Əsrə bərabər illərin
estafeti davam edir
Bu sözlər Yevlaxda ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş yığıncaqda tez-tez səsləndi
Dəvət olunan başqa qonaqları deyə bilmərəm, şəxsən mənim qəlbimdən yığıncaq başlanana qədər belə bir duyğu keçirdi: görəsən, son illər Yevlaxda həyatın bütün sahələrini əhatə edən inkişaf və irəliləyişin sürəti azalmayıb ki? Ötən 6 ayın nəticələri necədir? Hər yerdə geniş əks-səda verən tikinti-quruculuq və abadlıq işləri eyni sürətlə davam etdirilirmi?
Bu barədə bir qədər narahatçılıqla düşünməyim heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, hər hansı şəhərdə, rayonda, lap elə kənddə, qəsəbədə kadr dəyişikliyi olandan sonra yenilik və inkişaf başlanır. Ancaq ... təəssüf ki, onların bir çoxu ilk gündən götürdükləri sürəti axıra çatdıra bilmirlər. Potensial azalır, bu və ya digər sahədə iş axsayır və s. Bu isə, əlbəttə, ümumi inkişafa zərbə vurur, adamlarda inamsızlıq yaradır, kadrlarda intizam və məsuliyyət hissini azaldır. Digər tərəfdən, bütün dünyanı bürüyən iqtisadi böhran...
Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda qarşıya qoyulmuş vəzifələrin müzakirəsi ilə bağlı Yevlaxda keçirilən toplantıda isə bunun tamamilə əksini gördüm. Elə belə də gözləyirdim. Sadəcə olaraq heç yerdə analoqu olmayan inkişaf və irəliləyişi bu gün də eyni sürət və keyfiyyətlə davam etdirmək, həqiqətən, çətin olduğu qədər də şərəflidir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elman Vəliyevin məruzəsində qeyd edildiyi kimi, yevlaxlılar hələ də 2009-cu ilin mart ayının 2-3-də Prezident İlham Əliyevin bu bölgəyə son 5 ildə üçüncü tarixi səfərini böyük sevinc və dərin minnətdarlıq hissi ilə xatırlayırlar. Səfər zamanı ölkə rəhbəri görülüb başa çatdırılmış işlərə, tikinti, abadlıq və quruculuq tədbirlərinə yüksək qiymətləndirilmişdi. Bu, yevlaxlıları daha da ruhlandırmış, onların qurub-yaratmaq əzmini artırmış, bütün sahələrdə işlərin gedişinə əsaslı təkan vermişdir.
Məruzədən, eləcə də su-kanal idarəsinin rəisi Sabir Həsənovun, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Cümşüd Mikayılovun və başqalarının çıxışlarından məlum oldu ki, cari ilin ötən aylarında əldə edilmiş sosial-iqtisadi nəticələr əvvəlki yarımillikdəkindən xeyli yüksəkdir. Yevlaxda 2004-cü ildən götürülmüş xətt, müəyyən edilmiş istiqamət, seçilmiş yol yalnız artan sürətlə inkişaf edir. Bu yolun, bu xəttin, bu istiqamətin əsasında isə bir vacib məsələ dayanır: xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin ideyalarına sonsuz sədaqət, ölkə rəhbəri İlham Əliyevin yüksək etimadını əməli işlə doğrultmaq, Vətən, xalq sevgisi. Bu dediklərimizin əyani ifadəsi isə ayrı-ayrı sahələrdə əldə edilmiş nəticələrdə, fakt və rəqəmlərdə öz aydın ifadəsini tapmışdır.
Ümumi daxili məhsulun
artımı
2009-cu ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 149,7 milyon manat – 2008-ci ilin birinci yarısına nisbətən 33,9 milyon manat və yaxud 29,2 faiz çox olmuşdur. Ümumi daxili məhsulun 94,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Bunun 4,6 milyon manatını sənaye, 33,2 milyon manatını kənd təsərrüfatı, 24,8 milyon manatını tikinti, 68,7 milyon manatını ticarət, 2 milyon manatını nəqliyyat, və s. təşkil etmişdir. İstehsal edilmiş 1506,8 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur.
