Ağstafa: mütərəqqi təklif və təşəbbüslər real işə çevrilir

 

Ağstafada diqqəti ilk çəkən buradakı səliqə-sahman, bir də işlərin yüksək zövqlə görülməsidir. Şəhər qısa vaxt ərzində öz simasını tamamilə dəyişib. Köhnə, yöndəmsiz tikililərdən, hara gəldi səpələnən köşklərdən əsər-əlamət belə qalmayıb. Elə rayon ərazisinə daxil olan kimi bunu hiss edirsən. Rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Aydın Hacıyev deyir ki, Ağstafada daxili imkanlardan daha çox istifadə olunur. Başlıcası odur ki, sakinlər rayon rəhbərliyinin hər bir təşəbbüsünə həvəslə qoşulur, əllərindən gələni əsirgəmirlər.

Hamı bilir ki, bütün bunlar onların özləri üçündür. Nə gizlədək, lap dünənədək rayona gələn qonaq-qara qarşısında da bir qədər xəcalətli qalırdıq. Amma indi o qədər görməli, gəzməli, baxmalı yerlərimiz var ki, sadalamaqla qurtaran deyil. Heydər Əliyev Mərkəzinin açılışı rayonun həyatında mühüm hadisə kimi yadda qalıb. Təxminən 3,7 hektar ərazi başdan - başa abadlaşdırılıb. Heydər Əliyev parkı da yenidən qurulub. Əslində yeni bir park salınıb. Çoxlu yeni ağac, gül kolları əkilib, işıqlandırma sistemi qurulub. Milli ornamentlərlə bəzədilmiş hasar çəkilib, fəvvarə tikilib, uşaq əyləncə meydançası yaradılıb, mini futbol meydançası istifadəyə verilib, iki müasir tipli iaşə obyekti istismara buraxılıb.

Ağstafada yeni iş yerlərinin açılması da diqqət mərkəzindədir. Rayon icra hakimiyyəti daim əlaqədar nazirliklər, şirkətlər, ayrı-ayrı iş adamları ilə əlaqə saxlayır, onlarla birgə planlar hazırlayır, yeni layihələr fikirləşir və onların tədricən həyata keçirilməsinə nail olur. Elə işə bu cür yanaşmanın nəticəsidir ki, şəhərdə min iş yeri olan müasir tikiş fabriki tikilib istifadəyə verilib. Bundan əlavə Poylu qəsəbəsində asfalt zavodu quraşdırılmış, yüksək vitaminli zənginləşdirilmiş yem və alkanol istehsalı zavodunun tikintisi aparılmış, bu il isə həmin zavodda su istehsalı sexi istismara buraxılmışdır.

Rayonda yeni müasir inzibati yaşayış binalarının sayı artmaqdadır. Artıq rayon maliyyə və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin inzibati binaları istifadəyə verilmişdir. Şəhid ailələrinin və əlillərin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 32 ailəlik gözəl bir bina artıq sakinlərin istifadəsindədir. Daha bir 16 ailəlik yaşayış evinin tikintisində işlər davam etdirilir. Təkcə şəhərdə deyil, kənd və qəsəbələrdə də yeni tikililərin, inzibati binaların inşasına xüsusi diqqət yetirilir. Səməd Vurğun qəsəbəsində və Böyük Kəsik kəndində yeni poçt binaları inşa olunmuşdur. Rayonun Kolxəlfəli və Böyük Kəsik kəndlərində icra nümayəndəliklərinin yeni inzibati binaları tikilib istifadəyə verilmiş, ərazi icra nümayəndələri üçün və bələdiyyə üzvləri üçün hər cür şərait yaradılmışdır.

