Sumqayıt: profilaktik tədbirlərin səmərəsi
artır
Dünyanın hər yerində
yay mövsümü ilə əlaqədar epidemioloji xəstəliklərin
artmasına təsadüf edilir. Bu halların
qarşısını sanitariya nəzarətinin gücləndirilməsi,
qabaqcadan lazımi profilaktik və ekspedimetik tədbirlərin
görülməsi sayəsində almaq mümkündür.
Sumqayıt şəhərində
abadlıq-təmizlik işlərinin intensiv aparılması,
kompleks sağlamlaşdırıcı tədbirlərin həyata
keçirilməsi yoluxucu xəstəliklərə
qarşı mübarizədə müsbət nəticələr
verir. Bu gün Sumqayıt ölkəmizin ən təmiz və
abad şəhərlərindən birinə çevrilib.
İnsan amilinin əsas götürülməsinin nəticəsidir
ki, burada sağlam mənəvi-psixoloji iqlim, əlverişli
ekoloji şərait, rahat həyat tərzi hökm
sürür. Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru,
şəhərin baş sanitar həkimi Rafiq Abdullayev bizimlə
söhbətində bütün bunlar haqqında ətraflı
məlumat verdi:
— Şəhər əhalisinin
sağlamlığının qorunması və ona təsir edən
ətraf mühit amillərinin mənfi nəticələrinin
aradan qaldırılması istiqamətində fəaliyyəti
uğurla davam etdiririk. Mərkəzimiz öz işlərini
“Sanitar epidemioloji salamatlıq haqqında” və “Əhalinin
sağlamlığının qorunması haqqında” qanunlara,
Səhiyyə Nazirliyinin əmr və təlimatlarına, şəhər
icra hakimiyyətinin sərəncam və qərarlarına
uyğun olaraq qurmuş və mühüm tədbirlər
görmüşdür.
Ayrı-ayrı idarə, müəssisə
və təşkilatlar tərəfindən şəhər ərazisində
aparılan abadlıq, təmizlik, asfaltlama, tikinti və
quruculuq işlərini, kommunikasiya xətlərinin yenidən
qurulması və bərpası tədbirlərini qeyd etməklə
bərabər bildirirəm ki, Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən kompleks şəkildə görülən
təşkilati, müalicə-profilaktik, ekspedimik tədbirlər
nəticəsində yoluxucu xəstəliklərə
qarşı mübarizədə müəyyən nailiyyətlər
əldə edilmişdir. Cari ilin 6 ayı üçün idarə
olunan yoluxucu xəstəliklər üzrə peyvənd
planı hazırlanmışdır. Bu xəstəliklərin
vaxtında aşkar olunması, diaqnostikası və
profilaktikası məqsədilə hazırlanan kompleks tədbirlər
planı şəhər icra hakimiyyəti yanında fövqəladə
hallar komissiyasında təsdiq edilmiş və icrası tərəfimizdən
ciddi nəzarətə götürülmüşdür.
Şəhər rəhbərliyinin,
ayrı-ayrı idarə və müəssisələrin
yaxından köməkliyi ilə görülən tədbirlər
nəticəsində əhali arasında bir çox xəstəliklərə
rast gəlinməsə də, bəzi xəstəliklərin
qarşısı alınsa da, hələ də müəyyən
xəstəliklərin baş verməsi və yayılması
ehtimalı qalır. Ötən ilin 6 ayı ərzində 167
halda qida zəhərlənməsi haqda GEM-ə təcili
bildiriş vərəqəsi daxil olmuş və bunlardan cəmi
37-si bakterial təsdiqini tapmışdır. 2009-cu ilin müvafiq
dövründə isə 173 halda qida zəhərlənməsi
haqqında təcili bildiriş vərəqəsi qeydiyyatdan
keçsə də, bunlardan cəmi 27-ində qida zəhərlənməsi
bakterial təsdiqini tapmışdır.
Son illər ərzində
Sumqayıtın ümumi sanitariya vəziyyətinin
yaxşılaşdırılması ilə yanaşı,
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən
aparılan Dövlət Sanitariya nəzarətinin gücləndirilməsi,
qabaqcadan lazımi profilaktik və ekspedimik tədbirlərin
görülməsi, yaz-yay və payız-qış
mövsümünə hazırlıq dövründə
müvafiq təkliflərin irəli sürülməsi əhalinin
sağlamlığının qorunması istiqamətində
görülən vacib tədbirlərdir. Şəhər əhalisinə
verilən içməli suyun keyfiyyətinə nəzarətin
artırılması, qabaqcadan nəzərdə tutulan
profilaktiki tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.
