Azərbaycan dilinin dövlət
dili kimi rəsmiləşdirilməsi və
inkişafı ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır
İnkişaf etmiş zəngin
dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,
ölməzdir, böyük gələcəyə malikdir. Ona
görə də xalqımıza ulu babalardan miras qalan bu ən
qiymətli milli sərvəti hər bir Azərbaycan
övladı göz bəbəyi kimi qorumalı, daim
qayğı ilə əhatə etməlidir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Hər bir xalqın
milli-mənəvi dəyərlərini yaşadan, inkişaf
etdirən onun dilidir. Dil hər bir xalqın
varlığının ən əsas, bəlkə də yeganə
təminatçısıdır. Azərbaycan xalqının
da ana dili onun milli varlığını müəyyən edən
başlıca amillərdəndir. Ana dilimiz xalqın
keçdiyi bütün tarixi mərhələdə onunla birgə
olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir
ki, xalqımızın əbədiyaşarlığına
xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin
müxtəlif burulğanlarından alnıaçıq,
üzüağ çıxaraq müasir dövrə gəlib
çatmış ən böyük mənəvi sərvətimizdir.
Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi
müqəddəsdir.
Bu bir faktdır ki, Azərbaycan
dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və
inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır.
Sovet hakimiyyəti
dövründə, xüsusən də 20-ci, 30-cu, 40-cı,
50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyətinin
azərbaycanlılardan ibarət olmasına baxmayaraq,
respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin
inkişaf etdirilməsi və zənginləşdirilməsi
qeyri-mümkün idi və dövlət tərəfindən
bu məqsədlə hər hansı bir tədbir də
görülmürdü.
70-ci illərin
ortalarından başlayaraq SSRİ-ni təşkil edən
respublikaların ictimai-siyasi həyatında dil məsələsi
yenidən gündəmə gətirildi. SSRİ
Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi.
Rus dilinin hüquqlarının genişləndirilməsi ilə
əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə
təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin
təbliği ilə məşğul olmaq çox riskli və
qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə
sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri
də ana dili məsələsini gündəmə gətirməkdə
aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi
ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan
Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində
öz mövqeyini çox cəsarətlə, qətiyyətlə
bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ
Konstitusiyası haqqında danışarkən öz nitqində
xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq
imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin
dövlət dili statusunu qorumaq məqsədi
güdürdü.
SSRİ Konstitusiyası
qəbul edildikdən sonra müttəfiq respublikaların
Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə
verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması
məsələsi öz əksini tapmamışdı. Kommunist
ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin
iştirakı ilə keçirilən müzakirələr
formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu
ziyalılar layihəyə Azərbaycan dilinin
salınmamasından narazılıqlarını bildirmişdilər.
Yenə də respublikamızın rəhbəri Heydər Əliyev
həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan
dilinin dövlət dili olması barədə maddə
salınmasına çalışırdı. Lakin
Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr
gətirərək bunun qarşısını
alırdılar. Xalqını, millətini böyük məhəbbətlə
sevən ulu öndər isə inadından əl çəkmirdi.
Öz məqsədinə çatmaq üçün fəaliyyətini
israrla davam etdirirdi. Ulu öndər yaranmış ağır
vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.
İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin
dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini,
nəhayət, birdəfəlik həll edir. Ümumxalq
müzakirəsinə verilmiş Azərbaycan Respublikası
Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif
olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan
Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər
Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və
Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan
dilinə dövlət dili statusunun verilməsi ümummilli
lider Heydər Əliyevin xalq qarşısında ən
böyük tarixi xidmətlərindən biridir. Ulu öndər
bununla gələcək müstəqil dövlətçiliyin
milli atributlarından birini məharətlə qorudu. Bundan sonra
isə ana dilimizin inkişafı və qorunması sahəsində
mühüm əhəmiyyətli tədbirlərin həyata
keçirilməsinə nail oldu. Hələ Kommunist
ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu
öndər deyirdi: “Dil xalqın böyük sərvətidir.
Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin
tərəqqisi mümkün deyildir”.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi
istiqamətində müxtəlif vasitələrdən istifadə
edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət
və qayğı göstərilməsi, milli dildə nəşr
edilən kitabların tirajlarının
çoxaldılması və digər tədbirlər ana
dilinin daha da inkişaf etdirilməsi məqsədini
daşıyırdı. Ana dilimizə göstərilən bu
qayğı və dövlət başçımızın
fədakarlığı nəticəsində
xalqımızın milli ruhu getdikcə yüksəlir,
özünə inam artır və müstəqillik
düşüncələri daha da güclənirdi. Azərbaycan
dilinin inkişafı isə daim diqqət mərkəzində
saxlanılırdı.
Azərbaycan müstəqillik
əldə etdikdən sonra hakimiyyətə gələn
naşı və səriştəsiz şəxslərin idarəetmədəki
təcrübəsizliyi müstəqilliyimizi uçuruma
aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat
hakimiyyəti dövründə bu uçurum özünü
daha qabarıq şəkildə büruzə verdi. Onlar
heç bir məntiqi əsasa söykənmədən
dövlət dilinin adının dəyişdirilməsini və
“türk dili” adlandırılmasını təklif edirdilər.
