90 il xalqın xidmətində

 

(əvvəli qəzetin 25 , 26 və 27 avqust tarixli saylarında)

 

1925-ci ilin noyabrından 1926-cı ilin aprelinədək, yəni cəmi 6 ay ərzində “Kommunist” qəzetinin səhifələrində 18820 (!) müxbir yazısı dərc olunmuşdu.

1922-ci ildə qəzetdə qəzalardan göndərilmiş 116 kəndli müxbirinin yazısı, 1923-cü ildə isə 74 kəndli müxbirinin 404 yazısı çap olunmuşdu. Əgər 1923-cü ilin ikinci yarısında (6 ay ərzində) fəhlə-kəndli müxbirlərindən 4160 məktub alınmışdırsa, təkcə 1927-ci ilin 4 ayı ərzində 10060 məktub alınmışdı.

Fəhlə-kəndli müxbirləri yazılarını öz adları və ya o dövrlərdə qəbul olunduğu kimi təxəllüsləri ilə imzalayırdılar. Bu təxəllüslərin bir qismi C.Məhərrəmli tərəfindən müəyyənləşdirilmişdir. “Kommunist” qəzetinin ilk fəaliyyət göstərdiyi illərdə burada çalışan hörmətli mətbuat xadimimiz Qulam Məmmədli ötən əsrin əvvəllərindən 70-ci illərədək bir dövrü əhatə edərək Azərbaycan mətbuatı üzrə təxəllüslərin dəqiqləşdirilməsi sahəsində çox böyük iş görmüş və 1977-ci ildə “İmzalar” adlı kitab çap etdirmişdir. İmzaların bir qismi də bizim tərəfimizdən müəyyənləşdirilmişdir.

Respublikada fəhlə-kəndli müxbirləri hərəkatının daha da genişləndirilməsində “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyevin təşəbbüsü ilə çağırılmış I Azərbaycan fəhlə-kəndli müxbirləri qurultayının böyük rolu olmuşdur. O, əvvəlcə Azərbaycan K(b)P MK-da mətbuat nümayəndələrinin müşavirəsini keçirmiş, qurultaya hazırlıq görmüşdü. Qurultaya hazırlıq müşavirələri Ruhulla Axundovun ümumi sədrliyi ilə 1924-cü il iyunun 18-də keçirilmiş və qərara alınmışdı ki, qurultay sentyabrın 15-dək çağırılsın. Triniç, Rəhmanov, Şahbazov, Çaqin və Qepşteyndən ibarət 5 nəfərlik büro yaradılmışdır. 19 bənddən ibarət tezislər hazırlanmışdı. Qurultay 1924-cü il oktyabrın 2-dən 6-dək keçirilmişdir. Qurultayda 250-dək nümayəndə iştirak etmişdir. Nümayəndələrin yarıdan çoxu qəzaların payına düşürdü.

Fəhlə-kəndli müxbirləri hərəkatı barədə İ.Ə.Eminbəyli məruzə etmişdi.

Qurultay aşağı təşkilatlara tövsiyə edirdi ki, yaşlı bitərəf kəndliləri, xüsusilə də yoxsulları və muzdurları kəndli müxbirləri sıralarına qəbul etsinlər.

Kəndli müxbirlərinin savadını artırmaq məqsədi ilə təklif olunurdu ki, divar qəzetlərinin və mərkəzi və qəza qəzetləri redaksiyalarının nəzdində dərnəklər təşkil edilsin. “Kommunist” qəzeti redaksiyasında da dərnək təşkil olunmuş, onun şəhər rayonları üzrə bölmələri yaradılmışdır. Müxbirlər müsəlmanların istirahət günü olan cümə günlərində toplaşırdılar. Qəzalarda da belə dərnəklər yaradılmışdı. Həmin dərnəklərdə fəhlə-kəndli müxbirlərinə insanlarla ünsiyyət yaratmağı, nədən və necə yazmağı, materialı necə əldə etməyi öyrədirdilər.