Mövsüm dövründə
malyariya xəstəliyinin törədicisi olan anofeles
ağcaqanadlarının artıb-çoxalmasının
qarşısının alınması məqsədilə
şəhər ərazisində ictimai və
yaşayış binalarının zirzəmilərinə
yığılmış suların qurudulması, lazımi təmir
işlərinin aparılması üçün əlaqədar
idarə və müəssisə rəhbərlərinə
müraciətlər etmişik. Malyariyaya qarşı
mübarizə məqsədilə ötən il may ayından
başlayaraq bataqlıqların müəyyən hissəsi
qambuzyalaşdırılmışdır. Bu il də ərazilərdə
işlənmiş yağ və salyarka ilə delarvasiya,
didifosla dezinfeksiya işləri aparılmaqdadır.
Mövsümlə əlaqədar
şəhər ərazisindən müxtəlif məişət
tullantılarının vaxtlı-vaxtında
daşınması, süpürmə, təmizləmə və
abadlıq işlərinin normal yerinə yetirilməsinə
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarət
artırılmışdır. Məhəllə və
mikrorayonlarda, xiyabanlarda, yol qıraqlarında zibil
tullantılarının yandırılmaması
üçün əlaqədar idarə və müəssisə
rəhbərlərinə məktublarla müraciətlər
edilmişdir. Şəhər ərazisinin müəyyən
yerlərində, xüsusən 15, 40, 43, 41a məhəllələrində
və digər ərazilərdə zibil
tullantılarının yığılması
üçün lazım olan konteynerlərin, zibil
qutularının azlığı nəzərə alınaraq
dezinfeksiya, dezinseksiya tədbirlərinin vaxtında
aparılması təmin edilmişdir. “Təmizlik Departamenti” tərəfindən
məişət tullantılarının vaxtı-vaxtında
daşınmasına nəzarət
artırılmışdır. Şəhər rəhbərliyinin
köməkliyi ilə “RŞHT” şirkətinə məxsus
olan “Şərq” bazarının ərazisində təmizlik
işləri aparılmış, səliqə-sahman
yaradılmışdır.
Sumqayıt şəhər
çimərliyinin mövsümə
hazırlığının, o cümlədən əhalinin
digər kütləvi istirahət yerlərinin ümumi
sanitariya-gigiyena vəziyyətinin yoxlanılması həyata
keçirilmişdir. Aşkar olunan nöqsanların aradan
qaldırılması məqsədilə əlaqədar idarə
və müəssisələrə təkliflər,
tapşırıqlar verilmişdir. Çimərlik
mövsümü ilə bağlı “Dünya” TV-nin xəbərlər
proqramında və “Sağlamlıq” səhiyyə
proqramında verilişlər efirə getmiş, “Sumqayıt” qəzetində
çimərliyin qadağan olunmuş sahələri barəsində
şəhər əhalisinə məlumatlar verilmişdir.
Mövsümlə əlaqədar
ayrı-ayrı məhəllə və mikrorayonların ərazisində
qanunsuz olaraq süd və süd məhsulları
satışının, iri və xırda buynuzlu mal-qara
saxlanılması və kəsilməsinin
qarşısının alınması istiqamətində
şəhər icra hakimiyyətinin, şəhər bələdiyyəsinin
və şəhər polis idarəsinin işçiləri ilə
birlikdə reydlər keçirilir.
Həm xarici dövlətlərdən
gətirilən, həm də şəhərdə istehsal
olunan, ticarət şəbəkələri vasitəsi ilə
satılaraq şəhər əhalisinin qidalanması
üçün istifadə edilən ərzaq və yeyinti məhsullarının
keyfiyyət göstəricilərinə nəzarət etmək
məqsədilə İqtisadi İnkişaf Nazirliyinin
Abşeron Regional şöbəsinin, şəhər bələdiyyəsinin
mütəxəssislərinin iştirakı ilə birgə
reydlər aparılmasına başlanılmışdır. Bu
reydlər əsasən iri ticarət şəbəkələrində,
topdansatış mağazalarında və iaşə xidməti
obyektlərində aparılır. Reyd yoxlamaları zamanı bəzi
marketlərdə, topdansatış mağazalarda istifadə
edilmə vaxtı ötmüş, xarab olmuş, qidalanma
üçün yararsız vəziyyətə
düşmüş, habelə mənşəyi məlum
olmayan ərzaq məzsulları aşkar edilərək
realizasiyadan çıxarılır. Yol verdikləri ciddi
sanitar-gigiyenik nöqsanlara görə maddi-məsul şəxslərə
qarşı “İnzibati Xətalar Məcələsinə”
uyğun cərimə protokolları yazılır, digər
lazımi tədbirlər görülür.
