Saatlı: ilin birinci yarısı və uğurlu nəticələr

 

2009-cu ilin 1-ci yarısı da tarixə çevrildi. Bu tarix ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, ümumilikdə Azərbaycan Respublikası üçün uğurlu olmuşdur. Saatlı rayonunun bu dövrə olan sosial-iqtisadi göstəriciləri də ürəkaçandır. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirdi ki, iyulun 22-də möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin geniş iclasında ilin 1-ci yarısına yekun vurdu və sosial-iqtisadi göstəricilərin inkişaf dinamikasını vurğuladı. Şübhəsiz ki, ölkədə gedən tərəqqi özünü Saatlı rayonunda da hiss etdirir.

Ötən 6 ay ərzində Saatlı şəhərinin Heydər Əliyev prospekti boyunca, eləcə də rayonun Bəylik kəndi ərazisindəki girişdən Varxan kəndinə qədər olan 25 kilometrlik məsafədə geniş həcmli işlər görülmüşdür. Varxan kəndindən keçən magistral yolun kənarındakı gölməçə və çökək ərazilərə 4000 kubmetr torpaq daşınaraq yaşıllıq zolağının salınması üçün hazırlanmış və 560 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Həmçinin magistral yolun kənarında yerləşən və vətəndaşlara məxsus bərbad vəziyyətdə olan hasarlar sökülərək 1080 kvadratmetr yeni daş hasar çəkilmiş, 2600 kvadratmetr suvaq edilmiş və həmin sahə rənglənmişdir.

Bundan əlavə Mustafabəyli kəndi ərazisində də magistral avtomobil yolunun kənarında vətəndaşa məxsus ərazidə 162 kvadratmetr yeni daş hasar tikilmiş, suvaq edilmiş və rənglənmişdir. Bəylik kəndi ərazisində rayona giriş abidə kompleksi təmir edilərək ətrafı abadlaşdırılmışdır.

Şəhərin Heydər Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın ərazisində və qarşı tərəfdə olan sahədə parkın salınması və “Azərbaycanlıların soyqırımı” abidəsinin tikilməsi üçün ərazinin çökək hissələrinə torpaq daşınaraq hamarlanmış, yeni səki və yaşıllıq zolaqlarının salınması üçün hazırlıq işləri isə hazırda davam etdirilir. İlin əvvəlində ağac əkilməsi kampaniyası mütəşəkkil şəkildə keçirilmiş, təkcə yaz mövsümündə 29500 ağac əkilmişdir. Payız mövsümündə 35000 ağacın əkilməsi üçün hazırlıq işləri görülmüşdür.

Şəhərin Heydər Əliyev prospekti ətrafında yerləşən beşmərtəbəli yaşayış binaları massivində 2 yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüyü və su axıdıcı novları yeni tikinti materialları ilə əvəz edilmiş, hər iki binanın fasad hissəsi suvanaraq rənglənmişdir. Həmin ərazidə yeni tikilmiş “İstirahət parkı”nda 720 kvadratmetr sahəyə bəzək plitəsi, 1448 kvadratmetr sahəyə mərmər döşənmiş, şəhər ərazisində bir sıra küçə və daxili yolların 9156 kvadratmetri çınqıl örtüklə təmir olunmuşdur.

M.Ə.Rəsulzadə kuçəsində 172 metr uzunluğunda yeni səki çəkilmiş və həmin ərazidə yaşıllıq zolağının salınması üçün hazırlıq işləri aparılmışdır.

Heydər Əliyev prospektinə, M.Ə.Rəsulzadə, M.Əzizov, Şəhriyar, M.Şəfi, M.Kərimov, 20 Yanvar, Q.Qarayev, O.Rzayev, M.Əzizbəyov, Nəsimi, Cavanşir, Vidadi, M.P.Vaqif, S.Vurğun və Babək küçələrinə ümumilikdə 36990 kvadratmetr asfalt vurulmuşdur və bu işlər hazırda davam etdirilir.