Təklif olunurdu ki, bir yazıda yalnız bir mövzu əhatə olunsun, dürüst məlumatlara əsaslanılsın, ara sözlərinə inanıb, qələmə əl atmasınlar.

Qurultay fəhlə-kəndli müxbirlərinin yerli və partiya təşkilatları tərəfindən törədilən təqib və özbaşınalıqlardan müdafiə olunması məsələsinə xüsusi diqqət yetirdi. Bunun üçün Fəhlə-kəndli müxbirlərinin Azərbaycan bürosu yaradıldı və onun Rəyasət Heyəti seçildi. “Kommunist” qəzetindən büroya Səfər Məmmədli (Lənkəran), Rəyasət Heyətinə isə Əziz Nuri, Məmmədqulu Əlixanov (Azərbaycan bürosunun katibi), Abdulla Şərifov daxil oldular.

Qəzetin səhifələrini təsadüfi - xaltura materiallarından xilas etmək, eləcə də fəhlə-kəndli müxbirlərində sərbəstliyi tərbiyə etmək məqsədi ilə klubun nəzdindəki dərnəklərdə onların məruzələri dinlənilirdi. Məsələn, fəhlə müxbiri Əhməd Bədəlzadənin “Türk işçi mətbuatının tarixi” və Qasım Tahirin “Hamilik məsələləri” məruzələri dinlənilmişdi.

Moskvada fəhlə-kəndli müxbirləri hərəkatını daha da inkişaf etdirmək üçün 1924-cü ilin dekabrında “Pravda” və “Raboçi korrespondent”in nəzdində fəhlə-kəndli müxbirlərinin II Ümumittifaq müşavirəsi çağırıldı. Bu müşavirəyə Leninin bacısı M.İ.Ulyanova rəhbərlik etdiyindən, ona xüsusi diqqət verilirdi. “Naməlum” səbəblərdən müşavirədə təmsil olunmaq üçün “Kommunist” qəzetinin nümayəndələrinə yer verilməmişdi. M.İ.Ulyanovanın şəxsi köməkliyi ilə “Kommunist” qəzetinə təmsil olunmaq üçün xüsusi yer ayrıldı və fəhlə müxbiri Əziz Nuri müşavirənin rəyasət heyətinə seçildi.

Qəzetin həm birlikdə, həm də ayrı-ayrılıqda, bəzən də qəzalar üzrə müşavirə və konfranslarının keçirilməsi ənənə halını aldı.

Qəzet qəza müxbirləri üçün zona müşavirələri də təşkil edirdi. Məsələn, 1927-ci il aprelin 21-də Poylu-Dərbənd dəmiryolu xətti boyunca yerləşmiş qəzaların kəndli müxbirlərinin konfransı keçirilmişdir. Burada divar qəzetlərinin sərgisi də təşkil olunmuşdu.

Hələ 1921-ci il fevralın 21-də kəndli müxbirlərinin fəaliyyətini gücləndirmək məqsədi ilə Azərbaycan K(b)P MK qəza partiya komitələrinə və qəzetlərin redaksiyalarına təsdiq olunmuş təmimnamə göndərmiş və tələb etmişdi ki, kəndli müxbirlərini yerli inzibati və digər ünsürlərin hədə və təzyiqlərindən qorusunlar. Bundan əlavə, qəza işçilərinə kömək məqsədi ilə 4 mühazirədən ibarət - 1) “Kəndli müxbirləri və onların əsas vəzifələri haqqında”, 2) “Kəndli müxbirlərinin təşkilat məsələləri haqqında”, 3) “Tərbiyə işləri və təqiblərdən müdafiə haqqında”, 4) “Divar qəzetləri haqqında” - “Kəndli müxbirləri hərəkatı üzrə mühazirələr konspekti” nəşr edilmişdi.

