Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədi açıla bilməz

 

Türkiyə rəsmilərinin mövqeyi qətidir

 

Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə deyib ki, Türkiyə-Ermənistan futbol komandaları arasında Ankarada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə yarışına qədər sərhədlər açılmasa, o, həmin oyuna baxmağa getməyəcək. Onsuz da Ermənistan prezidentinin qeyri-ciddi şəxs olması, verdiyi vədə əməl etməməsi öz ölkəsinin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri tərəfindən də dəfələrlə bəyan edilib. Ona görə də onun budəfəki vədəxilaf bəyanatı da qeydi-adi hadisə kimi qarşılanmadı. Bəlkə də çoxları üçün gözlənilən idi. Odur ki, Serj Sarkisyanın Türkiyəyə futbol yarışına baxmağa getməmək barədəki fikri heç kimi mütəəssir etmədi və hər hansı bir sensasiya, qeyri-adilik də yaratmadı.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında, iki ölkə arasında sərhədlərin açılmasında daha çox Ermənistan maraqlıdır. Çünki son illər Ermənistanda daha da dərinləşmiş iqtisadi böhran, aclıq, səfalət, işsizlik və buna görə də ölkədən gedənlərin sayının sürətlə artması hakimiyyət dairələrində ciddi təşviş yaradıb. Digər tərəfdən isə Ermənistanın regionda və beynəlxalq aləmdə reallaşmış iri infrastruktur layihələrdən kənarda qalması, bu ölkəyə verilən yardım və ianələrin dayandırılması da narazılığa səbəb olub. Bütün bunların əsas səbəbi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi və qonşu dövlətlər hesabına öz ərazilərini böyütmək kimi rəzillik olsa da, yenə də öz çirkin niyyətlərindən əl çəkmir. Bununla belə tarix boyu özlərinə qatı düşmən hesab etdikləri türklərlə münasibət qurmaq, bunun hesabına batmaqda olan iqtisadiyyatlarını dirçəltmək istəyirlər. Bu da növbəti erməni hiyləsindən başqa bir şey deyil.

Türkiyə ilə sərhədləri açmaq naminə cilddən-cildə girən ermənilər əsl həqiqəti də etiraf etmək məcburiyyətində qalıblar. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyanın “Arminfo” agentliyinə müsahibəsindəki bəzi məqamlara diqqət yetirək. O, deyib: “Erməni soyqırımı ilə bağlı tarixi problemlərə baxmayaraq, Ermənistan Türkiyə ilə münasibətlərinin normallaşdırılması üçün hər şeyi edib. Biz bir il Türkiyə ilə müsbət ovqatda danışıqlar apardıq. İki sənədi razılaşdırdıq. Bütün bunlardan sonra Türkiyənin bəzi rəsmiləri bizə on şərt qoyur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını Qarabağ münaqişəsi ilə əlaqələndirirlər”. S.Sarkisyan daha sonra deyib: “Biz Türkiyəni çox yaxşı tanıyırıq. Bilirik ki, o, böyük və güclü dövlətdir. Onun bizim regionda və ümumiyyətlə, dünyada rolunu bilirik...” Bu da Ermənistan prezidentinin Türkiyə haqqında səmimi etirafı. Buna görə də Türkiyə ilə sərhədlərin açılmasına canfəşanlıq edirdi. O, ilk diplomatik gedişini futbol yarışı üzərində qurdu və Türkiyə Prezidenti Abdullah Gülü iki ölkənin yığma komandaları arasında keçirilən futbol yarışına baxmaq üçün Yerevana dəvət etdi. Türkiyə Prezidentinin bu dəvəti qəbul etməsi və Yerevana getməsi fikir ayrılığına sbəb olsa da, əslində Abdullah Gülün bu gedişi ilə Türkiyə heç nə uduzmadı. Uduzan yenə də Ermənistan tərəfi oldu: həm futbol matçında (Türkiyə yığma futbol komandası Ermənistan komandasına Yerevanda qalib gəldi), həm də siyasətdə. Dünənə qədər bütün dünyaya türklərin ermənilərə qarşı amansız soyqırımı törətməsi barədə car çəkən ermənilər necə oldu ki, qan düşmənini birdən-birə öz ölkələrinə dəvət edib böyük təmtəraq, hörmət və izzətlə qarşıladı? Elə bu sual dünyanın tanınmış politoloqlarını, ziyalılarını da ciddi düşünməyə vadar etdi. Demək, erməni soyqırımının qondarma olması deyilənləri təsdiqləyir.

