Prezident İlham Əliyev: Naxçıvanın uğurlu
inkişafı ölkəmizin gücünü göstərir
Azərbaycan Prezidenti İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına səfəri göstərdi
ki, ölkəmizin bu qədim diyarında son illər
sosial-iqtisadi sahələrdə böyük uğurlar
qazanılmışdır. Dövlət
başçısının açılışında
iştirak etdiyi obyektlərin sırasının geniş
olması da bu fikri təsdiqləyir. Naxçıvan şəhərində
Heydər Əliyev Sarayının əsaslı şəkildə
yenidən qurulması, Şahmat Mərkəzinin istifadəyə
verilməsi, “Badamlı” mineral sular zavodunun işə
salınması, Naxçıvan-Sədərək avtomobil
yolunun, Şərurda Olimpiya-İdman Kompleksinin, Şahbuz Rayon
Mərkəzi Xəstəxanasının yeni binasının
açılış mərasimləri Prezident İlham Əliyevin
Azərbaycanın bütün regionlarında olduğu kimi,
muxtar respublikada da sosial-iqtisadi sahələrə ciddi diqqət
yetirdiyini, əhalinin rifah halının daha da
yaxşılaşmasına daim qayğı göstərdiyini
nümayiş etdirdi. Xatırladaq ki, dövlət
başçısı səfər çərçivəsində
muxtar respublikanın gələcəkdə daha da qüdrətlənməsi,
çiçəklənməsi üçün bir sıra dəyərli
tövsiyələrini vermişdir.
Naxçıvan Muxtar
Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli
mərasimdə muxtar respublika Ali Məclisinin sədri Vasif
Talıbov çıxış edərək bu qədim
diyarın son beş ildə keçdiyi inkişaf yolundan
danışmış, bu inkişafın dövlətimizin
başçısının qayğısının nəticəsi
olduğunu diqqətə çatdırmışdır:
“Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına
etdiyi səfərlər zamanı 40-dan çox mühüm əhəmiyyətli
obyektin istifadəyə verilməsi, uzun fasilədən sonra
muxtar respublikaya təbii qazın nəqlinin bərpa
olunması muxtar respublikanın inkişafına göstərilən
dövlət qayğısının ifadəsidir”. Ötən
beş il ərzində muxtar respublikada əsas iqtisadi göstərici
olan ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi
3,5 dəfədən çox artaraq 232 milyon manatdan 796 milyon
manata çatmışdır. Adambaşına düşən
ÜDM-in həcmi isə 637 ABŞ dollarından 2 min 500
ABŞ dollarına çataraq 4 dəfə artmış,
büdcənin həcmi bu dövrdə 48 milyon manatdan 5,7 dəfə
artaraq 273 milyon manat olmuşdur. İqtisadiyyatın inkişafı
muxtar respublikanın xarici iqtisadi əlaqələrinin də
artmasına səbəb olmuşdur. Beş il ərzində
xarici ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq
39 milyon ABŞ dollarından 104 milyon ABŞ dollarına
çatmışdır. Beş il ərzində yeni emal və
istehsal müəssisələrinin yaradılması sənayenin
inkişafına öz təsirini göstərmiş,
2004-cü illə müqayisədə 2008-ci ildə sənaye
məhsulunun həcmi 26 milyon manatdan 164 milyon manata çataraq
6 dəfə artmışdır. Məhsul istehsalının
artımına birbaşa təsir göstərən amillərdən
biri də özəl bölmənin inkişaf etdirilməsidir.
Əgər 2004-cü ildə muxtar respublika sahibkarlarına 3
milyon manata yaxın kredit verilmişdisə, cari ildə maliyyə
dəstəyinin həcmi 6 dəfə artırılaraq 19
milyon manata yaxın olmuşdur. Bunun nəticəsidir ki,
2004-2009-cu illər ərzində muxtar respublikada 184 yeni istehsal
və xidmət sahəsi yaradılmışdır. İndi
Naxçıvan Muxtar Respublikasında 87 növdə ərzaq,
148 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 235
növdə məhsula olan tələbat daxili imkanlar
hesabına ödənilir.
Yeni istehsal sahələrinin
istifadəyə verilməsi nəticəsində əhalinin məşğulluq
səviyyəsi artmışdır. 2003-cü il oktyabrın
1-dən 2009-cu il avqust ayının 1-dək muxtar respublikada 40
min 28 yeni iş yeri açılmışdır ki, onun da 25
min 942-si, yaxud 65 faizi daimi iş yerləri olmuşdur.
Son beş ildə
Naxçıvan Muxtar Respublikasına qoyulan investisiyaların həcmi
də artmışdır. İnfrastruktur obyektlərinin
tikintisi davam etdirilmişdir. Təhsil, səhiyyə və digər
sosial obyektlər inşa olunmuşdur. Məktəb tikintisində
Heydər Əliyev Fondu xüsusi fəallıq göstərmişdir.
