Ömrü xalqa, jurnalistikaya xidmətdə keçmiş
nəcib insan
Universitetdə təhsilimi
başa vurmağa yeddi ay qalmış, birinci kursdan əməkdaşlıq
etdiyim “Kommunist” qəzetinin redaktoru İsrafil Nəzərovu
yeni yaradılan Mətbuat Komitəsinə sədr göndərdilər,
Mərkəzi Komitədə işləyən Ağababa
Rzayevi isə onun yerinə təyin etdilər. Sözün
doğrusu, bu təyinat ürəyimcə olmadı. Ona görə
ki, İsrafil müəllim artıq məni yaxşı
tanıyırdı, dəfələrlə sınaqdan
çıxarmışdı, şəxsən verdiyi
tapşırıqları operativ, özü də yüksək
səviyyədə yerinə yetirməyim xoşuna gəlmişdi.
Söz vermişdi ki,
diplom alan günün səhəri əmrimi imzalayacaq.
Əhvalımın pərişan
olması hər gün, necə deyərlər,
qaynayıb-qarışaraq doğmalaşdığım
redaksiya əməkdaşlarının nəzərindən
qaçmadı. Hamı ürək-dirək verib, bir nəfər
kimi arxamda durdu. Kənd təsərrüfatı,
sovet quruculuğu şöbələrinin müdirləri Nəriman
Zeynalov, Tofiq Həsənzadə və redaksiya heyətinin digər
üzvləri işə götürülməyimə zəmanət
verdilər. İnsafən, Ağababa Rzayev də etiraz etmədi,
kollektivin rəyi ilə hesablaşdı, düz 45 il
bundan əvvəl, avqust ayının 1-də kiçik ədəbi
işçi vəzifəsinə əmrimi verdi.
O vaxt 25 yaşın içərisindəydim.
Kimsəsiz, arxasız bir gəncin respublikanın baş mətbuat
orqanına işə götürülməsi
çoxlarını təəccübləndirmişdi.
Özüm də buna inana bilmirdim. Rəsmi işə
başlayandan bir müddət sonra
çalışdığım şöbələrin
tez-tez dəyişdirilməsi şübhələrimi
artırırdı. “Bəlkə məni başdan eləmək
istəyirlər” — deyə fikirləşirdim. Kənd
təsərrüfatı, bədən tərbiyəsi və
idman, elm və həyat, sovet quruculuğu şöbələrində,
məsul katiblikdə altı il çalışmağım,
sən demə, redaktor tərəfindən qəsdən
edilirmiş. İş keyfiyyətlərimi, insanlarla ünsiyyət
qurmaq bacarığımı hərtərəfli öyrənən
Ağababa Rzayev 1971-ci ildə, pambıq
yığımının təzəcə
başladığı bir vaxtda məni yanına çağıraraq
dedi:
— Səni qəzetimizin
Mil-Muğan bölgəsinə xüsusi müxbir göndəririk.
Ölkədə böyük yenidənqurma işləri
başlanıb, Mərkəzi Komitənin birinci katibi Heydər
Əliyev gəncləri irəli çəkməyi
tapşırıb. Əminəm ki, etimadımızı
layiqincə doğruldacaqsan.
Bu gedişlə 14 il Əli
Bayramlı (indiki Şirvan) şəhərində
yaşayıb, ora da daxil olmaqla, Sabirabad, Saatlı,
İmişli və Beyləqan rayonlarına xidmət etdim. Onu da vurğulayım ki, jurnalistlik fəaliyyətimin
ən maraqlı, qaynar və məhsuldar illəri ulu öndər
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərinə
təsadüf etdiyindən ölkə iqtisadiyyatının
sürətli inkişafı, sosial-mədəni həyatda
baş verən müsbət dəyişikliklər,
adamların güzəranının, yaşayış səviyyəsinin
durmadan yaxşılaması biz jurnalistlərə daha
maraqlı, zəngin faktlara əsaslanan materiallar
hazırlamağa imkan verirdi. Bununla yanaşı,
inkişafımıza mane olan mənfi halların tənqidinə
məhdudiyyət qoyulmurdu, əksinə, bu işə geniş
meydan açılmışdı.
