Səs xəzinəsi
Bu nadir saxlancda 5000-dən çox dəyərli səs
yazısı var
Həmişə onun haqqında
yazmaq istəmişəm. Amma yazmamışam. Daha doğrusu,
yaza bilməmişəm. Bu da səbəbsiz deyil. Öz səsi-sözü
ilə aləmə səs salan peşəkar jurnalist
haqqında tərif söyləməyə cürət etməmişəm.
Bəlkə, bunun bir səbəbi də odur ki, fürsət məqamında
hər dəfə o məni “qabaqlayıb”,
yaradıcılıq uğurlarımdan səxavətlə
danışıb. Mən isə “əvəz qaytarmamaq” naminə
susmalı olmuşam. Nəticədə, Telmanın “Borc”
adlı radio verilişində müntəzəm iştirak etsəm
də ona borcumu qaytara bilməmişəm... Bu günlərdə
dostumun və həmkarımın — tanınmış qələm
sahibi, əməkdar jurnalist Telman Qarayevin 75 yaşının
tamam olması məni bu borcu qaytarmağa ürəkləndirdi.
Telman Qarabağın səfalı
guşəsi olan Ağdamın Sarıcalı kəndində,
böyük şairimiz Qasımbəy Zakirin Vətənində
doğulub, yetkinlik yaşınadək orada yaşayıb.
“Köklü qarabağlıya” xas olan bir sıra dəyərləri
şirə kimi o torpaqdan çəkib, qanına, ruhuna
hopdurub. Sonralar bu keyfiyyətlər onun xoş avazında və
dərin musiqi duyumunda, istiqanlılığında və baməzəliyində,
dostcanlılığında və qonaqsevərliyində, məğrurluğunda
və ... “tərsliyində” əksini tapıb. Tanrı vergisi
olan söz sənətinə aşiqliyi isə Telmanı
ötən əsrin əllinci illərinin ikinci
yarısında kənddən şəhərə, Azərbaycan
Dövlət Universitetinin jurnalistika şöbəsinə gətirib.
Bizim sonralar dostluğa çevrilən
tanışlığımız da elə universitet həyatından
başlayıb.
Məndən bir kurs qabaqda oxusa da
bir-birimizin yaradıcılıq imkanlarına yaxşı bələd
idik. Onun istedadı “monoton” deyildi, çoxşaxəli idi.
Başqa sözlə, Tanrı ona təkcə söz-qələm
sevgisi bağışlamamışdı. Bir yerdə olanda, kəlmə
kəsib söhbətləşəndə
açıq-aşkar görürdük ki, bu
qarabuğdayı yaraşıqlı oğlan “artistliyi” ilə
hamımızı üstələyir. Telman istənilən
aktyoru, müğənnini, yaxud tanınmış şəxsləri
(məsələn, bizə dərs deyən professorları) elə
məharətlə yamsılayır, parodiya edirdi ki, onun
“hazırca sənətkar” olduğuna zərrə qədər
şübhə yeri qalmırdı. Bu, elə bir “vergi” idi ki,
özündə çoxlu sayda istedad çalarını birləşdirirdi.
Mən indinin özündə də bu fikirdəyəm ki, o,
başlanğıcdan incəsənət yolunu seçmiş
olsaydı, milli səhnəmiz daha bir tanınmış sənətkar
qazanmış olardı.
O zaman dostumun “artistliyi” məni
narahat edirdi. Daha doğrusu, sevib-seçdiyi jurnalistika peşəsinin
çətin yolundan sapacağından qorxurdum.
Düşünürdüm ki, istəyini “parçalamaqla” bir
yerdə, bir peşədə qərarlaşa bilməyəcək.
Amma sən demə yanılırmışam...
Universiteti bitirəndən
sonra hərəmiz bir səmtə yollandıq —
özümüzü “axtarmağa” getdik. Aralıda dolansaq da
bir-birimizdən xəbərdar idik. Dostum elə ilk gündən
Azərbaycan Radiosunu seçmişdi və özünü
burada təsdiqləmək istəyirdi. Doğrudur,
çılğın xasiyyəti və daim yenilik axtarmaq həvəsi
Telmanı bir qədər “gözüdağınıq”
etmişdi. Odur ki, arabir müxtəlif redaksiyalarda “lövbər
salmalı” olmuşdu. Bir neçə il “Ədəbiyyat və
incəsənət” qəzetinin musiqi şöbəsinə
başçılıq etmiş, sonra isə Azərbaycan
Televiziyasının musiqi verilişləri baş
redaksiyasının baş redaktoru vəzifəsində
çalışmışdı. Amma pərvanə aşiq
olduğu şam şöləsinin dairəsindən
çıxa bilmədiyi kimi, o, da “hərlənib-fırlanıb”,
yenidən öz çevrəsinə qayıdacaqdı.
Qayıdacaqdı və sübut edəcəkdi ki, məhz bu
yer üçün yaranıb, bu yerdə möcüzələr
yaratmaq üçün yaranıb...
