Prezident İlham Əliyev: Dünya maliyyə böhranı
bir daha onu göstərdi ki, Azərbaycan öz hesabına
yaxşı yaşaya bilər
Azərbaycan Prezidenti
İlham Əliyev dövlətimizə rəhbərlik etdiyi
ilk gündən regionların inkişafına xüsusi diqqət
və qayğı göstərmiş, bir sıra mühüm
sənədlər imzalamışdır. Bunun nəticəsində
ölkənin davamlı iqtisadi inkişafı təmin
edilmiş, bölgələr arasında regional tarazlıq bərpa
olunmuş, yerlərdə sosial-mədəni infrastruktur obyektləri
yenidən qurulmuş, əmək tutumlu və rəqabət
qabiliyyətli yeni istehsal, habelə xidmət müəssisələri
istifadəyə verilmişdir. Eyni zamanda, yeni iş yerlərinin
açılması və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi istiqamətində mühüm
uğurlar əldə edilmişdir.
Regionlarda
iqtisadiyyatın prioritet sahələrinə investisiyaların
yönəldilməsi nəticəsində istehsal və emal
müəssisələrinin fəaliyyəti bərpa
edilmiş, iqtisadiyyatın balanslaşdırılmış
inkişafının sürətləndirilməsi, sahibkarlara
verilmiş güzəştli kreditlər yeni müəssisələrin
açılmasına şərait yaratmışdır.
Yuxarıda sadalanan əhəmiyyətli
tədbirlər nəticəsində son beş ildə ölkədə
27,5 mindən çox yeni müəssisə
yaradılmış, 547,5 min daimi yeni iş yeri
açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək
azalmışdır. Ölkənin sosial-iqtisadi
inkişafını şərtləndirən ümumi daxili məhsulun
real həcmi 2,6 dəfə,
ötən beş ilin başlıca hədəflərindən
sayılan qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə
artmışdır. Həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində
iqtisadiyyatın bütün sahələrində dinamik
artım baş vermiş, xüsusən də sənaye istehsalı
2,5 dəfə, kənd təsərrüfatının
ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri isə
dörd dəfə artmışdır.
Azərbaycanda həyata
keçirilən çevik iqtisadi siyasət dövlət
büdcəsinə, onun gəlir və xərclərinin
dinamikasına da müsbət təsir göstərmişdir. Aparılan uğurlu islahatlar, ardıcıl və məqsədyönlü
iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin
gəlir və xərclərinin ümumi daxili məhsula nisbəti
ilbəil dəyişmiş, büdcə-vergi siyasəti
ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə,
iqtisadi inkişafın sürətləndirilməsinə,
əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşmasına və büdcə kəsirinin
minimuma endirilməsinə yönəldilmişdir. Bir sözlə,
ölkənin dövlət büdcəsi sosial və investisiya
yönümlü, inkişaf və quruculuq büdcəsinə
çevrilmiş, iqtisadi islahatların və ümummilli
proqramların əsas maliyyələşmə mənbəyi
kimi çıxış etmişdir.
Xatırladaq ki, Azərbaycanın
sosial-iqtisadi inkişafının əsası 1993-cü ildə
xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə
gələn ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Prezident İlham Əliyevin Naxçıvan
Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli
mərasimdə söylədiyi nitqində bununla bağlı ətraflı
bəhs edilmişdir. Dövlət başçımız
demişdir: “Ulu öndər Heydər Əliyev bütün
dövrlərdə, çalışdığı
bütün vəzifələrdə, ictimai-siyasi quruluşdan
asılı olmayaraq, həmişə Azərbaycan
xalqını müdafiə edirdi, doğma Azərbaycanın
inkişafına səy göstərirdi. Bunun nəticəsində
bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan
Naxçıvan çox sürətlə inkişaf edir. Bu inkişaf özünü bütün sahələrdə
- həm iqtisadi, həm sosial məsələlərin həllində,
həm də müdafiə potensialının gücləndirilməsində,
Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində
büruzə verir. Naxçıvanın bugünkü
siması bunun əyani sübutudur.
Naxçıvanın hərbi
potensialı çox yüksək səviyyədədir. Dünən hərbi hissədə olarkən mən
bir daha gördüm ki, Naxçıvanın müdafiəsi
üçün hər şey edilib və Naxçıvan
özünü istənilən hücumlardan tam şəkildə
müdafiə etməyə və eyni zamanda, istənilən hərbi
vəzifəni icra etməyə qadirdir.
