Azərbaycan əhalisinin hakimiyyətin fəaliyyətindən
razılığı xalqın dövlət
başçısına olan inamının nəticəsidir
ABŞ-da yerləşən nüfuzlu “Gallup” təşkilatının
keçirdiyi rəy sorğusunun nəticəsi də bunu təsdiqləyir
Azərbaycanın
sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm
qoyması, iri infrastruktur layihələrin
reallaşdırılması, regionlarda beynəlxalq standartlara
uyğunlaşdırılmış istehsal və sənaye
müəssisələrinin yaradılması yeni iş yerlərinin
açılmasına şərait yaratmış, əhalinin
rifah halını xeyli yaxşılaşdırmışdır.
Bununla yanaşı, həyata keçirilən
genişmiqyaslı abadlıq və quruculuq işləri, insan
hüquq və azadlıqlarının qorunması, demokratik
prinsiplərin inkişafına xüsusi önəm verilməsi
əhali tərəfindən yüksək qiymətləndirilir.
Ölkəmizin bu tərəqqisi və yüksəlişi
beynəlxalq aləmdə də dəyərləndirilir.
Tanınmış beynəlxalq qurumların keçirdikləri
rəy sorğularında da Azərbaycanın adı demokratik cəhətdən
inkişaf etmiş dövlətlərlə bir cərgədə
çəkilir.
ABŞ-da yerləşən
və dünyada insan resurslarını öyrənən,
statistik araşdırma xidmətləri göstərən
yüksək nüfuz sahibi olan “Gallup” təşkilatının
keçirdiyi rəy sorğusunda da Azərbaycan postsovet ölkələri
arasında ən yüksək göstəriciyə layiq
görülmüşdür. Bu nüfuzlu qurumun keçirdiyi
rəy sorğularının nəticələrinə görə
Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin
fəaliyyətindən razılığını ifadə
edib.
“Gallup” təşkilatının
rəy sorğusu nəyə əsaslanır? Bu suala ətraflı
cavab tapmaq üçün əməkdaşımız Siyasi
İnnovasiya və Texnologiya Mərkəzinin sədri
Mübariz Əhmədoğluna müraciət etdi. O dedi:
— Bəri başdan deyim ki, “Gallup” təşkilatının apardığı rəy sorğusunun nəticələri reallığı əks etdirir. Bu təşkilat xeyli müddət tədqiqat aparıb, vəziyyəti yerində öyrənib və bu qənaətə gəlib. “Gallup” dünya miqyasında tanınmış, nüfuzlu bir təşkilatdır. Müxtəlif regionlarda nümayəndəlikləri var. MDB və Şərqi Avropa üzrə fəaliyyəti daha genişdir. Tədqiqat apardığı regiona yaxından bələd olur. Bu “Gallup”un Azərbaycanla bağlı, eləcə də ölkəmizin mənsub olduğu Avrasiya məkanı ilə — xüsusən Şərqi Avropanı nəzərdə tuturam — birinci işi deyil, bir neçə dəfə rəy sorğuları aparıb. Bu təşkilatın apardığı sosioloji tədqiqatlar həm tədqiq etdiyi regionda, həm də həmin regiondan kənarda şübhə doğurmayıb və nəticələr məqbul hesab edilib. Təşkilatın bundan sonra da istər Azərbaycan, istər Cənubi Qafqaz, istərsə də Şərqi Avropa üzrə tədqiqatlarına rast gələcəyik. Təbii ki, Azərbaycandakı davamlı ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadi, sosial, siyasi inkişaf, quruculuq, abadlıq işləri dünyanın diqqət mərkəzindədir. Gəlin etiraf edək ki, ölkəmiz müstəqillik qazanandan sonra böyük dövlətlərin nümayəndələri çox təəccüblə soruşurdular: azərbaycanlılar kimdir? Bax, bu sualın cavabı artıq yaranıb. Özü də Azərbaycan Prezidenti İlham Əliyevin timsalında. Dövlət başçımızın apardığı uğurlu işlərin nəticəsi olaraq artıq Azərbaycan dünyada inkişaf etmiş ölkələrdən biri kimi tanınır. Xatırladım ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən beş ildə Azərbaycanın dövlət büdcəsi 12 dəfədən çox artmışdır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, onun strategiyasını hazırladı. Cənab İlham Əliyev isə bu strategiyanı inkişaf etdirdi, iqtisadi cəhətdən qüdrətli dövlətə çevirdi. Bir faktı diqqətə çatdırım ki, bu gün Azərbaycanın 20 milyarda yaxın valyuta etiyatı var. 2003-cü ildə bu rəqəm çox az idi. Ümumi daxili məhsul istehsalından adambaşına düşən pay 6-7 min dollar təşkil edir. Görürsünüzmü necə fantastik bir inkişafdır. Bundan başqa, qonşu dövlətlərə qarşı münasibət