uğurlu addımlardan biri də, YUNESKO nəzdində
yaradılması nəzərdə tutulan səmavi dinlərin
Məşvərət Qrupunda Şeyxülislam A.Paşazadənin
müsəlman icmalarının təmsilçisi
olmasıdır.
BMT yanında və
YUNESKO nəzdində fəaliyyət göstərməsi nəzərdə
tutulan qurumlarda səmavi dinlərin nümayəndələrinin
təmsilçiliyi barədə geniş diskussiya açmaq
olardı, lakin qısaca olaraq onu qeyd etməyi lazım və zəruri
bilirik ki, sözügedən dünya miqyaslı təşkilatlarda dini
nümayəndələrin təmsilçiliyinin təşəbbüsçüsü
və onların təmsilçisi olmaq şərəfinə
nail olması Şeyxülislam A.Paşazadə həzrətlərinin
geniş əlaqələrindən, böyük nüfuzundan xəbər
verir. Məhz bu onun 2009-cu ilin iyununda Moskvada
keçirilən beynəlxalq konfransda MDB ölkələri
dini rəhbərlərinin birgə qərarı ilə MDB
müsəlman dini liderlərinin Məşvərət
Şurasının sədri seçilməsinə səbəb
olmuşdur.
Qafqazın müsəlman
əhalisinin dini rəhbəri Azərbaycanı da dəfələrlə
beynəlxalq səviyyəli tədbirlərin ünvanına
çevirmişdir. Şeyxülislam A.Paşazadə 1998-ci ildə
“Müasirlik və dini-mənəvi dəyərlər”,
2003-cü ildə “Allahın lütfü, xalqın
xilaskarı”, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə
birgə “Qloballaşma və İslam”, 2005-ci ildə
“Qloballaşan dünyada islam”, 2006-cı ildə “Tolerantlıq
örnəyi – Azərbaycan”, 2006-cı ildə “İslamda
dözümlülük” mövzularında beynəlxalq
konfransların birbaşa təşəbbüskarı və təşkilatçısı
olmuşdur.
Şeyxülislam
A.Paşazadə mükəmməl dini və dünyəvi təhsil
almışdır. 1968-1970-ci illərdə Buxara şəhərinin
“Mir-Ərəb” mədrəsəsində, 1971-1975-ci illərdə
İmam əl-Buxari adına Daşkənd İslam
Universitetinin ilahiyyat fakültəsində ali ruhani təhsil
almışdır. 1986-cı ildə İordaniya İslam Fikri Akademiyasına
müxbir üzv, 2001-ci ildə isə həqiqi üzv
seçilmişdir. İlk ali dünyəvi təhsilini Özbəkistan
Universitetinin tarix fakültəsində almış, 1992-ci ildə
doktorluq dissertasiyasını müdafiə edərək tarix
elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir.
O, Bakı Dövlət Universitetinin professorudur. Onun
ilahiyyat və tarixə aid “Qafqazda İslam”, “İslamda ümmət
və şüubilik”, “Quranın təfsiri və tərcümə
tarixi” monoqrafiyaları, “Qurani-Kərimin ilahi hökmləri və
öyrənilməsi”, “Milli münasibətlər və din”,
“İslamda şəhidlik”, “Qurani-Kərimin
ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti”
mövzularında elmi əsərləri və məqalələri
elmi ictimaiyyətin istifadəsindədir.
Elmə və dinə
bağlılığının nəticəsidir ki, uzun
müddət gərgin əmək sərf etdikdən sonra
1991-ci ildə Bakı İslam İnstitutunun
açılmasına nail olmuşdur. Həmin təhsil
ocağı 1997-ci ildən universitet statusu almışdır.
Hər il onlarla Azərbaycan gənci Bakı İslam
Universitetində təhsilini başa vurur, ölkə ərazisində
və ümumən Qafqazda dini sahədə işlə təmin
olunurlar. Elm və din fədaisi olan Şeyxülislam 1998-ci ildə
QMİ nəzdində Elmi-Dini Şura yaratmış və
ölkənin görkəmli elm və din xadimlərini bu ali
qurumun işinə cəlb etmişdir. Onun elm və din sahəsindəki
əzmkarlığı və təşəbbüskarlığı
nəzərdən qaçmamış, Azərbaycan
Respublikasının Prezidenti Yanında Ali Attestasiya
Komissiyasının Ekspertlər Şurasına üzv
seçilmişdir.
Şeyxülislam
A.Paşazadənin dini, elmi və ictimai xadim kimi göstərdiyi
sülhməramlı fəaliyyət bir sıra dövlətlərin,
dini təşkilatların, elm və təhsil
ocaqlarının, beynəlxalq qurumların diqqətini cəlb
etmiş, o, bir sıra orden və medallarla təltif
edilmişdir. Təltif
olunduğu ordenlər aşağıdakılardır: SSRİ-nin “Xalqlar Dostluğu” ordeni (1988-ci il), Misirin
I dərəcəli “Əl elm və əməl” ordeni (1992-ci
il), Azərbaycan Respublikasının “Şöhrət” ordeni
(1994-cü il), Çeçenistan Respublikasının
“İstiqlal” ordeni (1999-cu il), Rus Pravoslav Kilsəsinin I dərəcəli
“Müqəddəs Vladimir” ordeni (2001-ci il), Gürcüstan Respublikasının “Şərəf” ordeni
(2002-ci il), Vatikan Dövlətinin “Müqəddəs Georgi”
ordeni (2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli
“Sergi Radonejski” ordeni (2005-ci il), Rusiya Federasiyasının
“Dostluq” ordeni (2006-cı il), İordaniya
Krallığının I dərəcəli “Kral Hüseyn”
ordeni (2007-ci il),Azərbaycan Respublikasının “Şərəf”
ordeni (2009-cu il) və s.
Şeyxülislam
A.Paşazadə həzrətlərinin əldə etdiyi nailiyyətlərlə,
iştirak etdiyi saysız-hesabsız beynəlxalq konfranslarla,
sammitlərlə, bu yerlərdə etdiyi
çıxışlarla bağlı yazılası çox
mövzular qaldı. Açığı sevindirici haldır
ki, ömrünün 60 ilində qazandığı ölkə
və dünya miqyaslı nailiyyətlər statistik formada olsa belə bir geniş qəzet
səhifəsinə sığmır. Şeyxülislam
A.Paşazadənin yaşadığı ömür bir kitaba
da sığan deyil. Hələ çox məqalələr,
kitablar qələmə alınacaq. Bizlər isə
Böyük Yaradandan Şeyxülislam A.Paşazadə həzrətlərinə
cansağlığı, uzun və şərəfli
ömür, səbr və iradə diləyirik.
Həsən HƏSƏNOV
Xalq qəzeti.-2009.-28 avqust.-S.3.