1993-cü ildə Azərbaycanda vətəndaş
müharibəsi və erməni işğalı nəticəsində
vəziyyət çox gərginləşmişdi. O vaxt xalqın tələbi ilə Heydər Əliyevin
Bakıya qayıtması və Azərbaycana rəhbərlik
etməsi nəticəsində ölkəmiz öz müstəqilliyini
qoruya bilmişdir. Çünki müstəqilliyimiz əldən
gedirdi. 1991-ci ildən başlayaraq 1993-cü ilin yay aylarına
qədər Azərbaycanda baş vermiş qanlı və
faciəli hadisələr müstəqilliyimizi sual altına
qoymuşdu. Biz o acı tarixi yaşamışdıq. Eynilə
1918-1920-ci illərdəki kimi, cəmi iki illik müstəqillikdən
sonra ölkəmizin müstəqilliyi əldən getdi. Əgər
Heydər Əliyev Azərbaycana rəhbərliyə gəlməsəydi,
1990-cı illərdə də bu təkrar oluna bilərdi. Məhz
onun səyləri nəticəsində Azərbaycan o çətin,
ağır vəziyyətdən çıxa bilmişdir və
1993-2003-cü illər Azərbaycanın dirçəliş və
inkişaf illəri olmuşdur. Azərbaycanın
qarşısında duran əsas vəzifələr məhz o
illər ərzində öz həllini tapdı. Siyasi, hərbi,
iqtisadi böhran aradan qaldırıldı, Azərbaycanda
sabitlik yarandı, inkişaf üçün çox
mühüm addımlar atıldı. Azərbaycan xarici
investisiyaları böyük həcmdə cəlb edə bilmişdir
ki, bu da Azərbaycanın indiki uğurlu inkişafının
təmin olunması üçün mühüm rol
oynayır.
Azərbaycanda Heydər Əliyev
tərəfindən başlanmış və bu gün
uğurla davam etdirilən neft strategiyası ölkəmizi
çox böyük dərəcədə inkişaf
etdirmişdir. Məhz 1993-2003-cü illər Azərbaycanın
müstəqilliyi üçün həlledici illər
olmuşdur. Məhz o illərdə bugünkü Azərbaycanın
- güclü Azərbaycanın yaradılması mümkün
olmuşdur".
Bəli, o illərdə
başlanmış və hazırda uğurla davam etdirilən
sosial- iqtisadi islahatlar, ölkəmizdə gedən demokratikləşmə
prosesi, hüquqi dövlətin qurulması, qanunun aliliyi bu
gün Azərbaycanın dünya birliyinə uğurla
inteqrasiyasında öz mühüm rolunu oynayır. Əlbəttə,
burada ölkəmizin çox güclü iqtisadi potensiala malik
olması da mühüm şərtdir. Bu iqtisadi potensial təkcə
enerji amilindən asılı deyildir. Hazırda dünyada
yaşanan iqtisadi və maliyyə böhranı bunu bir daha
nümayiş etdirir. Bu böhrana baxmayaraq, Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edir. Bu il iqtisadi artım
müşahidə olunur — qeyri-neft sektorunda 4 faizdən
çox artım olmuşdur. Ümumiyyətlə, Azərbaycanın
ümumi daxili məhsulu (ÜDM) bu ilin ilk yarısında 3,6
faiz artmışdır...
Prezident İlham Əliyev
sözügedən mərasimdə söylədiyi nitqində
Naxçıvan MR-in, o cümlədən Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafının dinamik
xarakter aldığını bir daha diqqətə
çatdırmışdır: “Azərbaycanın
bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın
iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər
ərzində qeyri-neft sektorunun inkişafı
üçün böyük investisiyalar qoyulmuşdur. O
investisiyaların böyük əksəriyyəti dövlət
tərəfindən qoyulmuşdur. Həm sənaye
potensialının inkişafı, həm yeni iş yerlərinin
açılması, həm də idxalın azalması və
yerli istehsalın artırılması üçün
görülən əməli tədbirlər nəticəsində
biz bu gün özümüzü demək olar ki, bütün
cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz
təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin
edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu
üç amil hər bir ölkənin inkişafı
üçün mühüm rol oynayır. Bu üç
istiqamətdə Azərbaycan çox böyük uğurlarla
fəxr edə bilər. Bu vaxta qədər əldə
edilmiş uğurlar əlbəttə ki, bundan sonrakı illərdə
böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi
islahatları bundan sonrakı illərdə davam etdirəcəyik.