Əməkdar jurnalist Telman
Qarayev üst-üstə düz 46 il Azərbaycan Radiosunda
çalışıb. Nəzərə alsaq ki, “AzRadio”nun
özünün cəmi 83 yaşı var, onda bu rəqəmi
nə üçün vurğulamağımın səbəbi
aydın olar. Əlbəttə, bu kollektivdə ondan da
“çoxstajlı” insanlar olub və var. Lakin Telmanı fərqləndirən
“naxış” ondan ibarətdir ki, o, sadəcə “radio
işçisi” olmayıb. Radionun özünü
yaşadan-qaldıran əməkdaşlardan olub. Möcüzəli
səsi milyonların qəlbinə-ruhuna hopduran yorulmaz radio
jurnalisti kimi fəaliyyət göstərib. Geniş dinləyici
kütləsi Azərbaycan Radiosunun özü kimi, Telman
Qarayevin də səsini-sözünü qəlbinə
yaxın bilib, istidə sərin su kimi ruhuna çiləyib. Bu
gün Azərbaycan Radiosunun salnaməsini vərəqləyəsi
olsaq, onun səhifələrində Telman Qarayevin
istedadının və zəhmətinin parlaq izlərini
görərik. Mübaliğəsiz deyə bilərəm ki,
öz peşəsinin fədaisi olan bu insan, sözün əsl
mənasında, radio “möcüzələri”nin müəllifi
olub. Yarım əsrə yaxın dövr ərzində radionun
müxtəlif redaksiyalarında çalışan Telman
Qarayev zamanın nəbzinə və ruhuna uyğun sayagəlməz
verilişlər yaratmışdır. Bəli, məhz
“yaratmışdır” deməyə əsasımız var.
Çoxlarına məlumdur ki, radio verilişi kollektiv əməyin
məhsuludur. Burada jurnalistin rolu əsas sayılsa da onun
başlıca vəzifəsi verilişin fəqərəsini
qurmaq, söz yükünü təmin etmək, peşə
dilində desək, ssenarisini yazmaqdır. Yazılanları isə
hazır məhsula çevirmək, yəni efirdə səsləndirmək
üçün digər peşə adamları, məsələn,
diktorlar, yaxud aktyorlar verilişə qatılmalı olurlar. Hər
halda uzun illər belə olmuşdur və indinin özündə
də bu “klassik üsuldan” az istifadə olunmur.
Lakin Telman Qarayevin
yaradıcılığı “radio jurnalistikasının” (ona
“efir jurnalistikası” da deyirlər) tamam yeni növündən
bəhrələnir. Jurnalist Telman yazdıqlarını səsləndirmək
üçün başqalarının köməyinə
ehtiyac duymur, özü birbaşa “efirə çıxır”,
verilişin qəhrəmanları ilə canlı təmasda
olur, onlarla söhbətləşir, şirin mükaliməyə,
bəzən də ciddi mübahisəyə rəvac verir.
Telmanın yatımlı səsi, siqlətində olan yumor
hissi, ədəbi-bədii dilimizin, habelə el deyimlərinin
qaynaqlarına dərindən bələdliyi hər hansı
mövzuda verilişi canlı və maraqlı edir. Bu cür
“şirin və dərin” verilişlər dinləyicinin hafizəsinə
həkk olunmaqla yanaşı, maqnit lentlərinə
köçürülərək, gələcək nəsillərə
ərmağan kimi saxlanılır...
Radio verilişinin əsas
komponentlərindən biri səsdir. Əlbəttə, musiqi
effektlərini, yaxud aparıcı-diktor səsinin keyfiyyətini
nəzərdə tutmuram (hərçənd bunlar da az əhəmiyyətli
deyil). Mənim vurğuladığım “element” verilişin
bilavasitə iştirakçısı olan insanların səsini-düşüncəsini,
bəlkə də ruhunu əks etdirən lent yazılarına
aiddir. Radio jurnalistləri belə “səsləri” iki yolla əldə
edirlər. Ya səs sahiblərini redaksiyaya dəvət edib,
studiyada lentə yazırlar, ya da özləri “səsin
ayağına” gedirlər. Əlbəttə, birinci variant
asandır və müəyyən mənada sərfəlidir.
Lakin təbiilik və həyatilik baxımından ikinci varianta
çata bilməz. Digər tərəfdən, “səslərin”
də yaxını-uzağı var . Uzaqdakıları əldə
etmək üçün gərək məsafə səddini
aşa biləsən, kabinet ətalətini qırmağı
bacarasan. Telman da həmişə “səsin ayağına” getməyi
üstün tutub. “Səs”i əldə etmək
üçün xərcdən və əziyyətdən
qorxmayıb.
Təbiət vurğunu olan rəssamlar,
adətən, çiyinlərində molbert çantası
daşımaqdan, gözəl mənzərə
axtarışından yorulmurlar. Telman Qarayevi belə sənətkarlara
bənzədərdim. İmkan tapan kimi, “reportyor
çantasını” çiyninə aşıraraq, səfərə
çıxıb. Özü də bu səfərlər Azərbaycan
məkanında məhdudlaşmayıb. Bakıdan başlayan
yollar ucsuz-bucaqsız SSRİ-nin müxtəlif guşələrində
qurtarıb. Bu səfərlərdə “dən-dən”
topladığı nadir “səsləri” yaratdığı
verilişlərin bəzəyinə çevirib...
