İşimizin əsas məqsədi əhalinin sağlamlığının qorunmasıdır

 

Gəlin, yediyimiz qidanın təhlükəsizliyinə diqqət edək

 

Ərzaq təhlükəsizliyi əhalinin sağlamlığının strateji istiqamətlərindən biridir. Yeni qanunvericilik aktlarının qəbul edilməsi, qanunvericiliyin icra mexanizmi üçün sənədlərin hazırlanması və qanunvericilik aktlarının icrasına nəzarət sahəsində ölkəmizdə son illər əsaslı işlər görülsə də, yenə istər istehsal sahələrində, istərsə də iaşə obyektlərində həyat üçün təhlükəli olan xeyli neqativ hallarla qarşılaşırıq. İnsanlar ya naşılıqdan, ya da bilərəkdən bu halların yaranmasının iştirakçısına çevrilirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevlə söhbətimiz də məhz bu barədədir.

— Hazırda respublikamızda və xarici ölkələrdə istehsal edilib Azərbaycana gətirilən və bazara çıxarılan ərzaq mallarının keyfiyyəti, yararlılığı sizi qane edirmi?

— Azərbaycanda istehsal olunan və ölkəyə xaricdən gətirilən ərzaq məhsullarının əksəriyyəti həm təhlükəsizlik göstəriciləri, həm də keyfiyyət göstəriciləri baxımından müəyyən qədər bizi qane etsə də, qane etməyən cəhətləri də çoxdur. Bu da ondan irəli gəlir ki, bəzi istehsal müəssisələrinin məhsullarının tərkibində araşdırma apararkən bakterioloji çirklənmə hallarına rast gəlirik. Məhsulun tərkibində zərərli faktorların olması, xammalın hazırlanma texnologiyasının düzgün aparılmaması nəticəsində müəyyən qədər tərkibinin normativlərdən kənara çıxmasını müşahidə edirik. Sadə bir misal göstərim. Qida məhsulu olmasa da, ona əlavə edilən xörək duzunun tərkibinin kimyəvi cəhətdən təmizlənməsi prosesi düzgün aparılmırsa, texnoloji qaydalara əməl olunmursa, zərərli faktor kimi içində qum, çınqıl, torpaq müşahidə edirik ki, bu da qəbul edilən qidada xoşagəlməz hal yaradır. Bizim işimiz isə məhsulun keyfiyyət göstəricilərindən çox, təhlükəsizlik göstəricilərinə nəzarət etməkdir. Onu da demək lazımdır ki, məhsulun təhlükəsizlik göstəriciləri keyfiyyət göstəricilərinə aid edilir.

— Hansı məhsullar keyfiyyətli sayılır?

— Keyfiyyət göstəricisi qidanın həm təhlükəsizlik, həm də qida dəyərliliyini özündə birləşdirir. Bir məhsul tərkibində ona tələb olunan qida maddələrini saxlayırsa, insana lazım olan vitamin, mineral, zülal, karbohidrat, yağ və s. (vitamin və mineralların enerji dəyəri olmasa da, qidanın həzminə kömək edir) ilə təmin olunubsa, o keyfiyyətli mal sayılır. Məhsulun keyfiyyəti qida dəyərliliyi baxımından səciyyələndirilir. Onun qida dəyərliliyi yüksək, amma tərkibində insan orqanizmi üçün təhlükəli göstəricilər varsa, onu keyfiyyətli məhsul saymaq olmaz. Konkret olaraq kökəldilmiş heyvan əti qida və bütün parametrlər baxımından normadadırsa, yağlıdırsa, amma ətində ağır metal qalıqları, peptisit qalıqları, bəzi xəstəliklər varsa, belə heyvanın ətini, südünü keyfiyyətli qəbul etmək olmaz. Keyfiyyət mürəkkəb anlayışdır. Biz məhsula təhlükə baxımından nəzarət edirik.