2009-cu ilin birinci yarısında hər nəfərə 1269,3 manat ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2008-ci ilin birinci yarısına nisbətən 278 manat və yaxud 28 faiz çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 154,3 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 29,4 manat çoxdur. Ötən müddətdə əhalinin pul gəliri 82,9 milyon manat olmuşdur. Bu, 2008-ci ilin birinci yarısında olduğundan 5,5 milyon manat və yaxud 7,1 faiz çoxdur.
Aqrar sahəyə diqqət
Hesabat dövründə ümumilikdə 33,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 6,5 faiz çoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq, 2856 nəfər buğda istehsalçısına 424 min manat dövlət yardımı edilmişdir. Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 80 tondan çox mineral gübrə satılmışdır.
Nəticədə bu ilin məhsulu üçün 5367 hektar çox sahədə taxıl əkilmişdir ki, bundan da 4881 hektarı buğdadır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 16814 ton çox taxıl istehsal olunaraq 43870 tona çatmışdır.
Cari ilin məhsulu üçün 9209 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 287,5 min manat yardım ödənilməsi üçün sənədlər hazırlanıb respublika komissiyasına təqdim edilmişdir. 2009-cu ilin birinci yarısında 2008-ci ilin eyni dövrü ilə müqayisədə 53,1 ton ət, 4,7 ton süd, 78,6 min ədəd yumurta çox istehsal edilmişdir.
Rayonda mövcud hidrotexniki qurğular, meliorasiya və irriqasiya şəbəkəsi keçən əsrin 60-cı illərində tikildiyindən istismar müddətini keçmişdir. Əsaslı təmir və bərpa işləri aparılmadığından onlar yararsız vəziyyətə düşmüşdür. Qrunt sularının üzdə olduğu və şoranlaşmaya meyilli olan torpaqlarda sahələrin məhsuldarlığı aşağıdır və qoyulmuş vəsait öz bəhrəsini vermir. Ona görə də rayonda bütün meliorasiya və irriqasiya şəbəkəsi, hidrotexniki qurğular yenidən qurulmalıdır. Ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da bu işlərin görülməsi nəzərdə tutulmuşdur.
Tikinti-quruculuq, abadlıq
2009-cu ilin yarım ilində bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 97,8 milyon manat olmuşdur. Bu, 2008-ci ilin müvafiq dövrünə nisbətən 4,3 milyon manat və yaxud 4,6 faiz çoxdur. İnvestisiyaların 71,8 milyon manatı əsas kapitala yönəldilmişdir.
Bu müddətdə Yevlax şəhərinin Heydər Əliyev və Nizami prospektlərində, S.Vurğun, H.Zərdabi, Q.Qarayev, C.Kərimov, Y.Misirov, Bakı, İ.Əfəndiyev, C.Cabbarlı küçələrində 9,6 kilometr avtomobil yolu asfaltlanmışdır. Şəhərin prospekt və küçələrində 8064 metr səki daşları düzülmüş, 7381 kvadratmetr dekorativ plitə, 13 min kvadratmetr asfalt örtüyü salınmışdır.
Heydər Əliyev prospektində 58, Nizami prospektində 70, S.Vurğun küçəsində 30, C.Cabbarlı küçəsində 30 olmaqla, 183 işıqlandırma dayağı quraşdırılmışdır. Hazırda şəhərin Nizami prospektinin C.Əzizov küçəsi ilə kəsişməsində aparılan abadlıq işləri başa çatmaq üzrədir. Ərazidə “Qala kompleksi” inşa edilir. Kür çayının sağ sahilində əhalinin rahatlığı üçün istirahət zonası tikilir. Əraziyə torpaq daşınmış, dəmir-beton dayaqlar quraşdırılmışdır. Şəhərdən çıxan yağış, sel və çirkab sularının Mil-Qarabağ kollektoruna axıdılması üçün nasos stansiyası tikilir.
Şəhid ailələri və Qarabağ müharibəsi ailələri üçün 36 mənzilli dördmərtəbəli, altı mərtəbəli 72 mənzilli yaşayış binalarının, FHN-nin Aran regional mərkəzinin, MTN-in Yevlax şöbəsinin, “Beynəlxalq Bank”ın Yevlax filialının, Mərkəzi Bankın Regional Ərazi İdarəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, 31 yerlik beşulduzlu otelin, Toxumçuluq üzrə Yevlax Regional Mərkəzinin binalarının, ”Lalə-Kemikl” yuyucu tozlar istehsal edən zavodun tikintisi davam etdirilir.