Azərbaycanın Milli Qəhrəmanı Elşən Hüseynovun Qıraqlı kənd qəbiristanlığında yerləşən büst abidəsi və qəbirüstü abidəsi, eləcə də Milli Qəhrəmanın ata və anasının qəbirləri yenidən abadlaşdırılmış, abidələr mərmər daşlarla düzəldilmiş, ətrafı məhəccərlə əhatə olunmuş, qəbir abidələrin üstünün örtülməsi məqsədilə çardaq qurulmuşdur. Bundan əlavə Milli Qəhrəmanın MRX-nın qarşısındakı büst abidəsi yenidən təmir olunaraq ətrafında abadlıq işləri görülmüşdür. 2-ci qrup Qarabağ müharibəsi əlili Astanov Əfqan Vahıb oğluna Mollavazlı kəndində fərdi yaşayış evi tikilmişdir. Hazırda rayonun güzəştli ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan ikimərtəbəli, 16 mənzilli yeni yaşayış binasında tikinti işləri davam edir.

Respublikamızda ilk dəfə olaraq rayon ərazisində Araz çayı üzərində asma körpü tikilib istifadəyə verilmişdir. İyulun 27-də Novruzlu və Yeni Novruzlu kəndlərini birləşdirən,106 metr uzunluğu, avtomobillərin gedişi və piyadaların keçidi üçün ayrılmış yol nəzərə alınmaqla eni 6,5 metr olan körpünün açılışı olmuşdur.

Heydər Əliyev prospektində Milli Təhlükəsizlik Nazirliyinin Saatlı rayon şöbəsinin inzibati binasının tikintisi davam etdirilir.

Rayon Baytarlıq İdarəsinin yeni inzibati binası və diaqnostik kabinet tikilmiş, Əlisoltanlı kəndində “İnter Spin” MMC tərəfindən inşa edilən pambıq sap əyirmə fabrikinin tikintisi isə hazırda davam etdirilir.

Rayonun iqtisadiyyatında ötən illər əldə olunmuş nəticələr, dinamik inkişaf bu ilin birinci yarısında da iqtisadi inkişafa möhkəm zəmin yaratmışdır. 2009-cu ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 12,3 faiz artaraq 51398,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi kənd təsərrüfatı üzrə 16,8 faiz, poçt və rabitə xidmətləri üzrə 15,9 faiz, nəqliyyat üzrə 8,6 faiz, tikinti üzrə 49,0 faiz artmışdır. Əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 10,9 faiz artaraq 40228,7 min manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz artaraq 5769 min manat təşkil etmişdir.

Kənd təsərrüfatının inkişafında əsaslı dönüş kimi Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi mühüm dövlət tədbiridir. Dövlət tərəfindən əhaliyə və fermer təsərrüfatlarına edilən güzəştlər kənd təsərrüfatında surətli inkişafa möhkəm zəmin yaratmışdır. Bu il Saatlıda 9735 nəfər istehsalçıya 1909856,0 manat yardım verilməsi üçün müvafiq sənədlər respublika komissiyasına təqdim olunmuşdur.

Rayonda fəaliyyət göstərən “CTS-AQRO” MMC, “Saatlı-Pambıq” ASC və “Pambıq” kiçik müəssisəsi tərəfindən fermer və əhali təsərrüfatları ilə pambıq əkini ilə əlaqədar müqavilələr bağlanmış, onlara avans kimi nəqd vəsait verilmiş və toxumluq çiyidlə təmin edilmişlər. Saatlı “Aqroservis” filialı tərəfindən əkinlə əlaqədar şum, mala işləri və digər lizinq xidmətləri göstərilmiş, cari ilin altı ayında 1571 ton azot, 1525 ton fosfor gübrələr güzəştli satılmış və 2971 hektar sahədə kombaynlarla taxıl biçini aparılmışdır.

Ötən dövr ərzində Mil-Muğan Meşə Meliorasiya, Suvarma Sistemləri və Meloservis idarələri əksər kəndlərdə 317,48 kilometr müxtəlif ölçülü suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 924 min kubmetr həcmində lildən təmizlənmə və bərpa işləri görmüş, Suvarma Sistemləri idarəsi tərəfindən 80 ədəd hidrotexniki qurğu, 4 ədəd istehsal binası, 14 ədəd hidropost, 14 km kanal, 4 nasos stansiyası cari təmir edilmiş və yamacbərkitmə işləri aparılmışdır. Meşə İdarəsi şitillik sahələrinin yaradılmasını, tinglərin yetişdirilməsini diqqətdə saxlamış, rayon ərazisində 20 hektar meşə zolağı salınaraq 22 min ədəd ağac əkilmişdir.