Ümumittifaq fəhlə-kəndli müxbirləri hərəkatının aparıcı təşkilatçılarından olan “Pravda” qəzeti redaksiyasının katibi M.İ.Ulyanovanın 1926-cı il martın 7-də Bakıya gəlməsi Azərbaycan fəhlə-kəndli müxbirləri üçün böyük hadisəyə çevrildi. Müxtəlif səviyyələrdəki çoxsaylı görüşlər və çıxışlardan sonra M.İ.Ulyanova martın 10-da 500 nəfərdən artıq fəhlə-kəndli müxbirlərinin iştirak etdiyi müşavirədə çıxış etdi və III Ümumittifaq fəhlə-kəndli müxbirləri müşavirəsində həll ediləcək əsas vəzifələrdən danışdı.

1927-ci ilin əvvəllərində respublikanın müəssisə, təşkilat və kəndlərində 900-dək divar qəzeti, 10 minədək fəhlə-kəndli müxbirləri nəşri və divar qəzeti, 160-dək fəhlə-kəndli müxbirləri dərnəyi var idi.

Fəhlə-kəndli müxbirlərinin sıralarının sürətlə artması və həmin dövrdə partiya və dövlət məmurlarının onları ifşa və tənqid edən müxbirləri açıq təqib etməkdən çəkinmələri onu bildirir ki, o illərdə fəhlə-kəndli müxbirləri hərəkatının inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılmışdı.

 

Kəndə doğru

 

O dövrün ən mürəkkəb və çətin məsələlərindən biri dövri mətbuatın kənd yerlərinə çatdırılması idi. Bu məsələ o qədər ciddi idi ki, onun həlli qəzetlərin imkanları xaricində idi. “Kommunist” qəzeti Ə.Bədinin imzası ilə yazılmış “Növbəti vəzifələrimiz” məqaləsində göstərirdi ki, “bu gün əsas çatışmazlıqlarımızdan biri kəndlilərlə normal əlaqənin olmamasıdır. Ona görə də poçt işçilərinin qəzaların mərkəzdən uzaq olması izahatlarını ciddi qəbul etmək olmaz. Bu səbəb deyil. Poçt işçilərini işdə fəaliyyətə gətirmək lazımdır”.

Həm poçt işçiləri, həm də yerli hakimiyyət nümayəndələri bəzən elə hərəkət edirdilər ki, onları mübaliğəsiz cinayətə bərabər saymaq olar. Məsələn, Quba qəzasının Rustov İcraiyyə Komitəsi sovetinin sədri Əsədulla Cəfərzadə milisin köməyi ilə abunəçilər üçün nəzərdə tutulan qəzetin alverçilərə və dükançılara satışını təşkil etmişdir.

Hətta Bakı kəndlərinə qəzet gec, bəzən həftədə bir dəfə çatdırılırdı. Bəzi yerlərdə qəzetin çatdırılması o qədər pis təşkil olunmuşdu ki, abunəçilər qəzetin 50-60 nömrəsini birdən alırdılar. Məsələn, Quba qəzasının Xudat dairəsində, Göyçay qəzasında və başqa yerlərdə qəzet pudlarla yığılır və dükanlara göndərilirdi. Bunun əsas səbəblərindən biri Azərbaycanda poçt-teleqraf sisteminin son dərəcə pis təşkil olunması və respublika rəhbərliyinin belə “xırda” işlərlə maraqlanmağa imkanının olmaması idi.

