“Neft Daşları” yatağında qazma işləri
intensivləşir
“Neft Daşları” yatağının istismara verilməsinin 60 ili tamam olur. Dünyada açıq dənizdə neftçıxarmanın əsasının qoyulduğu bu yataqda hasilatın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət Neft Şirkərtinin socar.az saytının məlumatına görə, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin fəaliyyətdə olan quyu fonduna bu yaxınlarda daha bir məhsuldar quyu əlavə olunmuşdur. 2283 nömrəli yüksək debitli bu quyu 2443 metr dərinlikdən sutkada 67 ton neft verir. Ehtiyatda isə daha bir neçə məhsuldar horizontun mövcudluğu təsdiqlənib. Bu hadisə geoloq və qazmaçıların “Neft Daşları”nın bu ilin payızında qeyd ediləcək 60 illik yubileyinə hədiyyəsi hesab oluna bilər.
Yeni quyunun yüksək debitlə işə başlaması “möcüzələr adası”nda hələ böyük həcmdə çıxarıla bilən neft ehtiyatlarının olmasından xəbər verir. Xatırladaq ki, quyu 2006-cı ildə “Neft Daşları” yatağının çoxsaylı 5-ci blokunda istifadəyə verilmiş 1887 nömrəli platformadan qazılıb. Platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub ki, geoloqların proqnozlarına görə, həmin quyulardan sutkada 1000 ton neft almaq mümkündür. Bu isə orta hesabla hər quyudan 30 ton net deməkdir. Ötən üç il ərzində 1887 nömrəli platformadan 18 quyu qazılaraq neftçilərin sərəncamına verilmişdir. Həmin quyulardan 14-ü xəttə işləyir, 3-ü təmir gözləyir. Mənimsəmədə olan daha bir quyu isə yaxın günlərdə fəaliyyətdə olan fonda qəbul ediləcəkdir. Hazırda 1887 nömrəli platformadakı istismar quyularından sutkada ümumilikdə 420 ton neft hasil edilir. Bu isə geoloqların “Neft Daşları” yatağı ilə bağlı nikbin proqnozlarının reallaşmasından xəbər verir.
“Neft Daşları” yatağında quyuların qazılmasını “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi aparır. Bu il qazmaçılar “Neft Daşları” NQÇİ-yə daha 6 quyunu təhvil verəcəkləri barədə öhdəlik götürüblər. Bu da 1887 nömrəli platformadan sutkalıq neft hasilatını 570 tona çatdırmağa imkan yaradacaq. Ümumilikdə bu il “Neft Daşları” NQÇİ-nin yataqlarında 21 yeni quyunun qazılması nəzərdə tutulur.
Cari ilin ilk yarısında Xəzər
Dəniz Neft Donanması yükdaşıma üzrə
proqnozlara 112,3 faiz əməl etmişdir
Məlum olduğu kimi, ixtisaslaşmış gəmilər olmadan dəniz obyektlərinin tikintisini aparmaq, sahildən onlarca kilometr aralıda neft və qaz hasil etmək mümkün deyil. Bu baxımdan ARDNŞ-in mühüm struktur vahidlərindən biri olan Xəzər Dəniz Neft Donanmasının rolu danılmazdır. Xəzər dənizində neft-qaz əməliyyatlarını həyata keçirən ARDNŞ-in müəssisə və təşkilatlarına, həmçinin şirkətin iştirak etdiyi birgə layihələr üzrə fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanması balansındakı gəmilərin təmirinə xüsusi diqqət yetirilir. Donanmaya məxsus iri tutumlu barjlar, üzən kranlar, yüksək sürətli katerlər, sərnişin teploxodları mütəmadi olaraq yoxlanılır, təmir olunur və müasir standartlara uyğunlaşdırılır. Bu işlərlə məşğul olan Gəmi Təmiri Zavodu bütün zəruri vasitələrlə təmin edilir. Bu gün Xəzər Dəniz Neft Donanmasının balansında ümumi dəyəri 578 milyon 669 min manatlıq müxtəlif tipli 256 gəmi və 7 üzən vasitə (üzən emalatxana və tərsanə) vardır.
Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, balansdakı gəmilərin 192-si istismarda, 42-si isə təmirdədir. İstismarda olan gəmilərin 12-si müxtəlif şirkətlər tərəfindən icarəyə götürülmüşdür. İyul ayının 1-nə olan məlumata əsasən, 14 gəmi təmir gözləmədə, 8 gəmi isə silinmə gözləmədədir. Cari ilin ilk 6 ayında donanma üzrə 40 gəmi təmirdən çıxmış, təmir işlərinə 12 milyon 638 min 600 manat vəsait xərclənmişdir. Bundan başqa, 2009-cu ilin ilk 6 ayında donanmada ümumi yükdaşımalar üzrə proqnoz 112,3 faiz yerinə yetirilmişdir. Hesabat dövründə bu işlərin həcmi 308 min 895 ton təşkil etmişdir ki, bu da nəzərdə tutulduğundan 33 min 895 ton artıq olmuşdur.