xoşməramlıdır. Dünyada gedən proseslərə Azərbaycan heç vaxt biganə qalmayıb. Əksinə, imkan düşdükcə öz köməyimizi əsirgəməmişik. Adi bir fakt deyim. Biz Gürcüstana qazı güzəştli qiymətlə satırıq. İranla həmişə xoş münasibətlər qururuq. Nəhayət, Rusiya kimi güclü bir dövlət Azərbaycan Prezidentindən Dağıstana investisiya qoyulması barədə xahiş etdi. Azərbaycanın iqtisadi qüdrətinin artması, varlanması həm özümüzə fayda verir, həm də bizə qarşı xoş münasibət bəsləyən qonşu dövlətlərə “Gallup” kimi nüfuzlu təşkilatların bundan sonrakı tədqiqatları, rəy sorğuları Azərbaycanın nəyə qadir olduğunu, xalqın dövlət başçımıza nə qədər böyük inam bəslədiyini, arxalandığını ortaya qoyacaq. Onu da qeyd edim ki, bizim də apardığımız tədqiqatlar, rəy sorğuları var. Rəy sorğularının nəticələri təsdiqləyib ki, Azərbaycan Prezidenti İlham Əliyev həmişə xalqın inandığı, ümid etdiyi prezident olub. “Gallup” təşkilatının da Şərqi Avropada, region dövlətləri arasında apardığı rəy sorğularına görə dövlət başçıları arasında Azərbaycan Prezidenti ən populyar prezident hesab edilib. Bizim dövlət başçımız İranda, Türkiyədə yüksək reytinqə malikdir. Mən ümumiyyətlə, Heydər Əliyev siyasətinin, onun ailəsinin, yetirmələrinin həmişə xeyirxahlıq nümunəsi olmasını xüsusi qeyd etmək istərdim. Heydər Əliyev Fondunun xeyriyyəçiliyi, gördüyü işlər bu baxımdan diqqəti xüsusi olaraq cəlb edir. Məsələn, fond Strasburqda xristian kilsəsinin, müqəddəs Mariya kilsəsinin əsaslı təmirinə vəsait qoydu. Burada ayrı-seçkilik edilmədi. Dünyaya sübut etdi ki, Heydər Əliyev Fondu dünya ictimaiyyəti üçün faydalı, xeyirxah işlər görür. Ona görə də Heydər Əliyev siyasəti beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Azərbaycan xalqı isə gələcək xoşbəxtliyini bu siyasətdə görür. Elə götürək Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendumu. Xalq böyük ruh yüksəkliyi ilə, mütəşəkkilliklə referendumda iştirak etdi, əlavə və dəyişikliklərə “hə” dedi. Bu, xalqın dövlət başçısına, Prezident İlham Əliyevə inamının bariz təcəssümü idi. Bundan əvvəl keçirilən prezident seçkilərinin nəticələrini diqqətə çatdırmaq istərdim. Xalq böyük həvəslə, istəklə seçkilərə qatıldı, ən layiqli namizədə səs verdi. Beynəlxalq müşahidəçilər də xalqın mütəşəkkilliyini, demokratik seçki keçirilməsini yüksək qiymətləndirdilər.Bu seçkidə də seçicilər yenə də İlham Əliyevə səs verib onu prezident seçdilər. Çünki ötən beşillikdə onun siyasi uzaqgörənliyi, idarəetmədəki qabiliyyəti sayəsində Azərbaycan iqtisadiyyatı sürətlə artmışdı. 2005-ci ildən başlayaraq, Azərbaycan iqtisadi artım sürətinə görə dünyada lider ölkə oldu. İnsan hüquqlarının qorunmasına, müstəqil mətbuatın inkişafına, fəaliyyətinə əlverişli şərait yaradıldı. Gəlin, uzağa getməyək, Milli Mətbuat Günü dövri nəşr olunan bir sıra kütləvi informasiya vasitələrinin hər birinə 10 min manat vəsait ayrıldı. Burada da ayrı-seçkiliyə yol verilmədi. Müxalifət-iqtidar-müstəqil kütləvi informasiya vasitələri bu yardımdan faydalandı. Yeni yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hesabına verilən bu vəsait azad sözə, müstəqil mətbuata dövlət qayğısının təzahürüdür. Bütün bunların hamısı beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan demokratik ölkə kimi daim irəliyə doğru gedir. Xalq çox yaxşı bilir ki, qazanılan uğurlar dövlət başçımızın məntiqli siyasətinin nəticəsidir. Ona görə də “Gallup” kimi nüfuzlu bir təşkilatın keçirdiyi rəy sorğusunda Azərbaycan əhalisinin 77 faizi hakimiyyətin, o cümlədən Prezident İlham Əliyevin fəaliyyətindən razılığını bildirib.
Əliqismət Bədəlov
Xalq qəzeti.- 2009.- 6 avqust.- S. 2.