Bu gün bazarda çox müxtəlif çeşiddə məhsul var. Azərbaycanda müstəqillik bərqərar olduqdan sonra iri müəssisələrlə yanaşı kiçik sexlər də fəaliyyətə başlayıb. Belə kiçik sexlərdən bəzilərində lazım olan texnoloji imkanlar normal deyil, sanitariya qaydalarına əməl edilmir. Bunları aşkarladıqda sex rəhbərlərinə qarşı inzibati tədbirlər görülür ki, nöqsanları aradan qaldırsınlar. Məhsul müəyyən normativ sənədlərə uyğun istehsal edilməlidir. Məhsulların sənədləşdirilməsi, etiketləşdirilməsi, istehsal haqqında qeydlərin məhsulun üstündə göstərilməsi malın keyfiyyətinə təsir etməsə də alıcı bilməlidir ki, haradan, kimin malını alır, nə vaxt istehsal edilib və s. Bəzi sahibkarlar bundan istifadə edir və malını bazarda vaxtından daha çox saxlamağa çalışırlar. Belə halda malın keyfiyyət göstəriciləri dəyişir, təhlükəliliyi artır. Altı dərəcədə 2-3 sutka saxlanmalı mal, üstündəki qeydə görə 10 sutka saxlanır. Belə saxlanan, keyfiyyəti aşağı düşən malı alan insan həyatına, sağlamlığına təhlükə yaratmış olur.

— Bu qədər nəzarət edilir, yoxlamalar aparılır, nəticəsi olmurmu? Aşkarlanan qanun pozuntuları aradan qaldırılırmı?

— Belə nöqsanlar var, olub, olacaq. Amma sevindirici hal odur ki, nöqsanların sayı getdikcə azalır. Aparılan yoxlamalar, aşkarlanan nöqsanlara uyğun olaraq tətbiq edilən cəza tədbirləri işə məsuliyyəti artırır. Demək lazımdır ki, bazarda ən böyük nəzarət alıcı nəzarətidir. İlboyu dövlət nəzarəti nə qədər güclü olsa da, nöqsanlara görə sahibkara qarşı cəza tədbiri görülsə də, bir istehsalçı üçün malının bazardan geri qayıtması ona daha çox təsir edir. Bazara nəzarət ciddi şəkildədir. Amma bütün bazara nəzarət imkan xaricindədir. Dünyada belə sistem mövcud deyil ki, bütün bazara (mağazalara) eyni vaxtda nəzarət mümkün olsun. Çünki malların müəssisədən çıxarılmasının, mağazalara daşınmasının müəyyən sabit vaxtı yoxdur. Sahibkarlar bu sahədə bilik və məlumatlarını ötən illərə nisbətən bir qədər artırsalar da, bu, lazımi səviyyədə deyil. Amma hər halda, işlər düzələn istiqamət üzrə gedir. Su məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, qabların tərtibatı əvvəlki illərə nisbətən xeyli düzəlib. Bazardakı rəqabət imkan verir ki, sahibkar eyni malı digər sahibkarın malına nisbətən daha gözəl görünüşdə, yüksək səviyyədə və düzgün sənədləşmə ilə satışa çıxarsın. Belə halda digər sahibkar alınmayan malını ya bazardan çıxarmalı, ya da keyfiyyətinə nəzarət etməlidir. Bazarda rəqabətin güclənməsi məhsulun keyfiyyətli və insan sağlamlığı üçün yararlı istehsalına gətirib çıxarır. Bazarın alıcılığı da bu işdə böyük rol oynayır. Alıcı ucuz mala üz tutursa, o mal müəyyən yollarla bazarda qalacaq. Bəzən alıcı böyük marketdə normal şəraitdə saxlanan baha maldansa, kiçik bir dükanda və ya küçədə antisanitariya şəraitində saxlanıb satılan, eyni, amma bir qədər ucuz malı almağa üstünlük verir. Anlamır ki, onun orqanizminə həmin ucuz satılan malın necə zərərli təsiri ola bilər. Bu işdə ictimai nəzarətin, maarifləndirmə işinin böyük rolu var.

— Yararsız məhsul istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti nəyə görə dayandırılmır?

— Müəssisəni bağlamaqla bu işin öhdəsindən gəlmək mümkün deyil. Bu ilin altı ayı ərzində nə qədər sahibkar cərimələnib, nə qədər xəbərdarlıq edilib və nə qədər obyektin fəaliyyəti dayandırılıb. Tək cərimə etməklə iş bitmir. Aidiyyatı orqanlar da bazara nəzarət edirlər. Amma bu elə bir sistemdir ki, hansı maldan nə qədər satıldığını bilmək çətindir. İstehsal edilən məhsulun yarısı satılır, yarısı geri qayıdır. Bazarın tələbatı bilinsə də, kimin hansı məhsuldan nə qədər istehsal edəcəyi bilinmədiyindən və istehsal müəssisələrinin çoxluğundan bazara çıxarılan malın hamısı satılmır, qalır, vaxtı keçir. Elə müəssisələr var ki, imicinə xələl gəlməsin deyə malını vaxtı keçən kimi bazardan götürür. Söhbət ət, süd, balıq məhsullarından gedir.