Azərbaycanda sosial məsələlərin həllinə
çox böyük diqqət göstərilir. Bu da ulu öndər
Heydər Əliyevin siyasətidir: güclü iqtisadiyyat,
güclü sosial siyasət və insanların rifah
halının yaxşılaşdırılması
üçün atılmış konkret addımlar. Bizim siyasət
konkret işlər deməkdir. Bizim siyasət insanların
gündəlik həyatında özünü göstərir.
Bizim siyasət Azərbaycanın iqtisadi gücündə
özünü göstərir...”.
Muxtar respublikada aqrar sahədə
böyük işlər görülmüşdür.
Naxçıvan özünü taxılla təmin edir. Burada
son illər ərzində istifadəyə verilən emal müəssisələri
Naxçıvanın tələbatını ödəyir və
eyni zamanda, böyük ixrac potensialını yaradır.
Vayxır su elektrik stansiyasında istehsal olunan elektrik enerjisi
muxtar respublikanın enerji potensialını gücləndirir.
Mövcud dəryaça Naxçıvanın suvarma problemlərini
həll edir. Muxtar respublikanın elektrik stansiyaları həm
daxili tələbatı tam şəkildə ödəyir,
eyni zamanda, bu gün qonşu Türkiyəyə elektrik enerjisi
ixrac edir...
Naxçıvan Muxtar
Respublikası bu gün blokada şəraitində yaşasa da
inkişaf edir, qüdrətlənir, iqtisadi cəhətdən
güclənir. Bunu son beş ilin statistikası da aydın
göstərir: Ötən beş il ərzində muxtar
respublikada ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi
3,5 dəfədən çox artaraq 232 milyon manatdan 796 milyon
manata çatmışdır. Adambaşına düşən
ÜDM-in həcmi isə 637 ABŞ dollarından 2 min 500
ABŞ dollarına çataraq 4 dəfə artmış,
büdcənin həcmi bu dövrdə 48 milyon manatdan 5,7 dəfə
artaraq 273 milyon manat olmuşdur.
İqtisadiyyatın
inkişafı muxtar respublikanın xarici iqtisadi əlaqələrinin
də artmasına səbəb olmuşdur. Beş il ərzində
xarici ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq
39 milyon ABŞ dollarından 104 milyon ABŞ dollarına
çatmışdır. Beş il ərzində yeni emal və
istehsal müəssisələrinin yaradılması sənayenin
inkişafına öz təsirini göstərmiş,
2004-cü illə müqayisədə 2008-ci ildə sənaye
məhsulunun həcmi 26 milyon manatdan 164 milyon manata çataraq
6 dəfə artmışdır.
Məhsul
istehsalının artımına birbaşa təsir göstərən
amillərdən biri də özəl bölmənin
inkişaf etdirilməsidir. Əgər 2004-cü ildə muxtar
respublika sahibkarlarına 3 milyon manata yaxın kredit
verilmişdisə, cari ildə maliyyə dəstəyinin həcmi
6 dəfə artırılaraq 19 milyon manata yaxın olmuşdur. Bunun nəticəsidir ki, 2004—2009-cu illər ərzində
muxtar respublikada 184 yeni istehsal və xidmət sahəsi
yaradılmışdır. İndi Naxçıvan Muxtar
Respublikasında 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq
olmaqla, ümumilikdə, 235 növdə məhsula olan tələbat
daxili imkanlar hesabına ödənilir.
Bütün bu uğurlar ulu
öndər Heydər Əliyev siyasətinin uğurla davam
etdirilməsinin nəticəsidir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dediyi
kimi, ötən hər ili göz önünə gətirəndə
bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev
siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda
sosial-iqtisadi inkişafın yeni tələblər
baxımından təmin olunmasının yeganə
düzgün yoludur. Bu yol ölkəmizin dünəninin, bu
gününün, sabahının və gələcəyinin
yoludur...
Vaqif Bayramov
Xalq qəzeti.- 2009.- 8 avqust.- S. 1.