Həyat gözəldir, sağlam yaşamaq isə daha
gözəldir
Görəsən, qadınlar bu düstura necə əməl
edirlər?
Qadın mövzusu o qədər
mürəkkəb və çoxşaxəlidir ki, onun
müzakirəsinə nədən başlamağı bilmirsən.
Hər bir orqanizmin və xüsusilə, qadın
orqanizminın özünəməxsus çalarları və
sirləri var. Buna görə də biz bu yazıda müasir
qadının sağlamlığı baxımından ən əhəmiyyətli
məsələlər üzərində dayanmağı vacib
hesab edirik.
Müasir cəmiyyətdə
qadınin rolu çox böyükdür. Müasir qadın
ailə ocağının keşikçisi,
qayğıkeş ana və ömür-gün yoldaşı
olmaqla bərabər, həm də istehsalatla, sosial problemlərlə
bağlı qayğıların yükünü
daşıyır. Təbii ki, bu amillərin qadının
sağlamlığına bu və yaxud digər dərəcədə
mənfi təsir göstərməsi labüddür. Aşağıda
daha çox müşahidə olunan “qadın xəstəliklərindən”
bəzilərini nəzərdən keçirəcəyik.
Mastopatiya (süd vəzisinin fibroz-kistoz xəstəliyi)
Süd vəzisi bir-biri
ilə müəyyən qarşılıqlı nisbətdə
olan vəzili və birləşdirici toxumalardan ibarətdir. Tsiklin
günündən və qadının yaşından
asılı olaraq toxumaların nisbəti dəyişir. Bu dəyişikliklər
müvafiq yaşa uyğun və funksional normalar həddində
qalmalıdır və bu normalardan hər hansı kənarlaşma
patologiya hesab edilir.
Mastopatiya zamanı süd vəzisinin
tarazlıq vəziyyəti pozulur. Bunun səbəbləri
çoxdur. Onlardan biri ginekoloji statusun pozulmasıdır. Lakin süd vəzisinin vəziyyətinə təsir
göstərən digər səbəblər də vardır:
qalxanvari vəzi, böyrəküstü vəzilər, hipofiz
vəzisi, mədəaltı vəzi, eləcə də həddən
artıq yorulma, stress halları və s.
Mastopatiyanın hər hansı təzahürü
xoşxassəli prosesdir, yəni təhlükəli deyil. Lakin
bəzi hallarda bədxassəli proses də başlaya bilər.
Bu keçid məqamını vaxtında hiss etmək
üçün qadın süd vəzisi xəstəliklərinin
diaqnostikası ilə məşğul olan mütəxəssisə
müraciət etməli və müayinə olunmalıdır.
Bəzən 13-15 yaşlı yeniyetmə qızlara səhvən
belə bir diaqnoz qoyulur.
Bu onunla əlaqədardır ki, bu yaşda döş vəzisi
toxumasında təbii böyümə prosesi müşahidə
edilir və bu proses ağrı hissi ilə müşayiət
olunur. Preklimakterik yaşda olan qadınlarda isə əksinə,
zahirən mastopatiya kimi müşahidə olunan böyümə,
bədxassəli törəmənin ilkin əlaməti ola bilər.
Bu baxımdan müntəzəm
müayinə olunmaq çox vacibdir. Xususilə, döş vəzisi
nahiyyəsində hər hansi bir narahatlıq hiss olunarsa,
mütləq həkimə müraciət edilməlidir. Yaşı 40-a qədər olan qadınlara məsləhət
görülür ki, iki ildə bir dəfədən gec
olmayaraq döş xəstəliklərinin diaqnostikası
üzrə mütəxəssis həkimə müraciət
etsinlər. 40 yaşdan 50 yaşa qədər olan dövrdə
qadınlar iki ildə bir dəfə, 50 yaşdan sonra isə
hər il rentgen-mammoqrafiya müayinəsi keçməlidirlər.