Bu ilin 6 ayı ərzində
mülkiyyət formasından asılı olmayaraq şəhər
ərazisində fəaliyyət göstərən obyektlər
üzərində 32 xəbərdaredici sanitariya nəzarəti
aparılmışdır. Cari sanitariya nəzarəti
aparılan 1495 obyekt üzrə 1868 akt
yazılmışdır. Sahibkarlıq subyektləri üzrə
nəzarətdə olan 1221 obyekt üzrə 1551 akt
yazılmaqla yoxlamalar və reydlər
aparılmışdır. 198 nöqsan və
çatışmazlıq aşkar edilmiş, bunlardan 185-i
qısa müddət ərzində aradan
qaldırılmışdır.
Dövlət sanitariya nəzarəti
aparılan bütün obyektlərdə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin 13 saylı əmrinə
istinad edilərək işləyənlərin
vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə
ciddi nəzarət edilmişdir. Cari ilin müvafiq
dövründə 3190 nəfər obliqat qrup işçi
dövri tibbi müayinədən keçmişdir.
Şəhər ərazisində
yerləşən və Dövlət sanitariya nəzarəti
aparılan obyektlər üzrə Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən
götürülən hava nümunəsi 2009-cu ilin 6 ayı ərzində
60, işməli su nümunəsi 448 olmuşdur. O cümlədən
bakterioloji müayinə məqsədilə nəzarətdə
olan obyektlərdən 7895 yuyuntu yaxması
götürülmüşdür. Sanitar-kimyəvi laboratoriya
üzrə isə cari ilin 6 ayı ərzində 4986 müayinə
aparılmışdır ki, bunlardan da 289-u Əmək
gigineyası, 388-i Qida gigiyenası, 104-ü Toksikoloji, 657-si
Radioloji və 3548-i Məişət gigiyenası
laboratoriyası üzrə olmuşdur.
Tabeçilik formasından
asılı olmayaraq bütün müəssisələrdə
istehsal olunan ərzaq və qeyri-ərzaq məhsulları Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin 59 saylı Əmrinə
uyğun olaraq Gigiyenik Sertifikasiyaya cəlb olunmuşlar. Bu ilin
müvafiq dövründə 51 adda ərzaq və qeyri-ərzaq
məhsullarına gigiyenik sertifikatlar alınmışdır.
GEM tərəfindən
aparılan Dövlət sanitariya nəzarəti zamanı
aşkar olunan sanitar-gigiyenik pozuntu hallarına görə 6 ay ərzində
97 nəfər maddi-məsul şəxs barəsində
“İnzibati xətalar məcəlləsi”nin müvafiq bəndlərinə
uyğun olaraq inzibati tədbir görülmüş, cərimə
qərarları yazılmışdır. Bunlardan 58 nəfəri
özəl sahibkarlıq sübyektləri üzrə
olmuşdur. Çox kobud sanitar-gigiyenik pozuntu halları
aşkar edilən 13 obyektin fəaliyyəti isə müvəqqəti
olaraq (pozuntu halları aradan qaldırılana kimi)
dayandırılmışdır.
Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən aparılan Dövlət sanitariya nəzarəti
zamanı aşkar edilmiş nöqsanların aradan
qaldırılması məqsədilə ayrı-ayrı idarə
və müsəsisə rəhbərlərinə, hüquqi və
fiziki şəxslərə 86 halda məktublarla müraciətlər
edilmişdir. O cümlədən fəaliyyətlərində
yol verdikləri ciddi nöqsanlara görə 21 nəfər
özəl sahibkarlıq subyektinə (maddi-məsul şəxslərə)
xəbərdarlıqlar edilmşidir.
Sumqayıt Şəhər
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şəhərin
baş sanitar həkimi Rafiq Abdullayev sonda bildirdi ki, şəhər
əhalisinin sağlamlığının qorunması və
ona mənfi təsir edən ətraf mühit amillərinin
aradan qaldırılması istiqamətində aparılan
Dövlət sanitariya nəzarətinin gücləndirilməsi
üçün mərkəzin əməkdaşları tərəfindən
bundan sonra da zəruri tədbirlər görüləcəkdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 1 avqust.- S. 4.