Dostoyevski
türkdürmü?
Söhbət
böyük rus yazıçısının şəcərəsindən
gedir
Son zamanlar nəinki mətbuat
səhifələrində, hətta ciddi elmi-tədqiqat məcmuələrində
belə elmə heç bir dəxli olmayan, cəfəng,
psevdoelmi, uydurma “araşdırmaların” nəşrinə
gen-bol yer verilir, oxucunu hər addımda çaş-baş
salan “faktlar” üzə çıxarılır. Bu cür
hallara daha çox ədəbi diletantların türk tarixinə
həsr etdikləri “əsərlər”də təsadüf
edilir. Az qala, dünyada mövcud olan bütün xüsusi və
ümumi isimlərin, leksik vahidlərin (leksemlərin)
hamısının kökü, mənşəyi türk
faktı və türk faktoru ilə “əlaqələndirilir”.
Əlbəttə, heç kəs türk arealının
miqyasını məhdudlaşdıra bilməz. Lakin, eyni
zamanda, yalançı, qondarma türkçülüyün
körüklənməsinin heç bir elmi əhəmiyyəti
olmadığını da xatırlatmağı vacib bilirik.
Kiçik bir haşiyə
də çıxmaq istəyirəm. Bu yaxınlarda polyak əsilli
rus alimi Teodor Adamoviç Şumovskinin rus və Azərbaycan ədəbi
mətbuatında getmiş müsahibələrində
vurğuladığı bir fikir diqqətimi çəkdi. Vaxtilə
Azərbaycanın Şamaxı bölgəsində mədrəsə
təhsili almış, hazırda Moskvada yaşayan,
yaşı yüzü haqlamış məşhur tədqiqatçı
dönə-dönə, həm də israrla qeyd edir ki,
böyük rus şairi Puşkin öz mənşəyi
etibarilə qətiyyən həbəş (ərəb)
olmamışdır; alim təkzibolunmaz dəlillərə
istinadən sübut edir ki, A. S. Puşkinin ulu babası
İbrahim (Abraham) türk olmuşdur.
Yeri gəlmişkən,
rus hərbi, elmi, ədəbi elitasının məşhur
simalarından bir çoxu, məsələn, Karamzin, Kantemir,
Turgenev, Daşkov, Uşakov, Suvorov, Kutuzov, Timiryazyev (Dəmiryazov),
Kartaşev, Turçaninov, Şaxovski, Çerkasski,
Şeremetyev (Şərəmətov), Narışkin, Kablukov
(Qablıqov), Balaşov, Baskakov, Mustafin, Bulqakov, Tenişev,
Yesaulov, Butakov... və onlarla başqaları türk əsilli
ruslar olmuşlar. Bu deyilənlər mənim “kəşfim” və
ya fantaziyamın məhsulu deyildir. Həmin simaların kimliyi,
kökü, şəcərəsi barədə rus tədqiqatçılarının
özləri kifayət qədər yazmışlar.
Nə isə... Bütün bunlar
faktlardır və ayrıca, geniş bir söhbətin
mövzusudur. Bəri başdan qeyd etmək istərdim ki,
aşağıda oxucuların nəzərinə
çatdırmaq istədiyim mülahizələr də qətiyyən
fərziyyə və ehtimallara deyil, konkret elmi faktlara söykənir.
İndiki halda söhbət Dostoyevskidən gedir.
Fyodor Mixayloviç Dostoyevskinin
(1821—1881-ci illər) təkcə rus ədəbiyyatında
deyil, dünya mədəniyyəti tarixində
oynadığı rolu oxuculara təzədən
xatırlatmağa, bizcə, elə bir ehtiyac yoxdur. “İdiot”,
“Cinayət və cəza”, “Karamazov qardaşları”,
“Alçaldılmış və təhqiredilmişlər”in
müəllifi barədə yüzlərcə, minlərcə
tədqiqat əsəri yazılmışdır. Mən
bütün bu faktları təzədən sadalayıb vaxt
almaq niyyətində deyiləm.
Onu da vurğulamağı vacib
bilirəm ki, mən Dostoyevskinin həyat və
yaradıcılığına kifayət qədər bələd
olsam da, qətiyyən özümü onun tədqiqatçısı
hesab etmirəm. Lakin yığcam şəkildə də olsa
Dostoyevskinin şəcərəsi, onun mənşəyi ilə
bağlı indiyəcən diqqətdən kənarda
qalmış bir nüansa azacıq da olsa işıq
salmağı özümə borc hesab edirəm.