Ağababa Rzayev Mərkəzi
Komitənin üzvü kimi, həmişə cəsarətli
olmağı, insanların dərdinə-sərinə
qayğı ilə yanaşmağı, rəhbər
işçilərin özbaşınalığına
qarşı barışmaz mövqe tutmağı, haqqı, ədaləti
qorumağı bizə dönə-dönə tövsiyə
edirdi. Onun
redaktorluğu altında 17 il çıxan qəzetimizin
nömrələri əldən-ələ gəzirdi,
işimiz başqalarına nümunə göstərilirdi.
Redaksiyanın qaldırdığı problemlər ölkə
rəhbərliyi tərəfindən dəfələrlə
yüksək qiymətləndirilmiş, qəzetin tənqidi
çıxışlarında toxunulan məsələlərin
həlli üçün təsirli tədbirlər
görülmüşdür.
90 illik yubileyinə
hazırlaşdığımız “Xalq qəzeti”nin
(keçmiş “Kommunist” qəzeti) Ağababa Rzayev
dövrü populyarlığına görə
özünün ən yüksək zirvəsinə
çatmışdı. Qəzetin gündəlik tirajı 500
min nüsxəni keçmişdir. Adamlar redaksiyaya son ümid yeri kimi
baxırdılar. Bunu hər gün qəzetə ünvanlanan yüzlərlə
oxucu məktubu da sübut edirdi. Redaktorun
xüsusi tapşırığı ilə hər ay qəzetə
gələn məktubların xülasəsi verilirdi ki, bu da
insanları düşündürən məsələlərin
nədən ibarət olduğunu aydınlaşdırmaqda rəhbər
təşkilatlara kömək edirdi.
Ağababa Rzayev son dərəcə
sadə adam idi. Onunla söhbət
etmək, məsləhətlərinə qulaq asmaq adamda xoş
ovqat yaradırdı. Kabinetinin qapısı
hamının üzünə açıq idi, insanları
diqqətlə dinləmək mədəniyyətinə
söz ola biməzdi. İlk
tanışlıq zamanı ürəyə yatımlı
davranışı ilə tərəfmüqabilində
unudulmaz təəsürat yaradan Ağababa müəllim, həm
də olduqca prinsipial adam idi. Rəhbərlik etdiyi kollektivin üzvlərinin
qayğıları ilə yaşayan Ağababa Rzayev
redaksiyanın nüfuzunu hər şeydən üstün
tuturdu. Onun xeyirxahlığından çox adam yararlanmışdı. Geniş
imkanlara malik, yüksək vəzifəli bir şəxs tərəfindən
təqib olunan qəzetin xüsusi müxbirini axıradək
müdafiə etdiyinə və buna görə pensiyaya
çıxarılan Ağababa müəllim həmkarları
arasında böyük hörmət qazanmışdı.
Vəfatından 16 il keçməsinə
baxmayaraq, respublikanın ictimaiyyəti onu dərin ehtiramla yad
edir.
XX əsr Azərbaycan
mətbuatının tarixində onun xüsusi yeri var.
Ömrünü qəzet işi kimi çətin, mürəkkəb
bir peşəyə həsr edən Ağababa müəllim
ölkədə bu sahənin inkişafına böyük əmək
sərf etmişdir.
— Ağababa
Rzayev Azərbaycan Jurnalistlər Birliyinin sədri işləyərkən
mətbuat, poliqrafiya sahələrində
çalışanlar, xüsusilə əyalətlərdə
fəaliyyət göstərən jurnalistlər həmişə
onun simasında özlərinin etibarlı, prinsipial müdafiəçisini
görmüşlər — deyə respublikanın əməkdar
jurnalisti Oqtay Cəfərov xatırlayır, — bunu mən
Göyçay rayonunda redaktor işləyərkən və
yerli məmurların özbaşınalığı ilə
üzləşərkən bir daha yəqin etmişəm. Ağababa
müəllim kimi kişilər hər deyəndə ələ
düşmür. Belələrinin həyatı,
fəaliyyəti hamımız üçün nümunə
olmalı, işimizdə ilham mənbəyinə çevrilməlidir.