Ermənistana elə gəlirdi ki, Abdullah Gülün bu ölkəyə gəlişi iki dövlət arasındakı problemləri aradan qaldıracaq. Hətta Sarkisyan Ermənistanın Türkiyəyə qarşı torpaq iddiasında olmadığı barədə tələm-tələsik bir açıqlama da verdi. Təbii ki, bu da bir erməni hiyləsi idi. Axı, bu millətin mayası hiylədən tutulub. Onlar artıq Türkiyə-Ermənistan sərhədlərinin açılacağına tam əmin olmuşdular. Hətta Ermənistan prezidenti lovğa-lovğa iki ölkə arasında futbol matçının Ankarada keçiriləcək təkrar görüşünə məhz açılmış sərhəd zolaqlarından keçib gedəcəyini bildirmişdi. Bunun reallaşdığını dünya ictimaiyyətinə nümayiş etdirmək üçün Ermənistan tərəfi sərhəd bölgəsindəki yolları təmir etdirir, buraxılış məntəqələrini təzələyirdi. Bax belə yerdə deyiblər ki, ac toyuq yuxusunda darı görər. Türkiyə-Ermənistan sərhədlərinin açılması da ermənilər üçün hətta belə bir şirin yuxu oldu. Çünki iki ölkə arasında sərhədlərin açılması üçün Ankara rəsmi Yerevan qarşısında əsas üç şərt qoydu: işğal olunmuş Azərbaycan əraziləri boşaldılmalı, qondarma “erməni soyqırımı” və Türkiyəyə qarşı ərazi iddiasına son qoyulmalıdır. Bununla da Ermənistan prezidenti Serj Sarkisyanın “açılmış sərhəd bölgəsindən” keçərək Ankaraya futbol matçına baxmaq arzusu ürəyində dondu. Üstəlik, Türkiyə rəsmilərinin “Qarabağ bizim qan axan yaramız”, “Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz”, “Dağlıq Qarabağ probleminin həlli regionda davamlı sülhü təmin edəcək”kimi qətiyyətli bəyanatları ermənilərin bütün ümidlərini puç etdi. İşğalçı dövlətə bir daha aydın oldu ki, Türkiyə ilə Azərbaycan ayrılmaz dost və qardaş ölkələrdir. Bu iki ölkə arasında olan münasibətlər, strateji tərəfdaşlıq əlaqələri, beynəlxalq səviyyədə bir-birini dəstəkləmələri, digər dövlətlərə həmişə nümunə olub.

Türkiyəni qondarma soyqırımı ilə ittiham edən, bu ölkəyə qarşı ərazi iddiaları irəli sürən, təzminat istəyən, bir milyonldan artıq soydaşımızı ata-baba yurdundan didərgin salan Ermənistan isə bölgədə sülhə və sabitliyə böyük təhlükə olan ölkə kimi tanınıb. Təbii ki, belə bir işğalçı ölkə ilə sərhədləri açmaq Türkiyəyə heç bir fayda verməzdi. Türkiyə Cümhuriyyəti 1993-cü ildə Ermənistanla sərhədləri bağlayarkən qondarma soyqırımı, ərazi iddiası və Azərbaycana qarşı çoxlu sayda ağır terror aktlarını, bu ölkənin yeritdiyi işğalçılıq siyasətini əsas gətirmişdi. On altı il əvvəl qəbul olunmuş bu qərar hələ də qüvvəsindədir. Nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymasa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-konstruktivlik nümayiş etdirsə, sərhədlərin açılması onlar üçün “ac toyuğun yuxusunda darı görməsi” kimi xəyal olaraq qalacaq. Türkiyə rəsmiləri çox yaxşı bilirlər ki, digər dövlətlərin əraziləri hesabına “Böyük Ermənistan” yaratmaq iddiasında olan ermənilər Türkiyə ilə sərhədləri açdıqdan sonra bu ölkəyə qarşı ərazi iddialarından əl çəkməyəcək. Ona görə də qardaş Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistanla bərabər hüquqlu konstruktiv münasibət qurulmasından danışmaq olmaz.