Fondun təşəbbüsü ilə 7 məktəb
binası inşa olunmuşdur. Elmin inkişafı və
Naxçıvan MR-in tarixi ilə bağlı
araşdırmaların aparılması istiqamətində
ciddi nəticələr əldə edilmiş, tarixi abidələrin
bərpası ilə bağlı tədbirlər görülmüşdür.
Muxtar respublikada meliorasiya tədbirlərinin həyata
keçirilməsi, əhalinin taxıla olan tələbatının
ödənilməsi sahəsində ciddi nailiyyətlər əldə
edilmiş, əhalinin təbii qaz və elektrik enerjisinə
olan tələbatı tam ödənilmişdir. Bu illərdə
əhalinin rifahının
yaxşılaşdırılması sahəsində
mühüm addımlar atılmışdır...
Əhalinin gəlirlərinin həcmi
2004-cü illə müqayisədə 2008-ci ildə 3 dəfə
artaraq 216 milyon manatdan 684 milyon manata çatmışdır.
Adambaşına gəlirlərin
həcmi 2004-cü ildəki 582 manata nisbətən 3 dəfə
artaraq 1768 manata, orta aylıq əmək haqqının məbləği
isə 3,5 dəfə artaraq 68 manatdan 235 manata
qalxmışdır. Cari ilin 6 ayında isə orta aylıq əməkhaqqının
məbləği 260 manat təşkil etmişdir.
Əhalinin sosial rifahının
yaxşılaşması şəxsi vəsait hesabına
tikilən fərdi yaşayış sahələrinin də
artmasına səbəb olmuşdur. Əgər 2004-cü ildə
əhalinin şəxsi vəsaiti hesabına 28 min kvadratmetr
yaşayış sahəsi tikilmişdirsə, ötən il və
bu ilin 6 ayında bu göstərici 6 dəfə artaraq 184 min
kvadratmetr olmuşdur. Əldə edilən inkişaf öz
növbəsində bir vaxtlar muxtar respublikanı müxtəlif
səbəblərdən tərk etmiş vətəndaşların
geri qayıtmasına, əhali artımına və məskunlaşmaya
da öz təsirini göstərmişdir. Son beş il
yarım ərzində muxtar respublikanın əhalisi 20 min nəfər
artmış, əhalinin ümumi sayı isə 400 min nəfərə
çatmışdır.
Naxçıvan Muxtar
Respublikasının son illərdəki sosial-iqtisadi
inkişafını sözügedən təntənəli mərasimdə
Prezident İlham Əliyev belə xarakterizə etmişdir: “...
Naxçıvanın o ağır illərini yada salmaqla bir
daha vurğulamaq istəyirəm ki, ulu öndər Heydər Əliyev
bütün dövrlərdə,
çalışdığı bütün vəzifələrdə,
ictimai-siyasi quruluşdan asılı olmayaraq, həmişə
Azərbaycan xalqını müdafiə edirdi, doğma Azərbaycanın
inkişafına səy göstərirdi. Bunun nəticəsində
bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan
Naxçıvan çox sürətlə inkişaf edir. Bu
inkişaf özünü bütün sahələrdə - həm
iqtisadi, həm sosial məsələlərin həllində, həm
də müdafiə potensialının gücləndirilməsində,
Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində
büruzə verir. Naxçıvanın bugünkü
siması bunun əyani sübutudur.
Naxçıvanın hərbi
potensialı çox yüksək səviyyədədir.
Dünən hərbi hissədə olarkən mən bir daha
gördüm ki, Naxçıvanın müdafiəsi
üçün hər şey edilib və Naxçıvan
özünü istənilən hücumlardan tam şəkildə
müdafiə etməyə və eyni zamanda, istənilən hərbi
vəzifəni icra etməyə qadirdir...".
Dövlət
başçımız daha sonra vurğulamışdır:
“1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi
və erməni işğalı nəticəsində vəziyyət
çox gərginləşmişdi. O vaxt xalqın tələbi
ilə Heydər Əliyevin Bakıya qayıtması və Azərbaycana
rəhbərlik etməsi nəticəsində ölkəmiz
öz müstəqilliyini qoruya bilmişdir. Çünki
müstəqilliyimiz əldən gedirdi. 1991-ci ildən
başlayaraq 1993-cü ilin yay aylarına qədər Azərbaycanda
baş vermiş qanlı və faciəli hadisələr
müstəqilliyimizi sual altına qoymuşdu. Biz o acı
tarixi yaşamışdıq. Eynilə 1918-1920-ci illərdəki
kimi, cəmi iki illik müstəqillikdən sonra ölkəmizin
müstəqilliyi əldən getdi. Əgər Heydər Əliyev
Azərbaycana rəhbərliyə gəlməsəydi,
1990-cı illərdə də bu, təkrar oluna bilərdi. Məhz
onun səyləri nəticəsində Azərbaycan o çətin,
ağır vəziyyətdən çıxa bilmişdir və
1993-2003-cü illər Azərbaycanın dirçəliş və
inkişaf illəri olmuşdur. Azərbaycanın
qarşısında duran əsas vəzifələr məhz o
illər ərzində öz həllini tapdı. Siyasi, hərbi,
iqtisadi böhran aradan qaldırıldı, Azərbaycanda
sabitlik yarandı, inkişaf üçün çox
mühüm addımlar atıldı. Azərbaycan xarici
investisiyaları böyük həcmdə cəlb edə
bilmişdir ki, bu da Azərbaycanın indiki uğurlu
inkişafının təmin olunması üçün
mühüm rol oynayır...”.