2009-cu ilin 6 ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 29,8 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 4,3 milyon manat və ya 16,8 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür.

Kənd təsərrüfatında yazlıq bitkilərin kütləvi əkini başa çatmışdır. İyunun 1-nə kimi 49034 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bunun da 46486 hektarı və ya 94,8 faizi əhali və fərdi sahibkarların, 2548 hektar və ya 5,2 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür. 2008-ci illə müqayisə etdikdə 434 hektar və ya 0,9 faiz çox sahədə əkin aparılmışdır.

Rayon üzrə ümumi əkin sahəsinin 26377 hektarında (58.3 faiz) payızlıq taxıl, 3847 hektarında (7.8 faiz) pambıq, 14373 hektarında (22,5 faiz) çoxillik otlar, 594 hektarında (2,1 faiz) dən üçün qarğıdalı, 605 hektarında (1,2 faiz) kartof, 751 hektarında (1,5 faiz) tərəvəz, 1899 hektarında (3,9 faiz) bostan, 275 hektarında (0.6 faiz) şəkər çuğunduru, 119 hektarında (0,2 faiz) günəbaxan, 169 hektarında (0,3 faizi) paxlalılar, 25 hektarında (0,05 faiz) yaşıl yem üçün xəsil bitkiləri əkilmişdir.

Məhsul yığımı mütəşəkkil şəkildə aparılır. İyulun 27-dək 101562 ton taxıl toplanmışdır ki, bu da keçən illə müqayisədə 20638 ton çox olmaqla hər hektardan 38,5 sentner məhsul deməkdir. Bundan buğda 93707 ton olmaqla hər hektardan 39,4 sentner arpa, 7854,6 ton olmaqla hər hektardan 30,1 sentner məhsul götürülmüşdür. Keçən illə müqayisə etdikdə hər hektardan 0,8 sentner çox olmaqla 18864 ton çox buğda, hər hektardan 3,0 sentner çox olmaqla 1773,6 ton çox arpa məhsulu toplanmışdır.

Cari ilin əvvəlində Yeni Novruzlu kəndində inşasına başlanılmış 360 yerlik məktəb binası yeni dərs ilinədək istifadəyə veriləcəkdir. S.Vurğun adına 1 saylı şəhər orta məktəbində müasir tələblər səviyyəsində əsaslı təmir işləri aparılmış və yeni inventar-avadanlıqlarla təchiz olunmuş, Qarayevkənd orta məktəbində 11 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Hazırda Qıraqlı kənd orta məktəbində əsaslı təmir işləri başa çatmaq üzrədir. Uzun müddət istifadədə olan, heç bir vaxt əsaslı təmir edilməyən bəzi məktəblərin əsaslı təmiri və ya yeni məktəblərin tikintisi, eləcə də ibtidai və ya əsas məktəblərin tipinin dəyişdirilməsi ilə bağlı əlaqədar orqanlara müraciətlər olunmuşdur. Yeni Dövlət Proqramında da qeyd olunan məsələlər nəzərdə tutulmuşdur.

Kamallı kəndində yeni əsas məktəb binasının tikintisi barədə təklif artıq öz həllini tapmaqdadır. 2009-cu ilin I-ci yarısında 25594 manatlıq inventar və avadanlıq təhsil müəssisələrinə verilmişdir.

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı ciddi profilaktik tədbirlərin aparılması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin artırılması sahəsində tədbirlər davam etdirilmişdir. 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar uşaqlara göstərilən tibbi xidmətin təşkilinə diqqət daha da artırılmışdır. Tibb müəsissələrində polimelitə qarşı 2974, hepatit B-yə 1913, BCJ-yə 640, AKDS-ə 2974, QPM-ə (qızılca-məxmərək-parotit) görə isə 1078 uşağa peyvənd aparılmışdır. Ümumiyyətlə, rayonda bütün planlı peyvəndlər yerinə yetirilmişdir. Mərkəzi Rayon Xəstəxanasında fəaliyyət göstərən “Ailə planlanması və reproduktiv sağlamlıq” kabineti regional mərkəzə çevrilərək fəaliyyətini genişləndirmişdir.