Hazırda Qafqaz bölgəsi üçün enerji təhlükəsizliyi çox önəmli məsələlərdən biridir. Azərbaycan Avropada enerji təhlükəsizliyinin təminatçısı olan ölkələrdən biridir. Regionda bir-birinin ardınca iri layihələri reallaşdıran Azərbaycan qonşu dövlətlərin də həmin layihələrin həyata keçirilməsində iştirakını təmin edib. Ermənistan isə işğalçı dövlət olduğundan bu layihələrdən kənarda qalıb. Bu günlərdə Ermənistanın “NABUKKO” layihəsindən də kənarda qaldığı bəlli oldu. Orta Asiya dövlətlərinin də bu layihəyə qoşulması ilə regionda iqtisadi-siyasi fəaliyyət meydanı xeyli genişlənir.

Dünyanı bürüyən qlobal iqtisadi və maliyyə böhranı bir daha təsdiqlədi ki, heç yerdə sabit dövlət yoxdur. Ona görə də Ermənistan kimi ianə və yardım hesabına yaşayan, iqtisadi cəhətdən çox zəif, geridə qalmış dövlətlər qonşu dövlətlərlə münasibətləri normallaşdırmaqda çox maraqlıdır. Son vaxtlar buna ehtiyacları da artıb. Çünki yardımların həcmi azaldılıb, bəzi hallarda isə dayandırılıb. Bütün havadarlarından lazımi maliyyə yardımı ala bilməyən Ermənistan çətin və çıxılmaz vəziyyətə düşüb. İndi dünyanın ən varlı bankları da qlobal maliyyə və iqtisadi böhrandan çəkinir və kredit vermir. Digər tərəfdən Rusiya da böhranla üzləşdiyindən Ermənistana istənilən səviyyədə “atalıq qayğısı” göstərə bilmir. Ona görə də Ermənistanda vəziyyət getdikcə pisləşir. Ölkədə ümumi daxili məhsul istehsalı azalmaqda davam edir. Ötən illə müqayisədə bu il benzinin qiyməti 18,5 faiz artıb. Digər məhsulların da qiymətində bahalaşma və qıtlıq qeydə alınıb. Bütün bunlardan sonra Ermənistan üçün ən optimal variant Türkiyə və Azərbaycanla münasibət qurmaq, əlaqələr yaratmaq, sərhədləri açılmasına nail olmaqdır. Vəziyyətin gündən-günə ağırlaşdığını görən Ermənistanın xarici işlər naziri də erməni soyqırımı iddiasının artıq əhəmiyyətini itirdiyini vurğulayaraq Türkiyə ilə sərhədləri açmağın vacibliyini qeyd edib. Bundan ötrü irəli sürülmüş şərtlərin araşdırılmasının vaxtı çatdığını deyib.

Türkiyə Prezidenti Abdullah Gülün Yerevana səfəri ilə başlanan Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşacağı, sərhədlərin açılacağı ümidi ilə yaşayan ermənilər sonda türk qətiyyəti ilə qarşılaşdılar.

Ermənistan prezidenti Serj Sarkisyan da “Biz Türkiyəni çox yaxşı tanıyırıq” – deməklə türklərin sözübütövlüyünə, mərdliyinə, cəsarətinə və millətsevərliyinə işarə edirmiş.

 

 

Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2009.- 5 avqust.- S. 5.