Prezident İlham Əliyev daha
sonra demişdir ki, o illərdə başlanmış və
uğurla davam etdirilən siyasi və iqtisadi islahatlar, ölkəmizdə
gedən demokratikləşmə prosesləri, hüquqi
dövlətin qurulması, qanunun aliliyi bu gün Azərbaycanı
dünya birliyinə uğurla inteqrasiya etmək
üçün öz rolunu oynayır. Bu islahatlar davam
etdirilir, Azərbaycan müasir dövlətdir, Azərbaycanın
çox güclü iqtisadi potensialı vardır. Bu iqtisadi
potensial təkcə enerji amillərindən asılı
deyildir. Bu il dünyada yaşanan iqtisadi və maliyyə
böhranı bunu bir daha nümayiş etdirdi. Bu böhrana
baxmayaraq Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu
il iqtisadi artım müşahidə olunur. Qeyri-neft sektorunda 4
faizdən çox artım olmuşdur. Ümumiyyətlə,
Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) birinci
altı ayda 3,6 faiz artmışdır. Bu gün Azərbaycan
istənilən iqtisadi, siyasi və sosial məsələni həll
edə bilər. Bəli, dövlət
başçımızın dediyi kimi, Sovet
İttifaqının dağıldığı ərəfədə
və ondan sonra Naxçıvan çox ağır günlər
yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin
əzmkarlığı, qətiyyəti və siyasi
bacarığı Naxçıvanı böyük bəlalardan
qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən -
1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev
sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və
Sovet İttifaqı Kommunist Partiyasından çıxdı.
Bundan sonra ona qarşı böyük təzyiqlər
başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü.
Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam
etdirirdi və Heydər Əliyev öz vətəninə,
doğulduğu yerə — Naxçıvana gəldi. Onun gəlişi
Naxçıvanı böyük bəlalardan qurtardı.
Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev
isə Naxçıvanı qorudu.
Demək olar ki, ölkəmizin
müstəqilliyinin bünövrəsi məhz o illərdə
qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi
altında Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının Ali Sovetinin sessiyasında qəbul
edilmiş tarixi qərarlar Azərbaycanın dövlət
müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada — hələ
Sovet İttifaqının dağılmasına təxminən
iki il vaxt qalmışdı - Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet
Sosialist” sözləri çıxarıldı və
Naxçıvan Muxtar Respublikası elan edildi. Məhz o
sessiyada Azərbaycanın üçrəngli bayrağı
dövlət bayrağı kimi qəbul edildi. O vaxt Bakıda hələ
Sovet Azərbaycanının bayrağı
dalğalanırdı. O vaxt hələ Sovet
İttifaqının dağılması haqqında heç
kim düşünmürdü. O ağır, o çətin
anlarda bu qətiyyətli qərarlar həm
Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək
müstəqilliyini şərtləndirdi...
Bu gün Naxçıvan tərəqqi
yolundadır. Hazırda Naxçıvan bütün ölkədə
aparılan quruculuq işlərində fəal iştirak edir.
Bütün bunların kökündə isə ulu öndər
Heydər Əliyev tərəfindən hazırlanan və
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf
proqramı dayanır.
Naxçıvan Muxtar
Respublikasının, göründüyü kimi,
inkişafı aydan-aya, ildən-ilə sürətlənir.
Muxtar respublika blokada şəraitində bütün çətinliklərə
sinə gərərək zəfər salnaməsini yazmaqda
davam edir. Çünki bu ulu yurdun insanları doğma vətənlərini
qəlbən sevir, onu yağılardan qoruyur, daha da qüdrətlənməsi
üçün var qüvvə ilə
çalışırlar. Ən başlıcası isə,
dövlət başçımızın dediyi kimi,
Naxçıvan Azərbaycana böyük şəxsiyyətlər
bəxş etmişdir. Naxçıvan Azərbaycana ulu
öndər Heydər Əliyevi bəxş etmişdir.
Vaqif Bayramov
Xalq qəzeti.- 2009.- 6 avqust.- S. 1.