Yol kənarlarında yerləşən yaşayış binalarının fasadları, hasarlar, səkilər tamamilə yenidən qurulmuş, müasir memarlıq elementlərindən bacarıqla istifadə olunmuşdur. Məktəb, bağça və idarə binaları əsaslı təmir olunmuş, lazımi inventar və avadanlıqla təchiz edilmişdir. Rayon mərkəzi xəstəxanasına indi yolu düşənlər tamamilə başqa bir mənzərə ilə qarşılaşırlar. Ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş, tamamilə yenidən qurulumuş tibb müəssisəsi hamının razılığına səbəb olur. Bundan başqa, Aşağı Kəsəmən və Yenigün kəndlərinin hər birində tibb məntəqələri tikilmiş, şəhər poliklinikasında əsaslı təmir işləri davam etdirilir.

Ümumiyyətlə, rayonda sosial sahənin inkişafına, tərəqqisinə xüsusi fikir verilir. Rayonun Aşağı Göyçəli kəndində 360 şagird yerlik məktəb binasının tikintisi artıq başa çatdırılmış, Ağstafa şəhər 2 saylı, Dağkəsəmən kənd 1 və 2 saylı orta məktəblərində əsaslı təmir işləri davam etdirilir. Məktəb binalarının istilik sistemlərinin yenidən qurulmasına başlanılmış və Qaçaq Kərəm kənd, 3 saylı Ağstafa şəhər orta məktəblərinin və texniki humanitar təmayüllü liseyin istilik sistemləri çəkilmişdir.

Yazının əvvəlində qeyd etdik ki, Ağstafada hər bir işə böyük zövqlə yanaşılır, şəhərin ümumi görkəminin milli-memarlıq ünsürlərindən istifadə olunmaqla müasir səviyyəyə çatdırılması üçün bütün imkanlardan istifadə olunur. Məsələn, Ağstafanın girəcəyində şəhərin adını əks etdirən, 12 metr hündürlüyü olan tikili özündə bütün memarlıq elementlərini əks etdirir. Burada Abidə kompleksi də yenidən qurulmuşdur. Bakı–Qazax magistral avtomobil yolunun şəhər ərazisindən keçən 4 kilometr hissəsində, o cümlədən M.Ə.Rəsulzadə, 20 Yanvar, Ağamalıoğlu, Cəfər Cabbarlı, H.Arif, E.Poladov küçələrində, H.Əliyev prospektində müasir, gözoxşayan küçə işıqlandırıcıları quraşdırılmış, hasarlar yenidən qurulmuş, fərdi və ictimai binaların görkəmi dəyişdirilmişdir. İmkansız ailələrə ayrı-ayrı yaşayış məntəqələrində fərdi yaşayış evləri tikilmiş və əsaslı təmir olunmuşdur. Keçən il 2,7 kilometr, bu il isə 2,5 kilometr torpaq küçələr xırlanmış və bu işlər bu gün də davam etdirilir.

Əhalinin qaz, işıq, su problemlərini həll etmək üçün kompleks tədbirlər planı işlənib hazırlanmış və onlar tədricən həyata keçirilir. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində 48 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Ağstafa çayında sahilbərkitmə tədbirləri və Candar-Göl kənarında əsaslı təmir işləri davam etdirilir. Aşağı Kəsəmən və Zəlimxan kəndlərində qaz kəmər və qurğuları yenidən çəkilmiş, 17 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin olunmuşdur. Rayonun bütün yaşayış məntəqələrində abonentlər elektrik sayğacları ilə təmin olunmuş və əhali fasiləsiz elektrik enerjisi alır.

... Rayonda görülən işlər çoxdur və onların hamısı haqqında bir yazıda danışmaq mümkün də deyil. Başlıcası odur ki, Ağstafa daha dünənki Ağstafa deyil. Ora qədəm qoyan hər bir qonaq da bunu görür, hiss edir.

Rayonda sağlam əhval-ruhiyyə var. Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov az vaxt ərzində burada işləməsinə baxmayaraq əhalinin hörmət-izzətini qazanıb. Elxan müəllim deyir ki, ölkə Prezidenti İlham Əliyevin köməyi, dəstəyi, qayğısı olmasaydı biz bu işləri görə bilməzdik. Gərək bu qayğıya, etimada bundan sonra da əməli işimizlə cavab verək.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2009.- 4 avqust.- S. 5.