Ən böyük problem kremli, qənnadı məhsullarla olur. Belə məmulatların üstündə mütləq onun nə zaman buraxıldığı, saxlanma şəraiti və müddəti göstərilməlidir. Əfsus ki, belə məhsulların — tort, perojna, peçenyelərin qablaşdırılmasında da problem yaranır. Mövcud qaydada qablaşdırma aparılmayanda mal mağazaya qaimə ilə verilməlidir. Alıcının mal alarkən qaimə tələb edib aldığı məhsulun kim tərəfindən, nə zaman və harada istehsal edildiyini öyrənmək hüququ vardır. Kiçik tutumlu mağazalarda məhsulun saxlanma şəraiti yox dərəcəsindədir. İri marketlərdə hər şey səliqə ilə rəflərdə, soyuducuda saxlandığı halda kiçik tutumlu marketlərdə o qədər mal götürürlər ki, onu döşəməyə, alıcıların keçdikləri yola belə yığırlar. Mağaza sahibləri kondisioner işlətməklə kifayətlənir, başa düşmürlər ki, 18 dərəcədə ancaq hava sərin qala bilər, məhsulun saxlanması üçün ən azı 5-6 dərəcə temperatur gərəkdir. Apardığımız yoxlamalar nəticəsində bir çox mağazalar bu səbəbdən cərimələnib və ya bağlanıb.

— Şadlıq evlərində, restoranlarda, bir sözlə, ictimai iaşə obyektlərində vəziyyət necədir? Qida zəhərlənmələri barədə də məlumat verərdiniz.

— Şadlıq evlərində və restoranlarda vaxt baxımından eyni zamanda və kütləvi şəkildə insanlar qidalanırlar. Deməli, burada qida zəhərlənməsi riski də böyük olur. Artıq bir neçə ildir ki, Bakı şəhərində yerləşən şadlıq evlərində zəhərlənmə halına rast gəlmirik. Ayrı-ayrı rayonlarda şadlıq evlərini icarəyə götürüb toy edənlər yeməkləri qeyri-normal şəraitdə hazırladığından, onlarda bir neçə dəfə qida zəhərlənməsi baş verib. Bu, əhalinin özünün günahıdır. Amma müəssisə rəhbərinin də qeyri-məlum şəraitdə hazırlanan yeməklərin onun şadlıq evində istifadə edilməsinə icazə verməsinə qanuni haqqı yoxdur. O, buna məsuliyyət daşıyır və bu, yolverilməz haldır.

Şadlıq evlərindəki problem orada çalışan kontingentin savadı, işləməsi haqda qeydə alınması, tibbi müayinədən keçməsindədir. Elə şadlıq evləri var ki, sənəd üzrə orada yeməkpaylayan yoxdur, amma xeyli işləyən var. Şəxsi gigiyena qaydalarına riayət olunmur. Mətbəx işçiləri texnoloji qaydaları bilmirlər, sanitariya qaydalarına əməl etmirlər. Burada müəssisənin rəhbəri işləyənləri qeydə almamaqla həm dövləti aldadır, yəni işləyənlərin əməkhaqqından sosial müdafiə fonduna pul köçürmür, həm də işçini aldadır, yəni onun pensiya yaşı çatanda tələb olunan iş stajı, əmək haqqı yazılmır, işlədiyi illər boşuna gedir. Şadlıq evlərinin bəzilərində toyun sonunda verilən tortlar da məkanı, zamanı bilinməyən şəraitdə hazırlanır. Sadaladığımız nöqsanlarla bağlı çoxlu cərimələr tətbiq etmişik.

— İlin 6 ayı geridə qalıb. Bu müddətdə aşkarlanan nöqsanlara görə tətbiq etdiyiniz cəza tədbirlərini rəqəmlərlə açıqlaya bilərsinizmi?