Sonsuzluq
Ana olmaq hər bir qadının
arzusudur. Təəssüf ki, nikahların ümumi sayında
sonsuz nikahların nisbi miqdarının artması ilbəil
müşahidə olunur. Bu problemin bir neçə tərkib
hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul
edilmişdir ki, sonsuzluğun kişilərlə və
qadınlarla əlaqədar səbəblərinin nisbəti təxminən
eynidir və buna görə də ər və arvadın hər
ikisi müayinə olunmalıdır.
Sonsuzluğa gətirib
çıxara biləcək amilləri aradan qaldırmağa
imkan verən profilaktik tədbirlər çox böyük əhəmiyyət
kəsb edir. Sirr deyil ki, hamiləlik prosesinin süni
pozulması bu günə qədər doğumun tənzimlənməsinin
əsas vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə
yanaşmaq lazımdır.
Bəzən müraciət edilən
gün hamiləlik pozulur. Bu zaman tətbiq edilən
cərrahi müdaxilə üçün göstərişləri
təsdiq etməyə imkan verən müayinələr
aparılmadan və bu müdaxiləyə əks göstərişləri
(kiçik çanaq orqanlarının iltihabı və digər
xəstəlikləri, infeksiya) nəzərə alınmadan,
əksər hallarda əsaslandırılmamış
müdaxilə aparılarsa, bu, müxtəlif fəsadlara və
təkrar cərrahi müdaxilələrə gətirib
çıxara bilər. Buna görə də hamiləliyin erkən
dövrdə dayandırılmasının medikamentoz, yaxud cərrahi
müdaxilə metodundan asılı olmayaraq, əsaslandırılması
və abortdan sonrakı dövrdə orqanizmdə ginekoloji
statusun bərpa müalicəsinin düzgün və tam
aparılması çox vacibdir.
O zaman kı, hamiləlikdən
qorunmaq zəruriliyi yaranır bu hallarda orqanizm
üçün təhlükəsiz, müasir hormonal
kontrasepsiya vasitələrinin tətbiq edilməsi məqsədəuygundur.
Bu vasitələrin tərkibindəki hormonların miqdarı
minimal dozada, onların əlavə təsirləri isə
minimal səviyyədə olur. Onlar xəstələr tərəfindən
yaxşı qəbul edilir, hətta uzun müddət istifadə
edildikdə də fəsadlara səbəb olmur. Bəzi
ginekoloji xəstəliklər zamanı isə
(yumurtalıqların disfunksiyası, endometrioz və s.) həmin
dərmanların müalicəvi təsiri olur.
Uşaqlıqdaxili kontrasepsiya
vasitələrinə gəldikdə isə, ana olmamış
cavan qadınların onlardan istifadə etməsi məsləhət
deyil. Uşaqlığa yad cisim daxil olması əksər
müşahidələrdə xroniki iltihab prosesinə səbəb
olur və bu, borudaxili bitişmə prosesində əlavə
amilə çevrilə bilər.
Boru-peritoneal sonsuzluğun
yaranmasının digər mühüm amili kiçik
çanaq orqanlarında aparılan əsassız, xüsusən
dölün kəsilməsi metodu ilə cərrahi müdaxilələrdir.
Adətən, bu metoddan təxirəsalınmaz ginekoloji xəstəlik
hallarında (uşaqlıqdan kənar hamiləlik,
yumurtalıq kistasının partlaması və s.) istifadə
edilir.
Müayinə və müalicənin
mərhələlərində ən yeni texnologiyalardan və əsasən,
endoskopik texnologiyadan istifadə edilməsi bir sıra səbəblərə
görə məqsədə-uyğundur. Bu, ilk növbədə,
qadın orqanlarını qoruyan əməliyyatlar aparmağa və
onun reproduktiv funksiyasını qoruyub saxlamağa imkan verir.