Oqtay Cəfərovun
sözünə qüvvət, gəlin Ağababa Rzayevin
ömür kitabına daha ətraflı nəzər salaq. Ağababa Səməd
oğlu Rzayev 1921-ci ildə Bakı şəhərində
anadan olmuşdur. 16 yaşından əmək
fəaliyyətinə başlamış Ağababa müəllim
bütün həyatını mətbuatımıza,
xalqın maariflənməsinə, yeni nəsillərin tərbiyəsinə
həsr etmişdir. Bakı Sənaye
Texnikumunda poliqrafçı ixtisasına yiyələnmiş
A.Rzayev taleyini həmişəlik mətbuata
bağlamış, sonrakı illərdə bu sahədə ən
yüksək mərtəbələrə qalxa bilmişdir.
Adi korrektor işləyən
Ağababa Rzayev tezliklə özünü savadlı və
çevik qələm sahibi kimi tanıtdıra bilmiş, “Azərbaycan
pioneri”, “Gənc işçi” qəzetləində jurnalist
sınağından keçərək əmək fəaliyyətinin
dördüncü ilində respublikanın ən mötəbər
mətbuat orqanı olan “Kommunist” qəzetinə müxbirliyə
dəvət edilmişdir. 1942-ci ildə buradan cəbhəyə
yola düşən A.Rzayev atıcı briqadada dörd il döyüşmüş, Pribaltika
respublikalarının, Polşanın, Almaniyanın faşizmdən
xilasında xüsusi fəallıq göstərmiş,
Ağababa
müəllimin taleyi “Kommunist” qəzeti ilə sıx
bağlı olmuşdur. O, müəyyən fasilələrlə beş
dəfə ölkənin bir nömrəli qəzetində
çalışmışdır. Ömrünün
30 ilini bu redaksiyanın divarları arasında və qəzetin
çap olunduğu mətbəədə keçirən
A.Rzayev mükəmməl qələm sahibi olan jurnalist
kadrlarının yetişdirilməsinə böyük əmək
sərf etmişdir. İkinci dəfə
Ağababa Rzayev “Kommunist” qəzetinə 1945-ci ildə
birbaşa cəbhədən, əsgər paltarında gəlmişdir.
On il o burada məsul katib müavini,
şöbə müdiri, məsul katib vəzifələrində
işləmiş, respublikamızın tanınan, sayılıb-seçilən
jurnalistləri cərgəsinə
çıxmışdır.
1955-58-ci illərdə
Moskvada ali siyasi jurnalistika kurslarında təhsil
alan Ağababa müəllim üçüncü dəfə
qəzetə redaktor müavini vəzifəsinə
qayıtmışdır. Az sonra o, mətbuat
sahəsində mühüm partiya və dövlət işlərinə
irəli çəkilmiş, 1963-cü ilin sonlarına
yaxın isə dördüncü dəfə “Kommunist” qəzetinə
qayıdaraq, 1980-ci ilədək burada redaktor vəzifəsində
çalışmışdır. Həmin illərdə
Ağababa Rzayev eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin əvvəlcə
katibi, sonra isə sədri olmuşdur.
Təcrübəli
jurnalist, bacarıqlı təşkilatçı olan A.Rzayev təqaüdə
çıxdıqdan sonra da mətbuatdan ayrıla bilməmiş,
“Azərnəşr”də kitab redaktəsi ilə məşğul
olmuşdur. Sonuncu dəfə tale Ağababa müəllimi sevimli
kollektivinə — “Xalq qəzeti”nə redaksiya üçün
ağır günlərdə, 1991-ci ildə baş redaktorun məsləhətçisi
kimi gətirmişdir. Bu qəzeti doğma
övladı qədər sevən Ağababa Rzayev Azərbaycanın
qocaman nəşrinin yeni şəraitdə fəaliyyətini
uğurla davam etdirilməsi üçün bütün
qüvvəsini, səyini, bacarığını, təcrübəsini
sərf etmişdir.