1924-cü ildə Azərbaycanda 55 poçt-teleqraf müəssisəsi, 1 teleqraf və 1 yardımçı idarə, cəmisi 57 müəssisə var idi. Müqayisə üçün deyək ki, həmin dövrdə qonşu Gürcüstanda 164 poçt-teleqraf müəssisəsi var idi. Ona görə də qəzetlər şimal rayonlarına (Quba, Qusar) 4-5 gün gec, cənub (Biləsuvar, Lerik) rayonlarına isə ən yaxşı halda 6-8 və ya daha gec müddətə çatdırılırdı. Respublikanın ən ucqar bölgələri haqqında danışmağa isə dəyməzdi. Bu məsələnin həlli üçün ümumdövlət səviyyəsində iş görmək lazım idi. ZaqMİK, AzMİK və Azərbaycan K(b)P MK-nın köməkliyi ilə 1925-ci ildə qəzalarda 69 yeni poçt şöbəsi açıldı və yalnız bundan sonra kəndli müxbirlərin yaxından köməkliyi sayəsində vəziyyət bir qədər yaxşılaşdı.

 

Qəzetdə dərc olunan material - rəsmi sənəddir

 

Bütün qəzetlərin redaksiyalarına tapşırılmışdı ki, çap edilməyən yazıların səbəblərini imkan daxilində izah edə biləcək xüsusi rubrika yaratsınlar. “Kommunist” qəzeti bu üsuldan hələ 1923-cü ildən istifadə edirdi. “Poçta qutusu” və “Cavablarımız” rubrikalarında yazıları dərc olunmayan müəlliflərə bunun səbəbi qısaca izah edilirdi. Məsələn, “Kommunist” qəzetinin 1923-cü il 16 may tarixli nömrəsində yazılırdı: “Yoldaş Şamilova: Sizin tamamlanmamış məqaləniz üç müxtəlif mövzunu - kooperativləri, torpaq işini və kəndlilərin həyatında iqtisadi siyasəti əhatə edir. Əgər yazılarınızı hər sahə üzrə ayrıca yazsanız və yazılarınızı tamamlasanız, dərc edərik”. Başqa yazı: “Cavanşirdə - Yulduza: Sizin yazı imzasız olduğundan (yəni müəllifin soyadı, adı və ünvanı olmadığından) dərc olunmayacaq”.

Məktublar bəzən təkrarçılığa, faktların olmamasına, yubanmasına, əsassızlığına və ya ictimai maraq kəsb etmədiyinə görə çap olunmurdu.

Təbii ki, bu və ya digər səbəbdən yazıların çap olunmaması fəhlə-kəndli müxbirlərinin fəallığının inkişafına müəyyən dərəcədə mənfi təsir göstərirdi. Müxbirlərin bir çoxu hətta redaksiyadan küsür və yazmaqlarına xitam verirdilər. Qəzet fəhlə-kəndli müxbirlərinin incikliklərinə yumorla yanaşır, onları yenidən ruhlandırmağa çalışır və əməkdaşlığı davam etdirməyə çağırırdı. Bəzən küsmüş müxbirlərə bayatılar, felyetonlar və şerlər həsr edirdilər. Məsələn:

 

Bundan sonra şu “Kommunist” qəzetəsinə bir xəbər

Yazmamağa and içmişəm, söz vermişəm özümə.

Nə barədə yazıramsa, düzəldib çap edirlər,

Yazdığımı çap etmirlər, baxmayırlar sözümə.

 

Və ya:

 

Demək bizdən küsmüsən, ay təcrübəsiz əməkdaş,

Əbəs, əbəs. Bu hərəkət yakışarmı heç sana?

Kəmsavadsan, yazdıqların düzəlməzsə, a yoldaş

Yazı yazmaq üsuluyla olarsanmı aşina?

 

Fəhlə-kəndli müxbirləri hərəkatı bütövlükdə həm müxbirlərin fəallığına, həm də onların vasitəsi ilə geniş xalq kütlələrinə böyük təsir göstərmişdi. Savadsızlığın ləğv olunması yolundakı təbliğat və təşviqat işlərində bu hərəkatın rolu əvəzedilməzdir. Bununla belə, 30-cu illərin ikinci yarısında daha da genişlənmişdir - xəbərçiliyin, çuğulluğun, böhtançılığın, rüsvayetmənin ilkin rüşeymlərini bu hərəkatda müşahidə etmək o qədər də çətin deyil. Təkcə onu demək kifayətdir ki, 1925-ci ilin ikinci yarısı və 1926-cı ilin birinci yarısında prokurorluq orqanlarının göstərilən dövr üzrə apardıqları təhqiqatların 50%-i məhz kəndli müxbirlərinin mətbuatda dərc olunmuş yazılarına əsasən başlanılmışdır.