Məcburi köçkünlərin, güzəştli və imkansız ailələrin 150 nəfər uşağının sünnət tədbirinin MRX-da yüksək əhval-ruhiyyədə, milli adət-ənənələrimizə uyğun təşkil edilməsi də diqqətəlayiq bir hadisədir.

Əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması, mövcud problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarət artırılmışdır. Bir sözlə, kommunal sektorda vəziyyət müntəzəm olaraq təhlil edilmiş, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq qərargahın işi gücləndirilmiş, yerli icra strukturlarının müvafiq təşkilatlarla əlaqəli fəaliyyəti önə çəkilmişdir.

Rayon mərkəzində elektrik verilişi xətlərinin SİP kabellə əvəz olunmasına və SMART KART tipli sayğacların qurulmasına başlanmışdır. Bu məqsədlə 6 ay ərzində 1069 ədəd dəmir-beton və dəmir dayaq başdırılmış, 22,3 kilometr SİP kabel çəkilmiş və 1180 ədəd SMART KART tipli sayğac quraşdırılmışdır. Bundan əlavə 8,4 kilometr istismara yararsız naqil yeni AS-35 markalı naqillə əvəz olunmuşdur. 10 kv-luq elektrik verilişi xətlərinin 5,6 kilometrində cari təmir işləri görülərək xətlər dartılmış və 250 ədəd istismara yararsız izolyator yeni ŞS-10 tipli izolyatorla əvəz olunmuşdur.

Kəndlərdə isə ümumilikdə istismara yararsız 35 ədəd dayaq, 52 ədəd izolyator, 1,5 kilometr naqil yenisi ilə əvəzlənmiş 18 ədəd əyilmiş dayaq düzəldilərək bərpa olunmuşdur. Bundan başqa 15 ədəd transformator cari və əsaslı təmir edilmişdir.

Rayonun qaz təsərrüfatında vəziyyət müsbətə doğru dəyişmişdir. Son aylarda Qaz İstismar İdarəsi rəhbərliyinin dəyişməsi, görülən tədbirlər nəticəsində əhalinin mavi yanacaqla təminatı sahəsində müəyyən dönüş əldə olunmuşdur. Şəhərin Heydər Əliyev prospektində yerləşən Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 32 mənzilli binada və həmin ərazidə yerləşən 4 ədəd beşmərtəbəli və 1 ədəd ikimərtəbəli yaşayış binalarında əsaslı təmir-tikinti işləri aparılmış, 130 ədəd qaz sayğacı quraşdırılmışdır. O cümlədən, Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 32 mənzilli yaşayış binasına 32 ədəd qaz sayğacı quraşdırılmışdır.

Aprelin 1-nədək əhali sektoru üzrə “Azəriqaz” QSC-nin vəsaiti hesabına 162 ədəd qaz sayğacı quraşdırılmışdır.

Ötən il rayonun 8 kəndində, bu ilin birinci yarısında isə 3 kənddə modul tipli içməli su qurğuları və bulaqlar inşa edilmişdir. Qəbul edilən proqram çərçivəsində bu tədbirlər rayonun digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir. Yeni dövlət proqramında nəzərdə tutulmuş tədbirlər sırasında Saatlı şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması 2009-2010-cu illər üçün öz əksini tapmış, ilkin işlər görülmüşdür. Bundan əlavə, “Sukanal” idarəsi də istifadədə olan su nasoslarının təmiri, bir sıra su xətlərinin dəyişdirilməsi və ya təmir edilməsi işlərini görmüş, Nərimankənd köçkün qəsəbəsində su təchizatı işinin qurulmasına başlanılmış, qəsəbədə içməli su problemini birdəfəlik həll etmək üçün əlaqədar təşkilatlara müraciət olunmuşdur.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 1 avqust.-S. 4.