Çətin
və şərəfli peşə sayılan qəzetçiliyin
bütün acılarını və şirinliklərini
dadmış Ağababa müəllim ibrətamiz həyat yolu
keçmişdir. Onun üçün mətbuatdan kənarda
həyat, demək olar ki, yox idi. İşin
çoxluğu bəzən ona ailə
qayğılarını da unutdururdu.
Ağababa
Rzayevin redaktorluq fəaliyyəti ötən əsrin 60-70-ci
illərində bir çox nəşrlərin rəhbərləri
üçün məktəb və nümunə
sayılmışdır. Onun qayğıkeşliyi, kollektivlə
birgə nəfəs almaq bacarığı,
yaradıcılıq qabiliyyəti indinin özündə də
çoxlarına örnək ola bilər. Bu sadə, prinsipial, gözütox insan mətbuatı,
sözün həqiqi mənasında vicdan tərəzisi, həyat
aynası, ictimai rəy yönəldicisi hesab edirdi. Yetirmələrinə də həmişə bu
duyğuları təlqin etməyə
çalışırdı. Azərbaycan
jurnalistlərinin bir neçə nəsli onun təcrübə
məktəbindən bəhrələnmişdir.
Ümummilli
liderimiz Heydər Əliyev Rzayevlər ailəsini yaxşı
tanıyırdı. Ağababa müəllimin böyük
qardaşı Cəmaləddin daxili işlər nazirinin
müavini olarkən bir sıra ağır cinayətlərin
açılmasında fəal iştirak etmişdir. Ağababa Rzayev də ölkə rəhbərinin
yürütdüyü iqtisadi, sosial-mədəni siyasətin
səmərəsini artırmaq üçün mətbu
sözünün gücündən bacarıqla istifadə etməyə
çalışmışdır. Onun
redaktorluğu illərində “Kommunist” qəzeti respublika həyatının
bütün sahələrinə dərindən nüfuz
etmiş, xalqa daha çox yaxınlaşa bilmişdir.
Ölkənin
ictimai-siyasi həyatında fəal iştirak edən
Ağababa Rzayev üç çağırış
respublika Ali Sovetinin deputatı olmuş, xalq elçisi kimi mətbuatımızın
inkişafı və insanların problemlərinin həlli
üçün yorulmadan çalışmışdır. Onun redaksiyaya
hər gəlişi toy-bayrama çevrilirdi. Ağababa müəllimin hər kiçik qeydi,
iradı, təklifi qəzetin çıxışlarında
müsbət dəyişikliklərə səbəb olurdu.
Həmişə mətbuatın sərbəst,
qəyyumsuz fəaliyyətinə, prinsipial mövqeyinə və
professionallığına üstünlük verən bu
ağsaçlı nurani insan, müstəqilliyin ilk illərində
qəzet bolluğunda baş alıb gedən
özbaşınalıqdan, məsuliyyətsizlikdən, səriştəsizlikdən
də möhkəm narahat idi. Bu barədə
dəfələrlə qəzetdə çıxış
etmişdir.
Azərbaycan mətbuatının
bugünkü nailiyyətlərində, heç şübhəsiz,
jurnalistikamızın dünənini təmsil edən mətbuat
xadimlərinin sırasında Ağababa müəllimin xidmətləri
daha çoxdur. Gülümsər çöhrəli, qəti
baxışlı, zəngin dünyalı Ağababa Rzayevi
1993-cü ilin oktyabr ayında torpağa tapşıranda həmkarlarımızdan
birinin dediyi sözlər indi də yadımdan
çıxmır:
— Azərbaycanın jurnalistləri,
ziyalıları namuslu və təcrübəli müəllimini,
ömrü xalqa xidmətdə keçmiş nəcib, saf bir
insanı itirdilər.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2009.- 1 avqust.- S. 5.