Müxbirlərin bəziləri öz şəxsi məqsədləri və mənfəətləri, yaxud da, sadəcə olaraq kiminsə paxıllığını çəkdikləri, şəxsən xoşları gəlməməsi səbəblərindən, bəzən də özlərini kimlərəsə göstərmək naminə ayrı-ayrı adamlara böhtan atır, onları şərləyirdilər. Məsələn, Göyçay qəzasının Sağırlı kəndindən Mürvət Qurbanov adlı birisi “Kommunist” qəzetində “Komsomol bayrağı altında qolçomaq ocağı” adlı yazı dərc etdirir. Cəmi üç gün sonra məlum olur ki, müəllif xoşuna gəlməyən adamlara böhtan atıb. Və ya Nərimanabaddan olan Nüsrət Tapdıqlı adlı bir başqası eyni yolu tutub. O, qızını və ya bacısını ona vermək istəməyən şəxslərin hamısına böhtan atıb. Oxu daşa dəyən adaxlı, demək olar ki, kənd sakinlərinin hamısını şərləyib, amma sonda ifşa edilib.

“Bakinski raboçi” qəzetinin fəhlə müxbiri Gəncədə həmkarlar təşkilatı işçisinə böhtan atır və az sonra işdən qovulur. “Bakinski raboçi” qəzeti isə, məsələyə aydınlıq gətirmədən tələb (!) edir ki, həmin müxbir 24 (iyirmi dörd!) saat ərzində öz işinə bərpa edilsin".

“Bakinski raboçi”dən fərqli olaraq “Kommunist” qəzeti öz fəhlə-kəndli müxbirlərinə qarşı çox tələbkar idi. Məsələn, M(əmmədqulu) Əlixanovun imzası ilə dərc olunan “İşçi müxbirləri və növbəti vəzifələrimiz” adlı məqalədə deyilirdi ki, bizim imkanları məhdud mətbuatımız üçün vicdanlı və doğruçu müxbirlər lazımdır", “Müxbirlər arasında ləyaqətsiz ünsürlər” adlı məqalədə isə qəzet yazırdı ki, “sıralarımızı zərərli ünsürlərdən, mətbuatı öz qərəzli və şəxsi məqsədləri üçün istifadə edənlərdən təmizləmək lazımdır”.

“Qotur müxbir - rədd ol sıralarımızdan” yazısında tələb olunurdu ki, yalançı müxbirləri çap olunmaq imkanlarından məhrum etmək, eləcə də onları xəbərdar etmək lazımdır ki, barələrindəki sənədlər prokurorluq orqanlarına göndəriləcək".

Fəhlə müxbirləri Məcid Bağırov və Qədirovun davranışı ilə bağlı “Kommunist” qəzetinin Şubanı kənd fəhlə müxbirləri bürosuna məsələ çıxarılır. Onlar dəqiqləşdirilməmiş materialları qəzetə göndərmişlər və buna görə də cəzalandırılıb töhmət almışlar.

Elə hallar da olmuşdur ki, bəzi fəhlə-kəndli müxbirləri bir neçə yazı dərc etdirdikdən sonra lovğalanıb öyünməyə başlamış, insanları qəzetlərdə barələrində rüsvayçı yazılar dərc edəcəkləri ilə hədələmişlər. Məsələn, Lenin dairəsindən olan fəhlə müxbiri Hüseyn Fikri (təxəllüsü “İşçi müxbiri”) belə davranışına görə fəhlə-kəndli müxbirlərinin yoldaşlıq məhkəməsinə cəlb olunmuş və 1926-cı il aprelin 30-da ona 6 ay müddətində qəzetdə çap olunmaq qadağan edilmişdi. Başqalarına ibrət olsun deyə, yoldaşlıq məhkəməsinin qərarı qəzetdə dərc olunmuşdu.