Bilənlər bilir, bilməyənlərə
demək istəyirəm ki, Dostoyevski daha çox slavyanofil bir
yazıçı və xristian dininin mübəlliği kimi
tanınır. O, bütün həyat və fəaliyyəti
boyu adı bəlli ideyaların təbliği ilə məşğul
olmuşdur. Hətta “islamın məhdudluğu” və
“nöqsanlarına” toxunmuş, kəskin tənqidi mülahizələr
söyləmiş, öz siyasi və dini
baxışlarını heç zaman gizlətməmişdir.
Bütün bunlar faktdır və
həmin məlum faktları mən bir daha geniş şərh
etməyə ehtiyac duymuram. Artıq qeyd edildiyi kimi, məqsədim
diqqəti Dostoyevskinin milli mənşəyi, şəcərəsi
ilə bağlı bir fakta yönəltməkdir. Qısaca
olaraq bunu demək istəyirəm: Dostoyevski mənşəcə
türkdür. Rus tədqiqatçısı (və
özü də mənşəcə türk olan) V. Arsenyev
1934-cü ildə Afinada dərc edilən “Novika” məcmuəsində
qeyd edir ki, Dostoyevski əslən türkdür, özü də
Aslan Mirzə (Murza) Çələbi nəslindəndir.
Çələbilər (yəni Dostoyevskinin ulu babaları)
Qızıl Ordanın nüfuzlu başçılarından
olmuşlar.
Yazıçının ulu babası Aslan Mirzə 1389-cu ildə anadan olub. Onu da qeyd edək ki, rus zadəganlarının böyük pleyedası — Somovların və Yusupovların, Ptişşevlərin və Arsenyevlərin kökü, mənşəyi məhz Çələbilər nəslində pərvəriş tapıb. Bu familiyaların hamısının mənşəyi eyni mənbədən, vahid kökdən başlayır.
Bu maraqlı fakt bir sıra Qərb tədqiqatçılarına məlum olsa da, nədənsə, Rusiyadakı dostoyevskişünaslar tərəfindən indiyəcən ətraflı təhqiqat və tədqiqata cəlb olunmamış, sanki, nəzərdən qaçmışdır. Amerikada çap olunmuş “Dostoyevskinin üç sevgisi” adlı memuarda (adıçəkilən əsərin müəllifi məşhur amerikan yazıçısı Mark Slonimdir) həmin faktın əsaslı olduğu qeyd edilir. Beləliklə, elmi dəlillərə söykənərək tam qətiyyətlə söyləmək olar ki, yaradıcılığı bütün dünyaya, həyatı isə Rusiyaya məxsus olan böyük yazıçı F. M. Dostoyevskinin mənşəyi türk olmuşdur.
Müxtəlif tarixi mərhələlərdə vaxtilə islamı qəbul etmiş müsəlmanlar (o cümlədən türklər) bir çox obyektiv və subyektiv səbəblərə görə zaman-zaman xristian dininə üz tutmuşlar (və bəzən bu proses əksinə getmiş — xristianlar islam dinini qəbul etmişlər). Görünür, Dostoyevskilər nəslinin bir çox nümayəndələri də müəyyən mülahizələrə görə xristian dininə pənah aparmalı olmuşdular. Söz düşmüşkən deyim ki, Dostoyevskilərin ulu qohumları olan Yusupovlar nəslinin bir çox nümayəndələri xristianlığı qəbul etsələr də, onların arasında müsəlman dininə sadiq qalanlar da olmuşdur. Tarixdən məlum olduğu kimi, qraf Yusupov sonralar məşhur saray favoriti Rasputini qətlə yetirmişdir.
Sonda bir məsələni də vurğulamaq istərdim. Mənə elə gəlir ki, Dostoyevskinin soyadının (familiyasının) əsasını təşkil edən anlam öz mənşəyini məhz “dost” sözündən götürmüşdür. Əlbəttə, deyilənlər bəzilərinə paradoksal görünə bilər. Bu mülahizələri, yalnız məhdud elmi dairəyə məlum olan faktları söyləməklə mən, qətiyyən, Dostoyevskini zorən “türkləşdirmək” niyyətində deyiləm. Məqsəd, sadəcə olaraq, mövcud mənbə və dəlilləri böyük rus yazıçısının pərəstişkarlarının və tədqiqatçılarının nəzərinə çatdırmaqdan ibarətdir.
Firuz Mustafa
Xalq qəzeti.- 2009.- 6 avqust.- S. 6.