Artıq çəki
Qadınların əksəriyyəti
çəkilərinin artıq olmasına görə özlərini
narahat hiss edirlər. Bəzi hallarda onlar qamətlərinin
şux, xarici görkəmlərinin cəlbedici olması
xatirinə öz sağlamlıqlarını qurban verməyə
hazırdırlar. Təəssüf ki, çox vaxt qadın hər
hansı bir üsulla çəkiyə qarşı mübarizəyə
başlamazdan əvvəl müayinə olunmur və həkimlə
məsləhətləşmir. Bu isə insan səhhətinə
ciddi təsir göstərir.
Məlumdur ki, arıqlamağa
çalışan insan buna nail olmaq dərəcəsindən
asılı olmayaraq gecə-gündüz stress keçirir. Məsələ
ondadır ki, bilərəkdən arıqlayan adamlar daim
özünə nəzarət etməyə, yemək istəyini
boğmağa, üstünlük verdiyi yeməkləri dəyişməyə,
qəbul etdiyi qidanın həcmini hesablamağa məcburdurlar.
Pəhriz pozulanda isə vəziyyət daha da pisləşir. Bu halda problemlərin sırasına psixoloji əzabları
da əlavə olunur, çünki insan belə hesab edir ki, o,
bir növ artıq hərəkət etməyi özünə
rəva görmüşdür. Əgər siz arıqlamaq qərarına
gəlmisinizsə, özünüzü uzunmüddətli
işə hazırlayın, prosesi sürətləndirməyə
çalışmayın. Nəzərə alın ki, sizin
artıq çəkiniz uzun illər boyu toplanmışdır
və aydındır ki, çəkini azaltmaq
üçün vaxt tələb ediləcəkdir.
Artıq çəki
təkcə sevdiyiniz insanın xoşuna gəlməmək
riski deyil, həm də, bir sira xəstəliklərə, məsələn,
diabetə tutulmaq riski deməkdir. Çox vaxt
köklüyün səbəbi məhz lazım olandan
çox yemək və fiziki gərginliyin
çatışmaması ilə əlaqədar olur. Buna görə də qida məhsullarının
kaloriliyini, yəni onların enerji dəyərini
hesablamağı öyrənmək lazımdır.
Kalorinin və deməli, enerjinin əsas
mənbəyi heyvan və bitki mənşəli piylər,
zülallar və karbohidratlardır (yarmalar, un məmulatı,
şəkər, nişasta). Biz yüksək kalorili məhsullardan
çox istifadə ediriksə və enerji məsrəflərimiz
azdırsa, onda tarazlıq pozulur və çəki artmağa
başlayır. Həmişə yaxşı fiziki formada olmaq
üçün gün ərzində və ya həftə ərzində
qəbul edilən və sərf olunan kalorilərin
miqdarını ciddi hesablamaq lazımdır. Əgər
arıqlamaq istəyirsinizsə, gündə 1000- 1200 kalori qəbul
etməlisiniz. Qida rasionunun tərkibindəki kalorinin miqdarının
1000-dən az olduğu müddət isə çox uzun
olmamalıdır. Əks halda bu, sağlamlıqla bağlı
problemlərə gətirib çıxara bilər.
Hazırda istehsalçılar məhsulların
qablaşdırması üzərində 100 qram məhsulun
kaloriliyini göstərirlər. Buna görə də
yeyilmiş məhsulun həcmini və kaloriliyini müqayisə
etmək kifayətdir. Fərz edək ki, səhər yeməyinizin
menyusu 1 stəkan (200 qram) süddən və 1 bulkadan (75 qram)
ibarət olmuşdur. Bu, təqribən 120+250 kalori deməkdir.
Qalan kaloriləri nahar və şam yeməyi arasında
bölüşdürməlisiniz.