Yevlax şəhərində və rayon ərazisində geniş yaşıllaşdırma işləri aparılmış, yaz mövsümündə 395,6 min müxtəlif növ ağaclar basdırılmışdır. Yevlax şəhərinin prospekt, küçə, park və xiyabanlarına 78 mindən çox, o cümlədən Heydər Əliyev prospektinə 52,8 min, Nizami prospektinə 18 min ağac əkilmişdir.
İnfrastruktur
yaxşılaşdırılır
Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Heydər Əliyev prospektində (Miqrasiya İdarəsinin yanında), Kür nasos stansiyasının ərazisində, Qaraməmmədli, Cırdaxan, Qaramanlı, Hacımahmudlu, Köyük kəndlərində artezian quyuları istismara verilmişdir. Müxtəlif diametrli borularla Yevlax şəhərində 1,6 kilometr, kəndlərdə 14,7 kilometr olmaqla, 16,3 kilometr içməli su xətti çəkilmişdir. Aşağı Bucaq və Yuxarı Bucaq kəndlərində sutəmizləyici qurğuların və bulaqların tikintisi başa çatdırılmışdır.
Şəhər icra hakimiyyətinin tələbkarlığı nəticəsində Yevlax şəhərində 0,4 kvt-luq şəbəkənin yaradılması başa çatdırılmışdır. 59 kilometr uzunluğunda 0,4 kvt-luq elektrik xətləri “SİP” kabeli ilə əvəz edilmişdir. 1824 dayaq dəyişdirilmiş, 32 transformator təmir edilmişdir. Eyni zamanda, 7,1 kilometr elektrik xətləri əsaslı, 30,1 kilometr xətt cari təmir olunmuşdur.
Şəhərdə “Smart” tipli əvvəlcədən ödəmə aparılan sayğacların quraşdırılması davam etdirilmişdir. Nəzərdə tutulan 11324 sayğacdan 10206-sı (90,1 faiz) quraşdırılmışdır. Ondan 9651 ədədi yerli əhalinin, 555-i məcburi köçkün ailələrinin mənzillərində quraşdırılmışdır.
Bu yarımildə 2008-ci ilin müvafiq dövrünə nisbətən şəbəkə üzrə 9,8 milyon kvt.saat (585 min manat), o cümlədən əhali üzrə 1,2 milyon kvt.saat elektrik enerjisinə (72,6 min manat) qənaət edilmişdir. Əhali üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi 98 faiz, ümumi şəbəkə üzrə isə 65 faiz olmuşdur.
Hazırda şəhərdə və kəndlərdə olan abonentlərin 12500-ü, yəni 61 faizi təbii qaz ilə təmin olunmuşdur. Cari ildə də kəndlərin qazlaşdırılması işləri davam etdirilmişdir. Əhali üzrə abonentlərin sayı 748 olan Tanrıqulular, Hürüuşağı və Boşçalı kəndlərinə qazın verilməsi üçün tədbirlər görülmüşdür. 8 kilometr orta təzyiqli daşıyıcı qaz xətti, 8,4 kilometr kənddaxili xətt bərpa edilmiş və işlək vəziyyətə salınmışdır. Hazırda həmin kəndlərə təbii qazın verilməsi məqsədilə təşkilati tədbirlər görülür.
Yarımillikdə əhali tərəfindən istehsal olunmuş qazın dəyərinin 90 faizinin ödənilməsi təmin edilmişdir. 6 ayda əhali tərəfindən 442 min manat ödəmə aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 146 min manat və ya 49,3 faiz çoxdur.