“Günəşli”
yatağında yeni quyular qazılır
Kompleks Qazma İşləri Trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi “Günəşli” yatağındakı 61 nömrəli quyuda qazma işlərini davam etdirir. 10 nömrəli platformadan “Qirməki altı” lay dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 3500 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 40 ton neft və 300 min kubmetr qaz hasil ediləcək. Bundan əlavə, “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi “Günəşli” yatağında daha bir — 90 nömrəli quyuda qazma işlərini həyata keçirir. Quyunun layihə dərinliyi 3800 metrdir. 19 nömrəli platformadan “Qala lay” dəstəsinə qazılan quyuda qazma işləri artıq 2884 metrə çatdırılmışdır. Quyudan sutkada 400 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
“8 Mart” yatağında yeni quyu
istismara verilib
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansında olan “8 Mart” yatağı 25 ildir ki, istismardadır. İlk illər adı çəkilən çoxsaylı neft və qaz quyuları qazılıb istismara verilsə də, xeyli vaxt idi ki, burada qazma işləri aparılmırdı. Nəhayət, 2009-cu il iyul ayının sonlarında uzun fasilədən sonra yataqda yeni, 759 nömrəli quyu istismara verilib. Xatırladaq ki, layihə dərinliyi 5800 metr olan quyu “Azəri Drillinq” birgə müəssisə tərəfindən qazılıb. Qazmaçılar onu layihə dərinliyinə — VIII horizontadək çatdırmağa müvəffəq olmayıblar. Bunu nəzərə alan ARDNŞ-in geologiya xidməti daha yuxarıda yerləşən VII horizontu açmağa qərar verib və yaxşı nəticələr əldə edilib. Belə ki, hazırda 5650 metrdən işləyən quyu sutkada 70 ton neft və 12 min kubmetr qaz verir. Bütövlükdə isə “8 Mart” yatağı ölkənin yeni qaz proqramının həyata keçirilməsində mühüm rol oynayır.
Yeri gəlmişkən, 1984-cü il martın 8-də üzən qazma qurğusundan 6 min metr dərinliyə qazılmış və sutkada 80 ton neft və 450 min kubmetr qaz verən 56 nömrəli quyunun istismara başlanılması ilə istifadəyə verilən yeni yataq o zaman “Xəzərdənizneftqaz” Birliyinin baş geoloqu Xoşbəxt Yusifzadənin təklifi ilə qadınlara hörmət əlaməti olaraq “8 Mart” yatağı adlandırılmışdır. Ötən müddət ərzində adı çəkilən yataqda 7 dərin yüksək debitli qaz-kondensat quyusu qazılmışdır. Hazırda həmin quyulardan sutkada 500 min kubmetr qaz, 180 ton neft və kondensat hasil edilir. Bütövlükdə isə N.Nərimanov adına NQÇİ tərəfindən sutkada 110 ton neft və 1,3 milyon kubmetr qaz çıxarılır.
Xəzər Dəniz Neft
Donanmasının səkkiz gəmisi “Yuri Korçagin”
yatağında quraşdırma işləri həyata
keçirir
2500 ton yükgötürmə qabiliyyətinə malik olan “Azərbaycan” kran gəmisi dənizin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağına yola düşüb. Kran gəmisini “Andoqa” yedək gəmisi nəql edir. Xəzər dənizində ən böyük gəmi olan “Azərbaycan” kran gəmisi “LUKoyl” şirkətinə məxsus “Yuri Korçagin” yatağında neft hasil edən 950 ton çəkiyə malik platformanı quraşdıracaq. Həştərxanda inşa edilmiş platforma hazırda ARDNŞ-ə məxsus STV-1 özüboşaldan nəql barjına yüklənir. Yükgötürmə qabiliyyəti 18 min ton olan və platformaların inşaat meydançasından dənizdəki quraşdırılma nöqtəsinə daşınmasını həyata keçirən barj iri yüklərin göyərtəyə qaldırılması və heç bir kranın iştirakı olmadan açıq dənizdə boşaldılması üçün nəzərdə tutulmuş hidravlik idarə edilən dartıcı qurğularla təchiz edilib. Bu barj Həştərxana 7200 at gücünə malik “Nefteqaz-58" yedək gəmisi ilə nəql edilib.
Həştərxandan “Yuri Korçagin” yatağına
olan məsafə 100 mildir. Burada platforma “Azərbaycan”
kran gəmisi vasitəsilə yerinə qoyularaq dənizin dibinə
bərkidiləcəkdir. Azərbaycan kran və
“Andoqa” yedək gəmilərinin yaxşı hava şəraitində
icarə müddəti 60 gündür. Eyni
zamanda, Xəzər Dəniz Neft Donanmasının “Aura” (8200 at
gücündə), “
Yeri gəlmişkən, bu il ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının yaradılmasının 60 illiyi tamam olur. Donanmanın əməkdaşları hər zaman olduğu kimi, yüksək peşəkarlıqla çalışır, şirkətin iqtisadi potensialının möhkəmləndirilməsinə mühüm töhfələr verirlər.
Mirbağır Yaqubzadə
Xalq qəzeti.- 2009.- 6 avqust.- S. 3.