Azərbaycan Radiosunun
“Qızıl fond”unda Telman Qarayevin yaratmış olduğu
onlarca verilişin lent yazıları saxlanılır. Müxtəlif
dövrlərdə efirdə səslənən “Dünəndən
bu günə”, “Ömür yolu”, “Dünya bir pəncərədir”,
“Özümüz, sözümüz”, “Dilək ağacı”,
“Gəldim, gördüm obanı”, “Ürək telləri”,
“Görüş dəqiqələri”, “Arzu musiqi poçtu”,
“Bəstəkarlarımızın iş otağından” və
“Borc” kimi uzunömürlü radio “serialları” üst-üstə
mindən çox verilişi əhatə edir. Təkcə
milli radiomuzun salnaməsinə daxil olan 500-ə qədər
lent yazısı Telmanın adı ilə bağlıdır.
Telman Qarayev
yaradıcılığının daha bir “möcüzəsi”
haqqında danışmamaq mümkün deyil. Bu da onun dən-dən
topladığı “səs inciləri”dir. Yəqin ki,
dünyada səs muzeyləri çoxdur. Lakin bir insanın, bir
fərdin istedadı və zəhməti sayəsində
yaranmış belə muzey çətin ki, tapıla. Ginnesin
rekordlar kitabına yazılmağa layiq olan bu “səs inciləri”
toplusu bir nəfərə məxsus olsa da, bütövlükdə,
Azərbaycanımızın şöhrət mənbəyi
ola bilər.
Telman Qarayevin “Səs muzey”ində
5000-dən artıq eksponat toplanmışdır. Bunlar onun
ömründən keçən şəxsiyyətlərin
fikrini-düşüncəsini, habelə zamanın nadir hadisələrini
özündə əks etdirən audio və video kasetlərdir.
Səliqə ilə rəflərə düzülmüş,
“yaşına” və mövzusuna görə
qruplaşdırılaraq, kartotekaya salınmışdır.
Buradakı muzey qayda-qanunlarını, muzey səliqə-səhmanını
görüb, təəccüblənməmək mümkün
deyil. Ən heyrətlisi odur ki, muzey sahibi dünya
işığından məhrum olsa da hər bir eksponatın
adını, məzmununu və yerini qəlbinin gözləri
ilə görür. Amma geniş mənzildə gözədəyən
yeganə varidatın bu rəflərdən ibarət
olduğunu görəndə təəccüblənmədim.
Çünki Telman bu eksponatları bir-bir yaratmaqdan
ötrü ömrünü-sağlamlığını xərclədiyi
kimi, son qəpiyini də əsirgəməyib... Telman Qarayevin
mənzilində qonaq olduğum bir neçə saat ərzində
sehrli aləmə, səslər dünyasına qovuşdum. Bu
dünyada bəxtəvər günlərimizin nişanəsi
ilə yanaşı, müsibətli günlərimizin də əks-sədasını
eşitdim. Şuşaya — Cıdır düzünə
qalxaraq, “Xarı Bülbül musiqi festivalı”nın
iştirakçısına çevrildim. Qanlı 20 Yanvar gecəsinin
atəş yağışına düşərək,
düşmən gülləsinə tuş gəlmiş şəhid
balamızın son sözlərini və iniltisini eşitdim.
Şəhid Xocalının sərgərdan ruhu ilə
rastlaşdım. Səs toplusu içində sənət
korifeylərinin — Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin,
Rostropoviçin, Çingiz Aytmatovun və onlarca
başqalarının canlı nəfəsini duydum. Deyirlər
ki, səsimiz ruhumuzdur. Deməli, burada “ruhlar səltənətinə”
qovuşdum... Sonda yenə də Telman Qarayevin “Səs muzeyi”
haqqında. Ümidvaram ki, adını mən verdiyim bu nadir xəzinəyə
rəsmi muzey statusunu xalq-dövlət verəcək. Bu məkanda
Telmanın bələdçiliyi ilə silsilə verilişlər
yaranacaq. Rəflərdə qərar tutan “səslər”
canlanaraq, dönə-dönə yenidən danışacaq. Cənc
nəslin yaddaşına hoparaq, gələcəyə
köç edəcək. İndi Telmanın kövrək
vaxtıdır. Ahıl yaşında gözlərinin nurunu
itirib. Xoş rəftara, mənəvi köməyə
ehtiyacı var. Elə maddi durumu da lazımi sviyyədə
deyil. Bu barədə danışmaq istəməsə də
yeni yaradıcılıq layihəsini həyata keçirməyə
can atır. Milli radio kanallarımız, xeyriyyə
fondlarımız bu işdə Telmana yardımçı ola
bilərlər...
Kaş hər kəsin “borcunu”
vaxtında qaytarmağı bacaraydıq.
Yusif KƏRİMOV,
yazıçı-publisist
Xalq qəzeti.- 2009.- 1 avqust.- S. 4.