Bununla da Azərbaycanı bir dövlət, xalq kimi xəritədən
birdəfəlik silməyə çalışırdılar.
Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti
xalqın rəyini nəzərə almadan, referendum keçirmədən
1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu
“müzakirə” edərək Azərbaycanda dövlət
dilinin “Türk dili” olması barədə qərar qəbul
etdi. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk
dili” adlı dərsliklərlə əvəzləyərək
çapını da həyata keçirdilər. AXC-Müsavat
hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi
bu əməlinə “milli xəyanətkarlıq”dan başqa
ayrı ad vermək olmaz. Çünki hər bir dövləti,
xalqı, milləti tanıdan amillərdən biri də onun
ana dilidir. AXC-Müsavat hakimiyyəti ana dilimizə
böyük zərbə vurdu. Bununla da xalqımızı birdəfəlik
olaraq yaddaşdan silmək istəyirdi. Onu da qeyd edək ki,
AXC-Müsavat hakimiyyəti dövründə qəbul
olunmuş bu qanunun əslində heç bir hüquqi qüvvəsi
yox idi. Çünki 1992-ci ildə qüvvədə olan
1978-ci il Konstitusiyasındakı 73-cü maddə hələ
hüquqi qüvvəsini itirməmişdi. Konstitusiyanın hər
hansı maddəsinin dəyişdirilməsi barədə qərar
isə müvafiq qanunvericiliyə görə üçdə
iki səs çoxluğu ilə qəbul edilməli idi. 1992-ci
ildə Milli Məclisin dövlət dilinin türk dili
olması ilə bağlı qərarının qəbulu
zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu.
Dövlət idarəçilyində zəngin təcrübəsi
olan ulu öndər Heydər Əliyev də sonralar bu məsələyə
münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi
bu qərarı kəskin pisləyərək demişdir: “Bu
böyüklükdə tarixi bir qərar Azərbaycan
xalqının iradəsi nəzərə alınmadan 26 nəfər
tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv
buraxılıbdır”.
Xalqın təkidli tələbi
və xahişi ilə 1993-cü ildə yenidən siyasi
hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə
olduğu kimi, milli-mənəvi dəyərlərimizin
qorunması, adət-ənələrimizin, milliliyimizin
inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan
dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə
xüsusi önəm yetirən ümummilli lider ana dilimizi — Azərbaycan
dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət
dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər olundu və onların çox
böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili
adlandırılması təklifini dəstəklədi. Müzakirələrin
nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci
maddəsində Azərbaycan Respublikasının dövlət
dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan
sonra ana dilimizin inkişafı və qorunması işi daha da
gücləndirildi. Bir-birinin ardınca fərmanlar
imzalandı, qanunlar qəbul edildi.
Ulu öndər Heydər
Əliyev şəxsən özü Azərbaycan dilinin
qorunmasına və inkişafına xüsusi diqqət
yetirmişdir. 2001-ci ilin iyunun 18-də böyük dahi şəxsiyyət
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb
edən bu sənəd dilimizin inkişafı və tətbiqi
sahəsində meydana çıxan problemlərin həllində
mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyasının
yaradılması da nəzərdə tutulurdu. Dünyanın
heç bir dövlətində analoqu olmayan belə bir qurumun
yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə
daha səmərəli şəkildə nəzarət etmək
və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək
məqsədi daşıyırdı.
2001-ci il avqustun 9-da Azərbaycan
Prezidenti yeni fərman — “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında”
mühüm bir sənəd imzaladı. Həmin fərmanda
deyilir: “On ilə yaxın bir müddətdə latın
qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə
2001-ci il avqust ayında bütövlükdə təmin
edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin
tarixində mühüm hadisə olduğunu nəzərə
alaraq qərara alıram:
Hər il avqust
ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd edilsin.
Müstəqilliyimizin
ilk ilində — 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası
qəbul olunsa da, bu qərar kağız üzərində
qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin
fərmanından sonra ana dilimizin tətbiqi işinin daha
mükəmməl səviyyədə həyata keçirilməsinə
stimul verildi. Məhz bundan sonra respublikada bütün
yazılı sənədləşmələr latın
qrafikası ilə aparıldı. Artıq latın
qrafikalı Azərbaycan əlifbası beynəlxalq aləmə
daha da yaxınlaşıb. Ulu öndərin daxili və xarici
siyasətini uğurla davam etdirən möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə
görə yüksək qiymətləndirilir. Həmin fərmanlara
uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində
latın qrafikası ilə çapı nəzərə
tutulan əsərlərin siyahısı hazırlanmış
və çap olunmuşdur. Möhtərəm Prezidentimiz
milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin
inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqlədi.
Bu gün Azərbaycan
dilinin hərtərəfli inkişafı, dövlət dilinə
çevrilməsi, diplomatiya aləminə yol açması,
dünyanın ən mötəbər tribunalarından
eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu
öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir,
dərin tarixi köklərə malikdir. Şəxsən mən
öz ana dilimi sox sevir və bu dildə
danışmağımla fəxr edirəm” müdrik kəlamı
ana dilimizə olan məhəbbət və hər bir
soydaşımız üçün örnəkdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 1 avqust.- S. 3.