Bununla belə, qəzet tez-tez öz səhifələrində fəhlə-kəndli müxbirlərinin təqiblərdən və repressiyalardan müdafiə olunması məsələsini qaldırır, müvafiq instansiyalara müraciət edirdi. Azərbaycan K(b)P MK-nin yerlərə 12 yanvar 1923-cü il tarixli təmimnamə göndərməsinə, ZaqXKS-nin 1924-cü ilin sonunda fəhlə-kəndli müxbirlərinin müdafiə olunması barədə dekret verməsinə baxmayaraq, onların təqibi davam edirdi. Müvafiq təşkilatlarda dəfələrlə kəndli müxbirlərinin təqib olunması, izlənilməsi, sıxışdırılması və döyülməsi məsələlərinə baxılmışdır. Belə hallar Lənkəran, Nuxa və digər qəzalarda baş vermişdi. Elə hallar da olmuşdu ki, nəinki partiya və sovet işçiləri, hətta qəza milis rəisi də kəndli müxbirlərindən tələb etmişdi ki, yazılarını qəzetə göndərməzdən əvvəl yoxlanılmaq üçün onun yanına gətirsinlər.

Kəndli müxbirlərinin kütləvi şəkildə təqib olunmasına 1923-cü ilin ikinci yarısından başlanılmışdı.

Təqiblərin qarşısının alınması və günahkarların cəzalandırılması məqsədi ilə prokurorluq orqanları işə qarışdılar və onların nümayəndələri mətbuatda bu barədə çıxışlar etməyə başladılar. Məsələn, “Çoxlarına xəbərdarlıq. Prokuror nəzarəti və kəndli müxbirləri” məqaləsində Bakı şəhər prokurorunun müavini Məmmədəmin Ramazanzadə bütün təqibçilərə xəbərdarlıq edərək bildirirdi ki, “kəndli müxbirlərindən əl çəkin...”. O, xatırladırdı ki, Cinayət Məcəlləsinin 88-ci maddəsinin 4-cü bəndinə əsasən təqibçilər məsuliyyətə cəlb olunacaqlar, kəndli müxbirlərinin yazılarına diqqət yetirməyən və cavab verməyən rəhbərlər isə Cinayət Məcəlləsinin yuxarıda göstərilən, eləcə də 108-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb ediləcəklər.

Azərbaycan K(b)P BK-nin Rəyasət Heyəti 1924-cü il yanvarın 30-da partiya özəklərinin fəhlə-kəndli müxbirləri yazılarına nəzarət etmək cəhdlərini araşdırmış və onu qadağan etmişdir.

Qəzetin redaksiyası öz fəhlə-kəndli müxbirlərinə kömək etmək məqsədi ilə 1924-cü il iyunun 13-də Bakı Soveti inzibati şöbəsinin müdiri, Şəki və Bakı prokurorunun iştirakı ilə müşavirə keçirdi və onlar hər bir konkret hal üçün konkret tədbirlər görürdülər.

Bu, o qədər ciddi bir məsələ idi ki, Azərbaycan K(b)P MK 1924-cü il sentyabrın 29-da “Kəndli müxbirlərinin təşkilatlanmasına dair tədbirlər və onlara qarşı hər hansı repressiyanın tam aradan qaldırılması haqqında” qərar qəbul etmişdi.

“Kommunist” qəzeti belə hesab edirdi ki, mətbuat səhifələrində dərc olunan hər hansı bir yazı və material bütövlükdə prokurorluğa rəsmi müraciət hesab olunur. Məhz buna görə də prokurorluq orqanları fəhlə-kəndli müxbirlərinin yardımından bəhrələnə və onları təqiblərdən qoruya bilər.