— Ümumi nöqsanlara qarşı aparılan nəzarətin nəticəsində xeyli cəza tədbirləri tətbiq edilmişdir. Altı ay ərzində 714 sahibkar cəzalandırılıb, inzibati qaydada cərimə tətbiq edilib. 56 nəfər cərimələri ödəmədiklərinə və müəssisələrində həkimləri qəbul etmədiklərinə görə istintaq orqanlarına verilib. 261 obyektin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib. 280 nəfər tibbi müayinədən keçməyənin işdən kənarlaşdırılması haqqında təqdimat verilib. 2569 çeşiddə məhsul bakterioloji müayinəyə göndərilib — 95 nümunədə çirklənmə halı aşkarlanıb. 6291 növ məhsulun fiziki, kimyəvi və digər göstəriciləri yoxlanıb — 168 nümunənin hər hansı göstəriciyə görə normadan kənara çıxdığı aydınlaşıb. 769 ərzaq məhsulu toksikoloji müayinəyə götürülüb (qarpız, yemiş, kartof və s.) — 5 nümunə normaya uyğun olmayıb. 155 növ məhsulun radioloji müayinəsi aparılıb — hamısı norma daxilində olub. 657 çeşiddə soyuq qəlyanaltıdan respublika üzrə 14-də qeyri-kafi nəticə alınıb. Ən böyük göstərici şadlıq evlərində gigiyenik vəziyyəti aydınlaşdırmaq üçün işçilərin əllərindən, istifadə ediləcək qablardan götürülən yaxma nümunələrində tapılıb. 25425 ədəd yaxmadan 495-də çirklənmə aşkarlanıb. Əvvəlki illərlə müqayisədə cəza tədbirlərinin çoxalması, nöqsanların azalması onu göstərir ki, nəzarətin artması bəhrəsini verir. Aşkarlanan nöqsanlar aradan qaldırılır.

— Dönər satılan obyektlərdə vəziyyət necədir? Onların işi, satılan dönərin yararlılığı sizi qane edirmi?

— Qətiyyən yox! Dönər çox təhlükəli qidadır. Dönərlə bağlı ardıcıl reydlər, yoxlamalar, monitorinqlər keçiririk. Bir ay ərzində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlara görə 27 dönər müəssisəsi respublika GEM-i tərəfindən cərimələnib. Bəzilərində qanunsuz olaraq toyuq dönərinin hazırlandığı aşkarlanıb. 2006-cı il yanvarın 11-dən 1 saylı qərarla respublikanın baş dövlət sanitariya həkiminin müavini quş qripi ilə bağlı toyuq dönərinin satışına qadağa qoyub. Həmin qadağa hələ qüvvədədir. Quş qripi təhlükəsi aradan qalxmadığına görə müəyyən ölkələrdən respublikaya gətirilən toyuq ətinə qoyulan qadağa da hələ götürülməyib. Bəzi dönərxanalar toyuğun haradan gətirilməsi haqda sənəd olmadığına, satıcı tibbi müayinədən keçmədiyinə görə cəzalandırılıb. Mal ətindən hazırlanan dönərlər də təhlükəlidir. Ətin böyük hissəsi Hindistandan gətirilir. Dönər hazırlamaq üçün yaxşı kökəldilmiş, təzə kəsilmiş, sümükdən, damarlardan ayrılmış yağlı dana əti əlverişlidir. Əti saxlamaq üçün soyuducusu olmayan, satılmayan əti şişdəcə ertəsi günə saxlayan, gün ərzində əti, dönərə qatılan tərəvəzləri, mayonezi istidə saxlayan dönər satanın məhsulunda hansı keyfiyyət, yararlılıq ola bilər? Əgər ətin bir tərəfi bişir, o biri tərəfi tamam çiy qalırsa, üstünə gün vurursa, o tam təhlükə mənbəyi olur. Yoxlamaların nəticələrinə görə dönərxanaların fəaliyyətinin dayandırılması haqda təqdimat veririk.

— Oxuculara məsləhətiniz.

— Bizim işimizin əsas məqsədi əhalinin sağlamlığının qorunmasıdır. Gəlin, hərtərəfli bu işə başlayaq. Hər alıcı aldığı malın sənədi ilə maraqlansa, etiketi olmayan malı almasa, bu nə qədər iş deməkdir. Mal alınmayacaq, mağaza sahibi həmin sahibkardan təkrar mal götürməyəcək və s. Əhali arasında maarifləndirmə işləri genişləndirilməlidir. İstədiyimiz odur ki, qida vasitəsi ilə əhalinin sağlamlığına xələl gəlməsin. Bu işdə həm sahibkar son dərəcə məsuliyyətli olmalı, həm əhali diqqətli olmalı, həm də dövlət orqanları ciddi nəzarət etməlidir. Burada ən böyük iş istehlakçının üzərinə düşür. Alıcı düşünməli və maraqlanmalıdır: o, nə alır, kimin malını alır və o mal hansı şəraitdə hazırlanıb? Gəlin, yediyimiz qidanın yararlılığına, təhlükəsizliyinə hamılıqla diqqət edək və el arasında deyildiyi kimi “xəstəliyi satın almayaq”.

 

 

Zərifə Bəşirqızı

 

Xalq qəzeti.- 2009.- 6 avqust.- S. 4.