Çoxkomponentli xörəklərin
kalorilərini hesablamaq bir qədər mürəkkəbdir. Lakin əminəm ki, cəmi bir neçə gündən
sonra onu da öyrənəcəksiniz. 1 qram piyin tərkibində
9 kalori, 1 qram zülalın və ya 1 qram karbohidratın tərkibində
isə 4 kalori vardır. Şirniyyat, qazlı şirin
içkilər, çipsilər, kolbasa məmulatı,
“fast-fud”, alkoqol məhsulları ən zərərli məhsullar
hesab edilir. Çünki onların tərkibində kaloridən
başqa heç bir qida dəyəri yoxdur. Məhsulların
kalorilik göstəricilərini xüsusi soraq kitablarından
da öyrənmək olar.
Yadda saxlamaq lazımdır ki,
artıq çəki həmişə şəkərli
diabetin inkişaf etməsi riski deməkdir. Əslində,
xüsusən, əgər siz diabet xəstəliyindən əziyyət
çəkirsinizsə, tamdəyərli, sağlam qida zəruridir.
Məhz bu cür yeməklər bir sıra problemlərin həllinə
kömək edər. Lakin təəssüf ki, müasir
dövrdə insanlar məhz buna nail olmaqda çox çətinliklərlə
üzləşirlər. Qidalanma ilə bağlı adətləri
dəyişmək tamamilə mümkündür. Lakin bu vərdişləri
tədricən dəyişmək lazımdır — bu halda
sağlamlığınıza xələl gəlməyəcək.
Bu gün vitaminlərin faydası
barədə məlumatı olmayan insan təsəvvür etmək
çətindir. Vitaminlər immuniteti qoruyub saxlayır,
mübadilə proseslərini normallaşdırır, endokrin
sisteminin işinə kömək edir. Buna görə də
arıqlayarkən vitamin kompleksləri qəbul etməyi
unutmayın.
Düzgün qidalanmanın bu əsas
qaydaları bütün insanlara aiddir.
Varikoz xəstəliyi
Son onilliklərdə varikoz xəstəliyi
sürətlə “cavanlaşır”. Bu xəstəlik 25-30
yaşlarında, bəzən daha gənc qadınlar
arasında geniş yayılmaqdadır. Varikoz xəstəliyi
zamanı ilk növbələ aşağı ətrafların
venoz damarların elastikliyi və tonusu itir. Bunun nəticəsində
damar boyunca düyünlü genişlənmələr və
qan durğunluğu əmələ gəlir. Bu
tromboflebit, tromboemboliya və başqa mürəkkəb fəsadlarla
nəticələnə biləcək təhlükə
yaradır. Çox zaman buna səbəb uzun müddət
ayaqüstə olmaq, az mütəhərrik həyat tərzi,
qarındaxili təzyiqin artması, hormonal fonun dəyişməsi,
damar sistemində yaşla əlaqədar dəyişikliklər
ola bilər.
Damarların varikoz genişlənməsi
çox vaxt hamiləlik dövründə yaranır. Bu
dövrdə böyüməkdə olan uşaqlıq
kiçik çanaq damarlarını sıxaraq qanın
venalarda normal axınını çətinləşdirir.
Bundan əlavə, hündür dabanlı dar ayaqqabı ilə
uzun müddət ayaqüstə olmaq, bədənə kip
yapışan şalvar geymək, ağır çanta gəzdirmək
- bütün bunlar fəsaddoğurucu amillərdir.
Başlanğıc mərhələdə
varikoz, adətən, konservativ üsullarla müalicə olunur.