Kəndli müxbirləri də yerlərdə öz qüvvələrini birləşdirmək imkanları arayırdılar. Onlar birləşərək qəza kəndli müxbirləri bürosu yaratmışlar. Məsələn, Lənkəranda “Kommunist”, “Bakinski raboçi”, “Kəndçi qəzetəsi” və yerli “Kəndçi qəzetəsi” ilə ümumi yığıncaqda qəza bürosunu yaratdılar. Qəza partiya komitəsi isə onlara qəza miqyasında təqiblərə qarşı qəzet kampaniyası aparmağa kömək etmişdi.

1924-cü ilin yazından başqa qəzalarda da belə bürolar yaradılmışdı. Bu onunla bağlı idi ki, həmin dövrdən etibarən kəndli müxbirlərinin təqib olunmasında yeni mərhələ müşahidə olunmaqda idi. Bununla əlaqədar olaraq AzMİK Rəyasət Heyəti bütün xalq komissarlıqlarına, icraiyyə komitələrinə, Bakı Sovetinə, Naxçıvan MSSR və DQMV MİK-lərinə təmim sərəncamı göndərərək, yerli bürokratlara qarşı ən ciddi tədbirlərin görülməsini tələb etmişdir.

“Kommunist” və “Bakinski raboçi” qəzetləri qərara almışdılar ki, özlərinin birgə qüvvələri ilə bürokratlara qarşı mübarizə aparsınlar və kəndli müxbirlərinin müdafiəsi məqsədilə bütöv səhifələri buna həsr edirdilər. Bunun üçün qəzetlərin hər ikisində “Qəza və kəndli müxbirlərinin müdafiəsinə” rubrikası açılmışdır.

Bir sıra hallarda yerli partiya və sovet rəhbərlərinin göstərişi ilə kəndli müxbirləri həbs olunur və ya tutduqları vəzifələrindən azad edilirdilər. Məsələn, Lənkəranda “Kommunist” qəzetinin kəndli müxbiri Məmmədəli İsmayılov həbs olunmuş və yalnız Azərbaycan K(b)P MK mətbuat şöbəsinin müdaxiləsindən sonra azadlığa buraxılmışdı. Maştağada “Kommunist” qəzetinin Azərbaycan LKGİ BK-nın Rəyasət Heyətinə məktubla müraciətindən sonra vəzifəsindən azad edilmiş kəndli müxbiri işinə bərpa edilmişdi. İndiki Bakıxanov qəsəbəsində “Oradakı” təxəllüslü fəhlə müxbiri (nə qədər paradoksal olsa da, fəhlə-kəndli müxbirlərinin əksəriyyətinin təxəllüslərini məhz onların təqib olunmalarına görə müəyyənləşdirə bilmişik) təqibə məruz qalmışdı. Bununla əlaqədar olaraq “Kommunist” qəzeti prokurora müraciət etmiş və lazımi yardım almış, təqib olunan fəhlə müxbiri “Oradakı” - Nağı Cəfərov isə sonralar ən yaxşı müxbirlərdən biri olmuş və redaksiyanın vəsaiti hesabına Moskvaya ali jurnalist təhsili almağa göndərilmişdir.

Bəzən müvafiq instansiyalardakı ayrı-ayrı vəzifəli şəxslər fəhlə-kəndli müxbirlərinin adlarını açıqlamaqla bir tərəfdən onların təqib olunmalarına, digər tərəfdən isə cinayətlərin gizlədilməsinə şərait yaradırdılar. Ona görə də Respublika Ali Məhkəməsi bu cür fəaliyyətin cinayət hesab edilməsi və günahkarların Cinayət Məcəlləsinin 104-cü maddəsinin “b” və 117-ci maddəsi ilə cəzalandırılması barədə qərar qəbul etmişdi.

 

 

(ardı var)

 

Elmar MƏHƏRRƏMOV

 

Xalq qəzeti.-2009.-28 avqust.-S.3.