Humanitar sahədə yeniliklər
Rayonun ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin səviyyəsinin yüksəldilməsi, şagirdlərə dərin bilik verilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Nemətabad kənd orta məktəbinin idman zalı əsaslı təmir olunmuş, məktəbin fasadında və həyətində abadlaşma işləri görülmüşdür. Bu kəndin uşaq bağçası da əsaslı təmir edilmiş, həyətdə əyləncə mərkəzi salınmış, ərazi asfaltlanmışdır. Yevlax şəhər 8 saylı orta məktəbdə əsaslı təmir işləri başa çatmış və ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 1371 nəfər şagird mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında iştirak etmiş, onlardan 927 nəfəri (67 faiz) imtahanlardan müvəffəq qiymətlər almışlar.
Ali məktəblərə qəbul üçün 784 məzun sənəd vermişdi. 40 nəfər məzun ali hərbi məktəblərə və akademiyalara, 73 şagird C.Naxçıvanski adına hərbi liseyə qəbul üçün imtahanlarda iştirak etmişlər.
Səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Bu ilin 6 ayı ərzində Mərkəzi Şəhər Xəstəxanasının mətbəxində, reanimasiya şöbəsində əsaslı təmir işləri aparılmış, xəstəxananın şöbələrinə 10,7 min manatlıq avadanlıq alınmışdır.
Yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilmiş, ilin birinci yarısında 97500 dezinfeksiya, 125000 dezinseksiya işləri aparılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində brüselyoz və malyariya xəstəlikləri, qida zəhərlənməsi halları baş verməmişdir. İmtiyazlı xəstələrə, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 20 min manatlıq pulsuz dərman və sarğı materialları verilmişdir.
Mədəni-maarif müəssisələrində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Şəhərdə ən müasir tələblərə cavab verən elektron kitabxana tikilib istifadəyə verilmişdir. Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə müntəzəm olaraq Heydər Əliyev Sarayında və xiyabanında, Xalq Teatrının binasında konsert və teatr tamaşaları təşkil olunmuşdur. Regional “EL-TV” fəaliyyətə başlamışdır.
Davamlı inkişaf
Artıq 2009-cu ilin birinci yarısı arxada qalmışdır. Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlaması ili olan 2009-cu ili uğurla başa vurmaq üçün, respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da möhkəm baza yaradılmışdır. Ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na Yevlaxda həyatın bütün sahələrini əhatə edən 15 tədbir daxil edilmişdir. Yeri gəlmişkən, onların bəzilərini burada bir daha xatırlamaq istəyirik.
Tikilməkdə olan obyektlərin siyahısında “Lalə tekstil” MMC-nin II növbəsi, “Lalə kemikal” yuyucu tozlar zavodu, 235 çarpayılıq mərkəzi rayon xəstəxanası, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi, Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlama məntəqəsi, beşulduzlu otelin tikintisi, MTN-in şəhər şöbəsi üçün bina, Beynəlxalq bankın Yevlax filialı, Mərkəzi Bankın ərazi idarəsinin adları öndə gəlir.
Şəhid və Qarabağ müharibəsi əlillərinin ailələri üçün 36 mənzilli yaşayış binası, ƏSMM-nin yeni inzibati binası, Nizami prospektində qala kompleksinin tikintisi, 2 yeni şadlıq evinin tikintisi, Baytarlıq İdarəsinin binası, “Azərtoxum” MMC-nin anbar binası,Kür çayı sahilində yeni bulvar kompleksinin tikintisi sürətlə aparılır.
Bakı-Qazax avtomobil yolunun kənarında yeni istirahət parkının və uşaq əyləncə mərkəzinin və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi üçün hazırlıq görülür.
C.Mustafayev küçəsində əsaslı təmir və abadlıq işləri, uşaq-gənclər idman məktəbinin əsaslı təmiri, C.Cabbarlı küçəsində abadlaşdırma və yaşıllaşdırma işləri, 31-ci məhllədə abadlıq işləri isə sürətlə aparılır.
Göründüyü kimi, qarşıdakı yarımillikdə də Yevlaxda geniş və əsaslı tədbirlər nəzərdə tutulmuşdur. Yığıncaqda belə bir yekdil fikir ifadə edildi ki, həmin vəzifələr də uğurla yerinə yetiriləcək. Yevlaxlılar ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısına fədakar əməkləri, xoş məramları və sədaqətləri ilə cavab verəcəklər.
Ziyəddin Sultanov
Xalq qəzeti.- 2009.- 5 avqust.- S. 4.