Kompressiya effektli xüsusi trikotajdan istifadə edilməsi təzyiqin
fizioloji baxımdan düzgün paylanmasına kömək
edir. Bu halda damarlarda qanın hərəkəti sürətlənir,
venalarda durğunluq və şişkinlik aradan qalxır,
tromblar yaranmasının qarşısı alınır, bədən
toxumalarında mübadilə prosesləri bərpa olunur. Bundan
əlavə, həkim məsləhəti ilə toxumalarda
mikrosirkulyasiyanı yaxşılaşdıran, venaların
tonusunu artıran, iltihab proseslərinin inkişafına mane
olan preparatlardan istifadə etmək tövsiyə olunur. Tərkibində
heparin olan məlhəm və gellərdən, yalançı
şabalıd və qırmızı tənək
yarpaqlarının cövhərindən istifadə etmək
olar. Bu vasitələr təyin edilərkən xəstəliyin
xüsusiyyətləri nəzərə alınmalıdır.
Yuxarıda sadalanan tədbirlərdən xəstəliyin
profilaktikası üçün istifadə edilə bilər.
Görundüyü kimi, varikoz təkcə
kosmetik defekt kimi qəbul edilə bilməz. Bu, ciddi xəstəlikdir
və ona qarşı mübarizə və müalicə tədbirləri
aparmaq lazımdır. Ayaqları salamat saxlamaq
üçün nələri yadda saxlamaq lazımdır?
Varikoz xəstəliyindən əziyyət çəkənlər
rütubətli binalarda yaşamaq və işləməkdən
çəkinməli, alçaq dabanlı rahat ayaqqabı geyməli,
ayaqları çox vaxt üfüqi vəziyyətdə
saxlamalıdırlar. Pəncələriniz və
baldırlarınızda şişkinlik yaranırsa, gecələr
qıcolma halları baş verirsə, bu artıq xəstəliyin
fəsadlaşmasının əlamətləridir. Ən
başlıcası, xəstəliklə vaxtında və
düzgün istiqamətdə mübarizə aparmaq
lazımdır. Əgər siz çox tez
yorulursunuzsa, xüsusilə, axşama yaxın pəncələriniz
və baldırlarınızda ağırlıq və
aşagı ətraflarda damarların azacıq da olsa genişlənməsini
hiss edirsinizsə, dərhal həkimə müraciət etməli
və ətraflı müayinə olunmalısınız.
Klimaks (menopauza)
Klimakteriya qadınların həyatının
çox böyük dövrünü əhatə edir.
Qadın həyatının təqribən üçdə
bir hissəsini klimakteriya vəziyyətində keçirir.
Özü də bu, qadın həyatının ən
yaxşı dövrünə düşür. Bu vaxt qadın
peşəkar baxımdan formalaşmış, uşaqları
artıq böyümüşdür, onlara daimi himayə
göstərmək tələb olunmur, bir sıra başqa
qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə
baş verən klimakterik əlamətlər (tərləmə,
nevroz və istilikgəlmə əlamətləri və s.)
qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında
baş verən dəyişikliklərə - gecələr tərləmə,
yuxunun pozulması, dərinin büzüşüb
yığılması kimi əlamətlərə məhəl
qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər.
Bu hallarda həkimə müraciət etmək və bu əlamətlərin
səbəbini aydınlaşdırmaq lazımdır.
Qadının son menstruasiyası
yaxınlaşan mərhələdə, onun
yumurtalıqlarının funksiyaları zəifləməyə
başlayanda estrogen defisiti simptomları yarana bilər. Bunlar, əsasən,
dərinin büzüşüb yığılması,
uşaqlıq yolunun quruluğu, yuxunun pozulması, depressiyaya
meyllilik, əhvalın pisləşməsi, gözlərin
yaşarması, çox tez həyəcanlanmaq,
çılğınlıq kimi əlamətlərdir. Bu
simptomlar, hətta yüngül formada belə, qadının
normal yaşamasına mane olur və təbii ki, “həyat
keyfiyyəti” göstəricisi enir.
Təəssüflə qeyd etməliyik
ki, çox zaman qadın uşaq doğmaq funksiyasını
yerinə yetirib qurtarandan sonra və xüsusilə bu dövrdə
uzun müddət ginekoloqların nəzərindən kənarda
qalır. Bu dövr ücün xarakterik digər əlamətlərlə
əlaqədar daha çox kardioloqa, terapevtə, uroloqa,
nevroloqa, psixiatra, travmatoloqa müraciət edirlər.
İndiki dövrdə müasir
müalicə üsullarından və müvafiq preparatlardan
istifadə etməklə qadın həyatının bu
dövrü ilə əlaqədar bir sıra xoşagəlməz
hallardan yaxa qurtarmaq mümkündür. Ginekoloq-həkim hər
bir qadının orqanizminin xüsusiyyətlərini, onun səhhətinin
bütün incəliklərini nəzərə almalı və
məhz ona münasib olan müalicə tədbirləri və
preparatlar seçməlidir.
Klimaks dövründə estrogen
defisiti ilə əlaqədar sümük toxumasının
azalması müşahidə olunur. Belə hallarda əvəzedici
hormonal terapiya, fitohormonlar osteoblastların (sümük
toxuması yaradan hüceyrələrin) sintezini bərpa etməyə
kömək edir və osteoporozun səmərəli profilaktika
vasitəsinə çevrilirlər. Lakin bu cür terapiya
yalnız qadın xüsusi müayinə keçdikdən
sonra təyin edilə bilər.
Osteoporoz
Statistik məlumatlara görə,
hər üç qadından biri osteoporoz xəstəliyindən
əziyyət çəkir. Bu xəstəliyin əsas səbəbi
başqa funksiyalardan əlavə minerallar mübadiləsini də
tənzimləyən cinsi hormonlardır.
Qadın reproduktiv yaşda olduqda
estrogenlər onun sümüklərini qoruyur. Müəyyən
edilmişdir ki, qadınlarda sümüklərin mineral
sıxlığının azalması, əsasən, menopauza
başlayandan, yəni qadın cinsi hormonlarının yaranma səviyyəsi
əhəmiyyətli dərəcədə aşağı
düşəndən sonra başlanır. Menopauzadan
sonrakı ilk illərdə sümük toxumasının
sıxlığının maksimal (ildə 2-3 faizə qədər)
azalması müşahidə olunur. Sonradan bu prosesin sürəti azalaraq
ildə 1-2 faizə düşür, lakin proses davam edir.
Qeyd etmək
lazımdır ki, hormonal dəyişikliklər təkcə
cinsi hormonlarla məhdudlaşmır. Bu dövrdə
qadın orqanizminin strukturu bütünlüklə yeniləşir,
hormonal balansda kortikosteroidlərin, sümük
toxumasının vəziyyətinə görə cavabdeh olan
qalxanabənzər vəzilərin hormonlarının səviyyəsi
dəyişir. Lazımi tədbirlər
görülməsə, bu, əksər hallarda osteoporozla nəticələnir.
Lakin osteoporozun
inkişafında əhəmiyyətli rol oynayan təkcə
hormonlar deyil.
Qocalma prosesləri hər bir orqanizmdə baş
verir, lakin heç də hamıda bu xəstəlik inkişaf
etmir. Bu prosesə qadının orqanizmində genetik amillərin
və müxtəlif xroniki xəstəliklərin olması,
sosial həyat tərzi və s. təsir göstərir.
Əgər
qadın özünün sağlam olmasını yəqin etmək
istəyirsə, o, profilaktika məqsədilə həkimə
müraciət etməlidir. Xəstəliklərin
erkən mərhələdə aşkar edilməsi müalicənin
səmərəli olması şansını xeyli
artırır.
Müdriklərin
dediyi kimi, həyat gözəldir. Odur ki, həyatın hər
bir dövrünü gümrah, sağlam və məzmunlu
yaşamağa çalışmaq lazımdır.
Samirə ABDULLAYEVA,
tibb elmləri namizədi, həkim mama-ginekoloq,
Elmi Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun əməkdaşı
Xalq qəzeti.- 2009.- 4 avqust.- S. 7.